Mübarizə Şəhərinin Qısa Tarixçəsi

Print Friendly, PDF & Email

Samirə Güney

Şəhərlər, tarix boyunca mədəniyyətlərin yarandığı, inkişaf etdiyi və yayıldığı ilkin mərkəzlər olmuşdur. Belə ki, ilkin şəhərlər həm də bəşər tarixinin ilkin mədəniyyətlərinin beşiyi idilər. Təsadüfi deyil ki, dilimizə ərəb dilindən keçmiş “mədəniyyət” termini ərəb şəhəri olan Mədinə şəhərinin adından öz kökünü götürmüşdür. Yaxud Latın dillərində mədəniyyət sözünün qarşılığı kimi işlənən “civilization”, şəhər mənasını verən “civitas”dan əmələ gəlmişdir.

Şanxay, yanvar 2014.

Şəhər anlayışını xarakterizə edən kriteriyalar əsasən əhalinin çoxluğu və sıxlığı, sosial təbəqələşmə, bazar, ticarət, istehsalat və istehlak prosesi, iş bolgüsü, heterogen sosial qrupların cəmləşməsi, siyasi idarəetmədə müəyyən azadlıqlar (bəzi dövrlərdə bütünlüklə) və s. kimi iqtisadi-sosial amillər olmuşdur.[1] Bütün dövrlərdə şəhərlərin yaranması və səciyyələndirilməsində iqtisadi amillərin daha böyük rolu olmuşdur. Misal üçün, Maks Weber şəhər anlayışından və xüsusiyyətlərindən bəhs edərkən, bir yaşayış məskəninin şəhər adlandırıla bilməsi üçün mütləq surətdə iqtisadiyyatının əkinçiliyə, yəni kənd təsərrüfatına deyil, ticarətə və istehsalata bağlı olması lazım olduğunu qeyd edərək, iqtisadi tərəfi ön plana çəkir. Bundan başqa, Belçikalı tarixçi Henri Pirenne də heç bir sivilizasiyada şəhərin ticarət və sənaye olmadan inkişafının mümkün olmadığını qeyd etmişdir. İstehsal və istehlak proseslərini ön plana çəkən Kastels isə şəhərin tərifini verərkən, “kollektiv istehlak” anlayışını əsas faktor kimi göstərir. Kapitalist münasibətlərin qurulması və “sənaye inqilabı”nın baş verməsindən sonra isə şəhərlər kapitalist istismarın dayaq nöqtələrinə çevrilmiş və mahiyyət etibarilə önəmli dəyişikliklərə məruz qalmışdır.

İlkin şəhərlər

Mezolit və neolit dövrünün əmək prosesində gələcək bütün ictimai iqtisadi formasiyaların əsasını təşkil edəcək mütərəqqi dəyişikliklər baş verir. Belə ki, əmək alətlərinin təkmilləşməsi ilə birlikdə, insanlar mənimsəmə təsərrüfat üsulundan istehsal təsərrüfat üsuluna keçirlər. Əkinçilik və maldarlıq kimi ilkin istehsal təsərrüfatına tamamilə keçid tarixə, Qordon Çayldın sözləri ilə -“neolit inqilabı” kimi keçir. Beləliklə, oturaq həyat və ilkin yaşayış məskənlərinin formalaşması dövrü başlayır. İqtisadiyyatın inkişafı nəticəsində nəsli icma daha çox ərzaq istehsal etməyə başlayır ki, bu da artıq məhsulun yaranmasına səbəb olur və sadə mübadilə formaları meydana gəlir. Məhsul artımı nəsli icmanın müəyyən üzvlərinin varlanmasına və sosial təbəqələşməyə gətirib çıxarır. Bundan başqa, insanların həyatındakı bu cür mütərəqqi iqtisadi dəyişiklərin baş verməsi nəticəsində insanların nisbətən asan şəkildə ərzaq və məhsul ilə təmin olunması öz növbəsində əhali artımına və onların e.ə. VIII-IV minilliklər ərzində daha əlverişli, geniş yerlərdə məskunlaşmasına təkan verir. Beləliklə, şəhərlərin yaranması üçün lazım olan ilkin iqtisadi sosial amillər artıq yaranmaqda idi. Digər amillər isə coğrafi-ekoloji amillər idi, hansı ki, insanlar rahat yaşamaq və təsərrüfatla məşğul olmaq üçün münbit torpaqlara malik dəniz sahillərini, çay hövzələrini, vadiləri seçirdilər. İlkin şəhərlər ekoloji cəhətdən insanların yaşaması və məskunlaşması üçün daha elvərişli əraziləri olan qədim Şərq ölkələrində (Mesopotamiya, Misir, Hindistan, Çin), Mezo-Amerikada, Aralıq dənizi sahilləri və Kiçik Asiyada meydana gəlmişdir. Mesopotamiyada ilk şəhərlər e.ə. 3500-4000-ci illər arasında ortaya çıxmışdır. Şumer şəhərlərindən olan Uruk dünyada yaranmış ilk şəhər hesab olunur. Mesopotamiyadan sonra bu mədəniyyətlər Suriya və Anadoluda təşəkkül tapır. Həmçinin e.ə IV minillikdə Misirdə Nil çayı hövzəsində şəhər tipli yaşayış məskənləri yaranır və onlar ilkin dövlət təşkilatı olan “nom”lara çevrilirlər. İndus vadisi və Çin də qədim urbanizasiya prosesinin getdiyi önəmli məkanlardan idi. Xüsusilə e.ə 2500-cü ildə yaranmış 50 mindən çox əhalisi olan Mohanco-daro mədəniyyətini qeyd etmək lazımdır. Marksist arxeoloq Qordon Çayld Qədim Şərqdə meydana gələn bütün bu dəyişiklikləri “şəhər inqilabı” adlandırmışdır. Çaylda görə, bu bölgələrdə həmin tarixlərdə əmələ gələn təsisatlar sadə əkinçilərdən yaranmış kiçik birliklər deyil, müxtəlif peşə və sinifləri ehtiva edən şəhərlərdir.

Ur şəhərinin hal-hazırdakı  qalıqları. İraq

Ur şəhərinin hal-hazırdakı qalıqları. İraq

Şəhərlərin salınması üçün yerlərin seçilməsində və idarəsində din amili də böyük rol oynamışdır. İnsanlar mənalandıra bilmədikləri bütün bu iqtisadi nailiyyətləri, təsərrüfatın inkişafını tanrıların adı ilə bağlayırdılar, buna görə də artıq məhsullar ilk olaraq dini məbədlərdə toplanırdı – ki, şəhərlərin yaranmasında izafi məhsulun mərkəzləşməsi amili böyük rol oynayır – və nəticədə ilkin şəhərlər məhz dini məbədlər ətrafında yaranır. Şəhərlərin və təsərrüfatın idarəsi erkən dönəmlərdə dini hakimlərin, kahinlərin əlində olmuşdur. Buna zikkurat adlanan dini məbədlər ətrafında qurulan şumer şəhərlərini və tanrıların şərəfinə adlandırılan yunan polislərini misal göstərmək olar. Ümumiyyətlə isə ilkin urbanizasiya prosesi hökmdar iqamətgahlarının, ticarət məntəqələrinin və su mənbələrinin ərtafında cərəyan edirdi. İqtisadiyyat və ticarətin inkişafı sosial təbəqələşməni gücləndirir, varlanmış sülalələr hakimiyyət uğrunda mübarizəyə başlayır və yeni istehsal münasibətləri ilk dövlət müəssisələri olan şəhər-dövlətlərin yaranmasına gətirib çıxarırdı. Mesopotamiyada erkən sülalələr dövründə şəhərlərin idarəsində ağsaqallar şurası və xalq yığıncaqları öz mövqeyini saxlasa da, mülki bərabərsizliyin inkişafı ilə əlaqədar olaraq, bu orqanlar yavaş-yavaş əhəmiyyətini itirir və müstəbid monarxiya hakimiyyət forması meydana gəlirdi. E.ə III minillikdə mülki bərabərsizlik və sinifi zidiyyətlərin kəskinləşməsi nəticəsində quldarlıq münasibətləri inkişaf etməyə başlayır, xırda istehsalçılar və azad insanlar müflisləşərək qul vəziyyətinə düşürlər. Beləliklə, erkən şəhərlərdə ilkin istismar metodları təşəkkül tapırdı.

Antik şəhərlər

Müasir şəhər anlayışına daha yaxın və onun başlanğıcı ola biləcək quruluşdakı şəhərlər məhz qədim Yunan və Roma şəhərləri hesab olunur. Qədim Yunanıstanda ilk şəhərlərin salınmasının e.ə. III-I minilliklərin arasında Krit və Miken mədəniyyətinin yaranması ilə əlaqəli olduğu guman edilir. Lakin e.ə. II-ci minillikdən başlayaraq, “dəniz xalqlarının köçü” nəticəsində Mikena mədəniyyətinin məhv edilməsi o dövrdəki şəhərlər və ictimai siyasi quruluş haqqında kifayət qədər məlumatın olmamasına səbəb olmuşdur. Minos və Miken sivilizasiyalarının məhvindən sonra antik yunan tarixi uzun müddət qaranlıq dövr yaşayır. Nəhayət, e.ə. VIII əsrdən etibarən şəhərlər yenidən yaranmağa başlayır.

Polislər e.ə. VIII əsrdən I əsrə kimi mövcud olmuş vətəndaşlıq sisteminə əsaslanan, tamamilə azad, özünün ordusu, dini, qanunları, xüsusi idarə sistemləri, özünəməxsus sosial-iqtisadi təsisatları olan antik şəhər-dövlətləri idi. Polislər kiçik qəbilələr tərəfindən salınmış kəndlərin birləşməsi nəticəsində yaranmışdı. Məsələn, Aristotel polisləri klanların, kəndlərin birləşməsi kimi təsvir edirdi.

Kəndlərin şəhərə çevrilməsinin kökündə ticarətin inkişafı dururdu. Bu ticari inkişaf nəticəsində puldan istifadə genişlənmiş, istehsal artmış və insanlar bazarların ətrafında məskunlaşmağa başlamışdılar. Nəticədə, bazarların olduğu kəndlər şəhərlərin yaranmasında mərkəz rolunu oynayır və digər kəndlərin iqtisadi həyatı bu mərkəzlərdən asılı hala düşürdü. Təsadüfi deyil ki, Yunan polislərinin inzibati quruluşunu şərtləndirən iki simvolik mərkəzdən biri “aqora”, yəni bazar meydanları idi. Aqora həm vətəndaşların iştirakı ilə şəhərin ictimai-siyasi işlərinin müzakirə edildiyi, iclasların keçirildiyi, həm də ticari, dini, mədəni həyatın əsasını təşkil edən mərkəz idi. Digər mərkəz Akropol isə yüksək təpədə salınan, müdafiə xarakterli və ilk vaxtlarda hökmdarların iqamətgahı olmuş ətrafı divarlarla hörülmüş qala idi.

Akropolisin hazırki görünüşü. Afina

Akropolisin hazırki görünüşü. Afina

Bu dövrdə Afina, Korinf, Sparta, Milet, Samos, Efes və Rodos kimi bir çox şəhərlər salınırdı. Antik yunan şəhərlərini digər qədim şəhərlərdən fərqləndirən ən mütərəqqi cəhət şəhərin sosial-siyasi təşkilatlanmasının vətəndaşlıq hüququ üzərində qurulması və tamamilə azad, bir-birlərindən heç bir asılılıqlarının olmaması ilə bağlıdır. Qədim Yunanıstanda şəhərləşmə prosesi daha sonralar (e.ə. VIII-VI əsrlərdə) Qafqazdan İspaniyaya, Egey, Aralıq, Qara dəniz sahillərinə, Kiçik Asiyaya qədər yayılmış və tarixdə “Grek Kolonizasiya Dövrü” kimi yadda qalmışdır. E.ə. IV əsrdə Makedoniyalı İsgəndərin tarix səhnəsinə çıxışı ilə yunan polisləri əvvəlki azadlıqları və mahiyyətlərini itirsələr də, bu urbanizasiya ənənəsi “ellinist mədəniyyət”in tərkib hissəsi kimi Böyük İsgəndər tərəfindən, işğal etdiyi bütün torpaqlara yayılmışdır. İsgəndərin, öz adını daşıyan 20-yə yaxın şəhər saldığı güman edilir ki, bunlardan ən əzəmətlisi o dövr üçün elmin və mədəniyyətin mərkəzi sayılan Misirdəki İsgəndəriyyə şəhəri olmuşdur.

Ellinizm dövründən (e.ə. IV-I əsrlər) sonra şəhərlərin yüksəlişi Roma imperiyasının hüdudlarında başlayır. Roma dövləti ellinist dövrün şəhərlərinin sistemini və nizamını daha da təkmilləşdirir. Roma şəhərlərinin hər birinin öz daxili muxtariyyəti var idi. Bu şəhərlər bir qayda olaraq düzbucaqlı şəklində qala divarları ilə hasarlanırdı. Hamamlar, arenalar-meydanlar, su kəmərləri, forum, məbədlər bütün roma şəhərlərini birləşdirən cəhətlər idi. Bundan başqa, hər bir şəhər idarəedici xalq məclisinə sahib idi. Şəhərin əhalisinin sayından asılı olaraq məclisdə 80-dən 600-ə qədər adam iştirak edirdi. İdarəetmədə yanlız adlı-sanlı əsilzadə varlı ailələr iştirak edə bilərdi. Şəhər əhalisinin çoxu isə şəhərdən kənardakı əkin sahələri ilə məşğul olur və buradan gələn gəlirlə yaşayırdılar.

Roma imperatorluğunun tənəzzül etdiyi bir dönəmdə, yəni eramızın III əsrindən etibarən, həmçinin şəhərlərin böhranı dövrü də başlayır. Belə ki, hələ II əsrdən başlayaraq, quldarlıq quruluşunun keçirdiyi tənəzzül, ticarətin, təsərrüfatın və sənətkarlığın dərin böhranına gətirib çıxarmışdı. Habelə, şəhərlərin böhranına səbəb kimi, sosial təbəqələşmənin güclənməsini və “şəhərin ruhu” hesab edilən məclislərin öz qüvvətini itirməsi ilə şəhərin idarəsinin ayrı-ayrı oliqarx ailələrin əlində cəmləşməsini də göstərmək olar. IV əsrdən başlayaraq isə Roma imperiyasının rəsmi olaraq xristian dinini dövlət dini elan etməsi ilə birlikdə şəhərlərin idarəsi hələ uzun müddət qərb dünyasında hegemonluğu əlində saxlayacaq xristian kilsələrinə keçməyə başlayacaqdı.

Qədim Roma şəhərinin modeli

Qədim Roma şəhərinin modeli

Antik şəhərin böhranı və erkən orta əsrlər

Qeyd etdiyimiz kimi, III əsrdən başlayaraq qərb şəhərlərinin böhran keçirməsi Roma imperiyasının tənəzüllü və quldarlıq ictimai-iqtisadi formasiyasının artıq dağılmaqda olması ilə bağlıdır. II əsrdən başlayaraq, qul əməyinə əsaslanan iri torpaq sahibliyinin inkişafı roma ordusunun əsasını təşkil edən azad kəndlilərin müflisləşməsinə gətirib çıxardığı üçün Roma imperiyasının hərbi qüvvəsi sarsılır. Hərbi istilaların azalması ucuz qul mənbəyini aradan qaldırır ki, bu da bilavasitə istehsalçıların istismar üsullarını dəyişdirməyi tələb edirdi. Nəticədə qulların əməyə marağını artırmaq üçün onlara torpaq sahələri və zəruri avadanlıqlar verilir, bunun müqabilində onlar da alınan məhsulun bir qismini ağalarına verir və ya onların torpaqlarında işləyirdilər. Son imperiya dövründən başlayaraq, qulların azadlığa buraxılması halları da çoxalmağa başlamışdı. Bu isə artıq quldarlıq quruluşunun dağılmasından xəbər verirdi. Quldarlıq quruluşunun və Roma imperiyasının süqutunda, “xalqların böyük köçü” kimi tarixə düşən barbar-german tayfalarının mütəmadi basqınları da mühüm rol oynayır; hələ icma münasibətlərini saxlayan bu tayfaların imperiya sərhədlərinə hücumları və məskunlaşması Qərbi Avropada quldarlıq quruluşunun əsaslarını dağıdır. Həmçinin Qərbi Roma imperiyasının süqut etməsi (476-cı il) ilə antik şəhərlər mədəniyyəti də tamamilə süquta uğrayır.

Beləcə, IV-V əsrlərdə başlıca təsərrüfat sahəsi olan əkinçiliyin səviyyəsi aşağı düşmüş, bazar üçün məhsul istehsal edən təsərrüfatların sayı azalmışdı. Bazarla əlaqəsi az olan iri təsərrüfatların sayının artması, natural təsərrüfatın üstünlüyü ələ alması ilə əmtəə-pul münasibətlərinin zəifləməsi ticarəti məhdudlaşdırırdı. Bazar əlaqələrinin zəifləməsi ümumi iqtisadi durğunluğa və sənətkarlığın tənəzzülünə gətirib çıxarmışdı. Sənətkarlıq məmulatları satılmırdı, kollegiyalara təhkim olunmuş sənətkarlar şəhərlərdən qaçırdılar. Nəticədə şəhərlər erkən orta əsrlər dövründə əvvəlki əhəmiyyətini itirmişdi və kilsələrin, din adamlarının nəzarətinə keçmişdi. Bu dövrdə şəhərlər keşişlərdən ibarət dini komitə tərəfindən xristian dinin qaydalarına görə idarə olunduğu üçün kilsələr və monastırlar şəhərin ən mühüm təsisatlarına çevrilmişdilər. Artıq ictimai həyatın ağırlıq mərkəzi şəhərdən kəndə keçmişdi.

Orta əsr şəhərləri

Qərbi Avropada orta əsr şəhərlərinin yarandığı dövr olan XI əsr – erkən orta əsrlərlə (V-XI), tam inkişaf etmiş orta əsrlər (XI-XV) arasında xronoloji sərhəddir. Feodal istehsal üsulunun möhkəmlənməsi ilə X-XI əsrlərdə Qərbi Avropanın təsərrüfat həyatında mühüm dəyişikliklər baş verir. Məhsuldar qüvvələrdə baş vermiş inkişaf ən çox sənətkarlıqda özünü göstərirdi. Belə ki, sənətkarlıq texnikasının və vərdişlərinin tədricən dəyişməsi və tərəqqisi ayrı-ayrı yeni sənət növlərinin yaranmasına təkan verirdi. Sənətkarlıq məmulatı istehsalı getdikcə daha çox kənd təsərrüfatından fərqlənən xüsusi əmək fəaliyyəti sahəsinə çevrilirdi. Nəhayət, elə bir məqam çatır ki, sənətkarlıq müstəqil istehsal sahəsinə çevrilir.

Belə bir əmək bölgüsünün meydana gəlməsində əsas rollardan birini torpağı becərmə üsullarının və istehsal texnikasının tərəqqisi nəticəsində əmək məhsuldarlığının artması və kənd təsərrüfatının əsaslı inkişafı oynayırdı. Bu, kənd təsərrüfatı məhsullarının bir hissəsini ixtisaslı sənətkarların hazırladıqları məmulatla mübadilə etmək imkanı verirdi. Bununla da kəndli ona lazım olan bütün sənətkarlıq məmulatlarını öz təsərrüfatında hazırlamaq zərurətindən azad olurdu.

Göstərilən iqtisadi zəminlə birlikdə, I və II minilliklərin hüdudlarında orta əsr şəhərlərinin yaranması üçün zəruri olan ən mühüm ictimai şərtlər də meydana gəlmişdi, feodallaşma prosesi başa çatmış və bu yeni quruluşun dərin sinfi ziddiyyətləri özünü göstərməyə başlamışdı. Nəticədə iri torpaq sahələri və mülkləri olan hakim sinif – senyorlar formalaşmışdı, hansı ki, onların “yüksək zövqlər”i və dəbdəbəli həyatı sənətkarların artmasına səbəb oldu. Digər tərəfdən getdikcə hakim sinif tərəfindən daha çox zülmə məruz qalan kəndlilər şəhərlərə qaçmağa başlayırlar ki, həmin kəndlilər ilk şəhərlərin əsasını təşkil edirdilər. O dövr yaranmış məşhur “şəhərin havası azad edər” deyimi həmin tarixi mənzərəni ifadə edir.

Beləliklə, əlahiddələşmiş sənətkarlığın yaranması nəticəsində əmtəə münasibətlərinin meydana gəlməsi şəhərlə kəndin bir birindən ayrılmasına və aralarında mübadiləyə gətirib çıxarır. F.Engels bu məsələni şərh edərək yazırdı: “İstehsalın iki əsas iri sahəyə – əkinçilik və sənətə ayrılması ilə bilavasitə mübadilə üçün olan istehsal – əmtəə istehsalı, onunla birlikdə isə ticarət meydana gəlir”.

Demək, orta əsrlər şəhərinin yaranmasında digər əsas faktor olan ticarətin yenidən canlanması labüd olur. İri torpaq sahibləri senyorların varlanması onların həyat standartlarını və alıcılıq qabiliyyətlərini yüksəldir, daha dəbdəbəli yaşamağa və qiymətli əşyalara, daş-qaşlara marağını, istəyini artır. Artıq bu tələbatları ödəmək üçün yeni “tacir sinifi” meydana çıxmağa başlayır. Bu dövrdə quru yolu ilə ticarət əlverişsiz olduğu üçün əsasən yeni ticarət mərkəzləri daha ucuz və rahat olan dəniz və çay yolları üzərində yaranmağa başlayır. Xaç yürüyüşləri və ərəb xilafətinin zəifləməsi ilə ticarət yolları yenidən Avropa üçün açılır. Bu amil yeni şəhərləşmə prosesini İtaliya və Fransa üçün asanlaşdırmışdır. Təsadüfi deyil ki, ilk orta əsr şəhərləri IX əsrdə İtaliyada yaranmağa başlayır. Ölkələrarası uzun yolları qət edən ticarətin canlanması ilə tacirlərin birlikdə səyahət etdikləri “karvan”lar yaranır. Onlar uzun səfərlər zamanı dayanıb istirahət etmək, karvanları gözləmək və ümumi alış-veriş təsisatları olan yarmarkaların təşkili üçün müəyyən məntəqələrdə yerləşməyə başlayırlar. Bu məntəqələr əsasən əhalinin sıx olduğu monastırların, qalaların və feodal mülklərinin, qəsrlərinin ətrafı olurdu. Bu cür yeni məskunlaşma klassik orta əsr şəhərlərinin təməlini qoyur. Beləliklə, tacirlər də, sənətkarlar da yeni məskunlaşma üçün öz alıcılarının daha sıx olduğu, həmçinin təhlükəsiz olan qala divarları və feodal qəsrləri ilə əhatə olunmuş hərbi, inzibati və dini mərkəzləri seçirdilər. Həmin mərkəzlərdə xeyli əhali- qulluqçuları və xeyli məiyyətləri ilə birlikdə feodalların, ruhanilərin, kral hakimiyyəti və yerli idarəçilik nümayəndələri və başqalarının toplanması isə burada bazar üçün əlverişli şərait yaradırdı.

Orta əsr şəhərləri çox kiçik idilər. Onların əhalisi 3-5 min sakindən ibarət olurdu. Hətta XIV-XV əsrlərdə 20-30 min sakini olan şəhərlər böyük şəhərlər hesab olunurdular. Ancaq Milan, Florensiya, Paris, Venesiya, Kordova, Sevilya kimi şəhərlərin əhalisi 80-100 mini aşırdı. XII-XIII əsrlərdə böyük şəhərlərin əhalisinin xeyli hissəsi təsadüfi məvaciblə, yəni günəmuzdçuluqla, habelə dilənçilik və oğurluqla dolanan yoxsullar idi. Orta əsr şəhərləri onların ətrafında olan kəndlərdən həm xarici görünüşünə, həm də əhalinin cəmlənmə dərəcəsinə görə fərqlənirdilər. “Burq” adlanan qala divarları ilə əhatə olunmuş qəsrlərin və monastırların ətrafında tacirlər və sənətkarlar, kənddən qaçan əhali toplaşdıqca orta əsr şəhərlərini əhatə edən divarlar darlıq edir və bütün şəhər tikintiləri bu divarların içərisinə yerləşmirdi. Şəhərin ilkin mərkəzini (burq, site) əmələ gətirən divarlar ətrafında, tədriclə şəhərə yapışıq məskənlər -“faburq”lar, yəni “burq xarici ərazilər” də yaranmağa başlayırdı.

Əhalinin daha da çoxalması və həmin məskənlərin şəhərlərə çevrilməsi prosesində feodal hücumlardan qorunmaq üçün faburqların ətrafı bürcləri və geniş darvazaları olan uca daş, bəzən də ağac hasarlarla əhatə olunurdular. Sənətkarlar və tacirlər keşik çəkir və şəhər yığma ordusunu təşkil edirdilər. Beləliklə, faburq əsasən feodal mülkündən ibarət “burq”un özündən daha çox əhəmiyyət kəsb etməyə başlayır.

Orta əsr şəhərləri feodal torpağında yaranırdılar və buna görə də labüd olaraq senyorlara tabe olmalı idilər. İlk əvvəl şəhərdə bütün hakimiyyət senyorun əlində cəmlənmişdi. Şəhər peşələrindən və ticarətdən əlavə gəlir əldə etdiyi üçün, feodalın öz ərazisində şəhərlərin yaranmasında marağı var idi. Feodalların şəhərlərdən mümkün qədər çox gəlir əldə etməyə çalışmaları təbii olaraq, şəhərlərlə senyorlar arasında X-XII əsrlərdə Avropanın hər yerində baş vermiş mübarizəyə səbəb oldu.

Şəhərlilər əvvəlcə feodal istismarının daha ağır formalarından yaxa qurtarmaq uğrunda – senyor vergilərinin azaldılması, müxtəlif ticarət imtiyazları uğrunda mübarizə aparırdılar. Sonralar isə bu mübarizə böyüyüb şəhər özünüidarəsi uğrunda siyasi mübarizəyə çevrilir ki, bu da tarixi ədəbiyyatda “kommuna hərəkatı” kimi adlandırılmışdır. Bəzən şəhərlər feodaldan pulla ayrı-ayrı azadlıq və imtiyazlar almağa müvəffəq olurdular və bu hüquqlar şəhər xartiyasında təsbit olunurdu. Digər hallarda isə bu imtiyazlar əsasən də özünüidarə hüququ hətta uzunsürən silahlı mübarizə nəticəsində əldə olunurdu.

Kommuna hərəkatı müxtəlif ölkələrdə, onların tarixi inkişaf səviyyəsinə görə müxtəlif cür getmiş və ayrı-ayrı nəticələr doğurmuşdur. IX-XI əsrlərdə qüvvətlə mərkəzi hakimiyyət olmayan və şəhərlərin ən tez inkişaf etdiyi Şimali və Orta İtaliyada, Cənubi Fransada şəhərlər, artıq, müstəqillik əldə etməyə müvəffəq olmuşdular. Həmin yüzilliklərdə İtaliyanın bir çox şəhərləri – Venesiya, Genuya, Florensiya, Siyena, Lukka, Revenna, Boloniya, Milan və başqa şəhər-dövlətlərə çevrilmişdilər. XII-XIII əsrlərdə Almaniyanın imperiya şəhərləri adlanan – Lubek, Hamburq, Bremen, Nurnberq, Aqusburq, Frankfurt-Mayn və başqaları da həmin qaydada “azad şəhərlər” idi . Onlar formal olaraq imperatora tabe olsalar da, əslində müstəqil şəhər dövlətlər idilər. Bu şəhərləri burqomistrin başçılıq etdiyi şəhər şuraları idarə edirdi və onlar müstəqil müharibə elan edə, sülh bağalaya, pul kəsdirə bilərdilər. Şimali Fransa və Flandriyanın bir çox şəhərləri isə öz feodal senyorlarına qarşı inadlı silahlı mübarizələr nəticəsində özünüidarə edən şəhərə-kommunalara çevrildilər.

Kommunalar xalqın seçdiyi nümayəndələrdən ibarət şəhər şuraları tərəfindən idarə olunurdular. Şəhərlərin hüquqi, inzibati, hərbi, iqtisadi, ictimai sahələrdə müstəqil qərarlar çıxarmaq və şəhərin məhkəmə orqanlarına başçılıq etmək hüquqları var idi. Hər kommunanın özünəməxsus qanunları və məhkəmə sistemi var idi və şəhər əhalisi bu məhkəmə qarşısında eynihüquqlu idi. Şəhər əhalisi öz içərisindən şəhər şurasını, “mer” adlanan onun başçısını və digər şəhər vəzifəlilərini seçə bilərdilər. Şəhər şurasının öz maliyyəsi və şəhər əhalisinə vergi qoymaq hüququ var idi. Kommunalar senyorun xeyrinə ödənilən biyar və töycüdən, həmçinin başqa feodal vergilərindən azad olunurdular. Bütün bunların müqabilində şəhərlilər hər il senyora nisbətən az olan pul rentası verir, müharibə zamanı senyora hərbi dəstə göndərirdilər. Bu cür şəhərlərdə senyordan asılılıq tamamilə formal xarakter daşıyırdı.

Lakin kommunaların muxtariyyəti və idarəetmə forması hər yerdə eyni cür deyildi. Məsələn, mərkəzi hakimiyyətin nisbətən güclü olduğu ölkələrdə, xüsusilə kral torpaqlarında yerləşən bəzi olduqca əhəmiyyətli və zəngin şəhərlər, tam özünüidarə hüququ əldə edə bilməmişdilər. Bunlara Fransada – Paris, Orlean, Burj, Lorris, Nant, Şartr; İngiltərədə -London, Linkoln, Oksford, Kembric, Qloster, Noric, York kimi şəhərləri nümunə göstərmək olar. Onlar bir sıra imtiyaz və azadlıqlara, o cümlədən seçkili şəhər özünüidarətmə orqanlarına sahib olsa da, bu hüquqlar kralın nəzarətində idi. Bu forma həmçinin Skandinaviya, Almaniyanın bəzi şəhərləri, Macarıstan və İrlandiya üçün də səciyyəvi idi. Lakin şəhər özünüidarə orqanları H.Pirennenin də qeyd etdiyi kimi elə ilk vaxtlardan burjuaziyanın əlində olmuşdur. Şəhər şuralarına nümayəndələr də, məhkəmə kollegiyaları da yanlız patrisiata mənsub olan adamların içindən seçilirdi və bütün idarəetmə yuxarı şəhər təbəqələrinin əlində idi.

Sənət və ticarət inkişaf etdikcə sexlər və tacirlərin birləşdiyi gildiyalar şəhər patrisiatı ilə mübarizəyə başlayır və Köln, Florensiya, Aqusburq və s. şəhərlərdə qalib gəlirlər. Lakin sexlər qalib gəldiyi yerlərdə də idarəçilik ən nüfuzlu sexlərin yuxarı təbəqələrinə məxsus olur. Orta əsr şəhərlərinin əsas xarakterik cəhətlərindən biri də şəhərlərə köç edən, burada məskunlaşan hər kəsin təhkimçilik asılılığından şəxsən azad olunmaları idi. Hətta şəhərə qaçan təhkimli kəndli belə orada müəyyən müddət (əsasən bir il bir gün) yaşadıqdan sonra azad olur. Bununla da orta əsr şəhərlərinin xarakterize edən məşhur “Şəhər havası azadlıq bəxş edir” atalar sözü yaranır.

Şəhərlərin, ticarətin, sənətkarlığın inkişafı nəticəsndə yeni orta əsr şəhər silki yaranır. Bu silk iqtisadi baxımdan “yanlız əməyə və mübadiləyə əsaslanan” mülkiyyətə bağlı sinif idi. Əvvəllər bütün şəhərli silki “burqerlər” adlanırdı ki, oraya şəhər əsilzadələri, sənətkarları, tacirləri və şəhər plebeyleri daxil idi. Ancaq sinfi ziddiyyətlər artdıqca, yanlız varlı təbəqəsinin daxil olduğu şəhər silki formalaşır. XIV-XV əsrlər sinfi mübarizənin kəskinləşməsinə – yəni sex quruluşlarının dağılmasına, usta və şagirdlər arasında mübarizəyə, sələmçi tacirlərin istirmarının güclənməsinə, kredit bank sisteminin rüşeymlərinin yaranmasına, bir sözlə kapitalist istismarının ilkin cücərtilərinə şahidlik edir. Beləliklə, feodal şəhərində XV-XVI əsrdən başlayaraq ictimai-iqtisadi münasibətlərdə ciddi dəyişikliklər meydana gəlir. Həmçinin siyasi baxımdan da XIV əsrdən başlayaraq, Avropada milli dövlətlərin və mərkəzləşmiş monarxiyaların yaranması və güclənməsi ilə kommunaların mahiyyəti dəyişir və kral idarəçiliyindən asılı vəziyyətə düşürlər.

Kapitalist münasibətlərinin yaranması və şəhər

Köhnə feodal münasibətlərinin getdikcə dağılması və yeni kapitalist istehsal münasibətlərinin yaranması, şəhərlərdə ilk əvvəl özünü sex quruluşlarının dağılmağa başlaması ilə göstərdi. Şəhər sənətkarlarının təşkilatları kimi meydana gələn sexlər, sənətkarların feodallara qarşı birləşmək və öz istehsallarını kənddən şəhərə axıb gələnlərdən qorumaq, müxtəlif peşələr arasındakı rəqabəti tənzimləmək, həmçinin ümumi satış bazarı yaratmaq və ümumi mülkiyyəti mühafizə etmək ehtiyacından yaranmışdı. Sexlər feodal qaydalarının şəhərdəki istehsal münasibətləri üzərindəki təzahürü idi. Əsrlər boyu sex təşkilatlarındakı inkişaf və dəyişikliklər sinfi ziddiyətləri artırır, nəticədə təbəqələşmə dərinləşir və iqtisadi cəhətdən daha güclü olan sex varlıları nisbətən yoxsul sexləri əzməyə, istismar etməyə başlayır. Kiçik sexlər öz iqtisadi müstəqilliyini itirir və böyük sexlərin sifarişlərini istehsal edən muzdlu fəhləyə çevrilirlər. Bundan başqa, patriarxal və vassallıq sisteminə əsaslanan sex quruluşları yeni texniki tərəqqi və istehsal üsulları önündə də maneəyə çevrilmişdi və kapitalist münasibətlərin inkişafı onların dağılmasını labüd edirdi. city2

XV əsrin sonunda feodal münasibətlər getdikcə tənəzzül etməyə başlayırdı. Beynəlxalq ticarətin inkişafı da ayrı-ayrı ölkələrin daxilindəki iqtisadi əlaqələri gücləndirmiş, şəhərlərin inkişafı, ölkənin daxilindəki bazar münasibətlərini də sıxlaşdırmışdı. Nəticədə əmtəə-pul münasibətlərinin paralel dinamik inkişafı puldəyişmə və kredit əməliyyatlarının genişlənməsinə və bankların yaranmasına gətirib çıxarır. Əlində yanlız atadan oğula keçən torpaq və mülkdən başqa heç bir sərmayəsi olmayan feodallar-əsilzadələr yeni bazar münasibətlərinin fonunda öz güclərini itirməyə başlayırlar. Pul yeni yaranan şəhər burjuaziyasının feodallara qarşı əsas silahına çevrilmişdi. Çünki məhz pul amili torpaq münasibətlərinə əsaslanan feodal sistemin əsaslarını dağıtmağa və əsilzadə təbəqəsini iqtisadi cəhətdən burjuaziyadan asılı vəziyyətə salmağa qadir idi.

Ticarət-sələm kapitalı istehsal sahəsinə soxulmağa başlayır və ilkin manufakturalar bu cür, sexlərin dağılması nəticəsində yaranır. İbtidai maşınların (toxucu dəzgahı, cəhrə və s.) istifadəsi və manufakturalar ilkin kapitalist münasibətlərin yaranmasının nümunəsi idi. Hələ XIV əsrdə ilk olaraq Şimali və Orta İtaliya şəhərlərində yaranan manufakturalar, kəndlilər və sexlərdəki köhnə qayda-qanunlardan canını qurtarmaq istəyənlər üçün yeni bir sığınacaq halına gəlmişdi. Beləliklə, torpaqsızlaşmış, şəhərə qaçmış kəndlilər, yoxsullaşmış sənətkarlar, usta köməkçiləri və s. muzdlu işçiyə çevrilir və ilkin fəhlə sinfi yaranmağa başlayır. Başlıca manufakturalar sex quruluşunun olmadığı kəndlər və qəsəbələrdə daha çox yaradılır və həmin yerlər tədricən şəhərə çevrilir.

Avropada kapitalist münasibətlərin sürətli inkişafına görə İngiltərə, Fransa və Niderland önə çıxırdı. Buna görə ilk kapitalist şəhərlər də məhz bu ölkələrdə yaranmağa başlayır. Yeni urbanizasiya prosesinə start verən ən önəmli amil isə “sənaye inqilabı”[2] olur. Əl əməyindən maşınlı istehsala, manufakturadan fabrikə keçid sənayə çevrilişinin əsas məzmunu olur. XVIII əsrin sonunda buxar maşınının kəşfi və dəmir istehsalı sənayeləşməyə təsir edən əsas amillərdəndir. Beləliklə, kapitalizm ictimai-iqtisadi formasiyası bütün sferalarda tam qələbə çalır və sənayeləşmə ilə birlikdə müasir tip şəhərlər yaranmağa başlayır. Artıq yeni şəhərlər enerji resurslarının, fabrik-zavodların, mədənlərin ətrafında salınmağa başlayır. Bunlar əsasən fəhlələrə məxsus, olduqca bərbad şəraitə malik gecəqondular idi. Bu dövrdə yeni şəhərlər sürətlə çoxalır, əvvəlki şəhərlər isə daha da böyüyür. K.Marks və F.Engels “Alman ideologiyası”nda bu prosesi “sənayeləşmə təbii şəkildə əmələ gəlmiş şəhərlərin yerinə, göbələk kimi çoxalan sənaye şəhərləri yaratdı” sözləri ilə ifadə edirlər.

Sənaye şəhərlərinin yaranmasındakı mühüm faktorlardan biri də əhali artımı idi. XVIII əsrdən etibarən, Avropa şəhərlərində inanılmaz bir əhali artımı müşahidə olunur, artıq bir qayda olaraq əhalinin çox hissəsi şəhərlərdə məskunlaşmağa başlayır, bu da modern şəhər anlayışını səciyyələndirən əsas amillərdən biri olur. İstehsalatın artımı, fabrik-zavodların genişlənməsi işçi qüvvəsinə tələbatı da artırır və ölkənin hər yerindən insanlar işləmək üçün məhz bu yeni şəhər mərkəzlərinə gəlib məskunlaşırlar. Beləliklə, sənaye proletariatı formalaşmağa başlayır və sinfi ziddiyyətlər sənaye kapitalizmdə öz pik həddinə çatır. Yeni sənaye cəmiyyətinin və ölkələrinin bütün sferalarda istər mədəni, sosial, iqtisadi və siyasi cəhətdən mərkəzi məhz şəhərlər olur..

Sənaye cəmiyyətində bütün mədəni, sosial, iqtisadi və siyasi sferaların mərkəzi şəhər olsa da, yeni şəhər tipi insanlar arasındakı sosial və ictimai münasibətləri də dəyişir. Belə ki, sosioloq Ferdinand Tonnies insanların şəxsi münasibətlərinin bu cür şəhərlərdə kəndlərdən fərqli olaraq sıx və isti deyil, səthi, keçici və mənfəətcil olduğunu vurğulayır. Buradan da K.Marksın kapitalizmin bütün təbii münasibətləri məhv edərək, yerinə süni, pul və mənfəətə hesablanan münasibətləri yaratdığını ifadə edən fikrin təsdiqini tapmaq olur.

Yeni yaranan sənaye şəhərlərinin əsas xüsusiyyətlərindən biri də çoxşaxəli iş bölgüsü və ixtisaslaşma idi. Artıq əvvəlki şəhər tiplərindən fərqli olaraq, bu şəhərlərdə sosial, cinsi, yaş fərqi qoymadan bütün insanların cəlb olunduğu bir iş bölgüsü mövcud idi. Əmək bölgüsünün artması nəticəsində proletarların əməyi hər cür müstəqil xarakterini və fəhlə üçün hər cür marağını itirmiş olur. Beləliklə, kapitalist münasibətlər inkişaf etdikcə, şəhər məfhumu kapitalizm üçün əsas dayaq nöqtələrindən birinə çevrilir və o, təkcə yaşayış məskəni deyil, həmçinin, istehsal və izafi dəyərin yarandığı, mövcud olan ictimai-iqtisadi formasiyanın ya da istehsal formasının yenidən istehsal edildiyi bir məkana çevrilir. Artıq şəhər məkanı özü əmtəəyə çevrilir və təkrar istehsal edilir.

Qeydlər:

[1]Dinamik inkişaf tarixinə malik olan şəhər müxtəlif dövrlərdə müxtəlif kriteriyalarla və təriflərlə xarakterizə edilmişdir. Məsələn, ilkin dönəmlərdəki “cite”, “polis”, “mədinə” kimi anlayışların yerini daha sonralar “bourg”, “ville”, “city”, “kommuna”, “civitas”, “urban” və s. kimi anlayışlar tutmağa başlayır. Bunların hər biri şəhər tipli yaşayış məskəni mənasını versə də, öz mövcud olma dövrlərinin sosial-iqtisadi xüsusiyyətləri ilə əlaqəli xarakterik cəhətləri də olmuşdur.

[2]Sənayə inqilabı XVIII əsrdə ən çox inkişaf etmiş ölkə olan İngiltərədə başlamış və ilkin mərhələsi 1760-1850-ci illəri əhatə etmişdir.

İstifadə olunan mənbələr:

  • Karl Marks, Fridrix Engels. “Alman İdeologiyası”.
  • Fridrix Engels.”İngiltərədə işçi sinfinin vəziyyəti”.
  • D. Skazkin. “Orta əsrlər tarixi”, cild I.
  • Alexander R. Thomas. “Urbanization Before Cities: Lessons for Social Theory from the Evolution of Cities”.
  • Lewis Mumford. “The Natural History of Urbanization”.
  • Yusuf Pustu. “Küreselleşme sürecinde kent “Antik siteden dünya kentine””.
  • Lütfi Sunar. “Max Weberin tarihsel şehir sosyolojisi: Modern toplumun temeli olarak şehir”.
  • Fridrix Engels. “Feodalitenin Çöküşü ve Burjuvazinin Yükselişi”.