Marksın Qayıdışı

On birinci Tezis - Marksın QayıdışıREDAKSİYADAN

Keçən əsrin yetişdirdiyi əvəzsiz intellektual, aktivist və yazar Hovard Zinn 1999-cu ildə “Marksın Qayıdışı” adlı 1 pərdəli pyes yazır. Sovetlərin dağılmasından sonra tələsik “tarixin sonu”nu elan edənlərə, keflərinin ən çağ vaxtında sarkastik bir cümlə ilə cavab verir Zinn: “İsa qayıdacaq deyirdilər, amma mən qayıtdım!”. Şübhəsiz Marksın “ölümünü” elan etməkdə tələsdiklərini hegemonlar da bilirdi (Sapatistaları yada salaq), ancaq bu əsərin yazılmasındakı simvolik məna yenə də çox qorxulu idi. Üstəlik, pyes yazılanda bunu istehzaya çevirənlər çox gözləməli də olmadı. Cəmi on il sonra “Marksın qayıdışı” hər kəs tərəfindən təsdiqlənməyə, onun və yoldaşlarının yazdıqları bir daha ən çox oxunanların siyahısına girməyə başlamışdı. Marksı tarixdə gizlətdiyinə inanan müstəbidlərə, yaxud onun quru akademiyanın divarları arasına həbs olunduğuna sevinən liberallara inad, “Marksın kabusları” (Derridaya ehtiramla) bir daha dünyanı dolaşmağa başlayıb. Latın Amerikasından tutmuş Uzaq Şərqə, qoca qitədən post-sovet məkanına qədər – meydanlar bir-bir təzədən dolduqca, Marks və yoldaşlarının yazdıqları da tozlu rəflərindən götürülüb yenidən vərəqlənməyə başlayır. Bu, nə “könüllü”-dür, nə də ki müvəqqəti – kapitalizm mövcud olduğu müddətçə tarixi məcburiyyətdir!

Azərbaycan da bu neoliberal dünyanın bir parçası olduğuna görə, biz də ilk sayımızı bu mövzuya – “Marksın qayıdışına” ayırdıq. Əlbətdə “sol”un bu torpaqlardakı keçmişini bilmədən sözə başlamaq mümkünsüzdür. Buna görə də jurnalın ilk yazısı Məmməd Süleymanovun “Azərbaycanda solun tarixi” ilə bağlı məqaləsidir. Estafeti bizdən əvvəl başlayanların həm nəzəri, həm də praktiki təcrübələrini öyrənmək üçün elə bu məqalədən başlaya bilərik. İkinci məqalə isə Marksın bir daha dünya gündəminə gəlməsinin iqtisadi əsaslarını analiz edən Nicat Qarayevin “Qlobal kapitalizmin maliyyə böhranı” yazısıdır. Qarayevə görə iqtisadi böhranın kökündə dayanan “puldan pul yaratma” anlayışı bir təsadüf deyil, kapitalizmin daxili ziddiyyəti ilə bağlıdır. Təbii ki, kapitalizmin bu
ümumi işləyişinə təkcə “puldan pul yaratmaq” deyil, həm də formalaşdırmağa çalışdığı istehlak cəmiyyəti daxildir. Bu haqda isə Loğman Qasımovun “istehlak cəmiyyəti”nin çərçivələrini cızdığı, onun kapitalizmin böhranlarıyla sıx əlaqəsini vurğuladığı məqaləsində oxuyacaqsız. Məqalə kapitalizmin bu günüylə yanaşı gələcəyi ilə bağlı da xəbərdarlıqdır. Bu sayın fəlsəfə bölməsində Ziya Bayramov Marksın “yadlaşma” məfhumunu və bunu aşmanın tarixi trayektoriyasını verir. Bunun üçün əvvəl modern “yadlaşma” termininin banisi Hegelin tarix anlayışına və Marksın onu necə “ayaqları üzərinə” çevirməsinə toxunan yazar, marksizmdəki inqilab nəzəriyyəsinin köklərini də göstərərək “yadlaşmanın” burdakı rolunu vurğulayır. Növbəti yazıda isə Karlo Lebt, xüsusilə postmodernistlərin ideologiyaları tənqid edərkən şübhə altına aldıqları ümumbəşər dəyərlərin mövcud olub olmadığını araşdırır. Əsasən “insan haqları” kimi burjua inqilabları ilə ortaya çıxan məfhumların fərqli mədəniyyətlərdə necə tətbiq edilə biləcəyi problematikasını mərkəzə qoyan müəllif, mövzunun sol ideologiyalar çərçivəsindəki həllinə də giriş vermiş olur. Mədəniyyət bölməsində “Marx Reloaded” filminin rejissoru Jason Barker ilə müsahibəni, Salvadorun qraffiti və küçə sənətini sinfi mübarizə metodu kimi ələ aldığı məqaləsini, Məmməd Süleymanovun “Dəmir Daban” haqqındakı yazısını oxuyacaqsız. Özündən əvvəlki bütün mübarizələrin təcrübəsini bir yerə toplayan, özündən sonrakı bütün mübarizələrə isə ilham verən “Kommunist Partiyasının Manifesti” haqqında – yəni tarixin ən güclü mətnlərindən biri haqqında da yenə M.Süleymanovun qələmindən oxuyacaqsız.
K.Marks 150 il bundan əvvəl “XI tezis”-də üzünü bizlərə tutub, sadəcə anlamağın kifayət etmədiyini bildirərək “Dünyanı Dəyişin” deyirdi. Eyni əsrin bir digər dahisi, modern şeirin ələ-ovuca sığmaz inqilabçısı A.Rembo isə “Həyatı Dəyişin” deyə əlavə edirdi. Marksist-sürrealist, möhtəşəm “Nadia”nın yazarı Andre Breton, buna son nöqtəni qoyurdu: “Bizim üçün bu iki fikir, bir-birindən ayrılmazdır”. Bəli, intiharlarla və öz həyatlarına qapananların bədbinlikləri ilə başladığımız bu ildə, indi daha gur səslə bağırmalıyıq: “Başqa bir həyat da, başqa bir dünya da mümkündür!”. Elə biz də burada bir-bir, “o başqa dünya”nın sahillərində toplaşmağa başlamışıq…

Toğrul Abbasov

 Jurnalın bu sayını YÜKLƏ