“Sülh və həmrəyliy”in tarixindən

Print Friendly, PDF & Email

Araz Bağırov

“İndiyə qədər mövcud olan bütün cəmiyyətlərin tarixi siniflər mübarizəsi tarixi olmuşdur”.
Ancaq bu sadə (hətta bəsit) həqiqətin gün üzünə çıxdığı heç iki əsr deyil. Əzilən siniflər bu həqiqətlə bərabər onu da anladılar ki, “başqa bir dünya mümkündür” və o dünyanı qurmaq üçün “bütün ölkələrin proletarlarının birləşməsi”ndən başqa çıxış yolu yoxdur. Bundan sonrakı bütün inqilabi və mütərəqqi tələblər və mübarizələr tarixin yuxarıda qeyd olunmuş xarakterini dəyişmək uğrunda olmuşdur. Cek Londonun təbirincə desək, “İnsanların Qardaşlığı Erası”na keçmək uğrunda.
Dünya zəhmətkeşlərinin sülh və həmrəylik bayramı – Bir May da bu mübarizənin gedişində əldə edilmişdi, özü də heç də asan olmamışdı onu əldə etmək.

1917_0_0

Avropada bir kabus dolaşır!

Burjua münasibətlərinin formalaşması və burjua istismarının şiddətlənməsi ilə bərabər, bu zülmün altında əzilən proletariatın da etirazları eşidilməyə başlayır. Əlbəttə, ilk dövrlərdə bu etirazlar kortəbii xarakter daşıyırdı.  Bütün inqilabi hərəkatların önündə proletariat getsə də, əldə olunan uğurlardan ona pay düşmürdü, əksinə, hakimiyyətdəki yerini möhkəmlədən burjuaziya fəhlənin boynundakı zənciri getdikcə daha çox sıxırdı. Lakin proletariatın inqilabi nəzəriyyəsinin – marksizmin yaradılmasından sonra vəziyyət kökündən dəyişməyə başladı. Bunun ardınca proletariatın daha ciddi şəkildə təşkilatlanmağa başlaması da tarixin sonrakı gedişini müəyyənləşdirən amillərdən oldu. Beləliklə, indiyə qədər çoxunun fərqinə varmadığı “kabus” indi istismarçı sinfin nümayəndələrinin yuxusuna zəhər qatırdı.

Lakin istismar Avropa sərhədləri daxilində qalmadığından “kabus”un da tezliklə, Avropaya sığışmayacağı məlum idi.
XIX əsrdə sənayenin bütün sahələrində fəhlələrin vəziyyəti olduqca acınacaqlı idi. Gün doğumundan gün batımına kimi davam edən (bu da yay aylarında 18 saat demək idi) iş günü, acınacaqlı yaşayış şəraiti, qadın və uşaq əməyindən istifadənin bütün hədləri aşması və s. Əksər hallarda onlar heç bir siyasi hüquqa da sahib deyildilər.

Lakin fəhlələr ilkin olaraq əmək haqlarının artırılması və iş gününün qısaldılması kimi sırf sosial tələblərlə çıxış edirdilər. Artıq XIX əsrin ortalarından etibarən bütün inkişaf etmiş burjua cəmiyyətlərində işçilərin yüksək səslə tələb etməyə başladıqları 8 saatlıq iş günü isə ilk dəfə ingilis utopik-sosialisti Robert Ouen tərəfindən irəli sürülmüşdü. R.Ouen fəhləyə “8 saat iş, 8 saat yuxu, 8 saat asudə vaxt” imkanının tanınmasını tələb edirdi. Ouen öz koloniyasında bu prinsipi tətbiq edirdi. Dünya proletariatı isə bu imtiyazları almaq üçün hələ xeyli çarpışmalı idi.

8 hours

“8 saat iş, 8 saat yuxu, 8 saat asudə vaxt”

Göründüyü kimi, 8 saatlıq iş günü uğrunda mübarizə Avropada başlamışdı. Lakin bu mübarizənin beynəlmiləl bir hərəkata çevrilməsi və davamlı ənənə halını alması Avropadan kənarda başlanan prosesin nəticəsi oldu.
Dünya tarixində 8 saatlıq iş günü tələbiylə təşkil olunmuş ilk kütləvi tətil də məhz Avropadan kənarda – Avstraliyada baş tutmuşdu. 1856-cı il aprelin 21-də Melburn fəhlələri 8 saatlıq iş günü tələbiylə kütləvi nümayiş keçirdilər. Nümayişlərdə əsas şüar R.Ouenin yuxarıdakı  formulu idi.

Minlərlə insanın iştirak etdiyi bu tətilin davamlı olacağı ilk başda planlara daxil olmasa da, nümayişlər fəhlələrin əhval-ruhiyyəsinə o qədər yaxşı təsir etmişdi ki, təşkilatçılar analoji tətilləri hər il təşkil etmək qərarına gəldilər. Bu tətil beynəlmiləl fəhlə hərəkatı baxımından çox əhəmiyyətlidir. Bir sıra tarixçilər, o cümlədən Roza Luksemburq Bir May bayramının yaranma tarixi kimi məhz 1856-cı il Melburn tətilini qeyd edirlər.

“Kabus” “Yeni Dünya”da…

Bir Mayın yaranması tarixində Melburn nümayişləri əhəmiyyətli olsa da, burada amerikan proletariatının daha böyük xidmətlərinin olduğunu qeyd etmək lazımdır.
Amerikada 8 saatlıq iş günü uğrunda mübarizə hələ əsrin birinci yarısından başlamışdı. Fəhlə etirazları o həddə idi ki, 1829-cu ildə Nyu-York ştatının baş məclisi iş gününün qısaldılması haqqında qanun layihəsi hazırlamışdı. Əsrin ikinci yarısında isə bu mübarizə daha mütəşəkkil xarakter aldı. 60-cı illərdə əvvəlcə Bostonda, ardından da sürətlə digər şəhərlərdə “8 saatlıq iş günü Cəmiyyəti” adlı təşkilatlar yaradılmağa başladı. 8 saatlıq iş günü tələbi amerikan fəhləsinin gündəlik həyatına o dərəcədə nüfuz etmişdi ki, Amerikada üzərində “8 saatlıq” nişanı olan siqaretlər satılırdı.

1866-cı ildə I İnternasional Cenevrə konqresində 8 saatlıq iş gününü bütün dünya proletariatının ortaq tələbi olaraq təsdiqlədi və onun uğrunda mübarizəyə səslədi. Bu qərardan 2 il sonra – 1868-ci ildə ABŞ Federal Hökuməti dövlət müəssisələrinin fəhlə və xidmətçiləri üçün 8 saatlıq iş günü haqqında qanunu təsdiqlədi. Lakin ölkədəki fəhlələrin əksəriyyəti qeyri-dövlət müəssisələrində çalışdığından bu qərardan faydalana bilmədi.
80-ci illərdə Amerikada fəhlə hərəkatının önündə əsasən iki təşkilatı görmək olar. Bunlardan biri  ABŞ və Kanada Mütəşəkkil Peşələr və Əmək Birliyi Federasiyası (The Federation of Organized Trades and Labor Unions of the United States and Canada – FOTLU), digəri isə “Əmək Cəngavərləri” təşkilatı idi. Qeyd edək ki, o dövrdə olduqca geniş təsir dairəsinə malik (təxminən 700 min üzv) “Əmək Cəngavərləri” (“ƏC”) orta əsrlər sex təşkilatları üslubunda təşkil olunmuşdu və onun strukturundakı bu köhnəlik sonradan onun fəaliyyətində də özünü göstərəcəkdi.

1886, 1 May.

Materikin bütün fəhlə təşkilatlarını 8 saatlıq iş günü tələbi ətrafında birləşdirməyə çalışan FOTLU 1884-cü ilin dekabrında toplanaraq bu məqsədlə kompaniyaya başladığını elan etdi. Qəbul olunmuş qərara görə,  kompaniya 1886-cı il mayın 1-inə qədər davam edəcəkdi. Həmin tarixdən etibarən bütün ABŞ ərazisində 8 saatlıq iş gününə keçirilməyəcəyi təqdirdə tətil elan olunacaqdı. Tələblərin yerinə yetirilməyəcəyi əvvəlcədən məlum olduğundan FOTLU tətil hazırlıqlarına başlamışdı və bu sahədə ƏC-lə də əməkdaşlıq etməyə çalışmışdı. Lakin “cəngavərlər” “yaxalarını kənara çəkdilər”. Təşkilatın sədri, Böyük Usta (Grand Master Workman) titullu T.V.Pouderli sonradan xatirələrində də yazdığı kimi, iş gününün 10 saatın altına salınmasını “zərərli” (!) addım hesab edirdi. Beləliklə, “Cəngavərlər”in 13 mart 1886-cı ildə qəbul etdikləri qərara görə onlar tətil və nümayişlərə qoşulmayacaqdılar.

Buna baxmayaraq, 1 may 1886-cı il tarixinə təyin olunmuş tətil bütün ABŞ miqyasında baş tutdu.  Bütün ölkə üzrə nümayişlərdə 610 minə qədər fəhlə iştirak etmişdi ki, bu da həmin dövr üçün olduqca böyük rəqəm sayılmalıdır. Beləliklə, ABŞ-da 8 saatlıq iş günü uğrunda kütləvi may nümayişlərinin əsası qoyuldu. Amma o zaman hələ bu nümayişlərin davamlı olaraq hər il təşkil ediləcəyi barədə heç bir qərar yox idi.

May nümayişindən sonra nüfuzu artan və sıraları genişlənən  FOTLU 1886-cı ilin sonlarına doğru adını Amerikan Əmək Federasiyası (American Federation of Labor – AFL) olaraq dəyişdi. May nümayişlərinin doğurduğu əks-sədadan və AFL-in durmadan artan nüfuzundan qorxuya düşən ABŞ hökuməti onlara qarşı təzyiqləri artırdı. Lakin fəhlə hərəkatını boğmaq mümkün olmadı. 8 saatlıq iş günü tələbi ilə təşkil olunacaq növbəti nümayiş yenə də eyni tarixə – bu dəfə 1890-cı il mayın 1-nə təyin olundu. Bu barədə qərarı isə AFL-in 1888-ci ilin dekabrında Sent-Luisdə keçirilən qurultayında qəbul etmişdilər. Bu qərar isə, sonradan Bir Mayın bütün dünya zəhmətkeşlərinin bayramı olması üçün əsas olacaqdı.

Haymarket hadisələri və Bir May

Bir Mayın tarixini araşdıran oxucu tapacağı əksər ədəbiyyatlarda bayramın köklərinin “Haymarket hadisələri” ilə bağlanıldığını görəcəkdir. Bu baxımdan Sovet tarixşünaslığı da istisna deyil. Lakin “Haymarket hadisələri” fəhlə hərəkatı tarixinin çox mühüm epizodu olsa da, Bir Mayla birbaşa əlaqəli deyil. İndiyə qədər doğru olaraq qəbul edilimiş bu səhvin haradan qaynaqlandığını izah etməyə çalışaq.

Çikaqoda “McCormick Harvesting Machine Company”yə aid “McCormick Reaper Works” fabrikində 1886-cı ilin fevral ayından may ayına qədər tətil elan edilmişdi. Tətilin təşkilatçıları sendikalist anarxistlər Albert Parsons, Semyuel Filden, Mixail Şvab, Adolf Fişer, Georq Engel və b. idilər. 3 aya yaxın davam edən tətilə mayın 3-də ştreykbreyxerçilər və  polis müdaxilə edir. Tətilçilər müqavimət göstərir və toqquşma zamanı 4 (və ya 6) fəhlə həlak olur.

Buna görə də Çikaqodakı anarxist və sosialist qüvvələr mayın 4-də Haymarket meydanında kütləvi etiraz mitinqi üçün çağırış etdilər. Mitinq uğurla keçirildi, lakin sonlarına doğru naməlum şəxslər polislərə tərəf əl bombası atdılar. Bunun ardınca baş vermiş toqquşmalarda 7-si polis olmaqla 11 nəfər həlak oldu.
Bu hadisədən sonra Çikaqoda fəhlə hərəkatının iştirakçılarına qarşı repressiyalar gücləndirildi. “McCormick Reaper Works” fabrikindəki tətilə başçılıq etmiş 8 nəfər – Albert Parsons, Semyuel Filden, Mixail Şvab, Adolf Fişer, Georq Engel, Avqust Şpis, Lui Linq və Oskar Nebe məhkəmə qarşısına çıxarıldı. Məlum idi ki, müttəhimlər Haymarket hadisələrinə görə yox, məhz ona qədərki inqilabi fəaliyyətlərinə görə ittiham olunurlar.

1887-ci il avqustun 20-də məhkəmə qərarını verdi. Oskar Nebe 15 illik həbs cəzasına, digər 7 müttəhim isə edama məhkum olundu. Avropa və Amerikanın intellektual-humanist dairələrinin çoxsaylı müraciətlərindən sonra S.Filden və M.Şvabın ölüm hökmləri də ömürlük həbslə əvəz olundu. Edam hökmləri isə 1887-cı il noyabrın 11-də yerinə yetirildi. Lui Linq hökmün icrasından bir gün əvvəl həbsxanada intihar etmişdi, digər 4 inqilabçı isə edam kürsüsündə can verdilər.

Haymarket hadisələri və bu hadisənin qurbanları ümumdünya fəhlə hərəkatı tarixində çox önəmli yer tutur. Amma bu hadisənin Bir Mayın yaranması ilə birbaşa əlaqəli olduğunu təsdiqləyəcək heç bir dəlil yoxdur. Tarixi ədəbiyyatdakı yanlışlıq yalnız 1886-cı il Ümumamerika may nümayişləri ilə “McCormick Reaper Works” fabrikindəki tətil və Haymarket mitinqinin üst-üstə düşməsindən qaynaqlanır. Halbuki, həmin tətil, yuxarıda da qeyd edildiyi kimi, hələ fevral ayından başlamışdı və FOTLU-nun elan etdiyi 1 may tətili ilə qətiyyən əlaqəli deyildi. Haymarketdəki hadisələr də bu tətilin zor gücünə boğulmasının nəticəsi idi.

İddiamızı sübut edən digər bir fakt isə ondan ibarətdir ki, nə AFL-in Sent-Luis konqresinin, nə də II İnternasionalın Paris konqresinin qərarında Haymarket hadisələri barədə heç bir söz işlədilmir və Bir May nümayişinin təşkil olunmasının bu hadisəylə hər hansı bağlılığı qeyd edilmir. Üstəlik, Bir Mayın tarixini yazan ilk müəlliflər də bu hadisəyə toxunmurlar. Məsələn, Roza Luksemburq 1894-cü ildə yazdığı “Bir Mayın kökəni nədir?” adlı məqaləsində Haymarket hadisələrindən bir cümləylə belə olsa bəhs etməyib.
Buna baxmayaraq, Haymarket hadisələrinin tarixdəki rolunu inkar etmək olmaz.

Bir Maıyın “milad”ı

1899-cu il iyulun 14-də – Bastiliyanın alınmasının 100-cü ildönümündə, Parisdə II İnternasionalın təsis konqresi öz işinə başladı. Ayın 20-də – konqresin son günündə müzakirəyə çıxarılan qətnamələrdən biri də beynəlxalq miqyasda fəhlə nümayişlərinin təşkili haqqında idi. Bu qətnamənin müzakirəsi zamanı fikir ayrılıqları yarandı: nümayişlərin təşkili məsələsində bütün nümayəndələr həmfikir idilər. Lakin nə vaxt?

Bu zaman AFL-in məxsusən bu məsələ ilə bağlı H.McGregorun Parisə ezam təklifi hamı tərəfindən dəstəkləndi: McGregor bu məsələdə AFL-in Sent-Luis konqresinin qərarını nəzərə almağı tövsiyə edirdi. Beləliklə, nümayişlər 1890-cı il mayın 1-də təşkil olunacaqdı.
20 ölkədən 390-a qədər nümayəndənin iştirak etdiyi II İnternasionalın Paris konqresi yekdilliklə, 1890-cı ilin may ayının 1-də bütün dünya zəhmətkeşlərini 8 saatlıq iş günü uğrunda tətil və nümayişlərə səsləmək haqqında qətnamə qəbul etdi

Qətnamədə deyilirdi:

“Bütün ölkələrdə və şəhərlərdə, razılaşdırılmış gündə iş gününün qanuni şəkildə 8 saata endirilməsi, fəhlələrin burjua dövləti qarşısında öz gücünü göstərməsi və Beynəlxalq Paris Konqresinin digər qərarlarına əməl edilməsi üçün böyük, beynəlxalq miqyaslı nümayiş təşkil ediləcəkdir. Amerikan Əmək Federasiyasının daha əvvəl, 1888-ci ilin dekabrında Sent-Luisdə təşkil olunmuş konqresində bu cür bir nümayiş üçün 1 may 1890-cı il tarixini seçildiyindən, beynəlxalq miqyaslı nümayişlər üçün də eyni tarix qəbul edilir. Bütün ölkələrin proletariatı öz ölkələrindəki vəziyyəti və şərtləri nəzərə alaraq bu nümayişi gerçəkləşdirəcəklər.”

Göründüyü kimi, konqresin qərarında Bir Mayın hər il təşkil olunacaq ənənəvi bayram nümayişləri olmasından qətiyyən söz getmirdi, bu qərar yalnız 1890-cı ilin bir mayı üçün keçərli idi. Lakin faktiki olaraq bu qətnamə Bir Mayın bayram edilməsi ənənəsinin əsasını qoydu. İnternasionalın sözügedən qətnaməsi Bir Mayın “doğum haqqında şəhadətnamə”si idi.

Bütün ölkələrin proletarları birləşir

Nəhayət, 1890-cı ilin may ayının 1-də dünya tarixində ilk dəfə olaraq beynəlxalq miqyaslı fəhlə nümayişləri başladı. “Kabus” Avropa və Amerikada açıq-aşkar tüğyan edirdi.
Həmin il, ABŞ-ın 114 şəhərində fəhlə nümayişləri olmuşdu ki, bunlardan 132-də iş gününün qısaldılması tələbi qəbul olundu.
Fransa miqyasında Bir May nümayişinə 1 milyondan çox adam çıxmışdı. Parisdə keçirilən nümayişlərdə polislə fəhlələr arasında toqquşmalar olmuşdu və yüzlərlə fəhlə həbs olunmuşdu.  Fransanın burjua mətbuatı isə, baş verənlərin və 8 saatlıq iş günü tələbinin Fransa iqtisadiyyatına zərər vermək üçün almanlar tərəfindən qəsdən ortaya atıldığını və bu hadisələrin başında “alman generaliteti ilə sıx əlaqələri olan prussiyalı Engels”in durduğunu yazırdı.
Amma Almaniyanın özündə də vəziyyət fərqli deyildi. Bir neçə ay əvvələ kimi sosialistlərə qarşı “müstəsna qanun”un qüvvədə olmasına baxmayaraq, Alman solları xeyli güclü idilər və reyxstaqa keçirilmiş son seçkilərdə 19,7% səs (35 deputat yeri) almışdılar. Lakin Bismarkın sosialistlərə qarşı təşkil etdiyi təqiblər hələ unudulmadığından, əhalini qorxutmamaq və polislə hər cür toqquşmadan qaçmaq üçün Almaniyada bir may nümayişləri fəhlələrin ailələri ilə birlikdə çıxdıqları “xalq gəzintiləri” formasında keçirildi.

Bir may nümayişləri Avropanın demək olar ki, sənayenin az-çox inkişaf etdiyi bütün şəhərlərini əhatə etdi. İlk May nümayişlərini qiymətləndirərkən, F.Engels kontinentdə birinciliyi Vyanaya verirdi. Ümumiyyətlə isə, Engelsin fikrincə, ən mütəşəkkil və uğurlu nümayiş Londonda təşkil olunmuşdu. Londonda 500 min fəhlə küçələrə axışmışdı. Engels özü də bu nümayişin iştirakçısı idi.
Beləliklə, 1890-cı ilin mayın ilk həftəsi boyunca Avropanı və Şimali Amerikanı fəhlə nümayişləri bürüdü.

Tələblər dəqiqləşir: Sülh və həmrəylik bayramı

Bir Mayın dünya proletariatının sülh və həmrəylik bayramına çevrilməsi prosesi II İnternasionalın Brüssel və Sürix konqreslərində başa çatdı.
Brüssel konqresi (avqust, 1891) iki ildə keçirilən Bir May nümayişlərini müzakirə etdi və yekunda belə qərara gəldi ki, “hər il may ayının 1-də harada mümkünsə, orada iş dayandırılsın və nümayişlər təşkil edilsin”.
Sürix konqresi (avqust, 1893) isə Bir Mayın xarakterinin tam müəyyənləşdirilməsində mühüm rol oynadı. Konqresin qəbul etdiyi qətnamədə Bir Maya siyasi xarakter verilməsinin zəruriliyi qeyd edilirdi:

“Bir May bütün ölkələrin fəhlələrinin birgə bayramıdır. Həmin gün onlar öz tələblərinin ümumiliyini və həmrəyliklərini nümayiş etdirməlidirlər. 8 saatlıq iş günü uğrunda Bir May nümayişləri eyni zamanda fəhlə sinfinin sosial inqilab yolu ilə sinfi fərqləri ləğv etmək uğrunda mübarizə əzmini də nümayiş etdirməlidir.”

Göründüyü kimi, bu qərara görə Bir May öz qarşısına sosial tələblərlə yanaşı siyasi tələblər də qoyurdu və bu qərarın nəticəsində may nümayişləri inqilabi xarakter alırdı. 1896-cı ildə keçirilmiş Bir May nümayişlərində isə, ilk dəfə olaraq müharibə təhlükəsi əleyhinə, sülh uğrunda mübarizə ilə bağlı siyasi şüarlar səsləndirildi. Beləliklə, Bir Mayın sülh və həmrəylik bayramı kimi formalaşması başa çatdı.

“Fəhlə üsyanı yatırıldı, yaşasın fəhlə üsyanı!”

İlk Bir May nümayişləri Qərbi Avropa və Amerikada – inkişaf etmiş kapitalist ölkələrində daha təntənəli şəkildə təşkil olunsa da, nisbətən geridə qalmış ölkələrdə də bu cür nümayişlərin təşkilinə cəhd edilmişdi. Məsələn, Fransanın Şimali Afrikadakı müstəmləkələrində, həmçinin Latın Amerikasında 1890-cı ilin mayında, kiçik miqyaslı da olsa nümayişlər baş tutmuşdu.

O zaman Azərbaycanın da tərkibinə daxil olduğu Rusiya İmperiyasında isə, ilk Bir May qərb sərhəddində – Rusiyanın ən inkişaf etmiş əyaləti olan Polşada baş tutmuşdu. Həmin gün Varşavada 10 mindən çox fəhlə işi dayandırmışdı. Paytaxt Peterburqda isə fəhlələr yalnız Bir May vərəqələri çap etdirib paylamaqla kifayətlənməli olmuşdular (Peterburqda ilk may nümayişi 1891-ci il mayın 5-də baş tutmuşdu. Bu zaman Peterburq yaxınlığındakı meşələrin birində 200-ə yaxın fəhlə toplanmışdı).

Sonrakı 10 il ərzində Rusiya imperiyasının müxtəlif şəhərlərində təşkil olunan “mayovka”lar tədricən keyfiyyət dəyişikliyi göstərməyə başladı. 1900-cü ildə Xarkovda keçirilən may nümayişi isə bu baxımdan əvvəlkilərdən xeyli fərqlənirdi. 10 mindən çox fəhlənin iştirak etdiyi bu nümayişin əhəmiyyəti ondan ibarətdir ki, burada nəinki sosial tələblərlə yanaşı siyasi tələblər də səslənmişdi, hətta ilk dəfə olaraq fəhlələr küçələrə “Rədd olsun mütləqiyyət!” şüarı ilə çıxmışdılar.

Rusiyada XX əsrin ilk Bir May nümayişləri olduqca səs-küylü keçmişdi. Bütün ölkəni tətillər və fəhlə nümayişləri bürüsə də, ən nəzərəçarpan hadisələr paytaxtda baş vermişdi.   Həmin il Peterburqdakı Obuxov hərbi zavodunun 26 fəhləsi Bir May nümayişində iştirak etdiklərinə görə işdən azad edildilər ki, bu da zavodun digər fəhlələrinin etirazı ilə nəticələndi. Buna etiraz olaraq, mayın 7-də zavodun bütün fəhlələri işi dayandırdılar. Tarixə “Obuxov müdafiəsi” adı ilə düşən bu tətildə 3600 fəhlə iştirak edirdi və tətilə sosial-demokratlar rəhbərlik edirdilər. Tətilçilər Bir Mayın proletar bayramı kimi tanınmasını, 8 saatlıq iş gününün tətbiq edilməsini, işdən qovulan yoldaşlarının işə bərpa olunmasını tələb edirdilər. Hadisələrin gedişində tətil üsyana çevrildi və Rusiya tarixində ilk dəfə olaraq fəhlələrlə polis arasında açıq döyüş baş verdi. Lakin üsyan yatırıldı, iştirakçılarına isə amansız divan tutuldu. V.İ.Lenin “İskra” qəzetində “Obuxov müdafiəsi”nə həsr etdiyi məqaləsində yazırdı: “Fəhlə üsyanı yatırıldı, yaşasın fəhlə üsyanı!”

“Kabus” Bakıdadır…

Rusiya İmperiyasında baş verən hadisələr, əlbəttə ki, imperiyanın ən vacib sənaye şəhərlərindən biri olan, müxtəlif millətlərdən olan və ən acınacaqlı şəraitdə yaşayan, işləyən proletariatın toplandığı Bakıdan yan keçə bilməzdi. Beləliklə, “kabus” nəhayət ki, gəlib Bakıya da çıxmışdı.
Bakıda ilk dəfə  Bir May 1900-cu ildə qeyd olunub. Həmin il bir qrup fəhlə Bir Mayı qeyd etmək üçün “Razin dağı”nın ətəyində yığışmışdılar. Bakıda ilk aşkar Bir May nümayişi isə 1901-ci ildə olmuşdu. Həmin gün Bakıda iki müxtəlif nümayiş keçirilmişdi ki, bu nümayişlərdə üst-üstə 250-ə qədər fəhlə iştirak etmişdi.

1902-ci ildən etibarən isə Bakıdakı Bir May nümayişləri daha mütəşəkkil xarakter aldı. Həmin ilki nümayiş RSDFP-nin Bakı Komitəsi tərəfindən təşkil olunmuşdu. Təşkilatçılar fəhlələri  havaya şar buraxmaqla nümayişin başlandığından xəbərdar etmişdilər. 5 min fəhlənin iştirak etdiyi bu nümayişlərdə fəhlələr “Rədd olsun mütləqiyyət!”, “Yaşasın azadlıq!” kimi şüarlar səsləndirirdilər (Oxucu bəhs etdiyimiz hadisədən 111 il sonra Bakıda təşkil olunmuş mitinqlərdə səsləndirilən şüarları yuxarıdakı şüarlarla müqayisə etməklə 1902-ci ildə – Çar üsul-idarəsinin ən amansız illərində bu cür şüarlar səsləndirməyin nə demək olduğunu daha yaxşı anlaya bilər).

bakuu

Bakıda 1903-cü il Bir May nümayişi, Qaraşəhər.

1903-cü ilin Bir May nümayişləri isə Bakının Qaraşəhər, Ağşəhər, Bibiheybət və Balaxanı rayonlarında təşkil edildi. Nümayişlərdə üst-üstə 10 minə yaxın fəhlə iştirak etmişdi.  Sonrakı – 1904-cü ildə Bakı proletariatı sinfi mübarizə tarixinin ən şərəfli səhifələrindən birini yazmışdı. Həmin ilin dekabrında fəhlələr sahibkarları “Mazut konstitusiyası”nı imzalamağa məcbur etmişdilər.

1905-1907-ci illərdə baş verən Birinci Rus İnqilabı sinfi mübarizəni bir qədər də kəskinləşdirdi. Çar polisinin fəhlələr üzərində repressiya tədbirlərini gücləndirməsi fəhlələri, təşkilati işləri daha ehtiyatla görməyə vadar edirdi. 1904-cü ildə yaradılmış “Hümmət” təşkilatı ilk müsəlman sosial-demokrat təşkilatı olmaqla, indiyə qədər inqilabi hərəkata az cəlb olunan müsəlman fəhlələri arasında təbliğatın gücləndirilməsində hədsiz rol oynadı.

Azərbaycanda Bir May nümayişlərinin Bakı hüdudlarından kənara çıxması yalnız Rusiyada 1917-ci il Fevral İnqilabının baş verməsindən sonra mümkün oldu. Ümumiyyətlə, Rusiya miqyasında ilk dəfə məhz həmin il Bir Mayın bayram edilməsinə icazə verilmişdi. Azərbaycanda Bakıyla yanaşı Gəncədə (Yelizavetpol), Lənkəranda, Şuşada və b. şəhərlərdə də nümayişlər təşkil olunmuşdu.
Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövr ərzində Bakıda ən böyük May nümayişi 1919-cu ildə baş tutmuşdu. Hələ aprelin əvvəllərindən etibarən Bakıda 3 dildə – azərbaycan, rus və ingilis dillərində Bir May vərəqələri yayılmışdı. O vaxta qədərki Azərbaycan tarixinin ən kütləvi Bir May nümayişində 50 mindən artıq fəhlə iştirak etmişdi.
Artıq növbəti – 1920-ci ildə Bir Mayda fəhlələrin daşıdıqları qırmızı bayraq Azərbaycanda rəsmi dövlət bayrağı idi…

Bu gün Bir may

Sovet hakimiyyəti illərində, xüsusən son onilliklərində Bir May artıq öz simasını böyük ölçüdə itirmişdi. Dünya proletariatının sülh və həmrəylik bayramı olan Bir May tədricən yalançı, süni şouya çevrilmişdi. Böyük şəhərlərin böyük meydanlarında keçirilən Bir May paradlarının dünya zəhmətkeşlərinin zülmə qarşı mübarizəsiylə heç bir əlaqəsi qalmamışdı. Həmin paradların iştirakçılarının da xatırladıqları kimi, insanlar Bir May paradlarında ayaq döysələr də, oraya, əksər hallarda, məcburən gətirilirdilər və iştirakçısı olduqları nümayişin mahiyyətinə varmırdılar. Nəzəriyyənin yalnız şüarlar şəklində istifadə edilməsi Bir Maydan da yan keçməmişdi.
Bəs bu gün necə, bizə Bir May lazımdırmı?

Bu sualın cavabını vermək üçün Bir Mayın tələblərini xatırlamalı və ətrafımıza baxmalıyıq. Bir May bayramı bizdə ən azı ona görə aktualdır ki, insanların təxminən 200 il əvvəl tələb etməyə başladıqları 8 saatlıq iş günü belə Azərbaycan fəhləsi üçün bu gün şirin yuxudur. Firimcə,  bu fakt özlüyündə kifayət edər və Bir Mayı qeyd etməyin zəruriliyini sübut etmək üçün əlavə arqumentlərə ehtiyac yoxdur.

P.S. 1933-cü ildə nasistlər almaniyada hakimiyyətə gəldikdən sonra Bir Mayın xarakterini dəyişib ona “faşist ruh” verməyə çalışdılar. Nasist hökumətinin bununla insanlara Bir Mayın əsl məqsədini unutdurmaq və onu sadəcə içi boş bir karnavala, kütləvi məzhəkəyə çevirmək istəyirdilər.  Lakin elə 1933-cü ilin Bir Mayında Berlin küçələrindən birində belə bir transparant asılmışdı:

“Bir May bayram deyil – mübarizə günüdür!”

İstifadə olunmuş ədəbiyyat:

  •  Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri. I cild. Bakı, 1986.
  •  C.P.Həsənov, “Sülh və Həmrəylik bayramı”. Bakı, 1988.
  •  В.Э.Петровский, Первомайпраздник интернациональной солидарности трудящихся”. Москва, 1986.
  •  Д.Фрикке,  1 Мая – история, традиции, борьба Москва, 1986.
  •  А.И.Абрус, Пролетарский интернационализм в действии
    Москва, 1971.
  •  Roza Luksemburq, “Bir Mayın kökləri nədir?”
    (http://marksist.net/kitaplik/ceviriler/Rosa-%201%20Mayisin%20kokenleri)
  •  Ergün İşeri, “Bir Mayısın kökeni ve sık-sık tekrarlanan yanlışlar”
    (http://www.sendika.org/2012/04/1-mayisin-kokeni-ve-sik-tekrarlanan-yanlislar-ergun-iseri/)