Azərbaycanda Sol hərəkatın tarixi (II yazı)

Print Friendly, PDF & Email

Məmməd Süleymanov

1904-cü il. “Mazut Konstitusneft.buruq.kohneiyası”

İndiki nəsillər üçün az məlum faktdır, ancaq bütün çar Rusiyasında ilk dəfə olaraq məhz Bakıda fəhlələrlə   sahibkarlar   arasında   Kollektiv   əmək müqaviləsi imzalanıb. Tarixə “Mazut Konstitusiyası” adı ilə düşən o sənəddə fəhlələrin hətta indikindən də mütərəqqi statusu və hüquqları təsbit olunmuşdu. Təqvimin vərəqi isə 1904-cü ilin 30 dekabrını göstərirdi.

O sənəd Bakı fəhlələrinin 1 ay davam edən mütəşəkkil və radikal iqtisadi tələbli mübarizəsinin nəticəsi idi. Mübarizəyə isə 3 qardaş başçılıq edirdi.

Şendrikov qardaşları – İlya, Lev və Dmitri – Bakıya 1903-cü ildə Daşkənddən gəlmişdi. Dərhal da Sosial-demokrat partiyasının (RSDRP) Bakı komitəsində fəaliyyətə başlamışdı. “Şendrikovların təşkilatı”nın yaranması 1904-cü ilin avqustuna təsadüf edir. Bu təşkilat “Balaxanı və Bibiheybət fəhlələrinin təşkilatı” (1905-ci ildən isə – “Bakı fəhlələrinin İttifaqı”) adını daşıyırdı.

İlk vaxtlar RSDRP-nin menşevik rəhbərliyi və onların “İskra” qəzeti Şendrikovçuları Bakı bolşevik təşkilatına qarşı qoyurdu, bolşeviklər isə fəhlə hərəkatında “dağıdıcı, ziyanlı qrup” sayırdı.

Bir müddət sonra Şendrikovçuların təkcə bolşeviklərlə yox, həm də menşeviklərlə ziddiyyətləri başlayır. Fikir ayrılıqları həm siyasi, həm də iqtisadi problemlərə baxışlardakı müxtəlifliklə bağlı idi. Şendrikovlar esdekləri müzakirələrə qapalı olan iyerarxik təşkilat qurmaqda və işçilərin iqtisadi mübarizəsinə kifayət qədər həssas yanaşmamaqda suçlayırdı. Onlar mübarizədə “ekonomizm” mövqeyində dayanır, “fəhlənin hər qəpiyi üçün mübarizə” təbliğ edir və siyasi çıxışların əleyhinə çıxırdılar. Sonunda qardaşlar təşkilatdan uzaqlaşdırılır. Ancaq sonrakı illərdə də onlar özlərini məhz sosial-demokrat kimi qələmə verirdilər.

Qardaşlar arasında İlya böyük natiqlik, Lev isə təşkilatçılıq qabiliyyətinə malikdi. Bu tandemin hesabınadır ki, artıq 1904-cü ilin sonlarına doğru onların tərəfdarlarının sayı 4000 nəfərə çatırdı. Əksəriyyəti də İrandan gəlmiş və yerli azəri fəhlələr idi. Müqayisə üçün deyək ki, bolşevikli-menşevikli esdeklərin sayı həmin ərəfədə vur-tut 3000 nəfər idi.

Artıq 1904-cü ilin yayından fəhlə çıxışları yüksələn xətlə gedirdi. Bu, ötən ildəki etiraz dalğasından və neft mədənlərindəki yanğınlardan özlərinə hələ gəlməyən siyasi və maliyyə dairələrində narahatlıq doğurmaya bilməzdi. Məsələn, «Russkoe Slovo» qəzeti sentyabrın 12-də yazırdı:

“Peterburqdakı ingilis səfiri dünən xarici işlər naziri Lamzdorfa nota göndərərək ondan Bakıda yaşayan və sayı 200-dən az olmayan ingilis təbəələrinin qorunması üçün tədbirlər qəbul etməsini xahiş edib”.

1904-cü ilin noyabrında Şendrikov qardaşları Bakı mədənlərində iqtisadi tələblərlə geniş tətillər başlatmaq qərarı verir. “Şendrikovçular” adlanan fəallar bütün zavod və balıq müəssisələrində təbliğata keçir. Tətillərin əleyhinə isə esdeklər çıxır. Həm bolşeviklər, həm də menşeviklər formal olaraq havaların soyuqluğunu əsas gətirirdi. Əslində isə partiya iqtisadi tələblərlə mübarizənin perspektivinə inanmırdı, yalnız silahlı üsyan taktikasını qəbul edirdi, tətillərin uğurlu alınacağı təqdirdə isə prosesdən kənarda qalacağından narahatdı.

Sosialistlərin köməyi olmadan da “şendrikovçular” işlərini bacarırdılar. Belə olanda, bolşeviklər, “Hümmət” təşkilatı və erməni sosial-demokratları da tətillərin təşkilinə qoşuldular. Tətil komitəsinə Alyoşa Caparidze, İvan Fioletov və A.Stopani də daxil oldu. Dekabrın 13-də Balaxanı və Bibiheybətdə yeni tətil başladı. Tətil 50 min fəhləni əhatə etdi. 1 ay davam edən aksiyalar sahibkarları qorxuya saldı. Fəhlələr sahibkarların güzəştə meylli olmadığını görəndə neft buruqlarını yandırmağa qalxdı. Dekabrın 25-dən 30-dək 225 neft buruğu oda verildi.

Belə olanda bolşeviklər sahibkarlarla danışığa gedərək fəhlələrin şərtlərini qəbul etməyə çağırdı. Kapitalistlər razılaşdılar. Əksər şərtlər qəbul olundu. Ancaq “şendrikovçular” tətillərə davam etməyə çağıraraq esdekləri kapitalistlərlə sazişdə suçladı və bütün tələblərin qəbulunu aksiyalara son qoymağın şərti elan etdi. 1904-cü ilin 30 dekabrında daha 40 neft buruğu yandırıldı.

Kapitalistlər yenə razılaşdı. Bununla da dekabrın 30-da sahibkarlarla fəhlələr arasında ilk dəfə kollektiv müqavilə – məşhur “Mazut Konstitusiyası” imzalandı. İqtisadi tələblərlə mübarizə səmərə verdi.

1905-ci ilin 2 yanvarında “Novosti dnya” qəzeti yazırdı:

“Bakıda yanvarın 1-də bütün neft mədənlərində, zavodlarda və mexaniki emalatxanalarda asılan yeni elanlarda neft sənayeçilərinin və kerosin istehsalçılarının adından bildirilir ki, 1905- ci ilin 1 sentyabrından başlayaraq qazma işlərində tədricən üçnövbəli iş sisteminə keçiləcək. Tətilçilər tətil etdikləri günlərin maaşlarını da almaq şərtilə 3 gün ərzində işə çıxmağa dəvət edilir. Birjalarda məyusluqdur”.

Həmin kollektiv sənədin (“Mazut Konstitusiyası”) bəzi bəndlərinə baxaq:

“9 saatlıq (gecə növbələri və qazma işlərində – 8 saatlıq) iş günü. Fəhlələr üçün pulsuz yataqxana, su və kerosin. Əmək qabiliyyəti müvəqqəti itirildiyi halda işçinin maaşının 50 faizinin daha 3 ay ərzində verilməsi. Maaşların artırılması. İrandan gələn fəhlələrin maaşının da yerli fəhlələrlə eyniləşdirilməsi. İşdə cərimələrin ləğvi…”

Bu cümlələri müasir leksikona çevirin – görərsiniz ki, bugünkü Azərbaycan işçisində həmin hüquqların heç biri yoxdur!

Bu da son deyil – “Şendrikovçular” sahibkarlardan zavod komitələri yaratmağı tələb etdi və buna da nail oldu. Bu isə o deməkdi ki, fəhlələrin arasından seçilən şəxslər zavod rəhbərliyi ilə bərabər işə götürmək və işdən çıxarmaq məsələlərində iştirak edə bilər. Bu, həmkarlar təşkilatlarının ilk forması idi.

Zavod komitələrinə üzvləri Bakı fəhlə deputatları Soveti seçirdi. Orada da əsas mövqe “şendrikovçular”ın, qismən də menşeviklərin əlində idi.

Bakı proletariatı öz hüquqları uğrunda 1 ay mükəmməl təşkil olunmuş formada mübarizə aparmaqla 1905-ci il ərəfəsində indi də olmayan hüqulara nail oldu.

1905-ci ildə Şendrikov qardaşları yenə tətillər təşkil etdi. Həmin vaxt onlar fəhlə deputatları Sovetinə və Sovetin orqanı olan “İzvestiya” qəzetinə nəzarət edirdilər. Yeni tətil uğursuz alındı, həmin ilin dekabrında isə qardaşları ifşa edən dəlillər üzə çıxdı.

İnqilabçı Arşak Xaçiyev (1874-1935) özünün avtobioqrafik “Bakı fəaliyyətimin 3 dövrü” (1924) məqaləsində xatırlayır: “Yığıncaqlardan birində tələbə Gerasim Ter-Nersesov çıxış etdi və Lev Şendrikovun həmin vaxt canişinlikdə çalışan general Cunkovskiyə məktubunu açıqladı. Məktubun məzmunu ondan ibarətdi ki, əgər hökumət tərəfindən yardım olarsa, fəhlə hərəkatını onlar üçün arzuolunan məcraya yönəltmək mümkündür…”

Bundan sonra İlya əvvəlcə Peterburqa, sonra isə Cenevrəyə köçdü, Lev isə haradasa Zubatovun və Qaponun taleyini təkrarlayaraq hakimiyyətlə müəyyən sazişlərə getdi. A.Xaçiyev özünün 1907-ci ildə Bakıya yenidən gəlişində Şendrikovlarla bağlı yeni sübutların da üzə çıxdığını yazır. Məsələn, məlum olur ki, Şendrikovlar hökumətdən 10.000 rubl pul alıblar.

Odur ki, 1907-ci ildə Bakıda Lev Şendrikov vəfat edəndə mətbuat yazdı: “Sosial-demokrat kimi şərəflə başlayıb hakimiyyətə yaxınlaşaraq kədərlə bitdi”. Bakıda qalan üçüncü qardaş – Dmitri (“Kasyan”) isə fəhlələr arasında artıq heç bir nüfuza malik deyildi.

“Mazut Konstitusiyası” isə şərəfli tarixi epizoda çevrildi…

1914-cü il. Bakı çalxalanır…

“Oqonyok” jurnalı 1914-cü ilin iyununda yazırdı:

“Bakıda neft mədənlərinin işini tamamilə iflic etmiş kütləvi tətillər hökuməti ciddi şəkildə həyəcanlandırıb. Peterburqdan gələn xüsusi komissiya məsələni dinc yolla həll etmək və fövqəladə vəziyyətin tətbiqinə yol verməmək üçün uzun-uzadı danışıqlar aparıb”.

Fakt isə ondadır ki, bu danışıqlar nəticə vermir – fəhlələr tələblərindən geri çəkilmirlər. Və yalnız  1-ci Dünya müharibəsinin başlaması  Bakı  proletariatının qətiyyətli mübarizəsini yarıda qoyur (Oxşar ssenarini 1905-ci il tətillərində də görmüşdük: Erməni-müsəlman qırğını fəhlə hərəkatının süqutuna yol açmışdı).

1904-cü ildəki ümumi tətillərlə 1914-cü il tətillərinin çoxlu oxşar cəhətləri ilə yanaşı, fərqli cəhəti də vardı ki, bu da sonuncuda fəhlələrin siyasi şüurunun daha yetkin olmasında, güclü təşkilatlanmasında və iştirakçıların sayının daha da artmasında idi. Bu tətillərdə neftxudaların və zavod sahiblərinin ziyanı 38 milyon pud nefti ötmüş, 1 milyon 245 min iş günü hədər getmişdi. Bu tətillər Dünya Müharibəsi ərəfəsində Rusiya İmperiyasında baş vermiş ən güclü və son fəhlə çıxışları idi.

Əslində, 1914-cü il Bakı tətilləri 1 il öncəki – 1913-cü ildəki ümumi tətillərin davamı idi. Həmin vaxt tələblərinin yerinə yetirilməsinə nail ola bilməmiş proletariat yenə də eyni tələblərlə küçələrə çıxmış və bu dəfə istəklərini reallaşdırmaq cəhdində daha israrlı idi.

1913-cü il tətilləri apreldə başlamış, mədən və zavodları, Xəzər dənizçilərini əhatə etmişdi. Bolşeviklər azəri və rus dillərində intibahnamələr çap edərək fəhlələrin mübarizəsinə rəhbərliyi ələ almışdı. Bununla da dağınıq çıxışlar ümumi tətilə dönüşmüşdü. Yaradılmış tətil komitəsinə B. Boryan, A. Dolidze, İ. Kojevnikov  kimi tanınmış bolşeviklər daxil idilər.

Ancaq uzunmüddətli mübarizə fəhlələrin gücünü tükəndirir. Avqustun ortalarında neft sahibkarlarının qismən güzəştə getmələrindən sonra tətil edən bir çox müəssisələrin işçiləri iş yerlərinə dönür. Buna baxmayaraq, avqustda tətilə tamamilə yeni sahələrin işçiləri – telefonçular, Tağıyevin toxuculuq fabrikinin işçiləri, faytonçular, ofisiantlar qoşulur. Fasiləsiz tətillər oktyabrın 17-nə qədər uzanır. Tətilçilərin ümumi sayı 35 min nəfəri ötür. Fəhlələrin iqtisadi nailiyyətləri davamlı olmur, sahibkarlar vədlərinin üstündə durmurlar və bu da 1914-cü ildə tətillərin yenidən başlamasına aparıb çıxarır.

Yeni ümumi tətil 1914-cü ilin 28 may günü başlayır. Ay yarım davam edən tətilin birinci günü təkcə Balaxanı-Sabunçu mədənlərində 12 735 fəhlə iş yerlərini tərk edir. O cümlədən, Nobel qardaşlarının 4-cü mədənindən 380, Mirzəyev qardaşlarının müəssisələrindən 731, Əsədullayevin zavodlarından 540, Mantaşevin mədənlərindən isə 276 nəfər tətillərə qoşulur.

Tətilin təşkilində önəmli rolu bolşeviklər oynayırlar. Məşədi Əzizbəyov, İvan Fioletov, S.Qafurov, A.Stopani, S.Şaumyan və Q.Sturua fəhlə çıxışlarına başçılıq edirlər. Eyni zamanda, burada Matvey Skobelevin xüsusi rolunu xüsusi  qeyd etmək lazımdır. Heyf ki, bu şəxsin 1914-cü il hadisələrindəki rolu sonralar Sovet tarixşünaslığında qətiyyən işıqlandırılmayıb. Bunun da subyektiv səbəbləri vardı – Skobelevin menşevik olması və 1938-ci ildə həbs edilərək güllələnməsi. Halbuki, bir çox indiki tarixi tədqiqatlarda Skobelev məhz 1914-cü il tətillərinin rəhbəri adlandırılır.

Matvey Skobelev 1885-ci ilin oktyabrında Bakıda sənayeçi ailəsində doğulub. Onun atası vaxtilə dini etiqadına görə Rusiyadan sürgün olunan molokanlardan idi. Matvey 18 yaşında RSDRP-na daxil olur. 1905-ci il inqilabı zamanı neftçi fəhlələrin tətilinə rəhbərlik edir, həbs təhlükəsi ilə qarşılaşdığından xaricə qaçır. Vyanada, Kopenhagendə yaşayır, sonra Rusiyaya dönür. 1912-ci ildə o, Qafqazdakı rus əhalisinin nümayəndəsi kimi Dövlət Dumasına seçilir. Deputat Skobelev 1914-cü il neft istehsalının tamamilə dayanması ilə nəticələnən Bakı tətillərinin rəhbəri olur. 1 il sonra Bakı qəzetlərindən birində çap etdirdiyi məqaləyə görə həbs edilərək 4 ay türmədə qalır, ancaq deputat səlahiyyətləri ləğv edilmir.Sabuntchi

Tətillərdə bütün millətlərin nümayəndələri, habelə indiyədək siyasi mübarizədən daima kənarda dayanmış iranlı fəhlələr və qadınlar da iştirak edirlər. Fəhlələr arasında kütləvi həbslərə cavab olaraq küçəyə axışan qadınlar ərlərinin və qardaşlarının azad olunması tələbini irəli sürürlər. Artıq iyulun 8-nə həbsə alınanların sayı 700 nəfəri ötür. Bu cəhətdən Balaxanı-Suraxanı polismeysterinin qradonaçalnik Martınova iyulun 7-də yolladığı məruzənin mətni qadınların inadkarlığını göstərən sənəddir:

“Dünən günorta saat 2-də “Moska-Qafqaz ortaq şirkəti”nin kantorasının qarşısına uşaqları ilə birlikdə toplaşan 300-ə qədər qadın mədənin təsərrüfat rəhbərini çağıraraq, ona, ərlərinin azad olunması tələbini irəli sürüblər. Pristavların dağılışmaq əmrinə qəti şəkildə tabe olmayan qadınlar zavodun divarları yanında dayanıblar. Hərbçilər onları sıxışdırıb qovmağa cəhd etdikdə, qadınlar qışqırmağa, tərpənməyərək yerdə oturmağa və kazakların atlarının ayaqları altına öz uşaqlarını atmağa başlayıblar. Bu səbəbdən onlara qarşı qətiyyətli tədbirlər görmək mümkün olmayıb…”

Tətilçilər sahibkarlar qarşısında 45 siyasi və iqtisadi tələb irəli sürür. Üstündən 100 il keçəndən sonra da periferiya kapitalizmi ölkələrində aktuallığını saxlamaqda davam edən həmin tələblərin bir çoxunu nəzərdən keçirək: 8 saatlıq iş günü (qeyri-iş günləri ərəfəsində 6 saatlıq); iş vaxtından artıq işləməyin ləğvi; 1 ildən çox çalışanlara 1 aylıq ödənişli məzuniyyət; 1 Mayın bayram edilməsinin rəsmiləşdirilməsi; həmkarlar təşkilatlarının və mədən-zavod komissiyalarının rəsmən tanınması; bütün fəhlələrin məvacibinin artırılması; tətil günləri üçün məvaciblərin verilməsi; mütləq maaş minimumunun müəyyən edilməsi; abadlaşdırılmış fəhlə qəsəbələrinin tikintisinin sürətləndirilməsi; mövcud fəhlə mənzillərinin sanitariya qaydalarına müvafiq gələn normal vəziyyətə salınması; müalicə üçün sığorta kassalarının təsis olunması və neft sənayeçiləri həmin kassalara pul keçirməlidir; sahibkarların hesabına yeni tibb müəssisələrinin yaradılması və hazırda olanların genişləndirilməsi; klub, kitabxanalar, fəhlə uşaqları üçün məktəblər, fəhlələrin ana dillərində savadlanması üçün kursların yaradılması; tətillərdə həbs olunanların hamısının azad edilməsi və s.

Sonralar bu tələblərə daha biri əlavə olundu – fəhlə nümayəndələrinin orqanı olan vəkillər Şurasına sahibkarlarla kollektiv saziş bağlamaq hüqunun verilməsi.

Mayın 30-da, tətillərin 3-cü günündə Bakı polismeysterinin (qalabəyi) müavini Qafqaz canişininə teleqram vurur:

“Bütün mədənlər tətil edir. Tətilçi neft sənayesi fəhlələrinin sayı 26 minə çatır. Tətilçilərin zorakılığı da get-gedə artır…”

Tətildə iştirak edən fəhlələrin ümumi sayı 50 min nəfərə çatır. Polislə baş verən toqquşmalarda ölən və yaralananlar olur, həbslər aparılır, ancaq repressiyalar etirazçıları sındıra bilmir. Neft sahibkarları böyük ziyana düşərək tətilçilərin iqtisadi tələblərinin müəyyən hissəsini təmin etməyə razılaşsalar da, siyasi tələblərin müzakirəsindən boyun qaçırırlar. Fəhlələr isə tələblərin hamısı qəbul edilməyincə işi bərpa etməyəcəklərini bəyan edirlər. Tətil dalğası Nobel qardaşları, Adamov, Kokorev, Oyl, Musa Nağıyev, Qukasov, Şəmsi Əsədullayev, Rotşild və başqa şirkətləri, şəxsi mədən və zavodları əhatə edir.

Fəhlə çıxışlarını yatırmaq üçün çar hökuməti geniş səlahiyyətlər verərək Bakıya Daxili işlər nazirinin müavini general-mayor Cunkovskini göndərir. Bakıya gəldiyində, Cunkovski fəhlələrə rus, azərbaycanlı və erməni dillərində çap olunmuş xüsusi tələblərlə müraciət edir ki, bu da 50 minlik tətilin qarşısında çar hökumətinin böyük narahatlığının göstəricisi sayıla bilər. Müraciətdə deyilirdi:

“May ayından fəhlələr arasında başlayan çaxnaşmalar get-gedə daha kəskin forma almaqla sənayenin ən mühüm sahələrindən birinin düzgün fəaliyyət göstərməsi üçün şübhəsiz təhlükə yaradır”.

Bolşeviklərin “Pravda” qəzeti Bakı etirazlarını alqışlayaraq, digər şəhərlərin fəhlələrini də mübarizəyə çağırır. Artıq iyulun ilk günlərində Peterburqun 20-dən çox müəssisəsində Bakı fəhlələri ilə həmrəylik mitinqləri keçirilir. Həftə ərzində Peterburqda 570 min fəhlə etiraz aksiyalarına qoşulur. Həmrəylik tətilləri Kiyevdə, Xarkovda, Riqada, Varşavada, Lodzda da təşkil olunur. İyulun 6-da isə Moskvada ümumi tətil baş verir. Habelə, Peterburqda və başqa şəhərlərdə Bakı tətilçilərinə yardım üçün fondlar yaradılır.

Bakı proletariatı öz inadkar mübarizəsini yalnız 19 iyulda (təzə tarixlə – 1 avqust) dayandırmağa məcbur oldu. Buna da səbəb 1-ci Dünya müharibəsinin elan olunması idi …

1916-cı il. Bakıda “Qadın qiyamı”

1917-ci ilin Fevral inqilabını “Evdar qadınların inqilabı” da  adlandırırlar: Çörək növbələrindən və qiymətlərin bahalığından bezən Sankt-Peterburq qadınları küçələrə axışır, tezliklə onları əsgərlər və fəhlələr də müdafiə edir. Nəticədə 300 illik Romanovlar monarxiyası 3 gündə çökür.

1916-cı il. Bakıda “Qadın qiyamı” Arxa fonda, sağ tərəfdə Aleksandr Nevski Başkilsəsi görünür. (Bakı, 1916)

1916-cı il. Bakıda “Qadın qiyamı” Arxa fonda, sağ tərəfdə Aleksandr Nevski Başkilsəsi görünür. (Bakı, 1916)

Bu, razvyazka üçün hansısa təkanın, alov üçün kiçicik qığılcımın yetərli olmasına bir misaldır. Necə ki, Qavrilo Prinsipin Sarayevoda atdığı güllələr Dünya müharibəsinə, yaxud 2010-cu ilin dekabrında Məhəmməd Buazizinin intiharı Tunisdə Ben Əli hakimiyyətinin devrilməsinə təkan oldu.

“Qadınların qiyamı” isə Rusiya imperiyası ərazisində ilk dəfə heç də 1917-ci ilin fevralında Sankt-Peterburqda baş verməyib. İlk qadın qiyamının Vətəni Bakı olub. Fevral inqilabından düz 1 il əvvəl – 1916-cı ilin 14 fevralında Bakıda qadınların 3 gün davam edən və qan içində boğulan kütləvi etirazları baş verib. Onu sadəcə elə belə də adlandırırlar – Bakıda “Qadın qiyamı” (“Babiy bunt”).

O hadisələr tariximizin az məlum və az yazılan səhifələrindəndir. Baxmayaraq ki, 96 il əvvəl Bakıda çıxan olaylar özünə bütün imperiyanın diqqətini çəkmişdi və o cümlədən paytaxtda, Dövlət Dumasında müzakirəyə çıxarılmışdı.

“Naşe Slovo” qəzeti 1916-cı ilin 13 martında yazırdı:

“Deputat Cəfərov xəbər verir ki, Bakıda bahalaşma əleyinə tətillər olub. Hər şey bazarlardan başlayıb. Qadınlar əvvəlcə xırda alverçilərlə hesablaşıblar, sonra iri alverçilərin dükanlarına hücum çəkiblər, bütün ərzaq məhsullarını küçələrə töküb və daşıyıb aparıblar. Hadisələrin 2-ci günü tarmar mərkəzi küçələrdəki mağazalara keçib. 3-cü gün isə qadınlar dəyirmanları, un və şəkər anbarlarını qarət ediblər. Polisin baş verənlərə münasibəti biganəlik şəklindədir, onlar hətta qadınları tacirlərin əlindən alıb xilas edirlər. Yalnız 4-cü gün qarışıqlıqlar yatırılıb. Deputat Cəfərov hesab edir ki, Bakıda bahalıq fonundakı qarışıqlıqlarda bəzi polis rəhbərlərinin də iştirakı var”.

Elə həmin günlərdə jurnalist (və 1 il sonra İnqilabın liderlərindən biri) Lev Trotski “Tarixin ironik çırtması” adlı məqaləsini yazır və Bakı hadisələrini təhlil edir:

“Həqiqətən də, inqilabi problem – yeni  “namuslu”  nazirlərin  seçimində yox, hakimiyyətin yeni mahiyyətindədir. Bakıdakı hadisələr göstərir ki, köhnə hakimiyyət hansı azğınlıqla öz mövqelərinin müdafiəsinə qalxacaq. Bu Bakı qiyamı öz mənalılığında Dumadakı bütün müzakirələrdən daha parlaq və aydındır!”

Həmin günlər Bakıda baş verən hadisələr barədə yazılı mənbələr o qədər də çox deyil. Bu mənbələr sırasına Aleksey Şepelevin “Səmada və Yerdə” kitabını (nəşr: 1974-cü il), İsaak Mintsin “Qafqazda Sovet hakimiyyətinin qələbəsi” kitabını (1971-ci il) aid etmək olar. Ancaq ən əsas mənbə – Azərbaycanın 20-ci əsrinin ilk 20 ilinə aid mühüm yazılı mənbə sayılan Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabıdır. Elə bu mənbələrə əsaslanaraq da Bakıdakı “Qadın qiyamı”nın səbəb və mənzərəsini bərpa etməyə çalışaq.

Sovet aviatoru Aleksey Şepelevin kitabı avtobioqrafiyadır. Rostov-Donda doğulub böyüyən müəllif erkən yetim qalır və Dünya müharibəsinin gətirdiyi aclıqdan qaçaraq Bakıda məskunlaşır. Onun xatirələrindən:

“Şəhər yaralılarla doludur. Hətta bir çox ictimai binalar da hospitala çevrilib… Şəhərdə ərzağın kəskin çatışmazlığı hiss olunur. Nə vaxtsa zəngin olan bazar da kasıblaşıb. Hər gün hər şeyin qiyməti artır. Tez-tez orduya səfərbərlik elan edilir. Evə çörək gətirən ərlərini itirmiş, ac uşaqlarla qalmış əsgər arvadlarının təpgisi böyüyür. Və – partlayış! Qadınların qiyamı başlayır.
Ümidsizliyə məcbur edilmiş qadınların ərzaq mağazalarını necə qarət etdiklərini, havada uçuşan “Çörək!”, “Müharibə rədd olsun!” qışqırıqlarını yaxşı xatırlayıram. Qəzəblənmiş jandarmlar və polislər bu qiyamçıları sakitləşdirməkdə aciz idilər. Nəhayət meydanlara atlı kazakları daxil etdilər, onlar da dərhal öz qırmaqlarını işə saldılar. Döyülən qadınların müdafiəsinə orduya yenicə çağırılan gənclər qalxdı. Əsl döyüş başladı”.

Şepelev bu vaxt siyasilərin və fəhlələrin də seyrçi qalmadığını xatırladır:

“Qadınların kortəbii etirazları dərhal Bakı proletariatı və bolşeviklər tərəfindən dəstəkləndi. Neft yataqlarının və neft emalı zavodlarının işçiləri tətilə çıxdılar”.

Şepelev onu da xatırlayır ki, aranı bir qədər sakitləşdirmək və “vətənpərvərlik hissləri”nə təsir etmək üçün Bakı rəbərliyi və neft maqnatları çarın əmisi Nikolay Nikolayeviçi (Rus ordusunun keçmiş və uğursuz Baş komandanı) Bakıya dəvət etmək qərarına gəlirlər. Bunun üçün Nikolayevski küçəsində tələm-tələsik Zəfər arkası qurulur, yollara fənərlər və bayraqlar düzülür, ancaq əmi gəlib çıxmır. 1 il sonra isə Bakı qadınlarının taktikasını Sankt-Peterburq qadınları təkrarlayır və çarizm çökür.

“Qadın qiyamı”na dair ən dolğun məlumat və təsvirlər Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında özünə yer alıb. Həmin kitaba müraciət edək…

Hadisələrin başlanması ərəfəsində Bakıda bahalaşma, kütləvi yoxsullaşma və möhtəkirlik baş alıb gedirdi. Ən vacib ərzaqlar bahalaşmış və satışı monopoliyaya alınmışdı. Məsələn, bütün ət bazarı 6 möhtəkirin əlində cəmləşmişdi. Tacirlər malları gizlədir, “qara bazar”da qiymətlərə yaxın düşmək olmurdu.

Belə bir şəraitdə də “Qadın qiyamı” başladı. Manaf Süleymanov qiyamda müsəlman qadınların iştirak etmədiyini qeyd edir: çadralı və tam hüquqsuz müsəlman qadınlara evdən çıxmaq qadağandı.

“Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında müəllif qiyamın başlanmasını bu cür təsvir edir: “Bir qadın Aleksandro-Nevski bazarında kartof alarkən qiymət üstündə dükançı ilə höcət edir, qəzəblənib dolu torbanı yerə çırpıb, günəbaxan tumu olan qutunu da vurub dağıdır və başlayır tumu tapdalamağa. Elə buna bənd imiş kimi qonşuluqdakı Bazar küçəsindəki yüzlərlə arvad başlayırlar qarışıqlıq salmağa, hücum edib meyvə, tərəvəz, baqqal, bəzzaz, çörəkçi, qəssab dükanlarını talan etməyə. Qarışıqlıq Quba meydanında və Balaxanı küçəsindəki dükanlara da sirayət edir. Səbzə bazardakı taxta budkaları dağıdıb yandırırlar. Arvadlar, yeniyetmələr bazar-dükanı dağıdırlar”.

Polisləri daşa basan qadınlar iki dəstəyə bölünüb Bakının zəngin mağazalarına hücum çəkirlər. Minlərlə qadın “Metropol” mehmanxanası (Nizami muzeyi) yaxınlığında polis  və  kazakların gözü qabağında zəngin  mağazaların  şüşə  və qapılarını sındırır. Qiyam gecənin yarısına qədər davam edir.

Səhərisi gün – fevralın 15-də hər şey yenidən təkrarlanır. İri un, düyü, qənd mağazaları, çolaq Ağabalanın və Qlazovun dəyirmanları, un anbarları, gəmiçilik şirkətlərinin müxtəlif mal anbarları tarmar edilir. Həmin gün qadınlar Bakıda 116 ərzaq, 70 parça və geyim mağazasına basqın edərək talayırlar.

Proseslər öz kulminasiya nöqtəsinə qiyamın 3-cü günü – fevralın 16-da çatır. Manaf Süleymanov kitabında qeyd edir ki,

“Ayın 16-da olan qarışıqlığı təsvir etmək mümkün deyil. İki gün əvvəl olub-keçənlər, bütün bunlarla müqayisədə heç nə idi. Çay təki axan, dəniz kimi dalğalanan arvadlar əllərinə keçənləri gecə yarıya qədər daşıyıb aparır, polisə və atlı kazaklara daş yağdırırdılar”.

Ancaq hakimiyyət artıq özünə gəlmiş, qiyamı yatırmaq üçün Tiflis, Mahaçqala (Petrovsk), Yelizavetpol (Gəncə) və Dərbənddən yüzlərlə polis və atlı kazakı Bakıya çağırmışdı. Əlahiddə Qafqaz ordusundan da güclü qoşun və toplar gətirilir. Fevralın 17-də artıq qiyamın yatırılması üçün hər şey hazırdı. Həmin gün şəhər küçə döyüşlərinə meydan olur.

Qadınlara qarşı atlı kazaklar və polis odlu silah tətbiq edir. Rəsmi məlumatlara görə, Qadın qiyamı yatırılarkən 9 nəfər öldürülür, 57 nəfər isə yaralanır. Manaf Süleymanov bu rəqəmləri kiçildilmiş, təhrif olunmuş sayır. Onun sözlərinə görə, əslində ölən və yaralananlar xeyli çox idi, o cümlədən, polislər və əsgərlər arasında da ölənlər vardı. Bakı qalabəyisi Martınovun raportunda qadınların qiyamı ərzində şəhərə 2 milyon 957 min manat həcmində ziyan dəydiyi qeyd olunur.

Bakıdakı bu eksseslər tezliklə bütün Qafqaza səs salır və oxşar qiyamlar başqa şəhərlərdə də təkrarlanır. Digər maraqlı və çox simptomatik detal isə Bakı qadınlarının tacirlərə və sahibkarlara bəyanatla müraciət etməsində, daha doğrusu, bu müraciətin mətnindədir. Mətn ultimativ xarakter daşımaqla bərabər, həm də sanki əvvəlcədən tarixi inkişafın hansı istiqamətdə gedəcəyini proqnozlaşdırır və öncəgörməyə bənzəyir.

Bəyanatda deyilirdi:

“Siz ey rəhmsiz qan içənlər! Yaddan çıxarmayın ki, belə “qadın tufanı” bir daha qopa bilər. O, daha dəhşətli, daha amansız və qəzəbli olacaq. Heç bir qüvvə qabağımızı kəsə bilməyəcək. Bütün dükanlar və mağazalar, anbar və dəyirmanlar dağılıb yerlə yeksan olacaq. Qan içənlərin hamısı məhv olacaq”.

Yazıldığı kimi də oldu. 1 il keçdi və növbəti “qadın tufanı” Peterburqda monarxiyanı süpürüb atdı…

Mənbə: 

  1. İradə Bağırova. “XX əsrin əvvəlində Azərbaycanın siyasi partiya və təşki- latları”.
  2. İosif Stalin. “Riyakarlıq edən zubatovçular” (Şendrikovlar haqqında)
  3. Yorq “Sivilizator missiyası və Qafqazda millətçilik” (2004)
  4. Arşak Xaçiyev “Bakı fəaliyyətimin 3 dövrü”
  5. Quliyev. “Bakı proletariatı inqilabi yüksəliş illərində” (rus.). 1963.
  6. Dallakyan. “Bakı proletariatının sinfi mübarizə tarixindən” (rus.). 1956.
  7. Qılman İlkin. “Bakı və bakılılar”
  8. Aleksey Şepelev “Səmada və Yerdə” (rus.)
  9. İsaak Mints “Qafqazda Sovet hakimiyyətinin qələbəsi” (rus.)
  10. Lev “Tarixin ironik çırtması” (rus.) 

Azərbaycanda Sol hərəkatın tarixi (I yazı)