Sinfi mübarizə

11-ci Tezis - Sinfi mübarizəREDAKSİYADAN

Əvvəli də var. Ancaq “özünü dərk” mənasında sinfi şüur anlayışını Marksdan başlada bilərik. Fransa kəndliləri haqqında yazarkən “…mənfəətlərin eyni olması bir topluluq və bir siyasi birlik yaratmadığı üçün, onların bir sinif əmələ gətirməsindən bəhs edə bilmərik” deməsi bunun ən açıq göstəricisidir. Yazdıqları ilə dünyanı həm nəzəri, həm də praktiki olaraq bir daha geri dönülməz şəkildə dəyişdirən Marksın bəlkə ən böyük xidməti də elə bu idi – özündə sinfi baxışı ehtiva etməyən istənilən nəzəriyyənin uğrayacağı fiaskonu bizə xatırlatması.
Şübhəsiz, Marksdan sonra da siniflər və sinfi şüur anlayışı haqqında çox yazılıb, bu haqda bir çox təcrübə toplanıb. Ancaq Marksdan sonra sinfi baxışı mənimsəməyən nəzəriyyələr belə onunla hesablaşmaq məcburiyyətində qalıb. Məsələn, 1960-cı illərdə yüksəlməyə başlayan kimlik hərəkatlarının – antikolonializmin, feminizmin, LGBT hərəkatların, irqçilik əleyhdarlığının və s. – bütün proqressiv məfhumlarında belə sinfi baxışın işığı var idi. Amin Maalouf “Ölümcül Kimliklər” əsərində Əlcəzairdəki radikal islam hərəkatını nəzərdə tutaraq, “İslam tarixi haqqında cildlərlə kitab oxusan da, oradakı vəziyyəti anlaya bilməzsən. Ancaq müstəmləkəçilik tarixi haqqında 5-10 səhifə oxumağın, orada nə baş verdiyini anlamağına kifayət edər” yazırdı. Sinfi baxış cildlərlə başqa nəzəriyyəyə bərabər olan həmin 5-10 səhifədir.
Bu sayda biz də həmin səhifələri bir daha yada salmaq istədik. Mövzunun əhatəsinə uyğun olaraq, Araz Bağırov “1 May” tarixçəsi ilə birlikdə sinfi mübarizənin keçən əsrdəki tarixini yada salır. Məmməd Süleymanov “Sinfi Mübarizə – Dünən və Bu Gün” məqaləsində sinfi mübarizənin anlayış olaraq keçdiyi yoldan, həmçinin əvvəli ötən sayımızda yer alan “Azərbaycanda sol hərəkatın tarixi” yazısında Azərbaycandakı sinfi mübarizənin və solun tarixindən bəhs edir. Loğman Qasımov “Sinfi strukturun müasir marksist konsepsiyaları və solun sosial bazası” məqaləsində bugünkü marksist nəzəriyyədə sinfi bölgünün necə ələ alındığından söz açır. Sinfi
bölgünün əsaslandığı istismar münasibətlərini isə Nicat Qarayevin “Kapitalizmdə İstismar” məqaləsində oxuyacaqsınız. Qarayev bu məqalədə, “istismar”ı əxlaqi kod-lar içərisində görməyə meylli geniş yayılmış anlayışı tənqid edərək, onun kapitalizmin istehsal münasibətlərinin özəyinə necə yerləşdiyinin izahını verir. Fəlsəfə bölmə-sində Ziya Bayramovun “Sinfi mübarizənin ontologiyası” məqaləsində məhz Marksın öz fəlsəfəsində sinfi bölgünün necə aparıldığının və sinfi mübarizəni şərtləndirən amillərin kökünün nəyə əsaslandığının izahını tapacaqsız. Mədəniyyət bölməsi də mövzuya uyğun iki məqaləni ehtiva edir. Toğrul Abbasov mədəniyyət və sinfi mübarizə arasındakı nəzəri münasibətlərin analizini, Maxim isə “İşçi Sinfi Cənnətə Gedir” filminin geniş sosioloji analizini aparır. Bu saydan başlayaraq jurnalda yeni müsahibələrlə də tanış olacaqsınız. İlk müsahiblərimiz “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı”nın rəhbəri Mirvari Qəhrəmanlı və rus marksist-sosioloqu Boris Kaqarlitskidir. Mirvari Qəhrəmanlı ilə SSRİ sonrası Azərbaycandakı neft sektorunun və işçilərinin vəziyyəti ilə bağlı, Kaqarlitski ilə isə Ukrayna böhranı başda olmaqla, dünyadakı mövcud ictimai-siyasi vəziyyət və solun buradakı perspektivləri ilə bağlı söhbətləşdik.
Biz bu sayı çapa hazırlayarkən, Azərbaycan ictimaiyyətinin də yaxından izlədiyi Türkiyədə bir mədən cinayəti baş verdi. Rəsmi açıqlamalara görə, 301 işçinin yanaraq can verdiyi bu cinayət qarşısında verilən reaksiyalarla, sinfi anlayışdan məhrum “ütülü humanizmə” məhz hegemonların öz iqtidarlarını davam etdirmək üçün ehtiyac duyduğunu bir daha anladıq. Elə isə, zəncirlərimiz humanizmin qızıl suyuna batırılmış olsa da, hələ də onlardan başqa itirəsi heç nəyimiz yoxdur…

Toğrul Abbasov

Jurnalın bu sayını YÜKLƏ