Mirvari Qəhrəmanlı ilə müsahibə

Print Friendly, PDF & Email

Jurnalımızın bu say üçün nəzərdə tutulmuş müsahiblərindən biri hüquq müdafiəçisi; “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlıdır.[1] 

Mirvari Qəhrəmanlı

Mirvari Qəhrəmanlı

– Mirvari xanım, bir az əvvəldən başlamaq istəyirik. SSRİ-nin dağılması ilə birgə Azərbaycan bazar iqtisadiyyatı sisteminə keçir və bir çox sahədə olduğu kimi, neft sektorunda da özəlləşdirmələr başlayır. Xüsusilə neft sektorunda bu özəlləşdirmə prosesi hansı prinsiplər əsasında baş tutmuşdu? Bu sahənin bölgüsü necə aparılmışdı?

– Əslində dövlət səviyyəsində özəlləşdirmə olmayıb, bu proses qeyri-rəsmi olaraq aparılıb. Mən niyə bunu “qeyri-rəsmi” özəlləşdirmə hesab edirəm? Çünki bunlar köhnə yataqlara qoyulan sərmayələrdir. Yəni, əgər araşdırsaq görərik ki, bu köhnə yataqlar üçün müxtəlif əməliyyat şirkətləri yaradılıb və bunlar Azərbaycandan olan vəzifəli şəxslərin Off-Shore[2] zonalarda qeydiyyatdan keçirdiyi əməliyyat şirkətləri çərçivəsində həyata keçirilib.

Bu prosesləri mən qeyri-rəsmi özəlləşdirmə adlandırıram. Bir qrup oliqarxlar bundan faydalanır, dövlətlənir. Burada həm Neft Şirkətinin aldığı pay azalır, həm də insanların işlə təmin edilməsi azalır.

Məsələn, bu əməliyyat şirkətlərindən biri yaradılmamışdan əvvəl həmin yataqda 2500-ə qədər insan əmək haqqı alırdı, vəziyyətləri yaxşı idi. Və hasil edilən bütün neft Azərbaycana, ARDNŞ-nə  məxsus idi. Amma indi 50 faizi ARDNŞ-nə məxsusdur, hasilat artırılmayıb, işçilərin demək olar ki, 2/3-i işdən qovulub. Bu idarənin işçiləri yeni yaradılan şirkətə keçəndə artıq qanunvericilik pozulmuşdu.

“Əsrin Müqaviləsi” olaraq adlandırılan isə adicə neft müqaviləsi idi və tərəflər çox idi. Azərbaycan rəsmiləri, yaxud da ki neft sektorunda işləyən vəzifəli şəxslər deyirlər ki, Azərbaycanda o vaxt keçid dövrü idi, ölkə özünə nüfuz qazanmaq üçün, qarant qazanmaq üçün bu qədər şirkətin ölkəyə cəlb edilməsi prosesi mühüm idi. Amma mən belə fikirləşirəm ki, bu müqavilələr Azərbaycan üçün əlverişli deyildi, ancaq bu, tamamilə başqa bir məsələnin mövzusudur.

– Yəni, Azərbaycan neft sektorunda rəsmi özəlləşdirmə yoxdur?

–  Xeyr, yoxdur.

Bəs xarici şirkətlərin fəaliyyəti nədən ibarətdir?

– Onlar sadəcə hasilatın pay bölgüsü sazişində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıblar və fəaliyyətləri də bu çərçivədədir. 1997-ci ilə kimi 20-ə yaxın şirkət oraya sərmayə qoyub. Hər birinin orada payı var və Azərbaycanın payı isə, səhv etmirəmsə, 20 faiz idi. Bu özəlləşdirmə deyil, sadəcə yataqlara qoyulan sərmayədir.

– 90-cı illərdən etibarən işçilərin vəziyyəti necə olub?

– Ümumiyyətlə, ARDNŞ-də 3-4 dəfə struktur dəyişikliyi aparılıb. Birinci struktur dəyişikliyi, səhv etmirəmsə, 1992-ci ildə olmuşdu. Bu zamana qədər neft strukturu “Azərbaycan Dövlət Neft Konserni” adlanırdı. Çox da uzun çəkmədi bu.

Əvvəl Azərbaycan Dövlət Neft Konserninə Sənan Əlizadə başçılıq edirdi. O zaman işçilərin sayı lap çox idi. Ona görə ki, Sovetlər hələ tamamilə dağılmamışdı, əlaqələr davam edirdi. Və sonra müstəqilliklə əlaqədar 1992-ci ildə ARDNŞ yaradıldı və şirkətin tərkibində müxtəlif baş idarələr yaradıldı. Həmin dövrdə bu sahədə 80 mindən çox işçi çalışmaqda idi. Təqribən 10 milyon ton neft hasil edilirdi.

Getdikcə strukturda dəyişiklər edildi, çoxlu vəzifələr yaradıldı və ən təəccüblüsü isə bu oldu ki, hasilat aşağı düşməyə başladı.

Paralel olaraq bölgülər aparılmağa başlanıldı. Hasilatın pay bölgüsü kontraktları imzalanırdı. Ölkədəki siyasi proses neft şirkətində kadr siyasətinə də öz təsirini göstərdi. Burada da artıq yerlibazlıq başladı və bu da korrupsiyaya gətirib çıxardı. Güclü kadrlar demək olar ki, neft sektorundan uzaqlaşdırılırdı və bu da hasilata ciddi təsir göstərdi. 1993-cü ildən 2005-ci ilə qədər Natiq Əliyev ARDNŞ-nə rəhbərlik etdi. Natiq Əliyev işçilərin sayının azaldılması üçün ixtisarlar aparmırdı. O belə bir qərar verdi ki, işçi qəbul etməyək, təqaüdə çıxanlar və işdən ayrılanlar hesabına işçilər azalsın. ARDNŞ-də 2005-ci ilə qədər 60 minə yaxın işçi var idi. Artıq hasilat 8 milyon tona düşmüşdü. 2006-cı ildə Rövnəq Abdullayev ARDNŞ-nə başçı təyin edildi və demək olar ki, bütün kadrlarda dəyişiklik apardı. Məhz bu, neft hasilatının azalmasının səbəbi oldu. Müxtəlif və bir-birinin işini görən paralel şöbələr yaradıldı. İmtiyazlı kimlərsə üçün şöbələr, iş yerləri yaradıldı və bu insanlara da çoxlu əlavə xərclər çəkildi. Şirkətdə vəzifədə olan şəxslərin demək olar ki, hər birinə bahalı xidməti maşınlar verildi. Və bununla 60 minlik sektor tezliklə 75 minə qədər yüksəldi və idarə olunmaz, qarışıq bir struktur  əmələ gəldi. Hasilat isə 7 milyon tona düşdü. Bundan sonra isə məcbur qalıb yoxlamaları və audit işlərini başlatdılar.

– Bəs bu gün vəziyyət necədir? Hal-hazırda neft sektorunda nə qədər işçi var və onların gəlir bölgüsü necədir?

 – Bu gün neft şirkətində işçilərin sayını təyin etmək çətindir. 2014-cü ilin yanvarına 60 min işçi var idi. Ötən il müəyyən idarələr neft şirkətinin tərkibindən çıxarıldı və bununla da böyük ixtisarlar aparıldı. Və onu da qeyd edim ki, 2013-cü il seçki ili olduğundan çox ehtiyatlı bir mövqe tutulmuşdu. Ən əsası da, təqaüdçülərin işdən çıxarılması və müvəqqəti əmək müqavilələrinin bağlanması prosesi oldu. Qanunvericilikdə elə bir maddə yoxdur ki, təqaüdçü işdən çıxarılmalıdır.

Bunu da qeyd edək ki, əslində ixtisarlar aparılmalıdır. Bu ona görə labüddür ki, işçilərin sayı ilə hasilat ziddiyyət təşkil edir. Çünki illik hasilat 7 milyondur və şirkət hasilatı qaldırmaq üçün heç bir iş görmür. Köhnə yataqlara sərmayə qoyulmur, həmin yataqlarda işləyən işçilərə diqqət edilmir. Halbuki hasilatın qaldırılması üçün tədbirlər planı hazırlanmalıdır, amma yox, edilmir.

– Nəyə görə edilmir?

 – Mən belə fikirləşirəm ki, şirkətdə sadəcə olaraq mütəxəssisləri azaldıblar. Belə bir sahədə təəssüf ki, qohumbazlıq, tanışlıq işlədilir. Hasilatda təcrübəsi olmayan birini, hansısa səbəbdən gətirib buraya təyin edirlər. Belə olan halda hasilat necə qaldırıla bilər?!

ARDNŞ və dövlət arxayın olublar ki, Azəri, Çıraqlı və Günəşli yataqlarının işləməsi ilə mənim hasilatım var. Amma 2010-cu ildən hasilat düşmüşdür. Bu il Dövlət Neft Şirkətinin-Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin çıxartdığı ilə ümumi olaraq 43 milyon ton neft hasil olub və bu, get-gedə azalır. Neftciler

– Bəs ixtisarlar hansı formada aparılır, sadəcə fiziki işdə işləyənlər, yoxsa fərqi yoxdur?

 – Ən çox mühəndis-texnik  və çoxlu sayda fəhlələr ixtisara düşüb. Ən pisi isə bu ixtisarlar davam edəcək. Ancaq ARDNŞ-də fəhlə yox, idarə işçiləri daha çox ixtisar olunmalıdır. Çünki ARDNŞ-də fəhlə və mühəndis-texnikə daha çox ehtiyac var. Axı istifadə edilən avadanlıqlar bunu tələb edir, fiziki işlər daha çoxdur. Əsas ixtisarlar yuxarıda, şirkətin mərkəzində aparılmalıdır.

-Aparılırmı?

– Yox, aparılmır. Heç bunu edə də bilməyəcəklər. Çünki orada işləyənlərin əksəriyyəti qohum-əqrəbadır. Bu qədər vitse-prezident, bu qədər şöbələr, bu qədər katibələr, xadimələr, köməkçilər nə qədər vacibdir? Amma bunlara toxunmurlar. Fəhlənin isə “sahibi” yoxdur.

Üstəlik, islahatlar 2006-cı ildən başlanmalı idi. Bu, mərhələ-mərhələ aparılmalı idi ki, ölkədə işsizlik çoxalmasın. Əsasən də yaşı 50-dən çox olan insanlar ixtisara salınır. Bəs bu insanlar bu yaşdan sonra harada iş tapa bilər?!

– Siz ixtisarlarla bağlı proqnoz verərkən bunu da qeyd edirdiniz ki, ixtisara salınanlar üçün proqram hazırlanmalı və işsizliyin yüksəlməməsi üçün bunlar tətbiq edilməlidir. Digər tərəfdən də, iş proqramından əlavə, bir də işçilərə əmək haqqı həcmində 5 aylıq kompensasiya təklif olundu. Bunlarla bağlı vəziyyət nə yerdədir?

– İxtisar olunanlar üçün 1 illik proqram hazırlandı və vəd verildi ki, hər ay əmək haqqının 50 faizi qədər ödəniş olacaq, tibbi sığorta saxlanacaq və sizə iş axtarılacaq. Ancaq hələ də bizə zənglər olur ki, “işsiz qalmışam, işlə təmin olunmamışam, məni aldadıblar”. Və yaxud  deyirlər ki, “Çox uzaq bölgədə iş təklif edirlər, və bilirlər ki, mən bundan imtina edəcəyəm”.  Yəni, insanların hamısını işlə təmin edə bilməyiblər. Məsələn, çıxarılan işçilərdən biri bizə müraciət edərək daxil edildiyi proqramın nəticəsini danışır: “Mənə iş təklif etdilər. Həmin işdə əmək haqqı o qədər az idi ki, razı olmadım və məni proqramdan çıxartdılar”.

Digər tərəfdən də, işçilərdən kim ki, konpensasiya ilə razılaşdı,burada da başladılar onlardan vergi tutmağa. Düşünün. Bununla bağlı əmrlərlə tanış olduq və gördük ki, əksəri qeyri-qanunidir.

– Ümumiyyətlə, Azərbaycan tarixinə baxanda görürük ki, işçilərin öz hüquqları uğrunda mübarizəsi, əsasən, neft işçilərinin üzərinə düşüb. Bəs indi necədir? Neftçilər öz huquqlarını qoruya bilirlərmi?

– İlk öncə fəxrlə onu deyim ki, mən özüm 90-cı illərdə Müstəqil Həmkarlar Təşkilatının rəhbəri olmuşam və elə neft sektorunda Azərbaycandakı tətillərə də başçılıq etmişəm. Bu sahədə maraqlı təcrübəmiz olub. Misallarla deyim.

İlk tətillərimizdən biri Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin Xəzərdənizneftsosialtikinti trestinin Lökbatan sahəsində olmuşdu. Əsas səbəb əmək haqqı tələbi idi.  Biz bir dəfə yuxarı instansiyaya müraciət etdik, lakin cavab verilmədi .Burada təşkil etdiyimiz tətil sayəsində işçilərin əmək haqqını qaldıra bildik. Məsələn, həmin vaxt bizim əmək haqqı üzrə bir mühəndisimiz var idi, həmin birlikdə əmrlərin hazırlanmasında yol verilən səhvi tapmışdı. Biz o səhvi tapdıqdan sonra hesablama apardıq və gördük ki, bizi 15 faiz aldadıblar. Və bunu da aradan qaldırdıq. Orada 3 min işçi tətilə qoşulmuşdu. Onların əksəri həmkarlar təşkilatının üzvü idi. Məhz bu, Həmkarlar təşkilatı üçün nüfuz deməkdir, işçilər bizə etibar edirdilər. Həmçinin idarə rəhbərliyi də bizimlə, fəhlələrlə çox ehtiyatlı davranırdı. Hər hansı bir haqsızlıq qarşısında etirazdan, tətildən ehtiyat edirdilər. Amma tətilin nəticəsi olmasa, həç kəs sənə inanmayacaq.

İkinci tətil dalğası 2005-ci ildə xarici şirkətlərdə başladı. McDermott, BossShelf və s. Burada da tələb əmək haqqı, tibbi sığorta, əmək müqaviləsi idi. Həmin şirkətlərdə işçi həddən artıq çox idi. Onların öz həmkarlar təşkilatı qeydiyyata götürülmədiyindən, məcburən mərkəzlə işləməli olurdular, amma bizimlə də əlaqə saxlayırdılar. Respublika Həmkarlar Təşkilatının sədri, şirkət rəhbərləri tətili saxlamaq istədi, amma buna nail ola bilmədi. Rəhbərlik mənlə əlaqə saxladı və mən də təklifimizi dedim. Və bu tətil də uğur qazandı.

Sonrakı mərhələdə isə 2012-ci il aprel ayında AZFEN-də 75 nəfər tətil keçirdi. Rəhbərlik bunu gizlətmək istədi, amma gizlədə bilmədilər. Onların ərizələri bizdə idi. Biz həm BP, həm də AZFEN rəhbərliyi ilə dialoq qurduq və fəhlələrin tələblərin hamısı yerinə yetirildi.

Sonrakı dalğa 2012-ci ilin may ayında Balaxanı Əməliyyat şirkətində başladı. 315 nəfərin ərizəsi vardı məndə. Artıq bizim də bununla bağlı təcrübəmiz var idi. Dialoqa başlamazdan əvvəl şərtləri Əmək Müfəttişliyinə bildirdik. Bu şərtlər əmək haqqı, iş yerinin şəraiti, tibbi sığorta və bir neçə kiçik məsələ idi. Sonra isə şirkətin rəhbərliyi ilə dialoqumuz oldu. İndi mən oradakı müdiriyyətlə demək olar ki, hər ay danışıram. İş yerlərinin hamısını remont elətdirdilər, tibbi sığortaları qaydaya saldılar. Oradan bir fəhlə belə şikayət edən kimi, rəhbərliklə əlaqə saxlayıb həll edirik.

Sonrakı tətil-BossShelf-də, ötən ilin martında baş tutdu. Bu tətil Azərbaycandakı fəhlə tətilləri içərisində ən ciddi olanlardan biridir – 2500 nəfər iştirak edirdi. Fəhlələr ilkin olaraq həmkarlar təşkilatının sədrini seçdilər. Əvvəlki həmkarlar təşkilatı demək olar ki, heç nə etmirdi. Edə də bilməzdi. Çünki o təşkilat fəhlələrdən qopmuşdu. Rəhbərliklə əlaqə saxladıq və bizi ciddi qəbul etmədilər. Sonra məsələnin böyüməsi ilə onları fəhlələrlə dialoqa cəlb etdik.

BossShelf, PSH, PCL, McDermott, AZFEN-də həmkarlar təşkilatları yarandı. Bu uğurların hamısı tətillərin nəticəsi idi. O işçilər tətillər nəticəsində bir çox şeyə nail oldular.neftci2

– Bu tətillərə reaksiyalar necə oldu? Həm ictimaiyyətdən, həm dövlətdən, həm də digər işçilərdən? Xüsusilə, son BossShelf tətilinə?

– Dövlət tərəfindən tətillərin heç birində maneəçilik olmadı. Çünki biz bütün fəaliyyətimizi qanunauyğun qurmuşduq. Çünki biz fəhlələrlə əlaqə saxladıqca, tətil keçirməyin hüquqi yollarını ətraflı izah edirdik. Əgər bu tətildə fəhlələrin yanında heç kim olmasa idi, yəqin ki, nəticə çox pis olacaqdı. Onlar fəhləyə təzyiq edərək tətilin şirkətə vurduğu ziyandan, ləngimədən fəhləni günahkar sayacaqdılar.

Əslində tətilə həmkarlar təşkilatı rəhbərlik etməlidir, fəhlələri o mühafizə etməli, ilk addımları o atmalıdır. Ancaq Azərbaycanda müstəqil həmkarlar ittifaqı demək olar ki yox səviyyəsindədir. Hazırkı həmkarlar təşkilatları demək olar ki, işəgötürənin tərəfində olurlar və yeni həmkarlar təşkilatının yaranmasına da imkan vermirlər. Üstəlik, qanuna zidd olaraq işəgötürən də həmkarlar təşkilatının üzvüdür. Bu da o deməkdir ki, Azərbaycandakı həmkarlar təşkilatları rəislərin, müdirlərin qeyri-rəsmi sturukturudurlar. Bu təşkilatlar müstəqil deyil, işəgötürəndən qorxur, fəhlənin mənafeyini müdafiə etmir.

Ona görə də Azərbaycanda fəhlələr arasında qanunauyğun, sivil tətillərin keçirilməsinə ehtiyac var və bu çox vacibdir. Bu ona görə olmalıdır ki, bu gün Azərbaycanda işəgötürən ilə işçi arasında çox ciddi konflikt var və bu konfliktdə işçi çox müdafiəsiz qalıb. Tətilin nəticəsində isə işəgötürən başa düşür ki, o istədiyi vaxt işçini əzə bilməz, onu istismar edə bilməz, harınlaya bilməz.

Bəs bu qanunvericiliklə işçi hüquqlarını qorumaq mümkündürmü? Yəni, mövcud qanunvericilikdə işçi haqları hansı səviyyədə mühafizə olunur?

 – Düzü, SSRİ vaxtında olan əmək qanunvericiliyi ilə müqayisə etmək olmaz. Çünki indiki qanunvericilikdən, orada olan çoxlu maddələr çıxarılıb. Həmkarlar təşkilatlarının səlahiyyətləri demək olar ki, tamamilə azaldılıb. Amma indi də qanuni olaraq həmkarlar təşkilatının razılığı olmadan işçi işindən azad edilə bilməz. Bu yaxınlarda qanunvericilikdə əlavələr də oldu və yeni cəza metodu təyin edildi ki, bu da əmək müqaviləsi bağlamayan işəgötürəni çox ciddi şəkildə cəzalandırmağı nəzərdə tutur. Bununla bərabər, qanunvericilikdə elə maddələr var ki, bu, sırf işəgötürəni müdafiə edir.

Məsələn, Əmək Məcəlləsində belə bir maddə də var  – 45.4-cü maddə: “İşin daimi xarakterə malik olduğu əvvəlcədən bəlli olduqda, işçi ilə işəgötürən arasında müddətsiz əmək müqaviləsi bağlanılır”. Ancaq 47-ci maddənin “f” bəndi istisna olmaqla. Burada isə yazılır: “İki tərəfin razılığı ilə müddətli müqavilə bağlanıla bilər”. Bu maddənin təhlükəli tərəfi nədir? İşsiz biri gəlir, çarəsizdir və bundan istifadə edərək işəgötürən müvəqqəti müqavilə bağlayır. Müvəqqəti müqavilə isə imkan verir ki, işəgötürən istədiyi vaxt işçini işdən azad etsin. Məsələn, işəgötürən görsə ki, işçi çox tələbkardır, çox şeyə qarışır və haqqını tələb etməyə başlayır, onu işdən azad edəcək. Bizim dəfələrlə Əmək Müfəttişliyi ilə bu maddə barəsində mübahisəmiz olub ki, bu maddə qəsdən məcəlləyə salınıb. Digər bir tərəfdən də, parlamentdə oturanların əksəriyyəti işəgötürənlərdir. Bu qanunvericilik məclisdə müzakirə ediləndə, əlbəttə ki, onlar özləri üçün əlverişli olan variantı seçirlər.

Əgər təsdiq olunsa, bizim təşkilat bu ilin avqust ayından bir layihəyə başlayacaq. Bu layihə çərçivəsində biz mövcud qanunvericiliyin analizini aparacağıq. Məsələn, Sığorta haqqında qanunda işçini müdafiə etməyən maddələr var. Tutaq ki, həmin qanunvericilikdə qeyd edir ki, əgər işçi iş yerinə həlak olarsa, onun pulu yanlız həddi-buluğa çatmayan uşağına görə verilir. İndi düşünün ki, işçi iş qəzasında ölüb və onun həyat yoldaşı 50 yaşlarında bir qadın, nə təqaüd ala bilir, nə də ki, işə götürülür. Və bunlar qanunvericilikdəki boşluqlar deyil, bilərəkdən daxil edilmiş maddələrdir. Yüzlərlə, minlərlə işçilər var ki, bu qanun “boşluqlar”ından dəhşətli şəkildə əziyyət çəkirlər.

Amma bunu da qeyd edim ki, qadın hüquqları ilə əlaqədar qanunvericiliyimiz güclüdür. 4-5 il öncə xarici şirkətlər bu qanunvericilikdə olan şərtləri yerinə yetirmirdilər. Biz hüquqi əsaslarla onları məcbur edirdik ki, qanunvericilikdə qoyulan şərtlər yerinə yetirilsin. Məsələn, şirkətin əsasnaməsində qadına hamiləlik və doğuma görə sadəcə 6 ay vaxt verilirdi. Amma bizim qanunvericilikdə bu müddət 3 ildir. Sonra, əgər qadının öhdəsində 14 yaşına qədər uşaq varsa, bu qadına tam olmayan iş günü, tam olmayan iş həftəsi verilə bilər. İşə götürənin bundan imtina etmək hüququ yoxdur.

– Bəs icra olaraq dövlət burada nə qədər maraqlıdır? Məsələn, Əmək Müfəttişliyi, məhkəmə orqanları və s. Burada həm məhkəmələrin aldığı qərarları, həm də onun yerlərdəki icrasını nəzərdə tuturuq.

– Qanunvericiliyin icrasına ictimai nəzarət həmkarlar təşkilatındadır, dövlət nəzarətini həyata keçirən Əmək Müfəttişliyidir və işçinin 1 ay müddətində, bütün bu qərarlardan razı olmadığı halda şikayət edəcəyi qurum məhkəmələrdir. Məlum məsələdir ki, Azərbaycanda müstəqil Həmkarlar Təşkilatı yoxdur, işəgötürənin nəzarətindədir. Buna görə də haqqı pozulan işçilərin 80%-i həmkarlar təşkilatına müraciət etmir. Hətta o bilmir ki, birinci növbədə həmkarlar təşkilatına müraciət etməlidir. Hətta işçi bilmir ki, Əmək Müfəttişliyi var. Əgər işçi bilib Əmək Müfəttişliyinə müraciət edirsə – məsələn, işdə xəsarət alıbsa, şikəst olubsa, sonra bununla əlaqədar bizə müraciət edir ki, İZ (istehsalat zədəsi) aktı ala bilmir. Müşahidə etdiyimiz proseslərdə, yəni işçinin müdafiəsi proseslərində çox olur ki, Əmək Müfəttişliyi əksər hallarda məsuliyyətsizlik göstərir. Məsuliyyətsizlik nədən ibarətdir? Əmək Müfəttişliyi gəlib idarədə görür ki, orda qanunvericilik pozulub, ancaq işçini o qədər də müdafiə etmir, hətta cavabı da gecikdirir. Halbuki 1 həftə ərzində cavab verməlidir, tədqiqat aktı hazırlamalıdır, həmkarlar təşkilatının iştirakı ilə yoxlama aparmalıdır. Məsələn, əməliyyat şirkətlərinin birində 2010-cu ildən bu yana 2 mindən çox işçinin işdən azad olunmasının əsas səbəbkarı Əmək Müfəttişliyi olub. Çünki biz zamanında Əmək Müfəttişliyinə bu şirkətin yaradılması ilə əlaqədar işçilərin qəbulunda ciddi qanun pozuntusu (Əmək Məcəlləsi, 63-cü maddə) olması ilə bağlı məktub yazmışdıq. Lakin Əmək Müfəttişliyi işçiləri müdafiə etmədi. Yəni, Əmək Müfəttişliyi və Həmkarlar təşkilatının fəaliyyəti, işçinin müdafiəsinə göstərdikləri münasibət eyni yöndədir.

Ancaq ötən il 81 məhkəmə işimizdən demək olar ki, 50-dən yuxarısı yerinə yetirilib. Amma problem məhkəmə qərarlarının icrasındadır. Xarici şirkətlərdə qərar sözsüz yerinə yetirilir, ancaq Dövlət Neft Şirkətində isə qərarın icrası gecikdirilir. Burada onu da qeyd edim ki, xarici şirkətlərlə müqayisədə yerli şirkətlərdə işçi faktoru daha arxa plandadır. Əgər sən yerli şirkətə qarşı məhkəməni udursansa, burada sənin üçün təzyiqlər və problemlər yaranır.

Bir də ki, burada qanunvericiliyin boşluqları haqqında da, yaxşı tərəfləri haqqında da danışdıq, amma bir də işçinin özünün qanunları bilməməsi məsələsi var. Bayaq sadaladım ki, qanunvericilikdə şikayətetmə mexanizmlərində dayanan Həmkarlar Təşkilatı, Dövlət Əmək Müfəttişliyi və məhkəmədir. Tutaq ki, işçini işdən çıxardırlar və onun 1 ay müddətində şikayət vermək ixtiyarı var. O da götürür yazır Heydər Əliyev Fonduna, Dövlət Neft Şirkətinə, Prezident Aparatına və onların cavabını gözləyir. Prezident Aparatı və Heydər Əliyev fondu göndərir Dövlət Neft Şirkətinə, o da öz növbəsində işəgötürənə göndərir. İşəgötürən də məktuba bir dənə möhür vurur ki, siz filan qanunla işdən azad olunmusunuz. Vəssalam, vaxt bitir.

-Əsasən neft sektorundan danışdıq, ancaq ümumiyyətlə, başqa sektorlarda vəziyyət necədir? Onlarda işçilərin əmək haqları, hüquqları, iş şəraitləri nə yerdədir?

 – Azərbaycanda digər inkişaf etmiş sahə tikinti sektorudur. Tikinti sektorunda əmək haqqı o qədər pis deyil, amma qanunvericilikdə bununla əlaqədar olduqca ciddi cəzalar nəzərdə tutulmasına baxmayaraq, bu sektorda ən əsas çətinlik işçilərlə əmək müqaviləsinin bağlanılmamasıdır. Bu o deməkdir ki, işçilər müxtəlif güzəştlərdən, təqaüdalma hüququndan, məzuniyyət hüququndan, analıq məzuniyyətlərindən, tibbi sığortadan məhrum olurlar. Gələcək üçün böyük fəsadlar doğurur bütün bunlar. Çünki zaman gələcək, onlar ortada qalacaqlar. Bu sektordakı ikinci böyük problem təhlükəsizlik qaydalarına riayət edilməməsidir. İnsan həyatı tamamilə təhlükədə olur. Başqa ölkələrdə geyimləri də, kaskaları da xüsusi verilir. Bizdə isə görürsən ki, işçi adi öz ayaqqabısı ilə işləyir. Həm də çox təəssüf olsun ki, çox vaxt onlar yeməklə, isti su ilə təmin olunmur, çox ağır iş şəraitində çalışırlar.

Bundan başqa müəllimlərdir, həkimlərdir, büdcə təşkilatlarıdır. Günümüzdə Azərbaycanda tibbin də, təhsilin də aşağı səviyyədə olmasının əsas səbəbkarı əmək haqlarının çox aşağı olmasıdır. Bütün ölkələrdə insan amili ilkin olmalıdır, bunun üçün də sağlamlıq və təhsil əsas rol oynayır. Bizim ölkəmizdə isə hər ikisi olduqca aşağı səviyyədədir, problemin kökündə isə əmək haqlarının aşağı olması dayanır. Özəl tibb sahələrində isə çox vaxt əmək müqavilələri olmur.

-Belə çıxır ki, neft sektoru digər sahələrlə müqayisədə daha yaxşı vəziyyətdədir?

– Əmək haqqına görə, qanunvericilik məsələlərinə görə, bəli, digərləri ilə müqayisədə daha yaxşıdır.
Düzdür, çoxları iddia edilər ki, neft işçiləri 1000 manata qədər əmək haqqı alır, amma məsələ elə də deyil.
Məsələn, dənizdə işləyən işçilər müəyyən əlavə ödənişlər alırlar ki, mən buna “qan pulu” deyirəm. Onlar gecələri yatmırlar, çətin şəraitdə işləyirlər, 15 gün ailədən uzaq qalırlar. Buna görə onların ödənişi yüksəkdir. Amma onların tarif maaşı 300 manatdır. Bu gün quruda işləyən neft çıxarma operatorunun əmək haqqı 330 manatdır. Quruda işləyən işçi 500 manatdan yüksək maaş almır. Dediyim səbəblərdən dənizdə işləyən işçi 1000 manat alsa da, bu məbləğ onun gördüyü işin heç bir şəkildə qarşılığı ola bilməz. Azərbaycan neftçisi çəkdiyi əziyyətin qarşılığını almır və almayacaq da, çünki getdikcə hasilat azalır.

Ancaq yenə də ən ağır vəziyyət inşaat–tikinti sektorundadır. Üstəlik qəribəsi odur ki, tikintidəki ağır vəziyyət göz qabağındadır, lakin nə Əmək Müfəttişliyi, nə də Əmək və Sosial Müdafiə Nazirliyi göz qabağında olanı qoruya bilmir. İaşə sahəsində də vəziyyət pisdir. Gecə səhərə qədər qabyuyan qadınlara baxın. Bütün bunlar göz qabağındadır axı. Əmək müqavilələri və ya təhlükəsizlik qaydalarına əməl edilmir.

Bu məsələdə ən çox hüquqları pozulan işçilər rayonlardadır. Rayonlardakı yol layihələrində, su layihələrində, tikintilərdə işləyənlər. Bax, onlar gözdən uzaqdadırlar, onlar ümumiyyətlə qanunun nə olduğunu bilmirlər. Onları təhqir də edirlər, pulunu da az verirlər və s. Qanun regionlarda lap az işləyir.

Qeydlər:                                                         

[1] Mirvari Qəhrəmanlı — hüquq müdafiəçisi; “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin rəhbəridir. SSRİ dönəmində birləşmiş həmkarlar təşkilatının sədri işləmiş, komsomolda çalışmış, keçmiş Orcanikidze rayonunda deputat olmuşdur. 1992-1994-cü illərdə ARDNŞ-nin Azərneft və Qazçıxarma üzrə baş idarə rəisinin kadr və sosial məsələlər üzrə müavini vəzifəsində işləmişdir. Milli Müqavimət Hərəkatında iştirak etmişdir. “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin yaradıcılarından biridir. Hazırda həmin təşkilatın rəhbəridir. Təşkilat 1996-cı ildə Azərbaycanın neft və qaz sektorunda çalışan insanların hüquqlarının müdafiəsi və ölkənin enerji sektorunda reallaşdırılan layihələr üzərində vətəndaş cəmiyyətinin nəzarətinin bərqərar olunması məqsədilə neft sektorunda çalışan bir qrup mütəxəssis tərəfindən yaradılıb. Yalnız 2006-cı ildə dövlət qeydiyyatına alınmışdır. ( Bax: www.nhmt–az.org).
[2] Off-shore (ing.) – qeyri-rezident olan xarici şirkətlərə xüsusi vergi və digər güzəştlər təqdim etmək yolu ilə xarici kapital cəlb edən maliyyə mərkəzləri (red).

Müsahibəni hazırladı:  Ayaz Şirinov, Toğrul Abbasov