Kapitalist şəhərdə ictimai məkan və sinfi mübarizə

Print Friendly, PDF & Email

Nicat Qarayev

Bakı. Sovetski

Bakı. Sovetski. Foto: Cavid Qurbanov

Biz hər gün Bakıya nəzər salanda onun bir az daha dəyişdiyini görürük. Bu dəyişiklik bizə hər hansı bir qanunauyğunluğa tabe olmayan trend, xaos kimi görünür. Bu xaos bizə “Evlərin, ofislərin, sənaye mərkəzlərinin, təhsil və sağlamlıq mərkəzlərinin harada yerləşməsinə hansı prinsiplər əsasında qərar verilir?” “Şəhərin hansı formada dəyişməsini nə müəyyən edir?” kimi suallar verməyə vadar edir. Marksist coğrafiyaçı David Harveyin “Sosial Ədalət və Şəhər” və digər şəhər coğrafiyasını müzakirə edən əsərlərinin təfsiri olan bu esse şəhərin inkişafının marksist nəzəriyyə çərçivəsində və çıxarılan nəticələrin yaşadığımız Bakı şəhərinin urban transformasiyasına uyğunluğu müzakirə olunur.

Adətən, “Şəhərin inkişafının obyektiv qanunları var” kimi tezislərin tərəfdarları şəhərin mərkəzində yerləşən tikililərin sökülməsi və onların yerində satış yaxud tikinti dəyəri daha yüksək olan parkların yaxud yeni üslublu yaşayış binalarının və ofislərin tikilməsini “şəhərin görünüşünün yaxşılaşdırılması,” “şəhərdə nəqliyyat sisteminin təkmilləşdirilməsi” yaxud “yeni yaranmış xidmətlərin (məsələn, yeraltı çoxmərtəbəli avtomobil dayanacaqlarının) maksimum faydalı şəkildə təşkil olunması”nın əhəmiyyəti ilə əsaslandırırlar. Bu əsaslandırmalar utilitarian ənənəsindən qaynaqlanan şəhər planlaması nəzəriyyələri ilə izah olunur. Yəni, müəyyən bir torpaq sahəsinin və onun üzərində yerləşə biləcək potensial tikilinin marjinal dəyəri artdıqca həmin torpaq sahəsindən daha gəlirli məqsədlər üçün istifadə edilə bilinir. Bu zaman, ya birbaşa, ya da dolayı yolla “ictimai fayda” yaradılır. Birbaşa ictimai faydanın yaradılması ictimai məkanın ictimai istifadə üçün istifadə olunacaq binaların tikilməsi üçün rentabelli olması prinsipinə, dolayı ictimai faydanın yaradılması isə Adam Smitin “hər kəs öz maraqlarını düşünərək davranarsa, nəticə bütün cəmiyyətə faydalı olacaq” prinsipinə əsaslanır. Başqa sözlə, şəhərin qurulmasının obyektiv iqtisadi inkişaf qanunları mövcuddur və bu qanunlar nəticə etibarilə cəmiyyətin xeyrinədir.[1]

Lakin, biz özümüzü “şəhərin obyektiv inkişaf qanunları” tezisindən, yəni, şəhərin cəmiyyətin inkişafından kənar obyektiv inkişaf etməsi fikrindən uzaqlaşdırsaq və müzakirəmizin əsas fərziyyəsi kimi Marksist yanaşmanı müzakirə etsək, bizim şəhərə bir fiziki, ictimai, siyasi və iqtisadi bölgə kimi yanaşmamız tarixi materializm kontekstində çərçivələnəcəkdir. Bu çərçivə bir tərəfdən bizim müşahidə imkanlarımızı məhdudlaşdırsa da, digər tərəfdən şəhər barədə “adi gözlə” baxanda görmədiyimiz digər məqamları yenidən dəyərləndirməyə imkan yaradır. Marksist yanaşmanın əsas iddiası budur ki, bəşəriyyətə aid bütün fenomenlər kimi, şəhər də cəmiyyətdən kənar mövcud ola bilməz. Cəmiyyətin inkişafını müzakirə edərkən istifadə etdiyimiz yanaşma, indiki halda tarixi materializm, şəhərin bir sosial-tarixi fenomen kimi müzakirəsində istifadə olunan yanaşmalarla oxşarlıq təşkil etməlidir. Biz bu yanaşma çərçivəsində şəhəri bir orqanik varlıq kimi cəmiyyətdən və cəmiyyəti dəyişdirən amillərdən kənarda müzakirə edə bilmərik.

XX əsrin ikinci yarısından başlayaraq şəhərin fiziki, ictimai, sosial və siyasi mənada dinamik inkişafı və bu inkişafın prinsipləri tanınmış marksist-coğrafiyaçı David Harvey başda olmaqla bir çox coğrafiyaşünaslar və urban sosioloqlar/antropoloqlar tərəfindən təhlil edilməyə başlandı.[2] Məlum oldu ki, şəhərin dinamikasını anlamaq üçün istifadə olunan marksist yanaşmanın təqdim etdiyi izahat kifayət qədər tutarlıdır. Başqa sözlə, cəmiyyətin inkişafına aid olunan bütün elmi-fəlsəfi kateqoriyaların mülahizəsi obyektiv, yəni sinfi mübarizədən və dialektikadan kənar qəbul edilmədiyi kimi, şəhərin də bu kateqoriyalar prizmasından dinamikası obyektiv, yəni kapitalizmin daxili ziddiyyətlərinin yaratdığı təzahürlərdən kənar olaraq qəbul edilə bilməz. Belə ki, Kapitalist şəhər öz fiziki, ictimai və siyasi quruluşuna və inkişafına görə feodal yaxud sosialist şəhərdən fərqlidir. Hər hansı bir sosial-iqtisadi quruluşun daxili inkişaf qanunları eyni zamanda şəhərin inkişaf dinamikasını müəyyənləşdirən amillərdəndir və bu bizə bugünkü şəhəri, onun formalaşmasını və inkişafını məhz kapitalist sosial-iqtisadi quruluşu çərçivəsində müzakirə etməyə vadar edir. Kapitalizmin yaratdığı istehsal münasibətləri, digər amillərlə yanaşı, dialektikanın prinsiplərinə müvafiq olaraq şəhərin iqtisadi sferasını və eyni zamanda siyasi sferasını müəyyənləşdirir.

İqtisasi münasibətlərin formalaşması

İlk dəfə Marksın “Kapital” kitabında geniş şəkildə müzakirə edilən və Marksist nəzəriyyənin əsasını təşkil edən ziddiyyətlərin[3] müzakirəsi dialektik materializmdən başlayır və Kapital əsərinin birinci cildinin əsas mövzusudur. Bu ziddiyyətlərdən ən vacibi iqtisadiyyatda dəyərin yaradılma mənbəyi ilə onun istifadə olunduğu mənbə arasındakı ziddiyyətdir ki, bu da qeyri-bərabər coğrafi inkişaf, sinfi mübarizə və bunun nəticəsində ictimai məkanların formalaşdırılmasına gətirib çıxarır. Bu ziddiyyət özəl mülkiyyət hüququnun bərqərar olması nəticəsində əmələ gələn, əmtəənin istifadə dəyəri ilə onun mübadilə dəyəri arasındakı münasibətdən qaynaqlanır.[4] Belə ki, əmtəənin mübadilə dəyərinin kapitalizmdə daha üstün tutulması qısa müddət ərzində xeyli miqdarda əlavə dəyərin yaradılması ilə, yəni iqtisadi artımla nəticələnir ki, bunun da əksəriyyəti bu dəyərin yaradıldığı və eyni zamanda istifadə olunduğu sənayenin cəmləşdiyi şəhərlərdə baş verir. Yəni, “kapitalist şəhər” dedikdə o nəzərdə tutulur ki, həmin şəhərin coğrafi və sosial təzahürü yuxarıda sadaladığımız ziddiyyətlər və onların nəticələrindən qaynaqlanır.

Kapitalist sistemi istehsal olunmuş əmtəənin mübadilə dəyərini onun istifadə dəyərindən daha üstün tutmağa vadar etdiyinə görə, sənayeləşmə nəticəsində müəssisələrdə “istifadə dəyəri” istehsal edən insanlar istehsal etdikləri məhsulların istifadə dəyərindən birbaşa yararlana bilmirlər. Məsələn, xalça istehsal edən bir işçi uzun iş həftəsindən sonra həftəsonu bazarda özünün iştirakı ilə istehsal edilmiş xalça ilə qarşılaşdıqda həmin xalçanı artıq öz əməyinin məhsulu kimi dərk etmir; ona yadlaşmış olur və onun həmin xalçanı istehsal etdikdən sonra istifadə etmək əvəzinə bir müddət sonra bazarda rast gələrək pul verib alması öz istehsal etdiyi məhsulun istifadə dəyərindən daha əvvəl mübadilə dəyərini reallaşdırması ilə nəticələnir. Lakin, iqtisadiyyatda əlavə dəyərin yaranması sənaye və orada çalışan işçilər tərəfindən həyata keçirilsə də, bu dəyərin mübadiləsi əksər hallarda əhalinin digər qrupları tərəfindən digər coğrafi fəzalarda həyata keçirilir. Kapitalist münasibətlərinin inkişafı nəticəsində əmtəələrin istehsalında birbaşa iştirak edən işçi bir tərəfdən kapital yığımı məqsədilə istismar olunur və aşağı maaşla kifayətlənməli olur, digər tərəfdən isə, istehsal etdiyi əmtəənin istehlakında iştirak etmir (əhalinin kasıb zümrəsi adətən xırda – petit burjuaziyanın istehsal etdiyi xeyli ucuz və daha keyfiyyətsiz məhsulları istehlak edir.[5] Düşünün, qiyməti 200.000 manatı keçən mənzillərin tikintisində iştirak edən fəhlələrin həmin mənzillərdən ev almaq imkanı varmı?) və nəticə etibarilə, istismar edən siniflə istismar olunan sinif arasında yaranan gəlir fərqi onların urban coğrafiyada məskunlaşma və istehlak ərazilərinə proyeksiya olunur. Yəni, kapitalist münasibətləri inkişaf etdikcə şəhərlərdə kasıbların yaşadığı və istifadə etdiyi ərazilər getdikcə daha aydın şəkildə imkanlıların yaşadığı ərazilərdən ayrılır və bu iki zümrənin istehlak məkanlarında bir-birləri ilə qarşılaşması ehtimalı azalır.

Siyasi münasibətlərin formalaşması

Şəhərlərin kapitalist istehsal münasibətlərinə uyğunlaşması asanlıqla baş vermir. Bir çox şəhərlərin birdən-birə yaranmadığını və sənaye inqilabı nəticəsində onların kapitalist istehsal münasibətlərinə uyğunlaşması prosesinin uzun zaman aldığını nəzərə alsaq, bu proses ərzində şəhərlərin ictimai məkanlarının sinfi mübarizənin döyüş meydanına çevrilməsini təsəvvür etmək çətin olmayacaq. Avropanın, Paris başda olmaqla transformasiya keçmiş istənilən şəhərinə nəzər salsaq, müxtəlif adlar altında şəhərlərin yenidən qurulmasını və şəhər idarəçiliyində struktural islahatların həyata keçirilməsini marksist yanaşma ilə izah etməyin məhsuldar olduğunu görərik.

III Napoleon dövründə Parisin məhəllələrinin dağıdılaraq geniş bulvarlar, zərli-parıltılı kafe-dükanlarla əvəz edilməsi tez-tez istifadə olunan nümunələrdəndir. Bu prosesi Şarl Bodlerdən daha yaxşı təsvir edən yəqin ki çətin tapılsın:

“Həmin gecə bir az yorğun idin və könlündən yeni salınmış bulvarda hələ təmiri bitməmiş binanın küncündəki yeni kafedə əyləşmək keçdi. Kafe gün kimi parlayırdı. İçəridə yanan məşəllər ağ divarları işıqlandıraraq göz qamaşdırırdı. Bahalı güzgülər, qızıldan çilçıraqlar və sütunlar, kafenin hər yerini başlarında meyvə dolu səbətlər tutmuş mələklər, ilahələr və bütün tarixin və mifologiyanın nümunələri bəzəmişdi.

Qarşımızda, küçədə saqqalı ağarmış və yorğun bənizli qırx yaşlarında bir kişi, balaca oğlan uşağının əlindən tutmuş, o biri əli ilə gəzə bilməyəcək qədər arıq və zəif olan körpəni qucağında saxlayırdı. Ata əyinlərində cır-cındır olan uşaqlarını axşam gəzintisinə çıxarmışdı. Hər üçünün sifəti həddən artıq ciddi idi və onların gözləri yaşlarına görə fərqlənən heyranlıqla kafenin gözəlliyinə zillənmişdi.

Atanın gözləri “Necə də gözəldir! Necə də gözəldir! Yəqin bütün kasıbların qızılını bu kafenin divarlarına sürtüblər” deyirdi. Balaca oğlunun gözləri “Necə də gözəldir! Necə də gözəldir! Heyf, bu evi yalnız bizim kimi olmayan insanlar ziyarət edə bilər” deyirdi. Qucaqdakı körpə isə, eh, onun təəssüratı ona tamamilə axmaq və dərin sevincdən başqa hər hansı bir hiss keçirməyə imkan vermirdi.

Bəstəkarlar deyir ki, musiqi ruhu nəcibləşdirir və ürəyi yumşaldır. Belə çıxır ki, bu axşamın musiqisi yaxşı musiqidir. Bu ailənin gözləri mənə sadəcə təsir etmədi, eyni zamanda bizim iştahamıza sığmayacaq qədər böyük bu şüşə və bər-bəzəkdən utandırdı məni. Mən, əziz sevgilim, öz fikirlərimin əksini görmək üçün gözlərimi sənə çevirdim. Və mən gözlərimi sənin gözəl və qəribə şəkildə yumşaq, mavi gözlərinə və ayın bənzəri olan bənizinə zillədikcə sən mənə “Bizə baxan bu yekə gözlü insanlar sadəcə olaraq dözülməzdir! Müdirə de onları rədd eləsin kafenin qarşısından!” dedin.

Görürsənmi, mənim əziz mələyim, hətta bir birini sevən iki nəfər üçün belə anlaşmaq və fikirlərimizi bölüşmək necə də çətin imiş.” 

Bakıda "Ağ şəhər"də tikilməsi planlaşdırılan "Paris evləri". Model

Bakıda “Ağ şəhər”də tikilməsi planlaşdırılan “Paris evləri”. Model

Parisin nəhəng yenidənqurulmasının məqsədi gediş-gəlişi asanlaşdırmaq, qonaqları valeh etmək deyildi. 1848 üsyanından sonra barrikadaların asanlıqla qurulduğu dar və əyri küçələri geniş, artilleriyanın silahlı üsyançılara qarşı səmərəli şəkildə istifadə oluna biləcəyi küçələrlə əvəz etməyə ehtiyac var idi. Kasıbları şəhərin meydanlarından qovmaq lazım idi. Onlar Parisin yeni formalaşmaqda olan burjua sinfinin xanımlarına öz gözəllik ehtiyaclarını ödəmək üçün dükanları gəzməyə, ara bir dincəlmək üçün bəzəkli kafelərdə kofe içməyə imkan vermir, mənzərəni korlayırdılar. Cır-cındır libaslı bu kasıblar pis iy verir, kobud şəkildə qışqırır, dilənir insanların istirahətinə mane olurdu. Üstəlik, hələ utanmadan etiraz, üsyanlar edir, siyasi problemlər yaradırdılar. Birinci Napoleonun qurduğu qüdrətli imperiya belə nalayiq hərəkətləri göz önünə ala bilməzdi. Həm də, Paris burjuaziyası daha da varlanmaq, daha çox istehsal və istehlak etmək arzusunda idi. Bu məqamda Baron Haussman III Napoleonun xahişi ilə Parislilərin köməyinə yetişir. 1848 məğlubiyyətindən sonra Parisin işçi sinfinin Baron Haussmanın həyata keçirdiyi kolossal dəyişikliklərə müqavimət göstərməyə qüvvəsi qalmamışdı. Beləliklə, Bodlerin şerindən də göründüyü kimi, Parisin hakim sinfi qısa müddət ərzində ictimai əraziləri tam nəzarət altına alaraq Parisdə kasıblarla varlıların istehsal və istehlak məkanlarını ayırır. Müxtəlif siniflərin eyni ictimai məkanda qarşılaşması isə hər iki sinfin nümayəndəsi üçün şok effekti yaradır. Oxşar proses az və ya çox dərəcədə kapitalist istehsal münasibətlərinin bərqərar olunduğu bütün ölkələrdə baş verir. Culiyaninin meriya hakimiyyəti dövründə Nyu-Yorkda həyata keçirdiyi yenidənqurma buna bariz nümunədir.

Bu formalı islahatların yuxarıda sadaladığımız səbəblərindən əlavə, xidmət etdiyi məqsəd həm də kapital yığımının və istehlakın optimallaşdırılması və səmərəliləşdirilməsidir. Siyasi və sosial durumdan narazı kütlə tərəfindən narahat edilməyəcək və kafe və mağazaların cəmləşdiyi açıq məkanlar yaradılmış əlavə dəyərin həzm olunması və mübadilə dəyərinin həyata keçirilməsi üçün ideal şərait yaradır. Eyni zamanda, kasıbların məskunlaşdığı əyri və yöndəmsiz binaların sökülərək yerində əzəmətli binaların və parkların yaradılması hakimiyyətin imkanlarının tamaşasıdır və onun legitimliyini möhkəmləndirir. Orta əsrlərdə kasıbların və sənətkarların nə cür binalarda və hansı şəraitdə yaşaması kralı narahat etmirdi. O hakimiyyətin legitimliyini kilsədən alırdı.

Siyasi legitimliyi qoruyub saxlamaq üçün şəhərdə həyata keçirilən yenidənqurma layihələri zaman-zaman ideoloji diskursla birləşərək hakim sinfin sanki millətçi və vətənpərvər olması və bu dəyişiklikləri məhz xalq üçün həyata keçirdiyi görüntüsünü yaradır. Əslində isə, burjua sinfinin pul və əmtəədən başqa sitayiş etdiyi heç bir şey yoxdur. Milliyyətçilik yaxud din kimi ideologiyalar hakimiyyətdə bərqərar olmuş burjua sinfi üçün heç vaxt səmimi inanılan dəyər ola bilməz və işçi sinfi daxil milyonlarla insanın hisslərinə xitab edən din və milliyyətçilik kimi ideologiyalar hakimiyyətin legitimləşdirilməsində alət kimi işə yaradığı müddətcə istifadə edilir, əlavə kapital yığımına və gəlir imkanlarının genişləndirilməsinə mane olmağa başladıqda isə digər bir alətlə (liberalizm?) əvəz edilir.

Beləliklə, kapitalist münasibətlərin inkişafı nəticəsində şəhərdə mövcud olan istehsal və istehlak fəzası nəzarətin gücləndirilməsi məqsədilə sinfi mübarizə nəticəsində transformasiya olunur. Lakin, şəhərin yenidən qurulmasının və aşağı gəlirli əhali qruplarının şəhərin xüsusi yerlərinə sıxışdırılması bu insanları yoxa çıxarmır. Onların işlədiyi və istehlak etdiyi yerlər mövcuddur və bu məkanlarda toplaşmaq bu əhali qruplarına öz vəziyyətlərini dəyərləndirmək imkanları təklif edir.

İctimai məkana nəzarət etmək sinfi mübarizənin birbaşa subyekti olduğundan, burjuaziya tərəfindən ictimai nəzarətin gücləndirilməsi və bu məkanlardan hakimiyyətin legitimləşdirilməsi məqsədilə istifadə edilməsi eyni zamanda əks reaksiya doğurur və bu ictimai məkanların yenidən sinfi mübarizənin ön cəbhəsinə çevriləcəyinə işarədir. Əmtəə fetişizmi tamaşası – bütün zərli kafelər və dükanlar sinfi münasibətləri müvəqqəti olaraq pərdələyə bilər, lakin, mövcud iqtisadi-sosial sistem çərçivəsində ziddiyyətlər mövcud olduğu təqdirdə bu münasibətləri aradan qaldırmaq mümkün olmayacaqdır. Nəticə etibarilə, əhalinin aşağı qismini mərkəzdən uzaqlaşdırmaq və yaxud onlara nəzarət etmək məqsədilə yeni yaradılan ictimai məkanlar, Parisdə hadisələrin sonrakı inkişafında da müşahidə edildiyi kimi, həmin əhali qruplarının etiraz üçün çıxacaqları əsas məkanlara çevrilir və məhz istehlakçılıqla və bər-bəzəkli dükan və kafelərlə başı qarışmış yüz minlərlə insanın arasında yeni etiraz qruplarına nəzarət etmək şəhər idarəçiliyi üçün daha çətin olur. Nəticədə, yenidən qurulmuş və mübadilə dəyərini reallaşdırmağa köklənən ictimai məkanlar ən kiçik etirazları belə həzm etməyə qadir deyil və belə etirazlar, başqa sözlə, işçi sinfinin ictimai məkanlara yenidən iddia etməsi illər boyu şüurlu şəkildə formalaşdırılmış tamaşanı qısa müddətdə alt-üst etməyə qadirdir.

Paris kommunası. 1871.

Paris kommunası. 1871.

Başqa sözlə, ictimai məkanın fundamental transformasiyası əhalinin təhsil yaxud mədəni səviyyəsindən birbaşa asılı olmayıb, sinfi oriyentasiyası və istehsal münasibətləri üzərindən tənzimlənir. Struktural olmayan kəmiyyət dəyişiklikləri isə bu kimi amillər nəticəsində dəyişə bilər.

Tarixi materializm yanaşmasını tətbiq edən marksist nəzəriyyəni şəhərin inkişafının və şəhərdə baş verən proseslərin izah olunmasında istifadə etdikdə liberal yanaşmaların izah edə bilmədiyi bir çox məqamlar aydın olmağa başlayır. Yaşadığımız Bakı şəhəri də dialektikanın qanunlarından kənarda qala bilməzdi və bu gün Bakı insanların təsəvvürlərindəki nostaljik asossasiyalarla əlaqəsizdir. Sosialist quruluşunun çöküşündən sonra geriyə baxdıqda son 15 ildə baş vermiş ictimai dəyişikliklər kapitalist istehsal və ictimai münasibətlərinin şəhərin dinamikasının və inkişafının arxasındakı əsas müəyyənedici faktor olduğunu iddia etmək olar.

Bir çox Bakı sakinləri insanların dəyişdiyini və artıq əvvəlki tək qonaqpərvərliyin, inamın yaxud insanların bir birlərinə yardım etməyinin yoxa çıxdığından gileylənir, bunu adətən şəhərin böyüməsi ilə əlaqələndirirlər. Halbuki, insanlar dəyişməyib. İctimai münasibətlər dəyişib. Bu gün hansısa bir tikinti maqnatının qəddarlığı onun şəxsi keyfiyyətlərindən asılı deyil: bəli, ola bilər ki, onun şəxsi keyfiyyəti daha keyfiyyətli olsaydı, vəziyyət bir az başqa cür olardı. Məsələn, o insanları evindən buldozerlə deyil, daha mülayim şəkildə, amma yenə də zor gücünə çıxarardı. Amma o insanlara “hə, yaxşı, istəmirsinizsə onda davam edin burada yaşamağa” deyə bilməz, burası aydındır. Və bunu deyə bilmirsə, onda onun insanları evindən nə qədər mülayimliklə çıxarmasının artıq bir əhəmiyyəti yoxdur. Başqa sözlə, şəxsin mədəni inkişafı onun öz ictimai-sosial vəzifəsini yerinə yetirməsində böyük keyfiyyət fərqi yaratmır.[6] Keyfiyyət fərqi mülkiyyət hüququnun formasından asılı olaraq təzahür edən istehsal münasibətləri və bu münasibətlərin yaratdığı təzahürlərin nəticəsidir.

Sovetski sökülür. foto: Cavid Qurbanov

Sovetski sökülür.
Foto: Cavid Qurbanov

Şəhərdə məskunlaşmış insanların məskunlaşma trendlərini müşahidə etsək, Bakı bu mənada şiddətli transformasiyaya məruz qalmışdır. 20-ci əsrin əvvəllərində Bakıda “Dağlı”, “Ağşalvarlılar” və s. kimi məhəllələr var idi ki, bu məhəllələr müəyyən etnik yaxud regional bölgü əsasında məskunlaşmışdılar. Sovet dövründə bu istiqamətdə müəyyən dəyişikliklər olsa da, sosialist planlama sistemi şəhərin bu cür təşkil olunması ilə problem yaşamırdı.[7] Lakin, müstəqillikdən sonrakı illər ərzində şəhərin etnik yaxud regional əsasda məskunlaşma trendləri, eyni zamanda administrativ mikrorayon bölgüsü inkişaf etməkdə olan periferik kapitalist münasibətlərin və neft pullarının qarşısında transformasiyaya uğramağa başlayır.

Bakı. Ağ şəhər. Paris evləri. (modeli)

Bakı. Ağ şəhər. Paris evləri. (modeli)

Bu gün Bakıda baş verən dəyişiklikləri bir ifadə ilə xarakterizə etsək, bunu Baron Haussmanın Parisdə həyata keçirdiyi dəyişiklərə analoji olaraq “möhtəşəm tamaşa” adlandırmaq olar. Hündür şüşə binalar, yeni geniş yollar, parıltılı kafe və dükanlar, bulvar boyunca düzülmüş butik, restoranlar, yeni ofis binaları və s. hamısı bu möhtəşəm tamaşanın bir hissəsidir. Möhtəşəm tamaşa imici Bakını yenidən quranların əhaliyə hər gün yenidən təqdim etdikləri imicdir – bunu AZTV-nin hər gün dəfələrlə göstərdiyi video roliklərindən də görmək çətin deyil. Bu tamaşa yeganə bir məqsədə xidmət edirsə, o da Bakının ictimai həyatındakı sinfi ziddiyyətləri pərdələməkdir. Məsələn, bir çoxlarının narazılığına səbəb olan və sayı durmadan artan mərmər parklar heç də Azərbaycanlı tikinti mütəxəssislərinin yaxud podratçı şirkətlərin menecerlərinin təfəkkürünün nəticəsi deyil. Mövcud iqtisadi şərtlər və pul qazanmaq imkanları çərçivəsində mərmərdən istifadə ictimai vəsaitin mümkün ən çox pul qazandıracaq formada istifadə edilməsini labüd edir, bir metr kvadrat əraziyə qiyməti ən uzağı 10 manat olan bir ədəd ağac şitilinin əkilməsi əvəzinə mərmər döşənilməsi podratçı şirkətə 200 manat əlavə gəlir əldə etmək imkanı yaradır. Bu şərtlər və imkanlarla üzləşən podratçı nə qədər açıq fikirli və insanpərvər olsa da, aydındır ki, insanların daha təbii istirahət hüququnu (marksist mənada, parkların istifadə dəyərini) layihənin gəlirliliyinə, yəni onun mübadilə dəyərinə qurban verəcək.[8] Üstəlik, siyasi diskurslarda açıq söylənilən “dövlətin qüdrəti” hekayəsi bu tendensiyanın reallaşmasını daha da gücləndirir. Bakı kimi əksər etibarilə sosialist planlaşdırmaya əsaslanan bir şəhərin ictimai məkanının kapitalist prinsiplər əsasında transformasiyası müşahidə etdiyimiz anormal arxitekturanın əsas səbəbidir. İlk baxışdan xaos kimi görünən bu arxitekturada tədricən kapitalist münasibətlərin sosialist trendləri, məsələn, mikrorayon tipli şəhərsalmanı üstələyəcəyinin və gələcəkdə özünəməxsus qanunauyğunluqların formalaşacağının şahidi olacağıq.

Qeydlər:

[1] D. Harvey “Sosial Ədalət və Şəhər,” 22-95.
[2] D. Harvey-in “İctimai fəzanın İqtisadi Siyasəti,” “Şəhər Hüququ,” “Şəhər və Sosial Ədalət” kimi əsərləri yeni yaranmış bu sahədə əhəmiyyətli töhfəyə sahibdirlər.
[3] Ziddiyyət dedikdə Aristotelin irəli sürdüyü “məntiqi yanlışlıq” deyil, daha çox bir-biri ilə əlaqəli iki və ya daha çox prosesin eyni zamanda baş verməsinin mümkünsüzlüyü və onlar arasındakı ziddiyyət nəzərdə tutulur.
[4] Bu münasibətə jurnalın ötən sayında “Kapitalizmdə istismar” məqaləsində toxunduğumuza görə, bu məqalədə geniş müzakirə etməyə ehtiyac qalmır.
[5] Harvey, “Sosial Ədalət və Şəhər”, 170-171.
[6] Doğrudur, bir çoxları inkişaf etmiş Avropa ölkələrini misal gətirərək orada bunun səbəbinin mədəniyyətlə birbaşa bağlı olduğunu iddia edə bilər, amma unutmayaq ki, Avropada mövcud mədəni səviyyənin, başqa sözlə sosial rifah dövlətinin qurulmasının arxasında 19-cu əsrin on illərlə sürən siyasi və hərbi meydanındakı sinfi mübarizə dayanır. Bizdə isə, bu proses yenicə başlamaqdadır.
[7] Sosialist planlaması dövründə əsas nüanslar şəhər-kənd arasındakı əhali nisbətinin nizamlanması və daha çox mikrorayon tipli bölüşdürülmənin əsas götürülməsi idi ki, bunun da arxasında gələcəkdə özünüidarə edən kommunaların formalaşması zamanı böyük şəhərlərin idarəetmə üsulunu müəyyənləşdirmək dayanırdı.
[8] Niyə Avropada bunlar baş vermir? Çünki Avropada bu şərtlər yaxud imkanlar mövcud deyil. Dövlət büdcəsinin xərclənməsinə və fiskal sərmayələrə nəzarət mexanizmi işlədiyindən bu formada pul qazanmaq imkanı boşluqları mövcud deyil. Əvəzində, məsələn maliyyə sektorunda belə boşluqlar kifayət qədər çoxdur və Amerikan sərmayə bankçıları bu boşluqlardan mümkün qədər istifadə etməkdən çəkinmirlər. 2008-ci il böhranı və böhrandan çıxış yolu yenə də ABŞ burjuaziyasının öz gəlir imkanlarını əllərində saxlamaq səlahiyyətini 4 milyona yaxın insanın evindən məhrum olmasından daha üstün tutmaqdan çəkindirmədi.

İstifadə olunmuş mənbələr:

  • Harvey, David. “Social Justice and the City” (Sosial Ədalət və Şəhər) Blackwell Publishers, Oxford, UK
  • Harvey, David “Political Economy of Public Space” davidharvey.org/articles
  • Harvey, David “The Right to the City” (Şəhər Hüququ) davidharvey.org/articles