Kapitalizmdə İstismar

Print Friendly, PDF & Email

Nicat Qarayev 

Media və sosial şəbəkələrdəki müzakirələrdə “bu gün artıq XIX əsr kapitalizmində yaşamırıq”, “artıq istismar keçmişdə, vəhşi kapitalizmdə qaldı”, “bu terminlər artıq köhnəlib və biz yeni terminlər tapmalıyıq” kimi ifadələri tez-tez eşidirik. Bu ifadələr heç də sosial şəbəkələrdəki müəlliflərin özlərinə aid deyil, əksər hallarda onların eşitdiklərinin təkrarıdır. Yəni, düşüncə məhsulu deyil, təqliddir. Bu ifadələrdə yer almış iddiaları müzakirə etmək üçün istismarın nə olduğunu, daha doğrusu, Marksın “istismar vasitəsilə yığım” (accumulation through exploitation) anlayışını müzakirə etməliyik. Bunun üçün əvvəlcə istismarın nə olmadığından başlayaq. maquiladoras

İstismar sahibkarın işçisi ilə qanuna zidd, kobud davranışı demək deyil. İşçinin 8 saat əvəzinə 16 saat işlədilməsi, işçinin təhqir edilməsi, ona aşağı maaş ödənilməsi və digər oxşar ədalətsiz davranışlar istismar demək deyildir. Bizlərə ədalətsizlik kimi görünən bu davranışlar istismar deyil, kapital yığımı üçün əməyin istismarı nəticəsində yaranan müxtəlif vəziyyətlərdir. Yaranmış bu vəziyyətlər sahibkar və işçinin şəxsiyyəti, təhsili, əxlaqı, yaxud ümumilikdə şəxsiyyəti ilə əlaqəli bir fenomen deyil. Mərhəmətli sahibkarla qəddar sahibkarın istismar prosesində iştirakı fərqlənmir. Çünki, istismar fərdi proses deyil. İstismar sistemli və struktural bir prosesdir.

İstismar XIX əsrdə iqtisadi siyasət mütəffəkkirlərinin müzakirə etdiyi sadə bir sualın cavabına axtarış zamanı yaranan məntiqi təhlilin nəticəsidir.

Dəyər nədir? Hər hansı bir əşyanın dəyəri necə müəyyən olunur?

Bu barədə çox sayda nəzəriyyələr mövcuddur və əsasən iki qrupa bölünürlər: dəyərin əşyanın özündən yarandığını iddia edən və dəyərin əşyadankənar formalaşdığın iddia edən nəzəriyyələr. Dəyərin əşyadankənar formalaşdığını iddia edən fikir adamları əşyanın dəyərinin bazarda, tələb-təklif qanunu əsasında müəyyən olunduğunu irəli sürürdülər. Onlar iddia edirdilər ki, bir stəkan su, yaxud almaz parçasının səhradakı dəyəri ilə şəhərdəki dəyəri fərqlidir, yəni, əşyaların dəyərini insanlar müəyyən edir. Klassik XIX əsr iqtisadçıları – A.Smit, D.Rikardo, K.Marks isə ilk dəfə əşyanın dəyərinin yalnız və yalnız onun istehsal zəncirində (dəyər zəncirində) keçdiyi bütün mərhələlərdə hazırlanmasına sərf olunmuş müxtəlif keyfiyyət və kəmiyyətə sahib olan ümumiləşdirilmiş əməkdən ibarət olduğunu irəli sürürlər.[i] Bu iddianı müzakirə etməzdən əvvəl kapitalist istismar sisteminin hansı şəraitdə formalaşmasına nəzər salaq.

Kapitalist istismarın formalaşması

Orta əsrlərdə Britaniyada kral ailəsi, ona tabe olan Lordlar (Feodlar) və bu feodların idarə etdikləri torpaqlar var idi. Lordlar bütün İngiltərə, Şotlandiya və Uels torpaqlarını öz aralarında bölüşdürmüş, krala sədaqət andı içmişdilər. Onların hər birinin səlahiyyətində yüzlərlər kənd, bir neçə iri və xırda şəhər və qəsəbələr var idi. Kəndlərdə əsasən fermerlər ailə təsərrüfətı kimi, şəhərlərdə isə sənətkarlar gildiya formasında birləşərək müəyyən məhsul istehsal edirdilər. Digər bir qrup isə tacirlər idi. Tacirlər şəhərlərdə istehsal olunan məhsulları və kəndlərdə istehsal olunan ərzağı kəndlər və şəhərlər arası daşıyırdılar və yaşayışlarını təmin edirdilər. Lakin XVII əsrdə yüzilliklərlə davam edən bu nizam-intizam dəyişməyə başlayır. Çin, Hindistan və yeni dünya kəşf olunur. İngilis mallarına tələbat artdıqca tacirlər şəhər ətrafı qəsəbələrdə məskunlaşan və evlərində fərdi olaraq fəaliyyət göstərən xalça toxuyanlara, yaxud gildiyalarda fəaliyyət göstərən dəmirçilərə növbəti il üçün sifarişlər verir, sifarişlər hazır olduqda qapı-qapı gəzib sifarişləri toplayır, ödənişləri edir və məhsulu gəmilərə yükləyərək Çin şəhərlərinə aparıb satır, əvəzində uzaq şərqdən müxtəlif ipək paltarlar, xalçalar, ədviyyatlar və zinət əşyaları gətirirdilər. Lakin, əyalətdə yaşayan və böyük torpaqları idarə edən lordların bu əşyaları almağa imkanı çatmırdı. Onlar artıq əsrlərdir ki özləri-özlərini təmin edir, kralın əmri gələrsə, kəndlərdən cəngavərləri toplayaraq döyüşlərə qatılırdılar. Pulları isə az idi, çünki, təbəələrdən topladıqları məhsulların yalnız kiçik bir hissəsini satırdılar və müharibələrdən əldə etdikləri mənfəət onların iddialı həyatlarını təmin etməyə yetmirdi. Amma əvvəllər pulun azlığı feodal lorda hər hansı bir problem yaşatmırdı. Çünki onun statusunda olan hər kəs aşağı-yuxarı eyni cür dolanırdı. Minlərlə kəndlini təhkimçi kimi saxlamaq artıq kifayət qədər baha başa gəlirdi. Lakin baş verən dəyişikliklər nəticəsində şəhərlərdə bahalı libaslar geyinib qiymətli zinət əşyaları istifadə edən yeni varlanmış tacir-zadəganların həyat tərzi tezliklə feodal lordları şəhərlərə cəlb edir, eyni zamanda, şəhərdə istehsalatla məşğul olaraq varlanmaq kəndlilər üçün cəlbedici olmağa başlayır. Beləliklə, həm lordlar daha çox ticarət yaxud da istehsalata yönəlmək, həm də kəndlilər tədricən daha yaxşı dolanışıq vəd edən şəhərlərə yönəlməyə başlayırlar. Tacirlər də, öz növbəsində, kəşf olunan yeni dünya və kontinental Avropa ölkələrində oxşar proseslərin baş verməsi səbəbindən İngilis məhsullarına artan tələbat qarşısında istehsalatın çoxalmasını tələb edirdilər. Bu məqsədlə, tacirlər və imkanlı mülkədarlar şəhər ətraflarında fərdi şəkildə ev istehsalatı ilə məşğul olan sənətkarları eyni müəssisədə birləşdirməyə, fərdlərin ayrı-ayrılıqda fəaliyyət göstərərkən xammal toplanmasına, üslub fərqinə, hazır məhsulların toplanmasına daha çox vaxt və enerji itirməkdənsə, onları eyni yerə yığaraq homogen istehsalı təmin etməyə can atırdılar. Eyni zamanda, belə bir addım fərdlərin öz fərdi qazancları ilə ayrılıqda ala bilməyəcəkləri istehsalatı sürətləndirən yeni texnologiyaları almağa imkan verəcəkdi.[ii]

Beləliklə, manufakturalar yaranır və əvvəllər xammalı bazardan alaraq əmək sərf edib əmtəə yaradan sənətkarlar bu əmtəəni bazarda tələb olunan müvafiq qiymətə sataraq1 öz sərf etdikləri əməyin dəyərini, xərcləri çıxdıqdan sonra, yalnız özləri alırdılarsa, indi onlar başqaları üçün müəssisədə çalışırlar. Bu proses tamamilə könüllü şəkildə, həm işəgötürən, həm də işçinin əmək şəraiti, əmək haqqı və digər əlaqəli məsələlər barədə razılığı əsasında baş verir. Bəs o zaman istismar necə baş verir?232846_418981

Kapitalist istismar

Kapitalın birinci cildinin ilk üç bölməsini Marks öz nəzəriyyəsini izah etmək üçün əhəmiyyətli olan anlayışların müzakirəsinə həsr edir. Bu anlayışlar Marksın Əmək Dəyər Nəzəriyyəsi tezisinin əsasını təşkil edirdi. Bu nəzəriyyəyə əsasən, hər hansı bir əşyanın dəyəri iki formada təzahür edir: istehlak dəyəri və mübadilə dəyəri. Yəni, istənilən əmtəəni biz ya istehlak edə, ya da bazarda mübadilə edə bilərik. Bu iki dəyər eyni zamanda həyata keçirilə bilməz.[2] Əgər biz iş qüvvəsini bir əmtəə kimi qəbul etsək, o zaman onun mübadilə dəyəri, həmin iş qüvvəsinin əmələ gətirdiyi əmtəənin istehlak dəyərindən fərqlidir. Başqa sözlə, işçinin əməyinin bazar qiyməti – maaş, onun əməyinin sərf olunması nəticəsində ərsəyə gələn əmtəənin bazardakı dəyərindən – məhsulun qiymətindən fərqlidir.[iii]

Marksın “Dəyər”, “İstehlak dəyəri”, “Mübadilə dəyəri” anlayışlarının dərinliyinə getmədən, kapitalist istismarını bir fenomen kimi izah etmək üçün XIX əsrin İngiltərəsində baş verən proseslərə uyğun bir misaldan istifdə etmək olar. Deyək ki, yuxarıda sözügedən məhsul xalçadır və müəssisədə çalışan hər bir işçi xalça istehsalında istifadə olunmuş (məsələn) iki saat ümumiləşdirilmiş əmək dəyərində xammalın və (məsələn) iki saat ümumiləşdirilmiş əmək dəyərində texnologiyaların hazırlanmasının[3] müəssisəyə qədər gəlməsinə çəkilən əziyyətlərin toplanmış dəyərindən sonra (yəni, dörd saat ümumiləşdirilmiş əmək), müəssənin işçiləri hər bir xalçanın hazırlanmasına ayrılıqda əlavə altı ümumiləşdirilmiş əmək sərf edirlər və beləliklə, bir ədəd xalçanın bazara çıxarılmasının dəyəri on ümumiləşdirilmiş əməyə bərabər olur.

Sadəlik naminə, fərz edək ki, xalça bazarda satılır və xalçanın satış qiyməti onun daşıdığı saat hesabı ümumiləşdirilmiş əməyin dəyərinə bərabərdir, yəni 10 manat.[4] Bu zaman, müəssisənin xərclərini (hər xalçanın hazırlanması üçün 4 manat xammal və texnologiyalara, 1 manat icarə haqqı və 1 manat vergiyə) çıxdıqdan sonra yenidən sərmaye üçün 2 manat ayrılır və geridə qalan 2 manat müəssisə rəhbəri və işçilərin maaşları arasında bölünür –1 manat müəssisə rəhbərinə, 1 manat isə işçilərə.[5] Təbii ki, maaşlar işçilər işə götürülməzdən əvvəl müəyyən edilir və istehsalat xərci kimi nəzərdə tutulur. Amma müəssisə rəhbəri əmək bazarında işçiyə istehsal edəcəyi hər bir xalçaya sərf edəcəyi ümumiləşdirilmiş əməyə görə yox, onun əməyinin əmək bazarında müəyyən edilmiş qiymətinə görə maaş təklif edir.[6] Başqa sözlə, işçinin əmək qüvvəsinin mübadilə dəyəri başqa, bu əmək qüvvəsinin istehsal etdiyi xalçanın bazardakı qiyməti başqa.

Nəticə etibarilə, əgər işçi əvvəllər öz evində oturub daha ibtidai texnologiya vasitəsilə xalça istehsal edib bunu qapısına gələn tacirə 10 manata satırdısa (fərz edək ki, xammal (2), icarə haqqı (1), vergi (1), texnologiya xərci (2) və sərmaye xərcləri (2) dəyişməz olaraq qalır[7]), bu zaman onun xalis gəliri 2 manat, yəni, manufakturadakı muzdlu işindən qazandığı gəlirdən 100% daha çox olurdu.[8]

Beləliklə, 2 manat dəyərində xammala 2 manat dəyərində texnologiyanın köməyilə əmək sərf olunur[9] və 6 manat izafi dəyər yaranır. Bu izafi dəyərin müəyyən bir hissəsi cəmiyyət (ordu, bürokratik sistem) və digər hissəsi kapitalist sistemin (icarə haqqı,[10] yenidən sərmaye[11]) xərclərinə çıxılandan sonra, qalan xalis izafi dəyərin bir hissəsi (1 manat) istehsalatda sırf istehsal alətləri üzərində sahibkar olmaqdan savayı heç bir iş görməyən müəssisə rəhbərinə çatır. Müəssisədə 300 işçi işləyirsə və bir günə hər işçi tərəfindən bir ədəd xalça istehsal olunursa, işçilər hər biri aya 30×1 manat, müəssisə rəhbəri isə 30×300 manat pul qazanır.

Nəticə etibarilə, işçi əməyinin (əmək bazarındakı) dəyəri ilə onun yaratdığı əmtəənin dəyəri fərqli olduğundan və bu əmtəənin bütövlükdə işçi tərəfindən yaradılmasına baxmayaraq, izafi dəyərin bir hissəsi sahibkar tərəfindən mənimsənilir və işçi istismar olunur.

Deməli, əgər biz əməyin insan tərəfindən yaradılan hər şeyin – bütün əmtəə və xidmətlərin dəyərini müəyyən edən yeganə determinant olduğunu qəbul etsək, o zaman biz cəmiyyəti şərti olaraq iki hissəyə ayıra bilərik; İstehsal alətləri və vasitələri üzərində mülkiyyət hüququna və başlanğıc kapitala sahib olanlar (K. Marks bu qrupu kapitalist adlandırırdı) və istehsal alətləri üzərində heç bir mülkiyyət hüququna sahib olmayan və ilkin kapitalı olmayan, əvəzində yüksək əmək qabiliyyəti olan işçilər (K. Marks bu qrupu proletariat adlandırırdı).[12] Bu iki qrup insan istehsalatda birləşir və nəticədə cəmiyyət üçün lazım olan məhsullar istehsal olunur.[13] exploitation

Rəqabət və birinci ziddiyyət

Müəssisənin binası, işçilərin istifadə etdiyi texnologiyalar və xammal müəssisənin rəhbərinin qanuni mülkiyyətidir. İstehsal olunmuş son məhsul müəssisənin rəhbərinə – sahibkara məxsusdur. Məhsul tamamilə onun mülkiyyətidir və bu əmtəənin satmaq, yaxud istifadə etmək onun səlahiyyətindədir. O, əmtəəni bazarda tələb-təklif qanununun müəyyən etdiyi qiymətə əsasən satır və əldə etdiyi ümumi gəlirdən müəssisənin icarə haqqını, vergiləri və işçilərin əmək haqlarını ödəyir. Geridə qalan xalis gəlirin müəyyən hissəsinə istehsalatın həcmini və məhsulun keyfiyyətini artırmaq üçün yeni texnologiya alır, yaxud müəssisəyə yeni işçi cəlb edir. O, buna məcburdur, çünki bazarda onun kimi eyni məhsuldan istehsal edən onlarla müəssisə var və o bu müəssisələrin hər biri ilə həm keyfiyyət və həm də qiymət müstəvisində mübarizə aparır. Deməli, əsas xərcləri çıxdıqdan sonra yerdə qalan xalis gəlirin istifadə təyinatı sahibkarın öz qazancı, işçinin maaşı və istehsalı artırmaq üçün sərmaye yatırımıdır. Əgər bütün qanunların ədalətli olduğunu və işlədiyini qəbul etsək, bu zaman şirkətlər arasında rəqabət artdıqca, xalis gəlirdə istehsalatın artırılması üçün sərmayenin payının artırılması qaçılmazdır. Sərmayenin payının artırılması ya sahibkarın qazancının, ya da işçinin maaşının hesabına baş verə bilər. Digər tərəfdən, bazarda rəqabətin artması əmək bazarında daha çox işçinin işlə təmin olunması, yəni işçiyə tələbatın artması deməkdir. İşçiyə tələbatın artması isə, əmək haqqının artması deməkdir. Deməli, birinci növbədə işçinin maaşı ilə sərmaye üçün ayrılmış vəsaitin miqdarı arasında, ikinci növbədə isə, işçinin maaşı və sahibkarın qazancı arasında ziddiyyət formalaşır.[iv]

Təəccüblü deyil ki, 5% işsizlik dərəcəsi müasir iqtisadçılar tərəfindən sağlam iqtisadi inkişafın əsas şərtlərindən biri kimi qəbul olunur – bazarda işsiz işçi olduqca maaşların artmasına ehtiyac yoxdur, çünki, işçi əvəzedilməz deyil.

Qazancın azalması və ikinci ziddiyyət

Birinci ziddiyyət nəticəsində sahibkar istehsalın artırılması üçün sərmayeni artırır. O, ya texnoloji yaxud təşkilatı innovasiyalar vasitəsilə, ya da daha çox işçi cəlb edilməsi vasitəsilə növbəti il üçün məhsulun keyfiyyətini, yaxud kəmiyyətini artırmalı, qiymətini isə ucuzlaşdırmalıdır. Bunun üçün ilkin olaraq öz qazancını azaltsa da, müəyyən müddət sonra rəqabət yenidən sahibkarı bu problemə qaytarır – o, işçinin maaşını azaltmalıdır, əks halda sərmaye mümkün olmayacaq. Lakin işçi təkcə istehsalçı deyil. O həm də bazarda istehlakçıdır. O, maaşını xərcləyərək iqtisadiyyatda istehsal olunan müxtəlif gündəlik məhsullarını alır və xalça bu məhsullardan sadəcə biridir. Rəqabət nəticəsində bazarda yüzlərlə xalça istehsal edən manufakturalar dayanmadan işləyir və müxtəlif çeşid, qiymət və keyfiyyətdə xalçalar dayanmadan dükanların vitrinlərini bəzəyir. Müxtəlif marketinq texnologiyalarından istifadə edilərək xalçaların üstünlükləri, onların faydaları barədə məlumatlar alıcılara ötürülür və xalçaya tələbat artır. Rəqabət nəticəsində bahalaşan qiymətlər və azalan, yaxud, ən azından artmayan maaşların fonunda kütləvi xalça istehsalı tezliklə istehlak oluna biləndən dəfələrlə artıq xalça istehsalı ilə nəticələnir. Şiddətli rəqabət sahibkarların qazancını günü-gündən azaldır. Yüksək qiymətlər və aşağı maaşlar arasında ziddiyyət isə tezliklə böhrana gətirib çıxarır.[v] bakı fəhlələri

Kredit və üçüncü ziddiyyət

Qazancın azalması yalnız sahibkarlar, maaşın azalması isə yalnız işçilər üçün problem deyil. Bunların hər ikisi bütöv iqtisadiyyat üçün təhlükə yaradır. Nə etməli? Öz məhsullarını satmağa can atan sahibkarlar qazanclarının azalmasının qarşısını almaq üçün işçilərin istehlak problemlərini həll edəcək çıxış yolu tapırlar – kredit. “Xalçanı götür apar, problem yoxdur, pulunu yavaş-yavaş ödəyərsən!” üsulu böhranı aradan qaldırır. Vitrinlərdə yığılıb qalmış xalçalar yenidən alınmağa başlayır, işçilər öz maaşlarının 10, 20 misli dəyərində məhsulları rahatca alıb istifadə edirlər və iqtisadiyyat yenidən canlanır. Artıq sahibkarlar da gəlirlərinin azalmasından narahat deyillər – onlar kredit alıb sərmayeni, işçilərin maaşlarını artıra bilərlər. Rəqabət isə, dayanmadan öz işini görməkdədir. Tezliklə “daha ucuz kredit” verməyə can atan bank sahibləri bank faizlərini aşağı salmaq üçün mübarizə aparırlar. Onlar hökumətə “əgər bank faizlərini azaltmasanız, iqtisadi artım zəifləyəcək!”, “Bank faizləri insanlara bizneslə məşğul olmağa imkan vermir!” kimi sloqanlar əsasında təzyiq edir və faizlərin tədricən azalmasına nail olurlar. Amma, hara qədər? Mümkün qədər aşağı salınan bank faizləri getdikcə bankların da qazanclarının azalmasına səbəb olur. Bankların qazancları azaldıqca onlar daha az kredit verir, daha az kredit alan sahibkarlar maaşları azaldır və getdikcə daha az qazanc əldə etməyə başlayırlar. Maaşların azalması istehlakçılara daha böyük çətinlik yaradır. Onlar əvvəldən yığılıb qalan kredit borclarını ödəməkdə çətinlik çəkirlər. Faiz dərəcələrinin azalması nəticəsində artan inflyasiya isə tədricən azalmağa başlayır. Yəni, ödənilməli olan kredit borcunun dəyəri artıq əvvəlki kimi azalmır.[14] Yüksək qiymətlər və aşağı maaşlar arasında ziddiyyət, çox keçmir ki, müvəqqəti olaraq təxirə salınmış böhranı qaçılmaz edir.[vi]

Nəticə

İstismar istehsal alətləri üzərində özəl mülkiyyət hüququ və rəqabətə əsaslanan sistemin kökündə dayanan prinsipdir. Marksın Əmək Dəyər Nəzəriyyəsinin əsas tezisi olan istismar kapitalizmin bu yazıda sadalanması mümkün olmayan bir çox digər ziddiyyətlərinin kökündə dayanır. Lakin istismarı dialektik tarixi materializmdən və sinfi mübarizədən kənar anlamaq, onu yarımçıq anlamaq deməkdir. İşçinin 16 yaxud 8 saat işlədilməsi, onun bir aya 100 yaxud 1000 manat maaş qazanması istismar prosesini ləğv etmir. İş şəraitinin pisliyi və işçiyə qarşı ədalətsiz davranışlar istismar və onun əmələ gətirdiyi ziddiyyətlər nəticəsində baş verən hadisələrdir. Bu hadisələr istismarı xarakterizə etsə də, bu vəziyyətin aradan qaldırılması hələ ki, istismarın, yəni kapitalizmin fundamental ziddiyyətlərinin aradan qaldırılması demək deyil. Ziddiyyətlər aradan qalxmadıqca, bu ziddiyyətlərin nəticələnəcəyi böhranlar zaman-zaman onsuz da davamlı olaraq istismar vasitəsilə əzilən milyonlarla insanı daha böyük fəlakətlərə düçar edəcəkdir.

Əgər biz mövcud iqtisadi-sosial quruluşu kapitalizm olaraq qəbul ediriksə, deməli, istisnasız olaraq istismarın varlığını da qəbul edirik. Bir anlıq ətrafımızdakı gündəlik istifadə etdiyimiz əşyaların necə, hansı şəraitdə və kimlər tərəfindən istehsal olunduğunu düşünmək bizə bu sadə həqiqəti anlamağa yardım edə bilər.

Qeydlər:

[1]Əmtəənin bazardakı qiyməti ilə onun dəyəri arasında fərqi burada izah etməyə imkan yoxdur, lakin bu iki mövhum fərqlidir və “Marksizmdə transformasiya problemi” olaraq müzakirə olunur.
[2] Puldan başqa, hər hansı bir əşyanı eyni zamanda həm satmaq, həm də istifadə etmək mümkün deyil.
[3] Texnologiyanın bütövlükdə dəyəri, yaxud bazar qiyməti dəfələrlə çox olsa da, burada hər bir texnologiyanın istifadə müddəti bitənə qədər istehsal olunmasında istifadə edildiyi hər bir xalçaya düşən dəyər nəzərdə tutulur.
[4] Yuxarıda qeyd etdiyimiz kimi, dəyər və qiymət arasında transformasiya problemi cari mətndə müzakirə olunmur.
[5] Əmək haqqının müəyyən olunması istehsalatda rəqabət və əmək bazarında tələb-təklif qanununa əsasən müəyyən olunur.
[6] Yəni, işçinin əmək qüvvəsi əmək bazarında hər hansı digər bir əmtəə kimi ticarət subyektidir.
[7]Əslində, fərdi istehsalatın xərclərinin müəssisənin xərclərindən hər xalçaya görə daha az olduğunu güman edə bilərik.
[8]İddia etmək mümkündür ki, manufaktura yüksək texnologiyaya sahib olmadan eyni müddət ərzində müəssisəyə nisbətən iki dəfə az sayda xalça istehsal edirdi. Lakin, texnologiya xarici – ekzogen faktordur. Vergi, icarə, texnologiya, xammal dəyəri və s. kimi faktorlar şəraitə görə dəyişir. Məsələn, fərdin texnologiyanı almağa imkanı olduğunu güman etsək, onun istehsalatının saat hesabı istehsal olunan xalçaların miqdarı mənasında müəssisədən fərqlənmədiyini güman edə bilərik.
[9] Fərz edək ki, texnologiyanın hazırlanmasına sərf olunan 2 manat – ümumiləşdirilmiş əmək bu texnologiya vasitəsilə texnologiyanın istifadə müddəti bitənə qədər tədricən hər bir xalça istehsal olunarkən ona transfer olunur.
[10] İstehsal alətləri üzərində mülkiyyət hüququndan doğan səbəblərdən icarə haqqı kapitalist sisteminə birbaşa bağlıdır. Bəzi klassik iqtisadçılar dəyərin torpaqdan (land) yarandığını iddia edirdilər və bu Marksizmdə xüsusi müzakirə mövzusudur.
[11] Kapitalist sistemin təhrik etdiyi rəqabətdən doğan səbəblərdən dolayı yenidən sərmaye yatırımı iqtisadi inkişafın əsas şərtidir.
[12] Ona görə şərti ki, bu iki qrup arasında qeyd olunan şərtlər daxilində birbaşa keçid yoxdur.
[13]Cəmiyyət üçün lazım olan ehtiyacları bazar, qiymətlər sistemi, tələb-təklif qanunu müəyyən edir. Bu qanun, təbii ki, tarixi istehsal dövrünə müvafiq olaraq müəyyən olunur. Tələb-təklif qanunun nə qədər şərti olmasını K. Marks “əmtəə fetişizmi” çərçivəsində, eyni zamanda Kapitalın birinci cildinin 26-cı bölməsində (İlkin kapital yığımının sirləri) geniş müzakirə edir.
[14] Düşünün, Azərbaycanda 2008-ci ildə kredit alanlar onu növbəti bir neçə ildə necə asanlıqla qaytarırdılar. İndi isə, vəziyyət o qədər də asan deyil.

[i]Foley, Duncan. The Value of Money the Value of Labor Power and the Marxian Transformation Problem Review of Radical Political Economics SUMMER 1982 14: 3747.
[ii]Marks, Karl. Alman İdeologiyası. Şəhər və Kənd; Smit, Adam. Millətlərin Zənginliyi, III kitab, bölmə 3, 12; Smit, Adam. Yurisprudensiya haqqında mühazirələr.
[iii]Harvey, David. Limits to Capital. Verso, 2006, Oxford, 45.
[iv]Ibid, 156-176.
[v] Ibid, 190.
[vi] Ibid, 292.

İstifadə olunan mənbələr:

  • Foley, Duncan. The Value of Money the Value of Labor Power and the Marxian Transformation Problem.Review of Radical Political Economics, 1982.
  • Marks, Karl. Alman İdeologiyası. Şəhər və Kənd.
  • Smit, Adam. Millətlərin Zənginliyi.
  • Smit, Adam. Yurisprudensiya haqqında mühazirələr.
  • Harvey, David. Limits to Capital. Verso, 2006, Oxford..