“Manifest”ə Ön söz

Print Friendly, PDF & Email

Məmməd Süleymanov

“Avropada bir kabus dolaşır, kommunizm kabusu” ilə başlayıb, “Bütün ölkələrin proletarları, birləşin!” çağırışı ilə tamamlanan 166 yaşlı kitabın kustar tənqidi də elə bu 2 cümlənin “təftiş”i üzərində qurulur. Yəni, “Ölülərlə nə işiniz var?” və “Hanı sənin o proletariatın?” ritorikası ilə. Ancaq yanılırlar.

Onda yanılırlar ki, “İndiyədək mövcud olmuş bütün cəmiyyətlərin tarixi siniflərin mübarizə tarixidir” yazan Marks və Engels inqilabi inkişafın yolunun antaqonist siniflərin ölüm-dirim savaşından keçdiyini vurğulayanda, nə vaxtsa feodallar üçün də burjuaziyanın kabus olduğunu göstərirlər – Sanki yoxdu, gəldi və qalib gəldi. Artıq tarixdə mütərəqqi imkanlarını tükətmiş burjuaziya da öz kabusunu gözləyir – o kabusu ki, özü yaradıb.

O ki qaldı ikinciyə (“Hanı sənin proletariatın?”), öz təlimi özünün başına uçmuş neoliberal (və artıq tövbədə bulunan) Fukuyama kimi, bu sinfin tükəndiyini, “əridiyi”ni, yox olduğunu söyləyənlər də yenidən yanılırlar.  Elmi kommunizmin ilk proqram sənədi olan “Manifest”də müəlliflər heç də məxsusi olaraq “zavod və fabrik fəhlələri”, yaxud, ümumiyyətlə “fəhlə sinfi” üzərində dayanmırlar. Onlar üçün, proletariatın tərifi qısa və konkretdir: 1 muzdludurlar və 2. istismar olunurlar (Bunun tərsinə olaraq, burjuaziya – 1. istehsal vasitələrinə sahibdir və 2. ya birbaşa, ya dolayısı yolla muzdlu işçiləri istismar edirlər). Bir sözlə, proletariat – izafi dəyər yaradan, istehsal vasitələri üzərində mülkiyyət hüququ olmayan, işçi qüvvəsini satmaq hesabına yaşayan sosial sinifdir. İndi də dönün 4 yanınıza və baxın – proletariat hər yerdədir. O, zavod və fabriklərdədir, bank və şirkətlərdədir, dükan və sexlərdədir, orta və ali məktəblərdədir, işləyənlər və işsizlər arasındadır, jurnalistlər və uşaq dayələri sırasındadır.

Bir sözlə, kabus da qalır, proletariat da var. “Manifest”in ilk və son cümlələri nəinki doğrudur, həm də aktualdır. Məhz bu 2 cümlənin tez-tez müzakirə mövzusuna çevrilməsinin isə çox şəffaf səbəbi var: “Manifest”i az adam oxuyur, ancaq hamı yuxarıdakı cümlələri eşidib. Bu isə artıq Marksın publisistik qələminin gücüdür (Məsələ ondadır ki, “Manifest” Marks tərəfindən əslində təkbaşına yazılıb, Engels yalnız bəzi şifahi təkliflərini verib).

“Manifest” barədə V.Lenin yazmışdı: “Bu balaca kitab 2 bütöv cildə dəyər: onun ruhu ilə hələ də sivil dünyanın bütün təşkilatlanmış və mübarizə aparan proletariatı yaşayır və hərəkət edir”. Bu sözlərin deyildiyi vaxtdan 120 il keçib – biz isə təkrarlaya bilərik: “Bəli. Hələ də”.

“Manifest”i yazmağı Marks və Engelsə 1847-ci ildə “Ədalətlilər ittifaqı” sifariş verir. Yeri gəlmişkən, onların bu ittifaqa üzv olmasından sonra qurum adı dəyişərək “Kommunistlər ittifaqı” olur.

Marks və Engelsin hazırlayacağı proqram sənəd “Kommunist inamının simvolu layihəsi” adlanmalıydı, ancaq müəlliflərin ateist baxışları son variantın “Kommunist partiyasının Manifesti” adını daşıması ilə nəticələnir.

Biz marksizmin yenidən aktuallaşdığı bir dövrdə yaşayırıq. Son 100 ildə artıq 4-cü dəfədir bəşəriyyət nəzərlərini Marksa çevirir. İlk dəfə bu, 1-ci Dünya savaşının vakxanaliyasında baş verdi və marksizm nəinki baş verənləri analiz edən, həm də çıxış yolunu göstərən yeganə təlim (Qramşinin sözləri ilə desək, “praktika fəlsəfəsi”) oldu. Nəticədə proseslər 1917-ci ildə ilk sosialist dövlətinin yaranması və inqilabın Avropaya yayılması ilə nəticələndi.

Marksizmin ikinci dönüşü 2-ci Dünya savaşı illərinə və ondan sonraya təsadüf edir. 3-cü dəfə isə 1968-ci il hadisələri marksizmi yenidən ictimai-siyasi fikrin önünə çəkdi (“Saqqallı filosof universitetə dönür” – Marksın rəsminin altından Sorbonna tələbələri yazmışdı). Ancaq sosialist düşərgəsinin dağıdılması və SSRİ-nin süqutu Sol nəzəriyyəni uzun illər geriyə saldı. Və budur, yenidən Marksın qayıdışının şahidiyik.

Marksizmin öyrənilməsi isə məhz “Manifest”dən başlayır. Bu kiçik həcmli, asan oxunan, emosional əsərin bir çox müddəaları həm də Sol nəzəriyyəyə məxsusluğunu iddia edən bir çoxlarının (çeşidli “sosialistlər”, sosial-demokratlar) əslində hakim sinfin tərəfdarlarından fərqlənmədiyini sübut etmək üçün yardımçıdır. Necə deyərlər, “daxili tətbiq” üçün.

“Kommunist Manifest” kitabının üz qabığı

Marks və Engels “Manifest“də aydın şəkildə yazırlar: “Kommunistlər öz baxış və niyyətlərini gizlətməyi mənfurluq sayırlar. Onlar açıqca bəyan edirlər ki, məqsədləri yalnız mövcud ictimai quruluşun zor yolu ilə devrilməsi sayəsində əldə oluna bilər. Qoy hakim siniflər Kommunist İnqilabı qarşısında lərzəyə gəlsinlər. Proletariatın zəncirindən başqa itirəsi heç nəyi yoxdur. Əvəzində isə bütün dünyanı qazanacaq”.

Artıq buradan görünür: kim ki, Sistemlə müqaviləyə gedir, ona uyğunlaşmağa çalışır və islahatlardan dəm vurur – kommunist deyil. Yaxud, müəlliflər 5 fəsillik kitabın 3-cü fəslini elmə qədərki ( yaxud, qeyri-elmi) sosializmin təsnifatına sərf ediblər. Görürük ki, çoxlu “sosializm” və çoxlu “sosialistlər” var. Marks və Engels onların 5-ni sadalayır və bu 5 “sosializm”dən də 3-cü mürtəcedir.

Diqqət edək:

  1. feodal sosializmi – cəmiyyəti geriyə – feodalizmə sürükləyir və əsilzadələrin itirdiklərini qaytarmaq üçün burjuaziyanı devirmək istəyində proletariatı vasitə etmək niyyətindən qaynaqlanır.
  2. Xırda burjua sosializmi – guya ki, monopoliyaları xırdalamağa çalışır, sonunda isə yenə istismarın bərpasına və yeni iri monopoliyaların yaranmasına aparıb çıxarır. Bu, burjuaziya ilə proletariatın arasında sıxışıb qalan xırda burjuaziyanın təlimidir. “Onun son sözü – istehsalın sex forması və patriarxal kənd təsərrüfatıdır”.
  3. “Əsl” sosializm, yaxud Alman sosializmi – hələ feodal mütləqiyyətində batıb qalmış Almaniyaya kaptalizmin inkişaf etdiyi Fransadan gələn sosialist və kommunist ədəbiyyatı burada burjua dəyər və münasibətlərinin inkişafına sipər çəkmək təlimi kimi qəbul olunur. “O, alman millətini nümunəvi millət, alman meşşanını isə nümunəvi insan elan edir” – Marks yazır. Və üstündən onillər keçəcək, bu “alman sosializmi” nasizmi doğacaqdı. Marksın uzaqgörənliyinə təəccüblənməmək olmur.

Qeyri-mürtəce olan digər 2 sosializm isə 1.Burjua sosializmi və 2.Utopik sosializmdir.

Burjua sosializmi hətta bütöv bir sistem şəklində də işlənib. Misal: Prudonun “Yoxsulluğun fəlsəfəsi”. Burjua sosializmi haqda Marks və Engels “Manifest”də yazırlar: “Onlar hazırkı cəmiyyəti qoruyub saxlamağa çalışırlar, ancaq onu inqilabiləşdirən və parçalayan elementlərsiz. Onlar proletariatdan məhrum burjuaziya istəyərdilər. Burjuaziyanın hakim olduğu dünya onlar üçün ən yaxşı dünyadır”. Və burjua məhz proletariatın mənafeyi naminə burjua olub. Burjua sosializmi hazırkı dövrdə “İsveç modeli”, yaxud Qərb sosial-demokratlarının idarəçiliyi şəklində özünü göstərir. Digər qeyri-mürtəce sosializm – tənqidi-utopik sosializm haqqında isə klassiklər yazır: “Onun əhəmiyyəti tarixi inkişafla tərs mütənasib münasibətdədir”.

Beləliklə, “Sosialist və kommunist ədəbiyyatı” fəslində yazdıqları ilə müəlliflər sübuta yetirir: Kommunistin yuxarıdakı 3 mürtəce və 2 qeyri-mürtəce sosializmlə əlaqəsi olmamalıdır. Məgər bu, nəzəriyyəni anlamaqda bizim üçün də arxi-vacib deyilmi?

“Burjuaziya nəinki ölüm yayan silah, həm də o silahı özünə qarşı istiqamətləndirəcək adamları doğurub – müasir fəhlələri, proletarları” – “Manifest”də deyilir. Antaqonist siniflərin savaşı ölüm-dirim savaşıdır və təbliğatda proletariatı “ölmüş” elan etmək də buna hesablanıb.

“Manifest” elmi kommunizmin əlifbası olduğundan, onu səthi oxumaq olmaz. SSRİ-də bu kitab 1973-cü ilə qədər artıq 447 dəfə, 74 dildə  və ümumi tirajı 24 milyon 340 min olmaqla çap olunmuşdu. Bəs hanı onu oxuyanlar? – ritorik sualdır. Demək ki, pis oxumuşdular, ya da ümumiyyətlə oxumamışdılar. Bu da Sovet illərinin xüsusiyyətlərindən biri idi – Marksın təlimi yox, məqsədli şəkildə əzbərlənib şablona çevrilmiş ayrı-ayrı sitatlar ön plana çıxmışdı, təlimi şüarçılığa dəyişmişdilər. Odur ki, analiz etmək və öyrənmək istəyiniz yoxdursa, bu kitabı ümumiyyətlə açmayın…

Qeyd: 2014-cü ildə “Manifest” uzun illərdən sonra azərbaycan dilində növbəti dəfə nəşr olunub. Kitabı əldə edib oxumağı unutmayın. (red.)