Genetika, qida və GMO

Print Friendly, PDF & Email

GMO qida məhsulları nə üçün zərərlidir?

Çox nadir də olsa, Azərbaycanda bəzi qida məhsullarının üzərində belə bir xəbərdarlıq görmək mümkündür – “GMO məhsulu istifadə olunmamışdır”. GMO (Genetik Modifikasiya olunmuş Orqanizm, bəzən də GDO, Genetikası Dəyişdirilmiş Orqanizm) sözü cəmiyyətdə nüvə silahı, Çernobıl, kimyəvi tullantı sözlərinin oyatdığı qorxunu xatırladır. GMO’lardan əldə olunmuş qida məhsullarının dəhşətli xəstəliklərə yol açdığına dair sensasiyalı xəbərlər bütün dünyada xüsusilə bulvar tərzi KİV-lərin sevimli mövzüsudur. 2014cü ilin başlarında GMO məhsulu düyünün Türkiyəyə idxal olunması xəbəri səs-küylü müzakirəyə səbəb oldu [3-5]. Nəticədə idxalatçı şirkət idarəçiləri haqqında cinayət işi qaldırıldı [7]. Avropada isə Greenpeace kimi güclü anti-GMO lobbiləri bu məhsulların ümumilikdə qadağan olunmasını və ya üzərində nəzərə çarpacaq şəkildə, “tərkibində GMO mövcuddur” xəbərdarlığının qoyulmasını tələb edirlər. Bəs nədir bu GMO?

apple-orange-sml

İnsanın istifadə etdiyi bütün yeyinti məhsulları canlı orqanizmlərdən əldə olunur və bütün bu orqanizmlər dezoksiribonuklein turşusu (DNT) deyilən maddəyə malikdir. Bu maddə sayəsində misal üçün alma toxumu torpağa əkildikdə yenidən alma bitkisini əmələ gətirir. Bu eyni zamanda, canlıları cansızlardan ayıran əsas kriteriya olan özünü kopiyalama, özünün bənzərini və ya eynisi əmələ gətirmə qabiliyyətidir. Yəni, DNT vasitəsi ilə bioloji növ özünün tarixi davamlılığını təmin etmiş olur. DNT, canlının bütün fizio-morfoloji quruluşunu əmələ gətirən informasiyaya yəni genetik koda malik olan nəhəng irsi molekuldur. Bu molekuldaki dəyişiklik orqanizmin xüsusiyyətlərində əks olunur və bir sonraki nəslə ötürülmə qabiliyyətinə malikdir.

Ümumilikdə bütün bioloji təkamül prosesi, eləcə də insanın meymunabənzər heyvanlardan törəməsi təməl olaraq DNT-dəkı kiçik dəyişikliklərin üst-üstə yığılmasının nəticəsidir. Bu yüz min illər ərzində gedən təbii prosesdir. Yəni, insan bioloji olaraq meymunun genetikası dəyişdirilmiş formasıdır. Əhliləşdirilmiş heyvanlar, bağ bitkiləri isə vəhşi qohumlarının genetik modifikasiyaya məruz qalmış formarıdır. Təbii təkamülün əksinə buradaki proses sünidir – insan əliylə yaradılmış təkamüldür. Misal üçün bağ alması, insanların min illər ərzində dağda, meşədə tapdığı cır almanın tədricən daha böyüyünü seçib əkərək yəni süni seçmə yolu ilə genetikasını dəyişdirərək əldə edilmişdir. GMO termini isə sadəcə genetika mühəndisliyi metodları istifadə edilərək təxminən bir neçə ildə əldə edilən orqanizmlərə aid edilir. GMO`nun əvvəlkilərdən fərqi, əldə olunması üçün sərf olunan zamanın nisbi olaraq qısa olması (minimum 30-40 il ilə müqayisədə bir neçə il) və istifadə olunan metodikadır (rekombinant DNT texnologiyası).

Orqanizmdə inkişaf etdirilmək nəzərdə tutulan xassənin mənbəyinə görə GMO üç sinfə ayrılır. Yeni xassə, orqanizmin birbaşa öz DNT-sində dəyişikliklər edilərək əmələ gətirilə bilər (intragen, sisgen). Xassə tamamilə başqa bioloji növə aid orqanizmdən bütöv bir gen və ya genlərin köçürülməsi ilə əldə olunabilər (transgen) (trans – latınca uzaq). İctimai qorxunun əsas hissəsini üçüncü növ təşkil edir. Virus və ya mikroorqanizm mənbəli gen daşıyan pomidorun bioloji silah olaraq da istifadə olunabiləcəyi, xərçəng kimi dəhşətli xəstəliklərə səbəb olduğu fantaziyaları kütlələrin populyar müzakirə mövzusuna çevrilir.

İntragen növünə torpaqdaki zərərli maddələrə davamlı hala gətirilmiş GMO bitkilərini misal göstərmək olar. Bitki hüceyrəsinin membranında yerləşən spesifik molekulyar ötürücüdə (molecular pump) dəyişiklik aparılaraq spesifik maddələrin hüceyrə içinə daxil olmasının qarşısı alınmış olur. Beləliklə, adi buğda üçün əlverişsiz sayılan yükəsk konsentrasiyada alüminium, arsen kimi ağır metallarla zəngin olan torpaqlarda bu bitkini yetişdirmək mümkün hala gəlir [8].

Transgen növünə misal isə qarğıdalıdır. Qarğıdalı GMO məhsulları arasında ən çox istehsal olunanıdır. 2010-cu ildə ABŞ-da insan qidası üçün istehsal olunan qarğıdalının 90% GMO mənşəli olub [11]. Əsas iki növü istehsal olunur: Zərərverici həşəratlara və herbisidlərə qarşı müqavimətli növlər. İlk növ, Bacillus thuringiensis adlı bakteriyadan qarğıdalı bitkisini zərərvericilərinə qarşı qoruyan gen transfer edilərək əldə olunmuşdur. 1996ci ildən başlayaraq milyonlarca ton istehsal olunan, insan və heyvan qidası olaraq istifadə olunan bu qarğıdalının təsdiq olunmuş ciddi sağlamlıq zərərləri yoxdur. Potensial ekoloji zərərləri müzakirə mövzusu olsa da, ümumilikdə qida istehsalatıının böyük hissəsini təşkil edən sənayə tipi qeyri-GMO aqronomiya ilə müqayisədə (əsasən kimyəvi gübrə və pestisid, herbisid istafəsindən dolayı) daha davamlı (sustainable) olduğuna sübhə yoxdur.

Nəzəri olaraq GMO ekoloji tarazlığı pozmaq qabiliyyətinə malikdir. Müqavimət genlərinin, nadir də olsa, təbii olaraq başqa canlı orqanizmlərə, xüsusilə GMO’nun genetik olaraq yaxın qohumlarına keçməsi mümkündür. Məsələn, GMO almanın müqavimət genləri yabanı almaya keçərsə, bu alma növü həddən artıq çoxalaraq, yerli ekologiyanın tarazlığını tamamilə poza bilər.

Ekoloji tarazlıqdan danışarkən ümumi bir prinsip olaraq qeyd etmək lazımdır ki, insanın təbiətdə yaratdığı ən balaca dəyişiklik belə, ekologiyanın tarazlığını dəyişdirir. Aparılan dəyişikliyin böyüklüyündən və tərzindən asılı olaraq bu dəyişikliklər ekoloji tarazılığı pozmağa, yəni geri dönüşsüz şəkildə dəyişdirməyə qadirdir. Sivilizasiya, mədəniyyət təməl olaraq təbiətdə insanın məqsədinə uyğun dəyişikliklər etməsi anlamına gəlir. Milyon illər ərzində bioloji və fiziki təkamül nəticəsində əmələ gəlmiş həssas ekoloji tarazlığın insan fəaliyyəti ilə dəyişməməsi çox kiçik ehtimaldır. Yəni, təbiətdəki tarazlığı dəyişdirmədən insan növünün sivilizasiya yaradması mümkün deyil. Prinsip, dəyişikliyi minimuma endirərək ümumi davamlığın əldə edilməsidir. Qlobal isinmə fonunda ortaya çıxan davamlı inkişaf konsepti (sustainable development) də bu prinsp üzərinə qurulmuşdur.

Buradan yola çıxaraq demək olar ki, əsas sual GMO’ların ekoloji tarazlığı dəyişib dəyişdirmədiyi deyil, nə qədər dəyişdirdiyidir. Bənzər texnologiyalara nəzərən necə dəyişdirdiyidir. Bu günə qədər əldə olunan statistiki məlumatlar göstərir ki, nəzəri olaraq GMO biotexnologiyasının insan sağlamlığına və ekologiyaya təsiri alternativi olduğu klassik sənaye tipli aqronomiya ilə müqayisədə daha azdır.

Bəs niyə GMOnun belə qorxulu imici var?

GMOya qarşı etirazın geniş vüsət almasının səbəblərinin ən əsasını dini ideologiyanın ümumilikdə genetika elminə qarşı xüsusi antipatiyasında axtarmaq lazımdır. Materialist anlayışın əksinə, canlıların materiyadan savayı həm də ruhu olduğunu irəli sürən din, laboratoriyada sadəcə DNT maddəsini dəyişdirərək canlının bütün taleyini əlinə almaq fikrinə yaxşı baxmır. Orqanizmin, genetik surətini (genetik kopiyalama) çıxarmaq yolu ilə yenisini yarada bilmək fikri dini təlimlərə zərbə, allahın işinə qarışmaq kimi görülməsi təbiidir. Xüsusilə, insanı digər heyvanlardan ayıran sxolastik ənənə insanın surətini çıxarmaq fikrini Nitsşedən (Nietszche) sonra tanrını ikinci dəfə öldürmək olaraq görür.

Britanya krallığının şahzadə Çarlz kimi populistləri, GMO texnologiyasına qarşı tanrıyla özünü bir görmək və ya təbiətin gözəlliyini zədələmək kimi dini və spiritualist arqumentlərlə çıxış edirlər.

GMO əleyhdarı cəbhənin əsas formal oyunçusu, eko-aktivistliyi ilə bilinən Greenpeace quruluşudur. Greenpeace kimi güclü lobbilərin əsas arqumentləri GMOların potensial olaraq ekoloji balansı poza biləcəyi ehtimalı üzərində qurulub. Vizual olaraq, GMO deyincə ilk ağla gələn Greenpeace’in məşhurlaşdırdığı qülyabani qarğıdalı və digər bitkilərin vəhşi heyvanları xatırladan karikaturalarıdır.

Ümumilikdə anti-GMO cəbhənin bioloji-ekoloji arqumentləri cılızdır. Nəticə olaraq, GMO texnologiyası qorxulu silah deyil, insanlığın gələcək qlobal problemlərinə həll yolu tapa biləcək texnologiyadır. Ancaq, məsələyə anti-GMO cəbhənin nəzər yetirmədiyi siyasi-iqtisadi-ideoloji perspektivden nəzər yetirdikdə işin rəngi tamamilə dəyişir.

Gen nəhəngləri (Gene Giants) adı verilən 6 transmilli qərb şirkəti (Syngenta, Bayer, BASF, Dow, Monsanto və DuPont) bütün dünyanın aqronomiya sahəsindəki qeyri-dövlət sektoruna aid elmi və texnoloji araşdırmaların ən az 76%-ni idarə edir. Bu günkü qabaqcıl kənd təsərrüfatı tədqiqatları GMO sahəsində cəmləşdiyinə görə bu şirkətlərin dünya aqrosanəyesini əlində tutduqları və gələcəyini təyin etdiklərini söyləmək mümkündür. 2013 il etibarı ilə Gen Nəhəngləri dünya ticari toxum bazarının 60%; aqrokimya, yəni kimyəvi gübrə və dərman (pesdisid, herbisid və sairə) bazarının isə 80% əllərinində saxlayırlar [2]. GMO ticari bazarında çox böyük monopoliya daha doğrusu oliqopoliya mövcuddur.

GMO mövzusunda sol perspektifin ən samballı arqumentlərini səsləndirən Paul McGarr ‘Yaşıl niyə qırmızıdır?‘ məqaləsində belə deyir :

“GMO mövzüsü, gene nəhənglərinin bazar payı, güc və gəlirlərini artırma motivasiyası prizmasından baxıldıqda anlaşıla bilər. Bütün elmi və ekoloji arqumentlər bu perspektivdən dəyərləndirilməlidir.”

GMO texnologiyasının ən böyük faydası pestisid və herbisid kimi kimyəvi (sənaye istehsalı, süni və ya yüksək səviyyədə saflaşdırılmış) maddələrin istifadəsini azaltma potensialıdır. Ancaq, Gene Nəhənglərinin bir çoxu eyni zamanda Kimyəvi Nəhənglərdir. GMO biznesinə girmədən öncə də aqrokimya bazarının nəhəngləri olan Gen Nəhənglərinin aqrokimya satışlarını azaltmağa can atacaqları inandırıcı deyil və statistiki məlumatlar da bunu təsdiqləyir. Belə ki, bir çox GMO məhsulu kimyəvi maddələrin istifadəsini azaltmaq əvəzinə, artırmağa yönəlib.

Monsanto şirkəti, ABD-nin Vietnam müharibəsində kimyəvi silah olaraq istifadə etdiyi, herbisid və defoliyant (yarpaq tökücü) Agent Orange maddəsinin Dow şirkəti ilə birlikdə əsas istehsalçılarından olub. Bu maddənin təbiət və insan üzərində buraxdığı faciəvi nəticələri bu gün də təsirini davam etdirir. Halhazırda Monsantonun əsas gəlir mənbəyi yenə kimyəvi maddə olan patentli Roundup herbisididir. Monsanto genetik texnologiyanı kimyəvi maddə istehsalını azaldacaq strategiyalar üçün istifadə etmək yerinə, öz istehsalı, patentli Roundup Ready maddəsinə qarşı dayanıqlı bitkilər yaratmaq üçün istifadə edir.

Əlverişsiz şəraitlərdə qida bitkilərini yetişdirmək, məhsuldarlığı artırmaq potensialı yaratması baxımından GMO texnologiyası dünyanın aclıq probleminin həllinə kömək edəbilər. Bir şərtlə ki, istehsal olunan qida aclıq problemi yaşayan əhali tərəfindən əldə oluna bilsin.

Gen nəhəngləri də GMO qidanın dünyada aclığa son qoyacağını iddia edirlər. Məhsullarının bazardaki yerini artırmaq üçün istifadə etdikləri ən başlıca arqument olaraq bu irəli sürülür. Halbuki, bərabərsizliyin əsl səbəblərindən ən mühümü elə transmilli şirkətlərin özləri tərəfindən yaradılır.

Yayqın inanışın əksinə, bu gün dünyadakı aclıq problemi ümumilikdə dünyada qeyri-kafi qida istehsalından deyil, məhsulun qeyri-bərabər bölüşdürülməsindən qaynaqlanır. Yer üzündə nəinki az hətta lazımından artıq qida istehsal olunur [13]. Qida və İnkişaf Strategiyaları İnstitutuna görə yer üzündə hər bir fərdə gündəlik olaraq 2 kq qida təmin etmək üçün istehsalat mövcuddur. Bu miqdara taxıl, süd, ət, yumurta, meyvə, tərəvəz və sairə daxildir [9]. 1998ci ildə dərc olunmuş digər bir hesabata görə isə dünyada istehsal olunan təkcə taxıl məhsulları ilə hər insana 3500 kalori enerji düşür. Bu miqdar nəinki bütün dünyada aclığa son verməyə, bir çoxlarını kökəltməyə belə kifayətdir [10]. Buna baxmayaraq faciəvi şəkildə dünyada milyonlarca insan aclıq limitinin altında yaşayır.

GMO texnologiyasını nüvə texnologiyasına bənzətmək mümkündür. Qabaqcıl elmi kəşflərin yaratdığı yeni texnologiya olaraq ikisi də çox güclü potensiyala malikdir. Bu potensiyal ictimiyyətin xeyrinə istifadə olunabiləcəyi kimi, silah texnologiyası, gücün cəmləşdirilməsi kimi məqsədlər üçün də istifadə oluna bilər. Nüvə texnologiyası bugün ağla nüvə silahları, faciəvi nəticələri ilə birlikdə atom-nüvə enerji stansiyalarını (Çernobıl) texnologiyası gətirir. Daha az bilinən fakt isə nüvə tibbi, bugün artıq hər evdə olan yanğın sensorlarıdır. Nüvə texnologiyası milyonlarca insan öldürmüş eyni zamanda milyonlarca insanın həyatını asanlaşdırmış və ya xilas etmişdir. Gen texnologiyasını da çox bənzər inkişaf yolu gözləyir.

Nəticə olaraq, GMO məhsullarının zərərləri bioloji, tibbi və ya ekoloji deyil, siyasi, iqtisadi və ən geniş mənada ideolojidir. Zərər, mövcüd kapitalist sistem daxilində ticari gəliri tək məqsəd halına gətirmiş bir ovuç transmilli qiqant şirkətin bu yeni texnologiyanı ölçüsüz şəkildə istifadə etməsindən qaynaqlanır. Sənaye inqilabından bu yana külli miqdarda kimyəvi gübrə və pestisid istifadəsi nəticəsində əmələ gələn nəhəng ekoloji çirklənmənin fəsadlarını genetik texnologiya ilə azaltmaq mümkündür. Afrika kimi aclıq probleminə, o bölgələrdə yetişə biləcək daha məhsuldar GMO bitki növləri kimi alternativləri ilə, eləcə də bir sıra başqa qlobal problemlərə həll yolu göstərmə potensialı olan GMO texnologiyası, kapitalizm sistemi içərisində fayda deyil zərər verir.

Araz Zeyniyev

Qaynaq:

1 nature.com/gmcrops

2 http://www.etcgroup.org/content/gene-giants-seek-philanthrogopoly

3 https://t24.com.tr/haber/el-konulan-23-bin-ton-pirinc-gdolu-cikti-3-sirket-8-bin-tonunu-satmis/227355

4 http://www.radikal.com.tr/turkiye/uc_bakan_teknik_takibe_mi_takildi-1144204

5 http://ekonomi.milliyet.com.tr/ithal-gdo-lu-pirinci-daha-onceleri-bilmeden-yedik/ekonomi/ekonomiyazardetay/05.04.2013/1689619/default.htm

6 https://en.wikipedia.org/wiki/Genetically_modified_food (20 Aprel 2014)

7 http://www.aljazeera.com.tr/haber/gdolu-pirinc-gozaltilari

8 Schroeder və əməkdaşları, 2013, Using membrane transporters to improve crops for sustainable food production, Nature jurnalı.

9 M. Altieri və P Rossett tərəfindən hesabat. Oktyabr 1999. www.foodfirst.org/resources/biotech/altieri-11-99.html

10 F. Moore Lappé, J. Collins və P Rossett, World Hunger: 12 Myths .(Earthscan 1998), səhifə 8.

11 Acreage NASS (http:/ / usda. mannlib. cornell. edu/ usda/ nass/ Acre/ 2010s/ 2010/ Acre-06-30-2010. pdf) National Agricultural Statistics Board annual report, 30 June 2010. Retrieved 23 July 2010.

12 http://www.monsanto.com/newsviews/pages/agent-orange-background-monsanto-involvement.aspx

13 holt-gimenez 2012