Boris Kaqarlitski ilə müsahibə

Print Friendly, PDF & Email

Jurnalımızın müsahibi “Qloballaşma və ictimai hərəkatlar İnstitutunun” direktoru, sosioloq və analitik Boris Kaqarlitskidir.[1]

Bu günlərdə biz planetin bir çox regionlarında get-gedə dərinləşən ictimai-iqtisadi və mədəni böhranın, solların siyasi zəifliyinin şahidi oluruq. Bir tərəfdən, solların Venesuelada mövqeyinin zəifləməsi, yunan sollarının qərarsızlığı, fransız – əgər belə demək olarsa – sosialistlərinin də həmçinin, digər tərəfdən isə – Avropada sağ və ultra sağ əhval-ruhiyyənin yüksəlməsi. Boris, Yulyeviç, bunun əsas səbəbləri nələrdir?

Əslində bu, kapitalizm böhranının sol hərəkatın böhranı ilə üst-üstə düşdüyü ilk hal deyil. Ən azından məşhur “İkinci İnternasionalın Sonu”nu xatırlayaq. Bəli, bunun alternativi Leninin bolşevizmi oldu, lakin biz həm də başa düşürük ki, 1914-cü ildə Lenin və onun tərəfdarları kiçik, ümumi geriləmə fonunda nəyisə dəyişməyə qadir olmayan bir qrup idi.

Buna baxmayaraq, etiraf etmək lazımdır ki, solun hal-hazırkı böhranı hərəkat tarixindəki ən kəskin böhrandır. Bu, hər şeydən əvvəl, sadəcə əsas partiyaların deyil, həm də ideoloji axımların mənəvi kapitulyasiyasıdır, neoliberalizm məntiqini – ictimai fraqmentasiya məntiqini – təbii boris kagarlitskiyvə müsbət bir şey kimi qəbul etmək hazırlığıdır. Mahiyyətcə, sol ideologiya bir çox hallarda burjuaziyanın alətinə, həm də hücum həmlələri alətinə çevrilib. Sinfi həmrəyliyin yerini almış “azlıqlar”, “çoxluqlar” və s. konsepsiyası spesifik identikliklərin qorunması haqqında təsəvvürlər və “single issues” cəmiyyətin kapital maraqlarına uyğun olaraq fraqmentasiyası üzrə ümumi işin bir hissəsidir. Bu mənada solların mühacir məsələləri üzrə siyasəti çox maraqlıdır. Bu siyasət mühacirlərin muzdlu işçilər kimi hüquqlarının müdafiəsinə deyil, mühacirət mexanizminin, işçi sinfinin parçalanması mexanizmi kimi həvəsləndirilməsinə yönəlmişdir. Belə ki, mühacirlərin ictimai marağı məhz yeni mühacir axını məhdudlaşdırılmadan və dayandırılmadan mövcud ola bilməyəcək uğurlu əmək inteqrasiyasından ibarətdir (yalnız bu halda həyat və mədəni səviyyənin yüksəlməsinə, yeni işçilərin həmkarlar ittifaqına inteqrasiyasına və s. güman etmək olar).

Solların gücsüzlüyü və təslimiyyəti təşəbbüsün radikal sağların və milliyyətçilərin əlinə keçməsinə gətirib çıxarır. Tədricən yalnız “köhnə” və “ağ” işçi sinfinin deyil, həm də milliyyətçilərin aşkar irqçi ritorikadan qaçmağa ağılları çatdığı hallarda mühacirlərin səsləri onlara gedir.

Solların siyasətinin bu cür intiharı nə ilə əlaqədardır? Hər şeydən əvvəl, sosial bazanın dəyişməsi ilə. 1968-ci ildən sonra təhsilli orta sinfə istiqamətlənmə baş verir. Bu zaman Qərbdə işçi sinfi həqiqətən də kəmiyyətcə azalır, əzablı yenidən strukturlaşma baş verir. Lakin indi sol hərəkatı, məhz zəhmətkeşlərin həyati maraqlarına istiqamətlənərək, praktiki olaraq yenidən yaratmaq lazımdır. Və etiraf etmək lazımdır ki, “populizm” siyasətdə bu maraq və tələbatların həmişə adekvat olmayan, lakin real ifadəsidir. Onu rədd etmək lazım deyil, onu yenidən mənalandırmaq və rasionallıq məntiqinə, bu gün təəssüf ki, həm mühafizəkar irticaçılara qarşı, həm də “sol” intellektuallara qarşı müdafiə etməli olduğumuz Maariflənmə ənənələrinə uyğun olaraq şəklini dəyişdirmək lazımdır.

Sosial bərabərsizliyin artımı, ksenofob ideyaların populyarlığı və milliyyətçi əhval-ruhiyyələrin fonunda sollar bu böhranı dəf etmək üçün öz cəmiyyətlərinə nə təklif edə bilərlər?

Böhranın kəskinləşməsi daha mötədil yox, daha radikal ideyaları zəruri edir. Əslində, Rusiyada deyildiyi kimi, velosipedi yenidən ixtira etməyə ehtiyac yoxdur. Bütün təməl yanaşmalar mövcuddur, onları sadəcə olaraq yeni şəraitə uyğunlaşdırmaq lazımdır. Sinfi həmrəylik, ictimai sektorun genişlənməsi, birbaşa ümummilli (ümumavropa) məsələlərinin həlli üçün fəaliyyət göstərən müəsssələrin milliləşdirilməsi, iqtisadiyyatın stimullaşdırılmasına radikal-keynsçi yanaşma. Neoliberalizmdən çıxış yolu tapmaq lazımdır. Bu, hətta kapitalist inkişaf məntiqi çərçivəsində də mövcud olan obyektiv vəzifədir. Lakin problem ondadır ki, neoliberal hegemoniya istənilən digər variantların nəzərdən keçirilməsini istisna edərək, total şəkil alıb. Həmçinin xüsusilə vacibdir ki, kapitalizm solları o dərədəcə inteqrasiya edib ki, onlar burjua cəmiyyəti çərçivəsində qarşılarında duran funksiyaları yerinə yetirməyə qadir deyillər: başqa sözlə, onlar total şəkildə sistemə inteqrasiya olunduqlarına görə, sistemi təkmilləşdirməyə, düzəltməyə çalışan islahatçılar qismində öz funksiyalarını yerinə yetirə bilmirlər. Problem məhz islahatçılıqdan tam şəkildə imtinadır.

Lakin cəmiyyətin obyektiv tarixi tələbatları istənilən halda təzahür edəcəkdir. Və əgər hakim sinif solları tam şəkildə inteqrasiya edərək, onların islahatçılığını iflic etmişsə, zəruri çıxış yolu inqilabi təlatümlərlə əlaqədardır. Vasiliv Koltaşovun dediyi kimi, əgər yenidən “kapitalizmi müalicə etmək” lazım gələrsə, bunu yalnız amputasiya yolu ilə etmək olar.

Sol ideyaların postsovet məkanında qarşılaşdıqları böhranı təhlil etdiyimizdə bu gün hansı nəticələrə gələ bilərik? Bu ideya böhranından nə kimi çıxış yolları var? Bu gün solların vəziyyətini, siyasi təsirini və onların Rusiyada ictimai fikrə təsir etmək bacarıqlarını necə qiymətləndirirsiniz?

Bir tərəfdən, Rusiyada və qismən də digər post-sovet ölkələrində solların ikiqat böhranı haqqında danışmaq olar. Burada SSRİ-nin dağılmasının spesifik fəsadları və müvafiq travmalar və qərb sollarının “xarici təsiri”, onların parçalanmasının nəticələri üst-üstə yığılır ki, bu da öz növbəsində spesifik liberal və ya hətta qlamur sol, ilk növbədə tərifə yönəlmiş burjua mətbuatının simasını formalaşdırır. Digər tərəfdən, böhran haqqında yalnız nisbi mənada danışmaq olar. 1990-cı illərdə Rusiyada, məsələn, sol hərəkat yox idi, əgər tamamilə mühafizakar, sovet sistemi qalıqlarını müdafiə etməyə çalışan bəzi stalinist qrupları nəzərə almasaq. Mən sovet qurumlarının və intizamının qorunub saxlanmasına ehtiyac olmadığını demək istəmirəm. SSRİ-də həqiqətən də, uğrunda mübarizə aparmağa dəyər qiymətli sosial nailiyyətlər mövcud idi. Lakin sol ideologiya və hərəkat bununla məhdudlaşmır. 20 il ərzində ciddi dəyişikliklər baş verirdi, lakin indi hərəkatın yüksəlməsi qarşısındakı əngəllər artıq sovet sisteminin dağılmasının nəticələri deyil, son illər ərzində müasir rus cəmiyyətində yaradılmış ətalətlilik, apatiyadır.

İctimai fəallıq olmadan güclü sol, sinfi səfərbərliyi stimullaşdıran siyasi mədəniyyət ola bilməz. Gec və ya tez baş verəcək yeni ictimai yüksəlişi gözləyərək fəaliyyətə davam etmək lazımdır.

Tarixən belə olub ki, qafqaz regionunda vəziyyət həmişə mürəkkəb idi və mürəkkəb olaraq qalmaqdadır. Siz burada olmusunuz, gürcü solları ilə görüşmüsünüz. Bizi Qafqazda və xüsusilə də Azərbaycanda sol ideyaların, hərəkatların perspektivinə baxışınız maraqlandırır.

Qafqaz regionu digər postsovet regionlarından daha mürəkkəb deyil. Təbii ki, millətlərarası münaqişələr böyük problemdir. Böyük şəhərlərin həm işçi sinfinə, həm də ziyalılarına xas olan beynəlmiləlçi mədəniyyət əhəmiyyətli dərəcədə itirilib. Lakin, Bosniya misalının, ondan əvvəl isə – Saakaşvili demaqoqiyasının aşkar şəkildə artıq gücünü itirdiyi Gürcüstan misalının göstərdiyi kimi, millətçilikdən də yorulmaq olur.

İndiki zamanda ən aktual məsələ Ukrayna böhranıdır. İndiki hakimiyyətin neoliberal kursunun nə kimi təhlükəsi var?

Ukrayna radikal milliyyətçilik və neoliberal iqtisadiyyatın Avropa İttifaqının rəhbərliyi ilə vahid şəkildə əlaqələndiyi bir növ laboratoriyadır. Lakin bu həm də radikal sağlar üçün ciddi çağırışdır: bu cür sintezə hələ heç kim nail olmamışdı. Yeri gəlmişkən, bu səbəbdən də, Qərbin bir sıra sağ radikal təşkilatları, Kiyevdəki guya həmfikirlərini tənqid etdilər. İstənilən halda ölkəni iqtisadi fəlakət gözləyir və konfrontasiyanın (Rusiya ilə, Cənubi-Şərqdəki öz vətəndaşları ilə) gücləndirilməsi siyasəti tamamilə təbii cavab strategiyasıdır. Hakimiyyət böhranla mübarizə apara bilmir və istəmir, o, bu böhranı öz fəaliyyəti ilə dərinləşdirir, lakin öz səylərini bütün bəlaların günahkarı olan xarici düşmən obrazı haqqında ictimai fikrin formalaşdırılmasına yönəldib. Bu, hələ ki, Kiyev və mərkəzi regionlara, xüsusilə də qərb regionlarına münasibətdə uğurlu alınır. Lakin bunun nə qədər çəkəcəyi – məlum deyil.

Ukraynanın federalizasiyası mövcud vəziyyətdən yeganə konstruktiv çıxış yolu kimi nəzərdən keçirilir və ya əks təqdirdə, münaqişənin dərinləşməsi gözlənilir. Ümumilikdə münaqişə haqqında danışarkən, bu gün rus cəmiyyətində hansı fikirlər üstünlük təşkil edir və bu məsələ ilə bağlı solun mövqeyi necədir?

Federallaşma həqiqətən də ölkənin vahidliyinə, onun cari sərhədlər daxilində qorunub saxlanmasına və gələcəkdə Rusiya ilə Krım məsələsi üzrə (məsələn, Moskva tərəfindən borcların silinməsi əvəzində Kiyevin Krımdan imtina etməsi və qarşılıqlı sərfəli iqtisadi razılaşma) hər hansı danışıqlarına zəmanət verə biləcək yeganə məntiqi həlldir. Lakin bəla da ondadır ki, Kiyev hökumətinə bu lazım deyil. Onlar şüurlu və ya şüursuz şəkildə məsələni məhz ölkənin parçalanmasına və bölünməsinə aparırlar. Başqa məsələdir ki, bu variant Qərbi çox da qane etmir. Lakin indi həm Brüssel, həm Vaşinqton, həm də Berlin mahiyyətcə Kiyev hökumətinin girovlarına çevriliblər. Onlar aşkar şəkildə özlərini bu hökumətlə eyniləşdirərək, onun addımları ilə razılaşmasalar, onları zərərli hesab etsələr və ya hətta fəlakətli hesab etsələr belə, dəstəkləməyə məhkumdurlar. Bu cür vəziyyət artıq soyuq müharibə zamanı yaranmışdı, lakin indi bu, daha absurd görünür.

Rusiyadakı sollara gəldikdə isə, burada vəziyyət az və ya çox dərəcədə aydındır. Bir tərəfdən, liberal sollar Qərbə meyl edən sağ liberallarla tam şəkildə həmfikirdirlər. Digər tərəfdən, biz, cəmiyyətlə birlikdə ukrayna Cənubi-Şərqinin üsyanını dəstəkləyən və onun sinfi, aşağı təbəqə, proletar, əgər uyğundursa, elementini gücləndirməyə çalışan çoxluğu görürük. Burada da nasional-patriotizmə yuvarlanma və ya daha pisi, özünü rus hökuməti ilə eyniləşdirmək təhlükəsi var. Lakin burada bizə, aşkar şəkildə Donetsk respublikasının meydana çıxması və Ukraynanın Cənub-Şərqindəki antioliqarxik çıxışlarla bağlı gərginlik yaşayan rus hökuməti özü köməkçi olacaq. Çünki artıq hökumətə təzyiq göstərməyin yeni gündəmi ortaya çıxır. Əgər siz, cənablar, Donetsk, Luqansk, Odessa və Xarkovdakı qiyamçıları dəstəkləməyə boyun olmusunuzsa, sözünüzün üstündə durun. Ukrayna Cənub-Şərqinin təcrübəsini Rusiyaya keçirmək lazımdır. Bir çox mühafizəkarlar, Moskvadakı cari hakimiyyətin tərəfdarları artıq bundan qorxduqlarını gizlətmirlər.

Ukrayna mövzusunda Avropa İttifaqı və Qərbi tənqid mövqeyi şəksiz olaraq Putin siyasətinə dəstək kimi qəbul olunur. Gördüyümüz qədərilə, bundan ən çox Ukrayna solu əziyyət çəkir. Dolayı olaraq bu həm də digər sollara da aiddir: həm Berlində, həm də Bakıda – Maydana qarşı tənqidi münasibət çoxluq üçün Putinin addımlarına bəraət qazandırmaq deməkdir. Rus sollarının bu məsələyə baxışı necədir?

Biz bu ittihamlardan qorxmuruq, belə ki, hər gün sosial və mülki haqların qorunmasına yönəlmiş işlər aparırırq. Məhz Rusiyadakı sollar dövlət repressiyalarından, digər qüvvələrdən daha çox əziyyət çəkiblər. 6 may tarixində Moskvada biz də müqavimət xəttində idik. Biz səhiyyənin, təhsilin müdafiəsi üçün, Elmlər Akademiyasının dağıdılmasına qarşı kampaniyalar aparırdıq və aparırıq – bütün bunlara qarşı liberallar ən yaxşı halda laqeyddirlər, ən pis halda isə dövlətin addımlarını dəstəkləyirlər. Lakin biz qərb imperializmini və sağ qüvvələrimizi sırf Putinə ziyan vermək üçün dəstəkləməyəcəyik. Biz, liberal ziyalıların təsəvvürlərində Rusiya prezidentini canlandırdıqları kimi, mistik, nağıllardakı şər qüvvə ilə deyil, konkret sosial şərlə mübarizə aparırıq. Belə çıxır ki, həm biz, həm də liberallar müəyyən məsələlərdə hakimiyyətlə həmfikir oluruq. Sadəcə olaraq onlar hakimiyyətlə səhiyyənin dağıdıldığı, uşaq bağçalarının bağlandığı, işsizliyin artımına gətirib çıxaran siyasətin aparıldığı hallarda həmrəydirlər. Biz isə o hallarda həmrəyik ki, hökumət geosiyasi vəziyyətdən asılı olaraq, qonşu ölkədə öz hüquqlarını müdafiə etməyə çalışan zəhmətkeşləri dəstəkləmək məcburiyyətindədir.

Cavablarınız üçün minnətdarıq. Sizi Bakıda görməyə ümid edirik.

[1] Boris Yulyeviç Kaqarlitski (1958) — 2012-ci ilin aprelindən Qloballaşma Problemləri İnstitutunun direktorudur. Sosioloq, jurnalist, publisistdir. Siyasi elmlər namizədidir. 1977-1982-ci illərdə Moskvada aralarında xüsusən humanitar profilli bir neçə gənc alimin də olduğu gizli sol sosialist dərnəyin üzvü olmuşdur. “Variantlar” və “Sosializm və gələcək” kimi bir neçə gizli jurnalların nəşrində iştirak etmişdir (1981-ci il “Sol döngə”yə («Левый поворот») kimi). 1982-1983-cü illərdə “antisovet fəaliyyətlərinə” görə həbs edilmişdir, azad olunandan sonra liftçi və poçtalyon olaraq işləmişdir. Daha sonra – Mossovetin deputatı (1990-1993),  Sosialist partiya icra heyətinin üzvü, Əmək partiyasının liderlərindən biri olmuşdur (1991-1994). 1979-cu ildən müxtəlif gizli “samizdat” nəşrlərdə, daha sonralar isə müxtəlif qəzet və jurnallarda yazıları nəşr olunmuşdur. 2000-ci ildən Transnasional institut elmi birliyinin üzvüdür (Amsterdam). 1988-ci ildə “Düşünən qamış” («Мыслящий тростник», «The Thinking Reed») kitabına görə Böyük Britaniyada Deyçer memorial mükafatına layiq görülmüşdür. “Rusiyada restavrasiya” («Реставрация в России»), “Orta sinfin qiyamı” («Восстание среднего класса»), “Periferiya imperiyası” («Периферийная империя»), “İdarə olunan demokratiya” («Управляемая демократия»), “Marksizm: tədris üçün tövsiyyə olunmur” («Марксизм: не рекомендовано для обучения») kitablarının müəllifidir. Azərbaycan dilində bir sıra məqalələri və “Marksizm: tədris üçün tövsiyyə olunmur” kitabını www.solfront.org saytından oxumaq mümkündür.

Müsahibəni hazırladı: Vüsal Xəlilov

Ruscadan tərcümə: Ləman Orucova