Azərbaycanda Sol hərəkatın tarixi (I yazı)

Print Friendly, PDF & Email

 Məmməd Süleymanov

1901-ci il. “Nina” mətbəəsi 

“Xanım” anlamı daşıyan “Nina” adı ilə qədim şumerlər öz ilahələrini adlandırırdı. Əfsanəvi Nineviyanın və Assuriya imperiyasının yaradıcısını bu cür çağırırdılar. Elə bu adı da inqilabçıların Bakıdakı ilk gizli mətbəəsi daşıyırdı.

1898-ci ilin martında yaranan Rusiya sosial-demokrat partiyasının (RSDP) artıq cəmisi 3 il sonra Bakıda komitəsi fəaliyyət göstərirdi. Onun yaranmasında misilsiz xidmət oynayan şəxs gürcü inqilabçısı Lado Ketsxoveli idi. 1900-cü ildə Tiflis sosdemlərinin tapşırığı ilə Bakıya gələn Lado 1 il sonra partiyanın gizli mətbəəsinin təşkilini nail oldu. Tez-tez ünvanını dəyişən “Nina” mətbəəsinin yaranmasında böyük səy göstərən digər şəxslər isə Bakı komitəsinin ilk tərkibinə daxil olan Avel Yenukidze, Lev Krasin, Qalperin, Eyzenbet və Faynberq idi.

1323801708_baki

Bolşevik Vano Bolkvadze sonralar xatırlayacaqdı:

“Tiflisdəki mərkəzi qrupun və Bakıdakı yoldaşların köməkliyi ilə Ketsxoveli çap maşını və mətbəə üçün gərəkli olan bütün avadanlığı əldə etdi. Ketsxoveli Tiflis partiya qrupuna yığıcı gərək olduğunu bildirdi və məni Bakıya yolladılar. Əvvəlki vaxtlar mətbəədə ikicə nəfər çalışırdı – Ketsxoveli və mən. 2 ay sonra o, Tiflisdən yenə kömək tələb etdi və Viktor Suladzeni bizə köməyə göndərdilər. 1902-ci ilin sentyabrında Ladonun həbsindən sonra yaranan təhlükəli vəziyyətə görə “Nina”nı müvəqqəti ləğv etməli olduq”

Sosial-demokratların Bakı komitəsi artıq 1902-ci ildə mütəşəkkil güc idi və struktur cəhətdən 5 rayona bölünmüşdü: Balaxanı, Bibiheybət, Qaraşəhər, Ağşəhər və Şəhər. Rəhbərlik genişlənmiş, yeni simalar partiya işinə qoşulmuşdu. Onların arasında Ə.Axundov, M.Məmmədyarov, İ.Sturua, L.Kununyants, M.Kobetski və başqaları vardı.

“Nina” mətbəəsi “İskra” redaksiyasının tapşırıqları ilə işləyir, habelə bütün Qafqaz təşkilatlarına xidmət göstərirdi. Artıq 1901-ci ildə Bakıda Tiflis sosial-demokratlarının orqanı olan “Brdzola” (“Mübarizə”) qəzetinin ilk sayı işıq üzü görür.

Fəaliyyətə başladıqdan 1 il sonra, güclü konspirasiyaya baxmayaraq Ketsxoveli və Yenukidze həbs olunur, ancaq buna bamayaraq,  bir neçə ay sonra “Nina” öz işini Lev Krasinin başçılığı altına bərpa edir. Ketsxovelinin taleyi isə faciəvi olur. Rotmistr Vladimir Runiçin əmri ilə həbs edilən Ketsxovelini ilk növbədə gizli mətbəə qurmaqda ittiham edirlər. Bir müddət Bayılda, sonra isə Metex türməsində saxlanılır, istintaqla əməkdaşlıqdan imtina edir, məhbusları öz hüquqları uğrunda mübarizəyə qaldırır. 1903-cü ildə Ketsxoveli türmədə odlu silahla qətlə yetirilir. Onun cəlladı Runiç də çox yaşamır – 1908-ci ildə Tiflisdə tramvayda gedərkən naməlum şəxsin atdığı 3 güllə ilə yerindəcə keçinir. Bununla da, Ketsxovelinin sirdaşları inqilabçının qisasını alırlar.

***

1902-ci ilin sonunda təhlükəsizlik səbəbindən fəaliyyətini müvəqqəti dayandıran “Nina” sonrakı il yenidən işini bərpa edir. Burada Marksın, Engelsin əsərləri, habelə rusca, ermənicə və gürcücə vərəqələr də çap edilir. Lev Krasinin səyləri ilə güclənən mətbəənin gücü sonralar o qədər artır ki, gizli çalışmasına baxmayaraq, bütün Rusiya İmperiyasını çap məhsulları ilə təmin etməyə yetir.  Bu gücə nail olmaq üçün Trifon Yenukidze (Avelin qardaşı) və Krasin “kustar” keyfiyyətə son qoymaq və yeni, müasir avadanlıq almaq qərarına gəlirlər. Yeni  avadanlıq – xaricdən güclü tipoqrafiya maşını almaq üçün isə çoxlu pul lazım idi: 3 min rubl. Bəs bu pulu haradan tapmalı?

Çıxış yolunu Krasin tapır. O, incəsənət, mədəniyyət, sənaye, ticarət və bank dairələrində asanlıqla özünə tanışlar tapmaq, zənginlərə özünü onların adamı kimi göstərmək kimi qabiliyyətə malik şəxsiyyət idi. Krasin Peterburqa yollanır və məşhur aktrisa Vera Komissarjevskayanı (1864-1910) Bakıda xeyriyyə konserti verməyə razı salır.

Komissarjevskaya Bakıya gəlir, biletlərin baha olmasına baxmayaraq, Bakı varlıları onun xeyriyyə konsertinə təşrif buyurmağı özlərinə fəxr sayırlar. Beləliklə, onların ağıllarına da gəlmir ki, pullarını İnqilabın maliyyələşdirilməsinə xərcləyirlər.

Krasin sonralar da maliyyə toplamaq üçün Bakıda gəlmə artistlərin çıxışlarını dəfələrlə təşkil edəcəkdi.

nina-metbeesi-1

SSRİ-də “Nina” mətbəəsinin ev-muzeyi

Beləliklə, tələb olunan məbləğ toplanır. Qalır avadanlığı sifariş vermək və Bakıya gətirmək. Bunu isə qeyri-leqal fəaliyyətdə olan inqilabçılar yox, çap işi ilə leqal məşğul olan naşir edə bilərdi. Bu məqsədlə xırda, ancaq leqal mətbəə sahibi olan Ovannesyansa müraciət olunur.

Bəxşiş müqabilində Ovanesyans yeni çap maşınını Almaniyanın Leypsiq şəhərində sifariş verməyə və Bakıya gətizdirməyə razı olur. Sonra yeni problem başlayır: Ovanesyansın o dövr texnikasının son dəbi olan avadanlığa tamahı düşür və maşını Krasinə təhvil verməkdən imtina edir. O, pulu da, bəxşişi də geri qaytarmağa razı olduğunu deyir.

Vəziyyətdən yeganə çıxış yolu avadanlığı oğurlamaqdı. Trifon Yenukidze yoldaşları ilə günün günorta çağı Ovanesyansın mətbəəsinə hücum çəkərək qıfılları qırıb “Auqsburq” avadanlığını götürür. Bu, o qədər gözlənilməz addım idi ki, yoldan keçən polis də qətiyyən şübhələnmir, əksinə, avadanlığı arabaya yükləməkdə sosial-demokratlara yardım edir.

***

“Nina” mətbəəsində 1903-cü ilin noyabrından 1905-ci ilin noyabrınadək ümumi tirajı 1,5 milyon nüsxəni ötən çoxsaylı və müxtəlif dillərdə qeyri-leqal materiallar nəşr edilir. O cümlədən, “İskra”nın Bakıda hər nömrəsinin tirajı 10-15 min nüsxə idi ki, bu da böyük rəqəmdir.

1903-cü ildə RSDRP 2 qanada – bolşeviklərə və menşeviklərə bölünəndən sonra “Nina” birincilərin ixtiyarında qalır. Buna baxmayaraq, mətbəənin işindən menşeviklər və Bakı eserləri də yararlanırlar.

Fəaliyyətinin bütün dövründə polisin bircə dəfə də mətbəənin izinə düşə bilməməsi inqilabçıların fəaliyyətindəki mükəmməl konspirasiyadan xəbər verir. Bu məxfilik isə ilk növbədə Leonid Krasinin xidməti idi. Kübar dairələrdə dolaşan, həm Peterburqda, həm də Bakıda çoxsaylı imkanlı dost və tanışları olan (məsələn, Maksim Qorki 1926-cı ildə yazdığı “Leonid Krasin” məqaləsində onun milyonçu Savva Morozovla necə tanış olduğunu, dostlaşdığını və Morozovdan mətbəə üçün ildə 24 min rubl aldığını təsvir edib) Krasin ixtisasca mühəndis-elektrik idi. O vaxtlar Krasin Bakıda elektrik stansiyasının tikintisinə rəhbərlik edirdi. Bu status ona çoxlu üstünlüklər qazandırırdı. Məsələn, sərhəddə ilişməmək üçün Avropadan “İskra”nın maket vərəqlərini Bakıya texniki kitabların arasında göndərirdilər. Özünə hörmət edən hər bir mühəndisin xaricdən elmi kitablar sifariş etməsi isə adidən adi və şübhə yaratmayan təfərrüat idi.

Yaxud, tipqrafiyanı da Krasin elektrik stansiyasının tikintisi gedən ərazidə quraşdırır. Bu barədə o, sonralar xatırlayırdı:

“Hələ tikilməkdə olan elektrik stansiyası ədəbiyyat, şriftlər və digər ləvazimatların gizlədilməsi üçün əlverişli baza idi. Axtarışa gələn jandarmlar bu texniki qaladan baş aça bilmədiklərinə görə tez də bezib və əllərini yelləyib gedirdilər…”

İri tikintidə nə isə axtarıb tapmaq doğrudan da müşkül məsələdir. Tikinti sona yaxınlaşdıqca Krasin də mətbəənin yerini dəyişir və “Şamaxinka” ərazisinə köçürür. Bu “şən rayon”da xəfiyyələri sevmirdilər, polislər də burunlarını oralara soxmağa risq etmirdi.

Bir sözlə, hakimiyyət “Nina”nı aşkarlaya bilmədi, Krasindən şübhələnməyə isə heç bir dəlil yoxdu. Elektrik stansiyasında direktor köməkçisi işləyən Krasin RSDRP Bakı komitəsinin az qala bütün üzvlərini də burada işə düzəltmişdi. Məsələn, Kozenko elektrik stansiyasında mühasib, Qalperin – statist, Yenukidze – çertyojçəkən, Alliluyev (Stalinin gələcək qayınatası) isə montyor işləyirdi. Bununla da, onlar həm maaş alır, həm də əlavə şübhələrdən xilas olurdular.

1901-1902-ci illərdə “Nina” mətbəəsi bu binada yerləşmişdir. Bakı, Vorotsnovki və Balaxanski küçələrinin kəsişməsi.

1901-1902-ci illərdə “Nina” mətbəəsi bu binada yerləşmişdir. Bakı, Vorotsnovki və
Balaxanski küçələrinin kəsişməsi.

Mətbəədə də işçilər quru entuziazmla fəaliyyət göstərmirdi. Ştatda 1903-cü ildə Sibirə göndərilərkən yolda qaçıb Bakıya qayıdan Avel Yenukidzedən əlavə daha 8 nəfər çalışır, hər biri də ayda 25 rubl məvacib alırdı. İldə 1 dəfə işçi məzuniyyətə çıxır və vaxtını Bakıdan kənarda keçirirdi. Mətbəə isə nəinki xərcləri bağlayır, həm də partiyanın kassasına xeyir gətirirdi.

***

“İskra”dan əlavə, “Nina”da gürcü dilində “Brdzola” və rusca “Cənub fəhləsi” (“Yujnıy raboçiy”) qəzetləri də nəşr olunurdu. Sonralar “Nina” Vıborqa (o vaxtkı Finlandiyanın ərazisi) köçürüldü və 1905-ci ildə leqal status aldı. 1906-cı ilin yanvarında Mərkəzi Komitənin qərarı ilə “Nina mətbəəsi ləğv olundu, avadanlıqları isə Peteerburqa daşındı.

1938-ci ildə Azərbaycan kommunist partiyasının Mərkəzi Komitəsinin qərarı ilə “Nina”nın yerləşdiyi ev təmir olunaraq ev-muzeyə çevrildi. Təbii ki, o muzey artıq yoxdur.

“Nina”nın əsas simalarının taleyi də müxtəlif cür formalaşdı. Leonid Krasin 1-ci Dünya Müharibəsi ərəfəsində siyasətdən uzaqlaşaraq Almaniyaya köçdü və “Simens” şirkətində çalışdı, ancaq Oktyabr İnqilabından sonra Leninin təklifini qəbul edərək Rusiyaya qayıtdı. SSRİ-nin Londonda ticarət nümayəndəsi kimi çalışarkən – 1926-cı ildə 56 yaşında vəfat etdi.

Stalinin yaxın dostu olan Avel Yenukidze Sovet dövlətində yüksək vəzifələrdə çalışdı. Sonralar “Nina” dövrünü əhatə edən “Bizim Qafqazdakı gizli mətbəələrimiz” kitabını yazdı. 1937-ci ildə 60 yaşında güllələndi.

Trifon Yenukidze də 1937-ci ildə edam olundu. Stalinin gələcək qayınatası Sergey Alliluyev 1945-ci ilin iyulunda 79 yaşında Moskvada mədə xərçəngindən vəfat etdi. İvan Sturua Gürcüstan SSR-in torpaq naziri vəzifəsində çalışdı və 1931-ci ildə 61 yaşında Tiflisdə vəfat etdi. Vano Bolkvadze isə 1937-ci ildə güllələndi…

1903-cü il. Bakı tətilləri

1903-cü ilin yayında Bakını tətillər dalğası bürüdü. 20 gün davam edən etirazlar tezliklə imperiyanın digər cənub vilayətlərinə də sıçradı. Tarixçilər Bakı tətillərini “Cənubi Rusiyada ilk ümumi tətil” adlandırırlar. İstər iqtisadi, istər siyasi nəticələrinə görə çox böyük iz qoyan və Bakı proletariatının ilk mütəşəkkil çıxışı olan bu tətillərin təsvirinə keçməzdən əvvəl onun səbəbləri və o illərin Bakısının vəziyyətini gözdən keçirməyə ehtiyac var.

1883-cü ildən başlayaraq Bakıda neft istehsalı durmadan artırdı. Kapitalist inkişaf yoluna qədəm qoyan Bakı neft sənayesi 20 ildən də az vaxt ərzində o dövrdə dünyada çıxarılan neftin ümumi həcminin 50 faizdən çoxunu təmin edirdi. Ancaq bu, 1901-ci ilə qədər davam etdi. Və əgər 1883-cü ildə Bakıda cəmisi 60,37 milyon pud (62,5 pud = 1 ton) neft çıxarılmışdısa və 1901-ci ildə bu rəqəm 671,57 milyon puda qədər artmışdısa (yəni, 11 dəfə!), 1902-ci ildən başlayaraq bu rəqəm dönməz şəkildə azalmağa başlamışdı. Bunun da səbəbi dünyanı bürüyən növbəti iqtisadi böhran idi.

1900-1903-cü illərin iqtisadi böhranı neft istehsalının bütün sahələrini vurdu – neftin hasilatı, emalı, kəşfiyyat və qazma işlərinin həcmi azaldı, istismar olunmayan neft quyularının sayı isə artdı. Böhran illərində Bakıya əcnəbi kapital qoyuluşu da zəiflədi, buna baxmayaraq, əcnəbilərin bu sahədə mövqeləri güclü olaraq qalırdı. Məsələn, 1910-cu ildə Bakı neft yataqlarının 60 faizinə 3 trest – “Royal Doyç Şell”, “Nobel qardaşlarının neft hasilatı cəmiyyəti” və “Rusiya baş neft cəmiyyəti” nəzarət edirdi.

İqtisadi böhran Bakı əhalisinin güzaranını da xeyli çətinləşdirdi. Həmin dövrü təsvir edən Manaf Süleymanov özünün “Eşitdiklərim. Oxuduqlarım, Gördüklərim” kitabında yazır:

“1900-1902-ci illərdə Mərkəzi Rusiyada quraqlıq üzündən aclıq düşür, minlərlə ac-yalavaclar Bakıya axışır; işsizlər ordusu yaranır, cinayət, macəraçılıq həddini aşır, hökumət orqanları 15 min ac-sərgərdanı zorla gəmilərə doldurub geri qaytarır. Zülm günü-gündən artır, ehtiyac, yarıtox, yarıac güzəran, sahiblərin, məmurların özbaşınalığı hüquqsuz fəhlələri zara gətirirdi, onların səbr kasaları aşıb-daşırdı…”

Beləliklə, az müddətdə neft bumunun gətirdiyi sərvətə və iş yerlərinə gözləri qamaşaraq bir tikə çörək üçün Bakıya axışan on minlərlə bəxtsiz insan iqtisadi böhran nəticəsində hər şeyindən olurdu. Neft ilğımı müvəqqəti olaraq bitməkdəydi. Sanki Bakı inkişafının pik nöqtəsini keçib indi də enişə yuvarlanırdı.

***

İqor Abrosimov özünün “Bakı ailəsinin şəxsi həyatı…” kitabında yazırdı:

“Rusiyanın heç bir şəhəri o illərdə Bakı qədər sürətlə inkişaf etməmişdi. 1903-cü ildə Bakıda artıq 200 mindən çox adam yaşayırdı. Şəhər kənarındakı neft yataqları təkcə Rusiyanı yanacaqla təmin etmirdi, həm də böyük həcmdə neft ixracata göndərilirdi. Qara Şəhərdə və Ağ Şəhərdə cəmləşmiş neft emalı zavodları neftdən işıqlandırıcı yağ, yəni kerosin, sürtgü yağları və mazut alırdı. Qafqazın bütün dəmir yolları, Xəzərdə və Volqada üzən gəmilər, zavod və fabriklər Bakı mazutu ilə çalışırdı”.

Yəni, Bakı imperiyanın ən mühüm sənaye mərkəzlərindən birinə çevrilmişdi və burada hər hansı etiraz dalğası bütün Rusiya itisadiyyatında və siyasətində əks-səda verirdi. Odur ki, şəhərdə sakitliyin qorunub saxlanmasında hakimiyyət olduqca maraqlıydı.

Bakıda fəhlə tətili. XX əsrin əvvəlləri

Bakıda fəhlə tətili. XX əsrin əvvəlləri

Ancaq işsizlik, maaşların azlığı, hüquqsuzluq, ağır iş şəraiti (neft sahəsində ölüm faizi yüksək idi, 40 yaşına çatan neftçi artıq əmək qabiliyyətini tam itirmiş olurdu, peşə xəstəlikləri yayılmışdı, tibbi xidmət yoxdu…) proletariatın səbr kasasını daşdırdı. 1903-cü ilin 1 iyulunda məşhur Bakı ümumi tətili başladı. Kadet partiyasının üzvü olan Aleksandr Xatisovun zavodlarından start götürən etirazlar dərhal digər zavod və fabriklərə də yayıldı. Sosial-demokratların (RSDRP) Bakı Komitəsinin rəhbərliyi ilə təşkil olunan aksiyaya tezliklə Bibiheybət, Balaxanı, Sabunçu neftçiləri qatıldılar. Artıq iyulun 6-da Bakının bütün sənaye və ticarət həyatı dondu.

Manaf Süleymanov yazırdı:

“İyul ayında Bakı proletariatının məşhur, əzəmətli tətili başlayır. 50 minə yaxın tətilçi “Məhv olsun mütləqiyyət”, “Yaşasın sosializm”, “Yaşasın hürriyyət”, “8 saatlıq iş günü”, “Məvaciblər artırılsın”, “Həbsə alınmış nümayişçilər azad edilsin” şüarları ilə küçələrə çıxıb çarizmə və kapitala qarşı çıxış edir. İzdihamdan küçə və mədənlər titrəyirdi. Fəhlələrin bu əzəmətli çıxışına RSDRP-nin Bakı Komitəsi rəhbərlik edirdi. Mədənlərin anbarlarında, zavodlardakı rezervuarlarda neft aşıb-daşır, heç kim neft daşımır, dənizçilər gəmilərə neft doldurmurdular…”

Tətil mübarizəsinə sosial-demokratlar İ.Vatsek, M,Məmmədyarov, İ.Fioletov başçılıq edirdi. Digər tələblər sırasında işdə cərimələrin ləğvi, yaşayış şəraitinin yaxşılaşdırılması, normada nəzərdə tutulmayan işlərin dayandırılması da vardı. Sahibkarlar tələbləri yerinə yetirməkdən imtina edirlər. Zavod və mədənlərə Bakı qarnizonunun qoşunları yeridilir.

Manaf Süleymanov yazır:

“ Şəhər bağına toplaşan tətilçi dənizçiləri polis qovur. Onlar da gedib şəhər kənarında, Sallaqxanada yığışırlar. Üstlərinə atlı kazak göndərib oradan da qovurlar. Hərbi gəmilərdə çalışan fəhlə, matros, kapitan və mexanikləri gəmilərə yük vurmağa vadar edirlər. Tətil 3 həftəyə qədər sürür. Bu tətilin təsiri nəticəsində bütün Zaqafqaziyada və Rusiyanın cənub şəhərlərində fəhlə çıxışları başlayır. Bakı şəhəri tətil hərəkatında fəal iştirakına görə başqa yerlərdən fərqlənir, hərbi düşərgəyə oxşayır”.

***

Güzəştə getməyən sahibkarları tətilçilər onların “silah”ı ilə vurmağa başlayır: Hər yanda mədənlər alovlanır. Bakı mədənləri böyük və dəhşətli bir tonqala çevrilir. “Moskovskiy listok” qazeti həmin vaxt yazırdı:

“Artıq 2-ci gündür ki, Bibiheybətdə qazma qüllələri, neft anbarı, Bakı neft cəmiyyətinin fontanı yanır. Hər gün 600 min pud neft havaya sovrulur. Müxtəlif şirkətlərin 30-dan çox qülləsi, gəmilərin yan alması üçün körpülər, Nobelin yaşayış yerləri alovun içindədir. Birjalarda durğunluqdur, qiymətlərin bahalaşacağı gözlənilir”.

Bu yanğınların kapitalistlərə hansı psixoloji təzyiq göstərdiyini Bakıda gizli fəaliyyət göstərmiş sosial-demokrat Konkordiya Zaxarova-Sederbaum (1879-1938) özünün “Reaksiya illəri” adlı xatirələrində bu cür təsvir edib:

“Tətillər və mədənlərdəki yanğınlar neft sənayeçilərinə göstərdi: Onlar necə asanlıqla və bir neçə günün içində böyük gəlirlərinin mənbələrindən məhrum ola bilərlər. Dünənki aciz, səbrlə və itaətlə bütün təhqirləri həzm edən işçi özünün kortəbii etirazında onu istismar edənlərdən qəddarcasına qisas ala bilir. Və hətta daha sakit etirazında belə bu kütlə fəhlə hərəkatının daha ibtidai mərhələsinə xas olan mübarizə formasına əl ata bilər. Yəni, sabotaja. Guya ki bilmədən qazma qurğusunu xarab edər və onda işi bərpa etmək üçün bir neçə gün sərf etmək lazım olacaq. Bu sabotajın işçi tərəfindən qəsdən edildiyini sübut etmək isə qeyri-mümkündür”.

Zaxarova-Sederbaumun müşahidələri və nəticəsi çox diqqətəlayiqdir. Yəni, işçilər sahibkarları fakt qarşısında qoyur: Sabotaj üçün heç kütləvi dağıdıcı çıxışlara ehtiyac da yoxdur. İstədikləri an istənilən sahibkarı onun texnikasını korlamaqla gəlirsiz qoya bilərlər. Luddizmin Bakı variantı. Və bunu birdən birə dərk etmək sahibkarlar üçün çox acı “kəşf” idi.

***

İyulun 19-dan başlayaraq etirazların kütləviliyi azalır və  Qafqazdakı ilk ümumi tətil iyulun 22-də bitir. Bunun yeganə səbəbi heç də geniş vüsət almış repressiyalar deyildi. Digər səbəb işçilərin bir çoxunun sahibkarların yağlı dilinə aldanması idi.

Həmin anı da Zaxarova-Sederbaum maraqlı təsvir edib: Savadlı və ixtisaslı işçilər daha yüksək maaş almalarına və daha əlverişli məişət şəraitində yaşamaqlarına baxmayaraq, mübarizədə daha fəal, ardıcıl və dönməz olduqları halda, ixtisaslaşmamış, ən “qara işlər”i görən, evsiz-eşiksiz, qəpik-quruş alan işçilər asanlıqla sahibkarlara güzəştə gedir və onların vədlərinə inanırdılar. Sahibkarlar da etiraz hərəkatını bölmək üçün bu binəsiblərdən yararlanırdılar.

Zaxarova-Sederbaumun digər maraqlı nəticəsi: məhz həmin lümpenlər kortəbii çıxışlarda irəlidə gedib dağıntılar törədir, mədənlərə od vurur, hərəkatın mütəşəkkil forma almasına, iqtisadi tələblərin siyasi tələblərə keçməsinə əngəl olurdular. Yəni, öz “radikallıq”ları ilə daha uzaq hədəfə tuşlanmış, daha effektli mübarizəyə maneəçilik göstərirdilər. Onlardan sonra qazanılan uğur yox, yanan qüllələr qalırdı. Sonra isə elə onlar da sahibkarlara aldanaraq özləri üçün ziyanlı razılaşmaya gedərək iş yerlərinə dönürdülər.

Buna baxmayaraq, Bakıda fəhlə hərəkatı tamamilə xüsusi xarakter daşıyırdı. Rusiyanın digər iri sənaye şəhərlərində fəhlələr kollektiv müqavilə haqda heç xəyal da etmədiyi bir vaxtda Bakı proletariatı 1904-cü ildə “Mazut Konstitusiyası”na nail oldu və kortəbii mübarizəni mütəşəkkil mübarizəyə çevirə bilən həmkarlar təşkilatları yaratdı. Bununla da, 1903-cü il tətillərindəki məğlubiyyət cəmisi 1 il sonra böyük və analoqu olmayan qələbə ilə – “Mazut Konstitusiyası” ilə nəticələndi. Bu barədə gələn dəfə…

(Ardı var)

Ədəbiyyat:

  1. İradə Bağırova. “XX əsrin əvvəlində Azərbaycanda siyasi partiya və təşkilatlar” (rus)
  2. Maksim Qorki. “Leonid Krasin”
  3. A.Yenukidze. “Bizim Qafqazdakı gizli mətbəələrimiz”.
  4. A.Şerbakov. “1905-ci il”
  5. S.Kiriçuk. “Mətbəə”.
  6. “Exo Moskvı”. “Nina” – “iskraçılar”ın gizli mətbəəsi”
  7. Manaf Süleymanov. “Eşitdiklərim. Oxuduqlarım. Gördüklərim”
  8. Aleksandr Stopani. “Bakı neft sənayesi fəhlələrinin əməkhaqqı və iş günü”
  9. Konkordiya Zaxarova-Sederbaum. “Reaksiya illəri”
  10. BSE. “1903-cü il Bakı tətili”
  11. İ.Abrosimov. “Bakı ailəsinin şəxsi həyatı…”