Devid Harvi. Neoliberal urbanizasiya

Print Friendly, PDF & Email

Devid Harvi tərəfindən 2007-ci ilin 25 mayında Moskvada oxunmuş mühazirə 

david harvey

Devid Harvi: Mən düşünürəm ki, son 37 ildə nə ilə məşğul olduğum haqqında qısa hekayədən başlayım. Bu dövr ərzində hər il mən “Karl Marksın Kapitalı. I Cild” adlı fənni tədris edirdim. Birləşmiş Ştatlar və Britaniyada dərs keçirdim. Hesab edirdim ki, bunu etmək çox vacibdir, belə ki, əgər siz kapitalizmin necə fəaliyyət göstərdiyini dərk etmək istəyirsinizsə, bu gün mövcud olan ən yaxşı mənbələrdən biri – “Kapital”dır (das Kapital). İndi həmin fənni aspiranturada tədris edirəm ki, o, bütün azad dinləyicilər üçün açıqdır. İki il əvvəl yüz tələbəm var idi, bu il – əlli aspirantım var, lakin fənni iki dəfə keçmək lazım gələcək, çünki ona böyük tələbat var. Mənim mühazirələrimi müxtəlif insanlar dinləyirlər və hətta Uoll-Stritli müxtəlif sərmayə bankirləri də peyda olur ki, marksist proqnozların, onların bazarlarını necə dəqiqliklə təsvir etdiklərini kəşf etdikcə heyrətlənirlər.

Mən insanları bu əsəri oxumağa dəvət edərkən, onlara təklif edirəm ki, bu mətnin onlarla danışmağına imkan versinlər. Hər kəs Marksın kim olduğunu az-çox bilir, hər kəsin onun haqqında müəyyən təsəvvürü var. Və bu, onlara, Marksın dediklərini qəbul etməyə mane olur. Mən, yeri gəlmişkən, fikir vermişəm ki, bu mətnin qavranılmasında ilkin meylləri müsbət olan insanlar, Marksın əsərlərinə qarşı mənfi münasibəti olanlardan daha az problemlə qarşılaşmırlar. “Kapital”da ilk cümlə – odur ki, biz əmtəələrin nəhəng ölçüdə yığımını görəcəyik. “Görünür” və “elə gəlir” sözləri ilə çox diqqətlə davranın. Hər dəfə Marks “elə görünür” dedikdə bu deməkdir ki, bir nəsnə bu cür görünür, lakin əslində tamamilə fərqli ola bilər. Əslində Marks deyir ki, fetişizm mövcuddur. Elə görünür ki, əmtəələr bazarda digər əmtəələrlə ünsiyyətdədir. Və həqiqətdə bu, kapitalın hərəkəti prosesinin əslində necə baş verdiyini pərdələyir. Ümumilikdə kapitalizm mümkün olan bütün maskaları sevir.

Mən ilk dəfədir ki, Moskvadayam və bura mənim çox xoşuma gəldi. Burada çox sayda reklamlar – hər yerdə həyatın nədən ibarət olduğunu, nə istehlak etməli olduğumu, nəyi xoşlamalı olduğumu göstərən bilbordlar var. Bu, əlbəttə ki, maskadır. Bu, bizim baxışımızdan əmtəə fetişizmini pərdələyən maskadır. Lakin Moskvada həmçinin bir neçə məqam məni təəccübləndirdi. Aşkar şəkildə bütün mətn boyu, kapitalizmin uyğunlaşma qabiliyyəti haqqında Marksın dedikləri əks olunur. Əgər siz müəyyən bir yolla mənfəət əldə edə bilmirsinizsə, bunu başqa üsulla etməyə çalışın. Əgər bu yol bağlıdırsa, başqa yol axtaraq.

Kapitalizm daima yeni imkanlar, yeni texniki imkanlar, əməyin təşkilinin yeni yollarını, yeni coğrafi uyğunluqlar axtarır. Kapitalizm heç vaxt daimi deyil. Geriyə baxarkən, mən təəccüblənirəm ki, sol müxalifət kaptalizmin dəyişkən reallıqlarını təsvir etmək üçün necə də qəti kateqoriyalardan istifadə edirdi. Əgər kimin qalib gələcəyi haqqında sual qaldırılsa: ortodoksal fikirlər və ya hərəkətli və uyğunlaşan qüvvələr, o zaman təbii ki, uyğunlaşan qüvvənin real həyatda qalib gələcəyi aşkar olunacaq. Düşünürəm ki, bu, kapitalda ən vacib məqamdır.

Bu mətndə aşağıdakılar baş verir: bir tərəfdən, Marks klassik siyasi iqtisadçılarla dialoqa girir və eyni zamanda, kapitalizmi dərk etməyə çalışır. Klassik siyasi iqtisadçılarla dialoq onu nəzərdə tutur ki, klassik aksiomların bütün fərziyyələri əslində təcrübədə tətbiq oluna bilməz. Marks bu aksiomlarla mübahisəyə girmir. O təklif edir ki, Adam Smit, David Rikardo, Con Lokk tərəfindən təsvir olunan dünyada olduğumuzu təsəvvür edək. Ardınca o bizə təklif edir: gəlin baxaq, bu ideallaşdırılmış liberal parametlərlə mövcud olduqda, kapitalizm necə davranacaq?

İlk cildində o, nəyi göstərir? Mütləq bazar iqtisadiyyatına nə qədər çox yaxınlaşırsınızsa, sinfi hakimiyyətin fərqlənmə səviyyəsi, ictimai bərabərsizlik bir o qədər yüksəkdir. Burada Marks nə edir? O, kapitalizm – imkanların bərabərləşdirilməsi prosesidir deyənlərin illüziyalarının sabun köpüyünü deşir. Marks öz məşhur ifadəsini işlədir: qeyri-bərabər insanlara bərabər münasibətdən daha qeyri-bərabər heç nə yoxdur. Əgər siz bərabər şərait, müxtəlif imkanları və bacarıqları olan insanlara bərabər yanaşma nəzərdə tutursunuzsa, bu zaman tamamilə fərqli nəticələr əldə ediləcək. Paradoks ondan ibarətdir ki, siz mükəmməl bazar iqtisadiyyatına nə qədər çox yaxınlaşırsınızsa, kapital daha çox təmərküzləşir. İnhisarlar, oliqopolik siyasət və s. meydana çıxır.

1970-ci illərdən başlayaraq, dünyada baş verənləri “Neoliberalizmin qısa tarixi” əsərimdə təhlil etmək üçün məsələnin bu cür qoyuluşunu çox məhsuldar hesab edirəm. Bazar neoliberal iqtisadi nəzəriyyəsi bizə nə deyirdi? O deyirdi: Con Lokk dünyasına, Adam Smit dünyasına qayıdaq və hər şey yaxşı olacaq, çünki Adam Smit deyirdi ki, azad bazar eyni dərəcədə hər kəsin rifahı üçün çalışacaq. Lakin, son otuz ildə real olaraq biz nə görürük? Hakimiyyət və sərvətin hədsiz ölçüdə çox kiçik oliqarxik elitanın əlində təmərküzləşməsini. Yəni, elə alınır ki, Marks növbəti dəfə haqlı çıxıb. Ən azından bu məsələdə.

Adam Smitin haqqında danışdığı ikinci məqam odur ki, azad rəqabət yaranır. Real həyatda biz bazarları idarə edən hədsiz dərəcədə təmərküzləşməni, faktiki oliqopoliyanı müşahidə edirik. Əczaçılıq bazarına, orada neçə şirkətin fəaliyyət göstərməsinə, Qərbin media bazarında neçə korporasiyanın qaldığına baxın. Yəni, növbəti dəfə biz görürük ki, hədsiz təmərküzləşmə baş verdi, ən güclülər qalib gəldi. Və görürük ki, bu mənada Marks yenə də haqlıdır. Mənim gəldiyim nəticə ondan ibarətdir ki, siz bazara öz iradəsi ilə hərəkət etməyə nə qədər çox imkan verirsinizsə, ictimai bərabərsizlik bir o qədər yüksək olacaq. Empirik olaraq aşkardır ki, bu reallığa uyğun gəlir.

Lakin Marks həmçinin göstərir ki, kapitalizm – ziddiyyətli sistemdir. Kapitalistlər müntəzəm olaraq bir çox problemlərin öhdəsindən gəlməli olurlar və ən ciddi problemlərdən biri ondan ibarətdir ki, kapitalizm ya yüksəlməli, ya da məhv olmalıdır. Kapitalizm daima genişlənməlidir. Və problem yaranır ki, genişlənmə necə aparılmalı və yeni meydanlar necə zəbt edilməlidir? Əgər kapitalizm arta bilmirsə, bu, böhran adlandırılır. Böhran isə dəyərsizləşmə və kapitalın məhvinə bərabərdir. Təbii olaraq, kapitalizmin böhranı həmişə yaxşı məlum olan işsizlik və ictimai təlatümlər doğurur. Artıqların istifadəsi problemi olaraq adlandıracağım bu problem – yüksək mənfəətli artıq kapital problemidir.

Kapitalizm puldan başlayır. Pullar adi “pul – əmtəə – pul” siklini keçiblər və günün sonunda pullar üstəgəl müəyyən izafi pul, yəni – mənfəət yaranmalıdır. Növbəti gün uğurlu kapitalizm bu fikirlə oyanır: dünən qazandığım pullarla nə edim? Əlbəttə, sadəcə əylənmək və bütün pulu xərcləmək cazibəsi var. Lakin pullara qarşı bu münasibətlə bağlı problem odur ki, Marks bunu həmçinin rəqabətin məcburetmə qanunu haqqında danışır. Əgər siz, uğurlu kapitalist kimi, dünənki gəlirinizi yüksək mənfəət norması olan bir işə yatırmasanız, daha uğurlu və zəhmətkeş hər hansı bir kapitalist sizi sadəcə olaraq udacaq. Bu böyük problemdir: sabah kapital üçün, hələ dünən tələb olunmayan tətbiq yeri tapmaq lazım gəlir.

Deyək ki, yeni əmək resursları tələb olunur – onları harada axtarmalı? Kapitalistlərin yeni iş qüvvəsi almaq üçün pulu var, lakin o, dərhal potensial maneə ilə qarşılaşır. Bəs əmək resursları kifayət qədər deyilsə? Birdən bu əmək resursları yaxşı təşkilatlanıbsa, öz həmkarlar ittifaqı varsa və onlar əmək haqlarının yüksəlməsini tələb edən hər hansı siyasi partiyaya səs verirlərsə? Əmək resursları üçün daha çox pul ödəmək lazım gəlir, əgər kapitalistlər əmək üçün daha çox ödəyirlərsə, bu deməkdir ki, daha az mənfəət əldə edirlər. Bu, böhranın çox sadə düsturudur ki, klassik marksizmdə kapitalist mənfəətinə təzyiq adlandırılır. Bu halda nə baş verir? Kapitalistlər tətil edə bilərlər, bu isə deməkdir ki, onlar öz pullarını sərmayə şəklində yatırmaqdan imtina edirlər və nəticədə böhran başlayır. Onlar insanları, mütəşəkkil işçi qüvvəsinin diktə etdiyi şərtlərlə işə götürməkdən imtina edirlər.

Bu vəziyyətdən hansı çıxış yolları var? “Kapital”ın ilk cildində Marks bunu aydın şəkildə təsvir edir. Üsullardan biri – texnologiyanın daimi artımı, texniki innovasiyalardır. Texniki innovasiyalar bərqərar olmuş işçi qüvvəsini, onun mövqeyini təhlükə altında qoyur, çünki siz yeni texnikanı tətbiq edərkən, sabiq yüksək ixtisaslı işçiləri işdən azad edə bilərsiniz, Marks bunu ehtiyat əmək ordusunun yaranması adlandırırdı. Lakin, bundan əlavə, kapitalist daha irəliyə getməli olur. Kapitalist bahalaşmış işçi qüvvəsini nə ilə əvəz edəcəyini tapmalıdır. Bir variant – daha ucuz ölkədən immiqrantların gətirilməsidir, digər variant – öz istehsallarını daha ucuz əməyə malik olan ölkəyə köçürməkdir. Daha bir variant mövcuddur: siyasi hakimiyyəti ələ almaq və onu, işçi qüvvəsinin siyasi və həmkarlar ittifaqı təşkilatlarını əzmək üçün istifadə etməkdir ki, işçi qüvvəsi bazarda əvvəlki kimi effektiv şəkildə kapitalistlərlə bazarlıq etməsinlər.

Beləliklə, son dövrlərdə böhranlarda nə baş verdiyinə nəzər salaq. Bir çox insanlar, analitiklər hesab edirdilər ki, klassik mənfəətlilik böhranı baş verib. 70-ci illərdə demək olar ki, bütün Qərbdə, xüsusilə də Avropada müxtəlif sosial-demokratik, hətta kommunist partiyalar hakimiyyətdə, ya da hakimiyyəti ələ alma ərəfəsində idilər. 70-ci illərdə kəskin siyasi böhran yaranır. Bu böhrandan çıxış yollarından biri xaricdən ucuz işçi qüvvəsi gətirmək idi. Necə fikirləşirsiz, bu qədər türk Almaniyaya haradan gəlib? Fransada bu qədər əlcəzairli haradandır? Çünki bu, miqrant işçilərin xarici ölkələrdən, Türkiyədən Almaniyaya, Əlcəzairdən Fransaya, Yuqoslaviya və Portuqaliyadan İsveçə idxal edilməsi üzrə dövlət siyasəti idi. President_Reagan_and_Prime_Minister_Margaret_Thatcher_at_Camp_David_1986

Lakin 70-ci illərdə həmçinin nəqliyyat, kommunikasiyalar və rabitə vasitələrində də inqilab baş verdi. Kapitalın özünü ixrac etmək daha da asanlaşdı. İşçiləri gətirmək əvəzinə, öz istehsalını Meksiyaya, Türkiyəyə və ya Filippinə köçürmək olardı. Nəhayət – Çinə. Beləliklə, ucuz işçi qüvvəsi çatışmazlığı problemini dəf etmək olardı. Nəticə hər kəsə məlumdur – kapitalistlər qalib gəldi. Kapitalistlər siyasi meydanda qalib gəldi. Ronald Reyqan ABŞ-da, Marqaret Tetçer Böyük Britaniyada, Marqaret Tetçerin ilk işi leyborist partiyasını nüfuzdan salmaq və həmkarlar ittifaqını əzmək oldu. Öz prezidentliyinin ilk ayında Ronald Reyqan mütəşəkkil həmkarlar ittifaqına güclü zərbə vurdu. Marqaret Tetçerin birinci ilində, bildiyiniz kimi, Böyük Britaniyada kömür şaxtaçılarının nəhəng tətili başlamışdı, şaxtaçıların həmkarlar ittifaqı ilə müharibə aparmalı oldu. Pinoçet və onun Çilidə törətdikləri haqqında nə deməli? O, bütün sol və hətta mərkəzçi partiyalar və həmkarlar ittifaqlarını məhv etdi və ya ölkədən sürgün etdi; bu partiyaların liderlərini qətl etdilər, ölümünə işgəncə verdilər; demək olar ki, milyona yaxın insan ölkədən qovuldu. Beləliklə, siyasi meydan təmizləndi.

Yəni, bunlar kapitalın müxtəlif siyasi mübarizə strategiyalarıdır. Bu, kapitalın bir hissəsinin kapitalist sərmayələşmə fonduna qaytarılması uğrunda işçilərlə mübarizənin müxtəlif üsullarıdır. Bütün bunlar son otuz ildə Qərbin siyasi mübarizəsini təşkil edir. Korporasiyaların məşğul olduğu özəl siyasət var, korporasiyalarla bağlı olan siyasətçilərin yürütdüyü dövlət siyasəti var. Müxtəlif variantlar mövcuddur: az və ya çox dərədəcə diktator və ya demokratik variantlar. Yeri gəlmişkən, immiqrasiya siyasəti, gender münasibətləri sahəsindəki siyasət, etnik identiklik siyasəti buraya aiddir. Yəni, bu, mövcud sistemin davranışını müəyyən edən əsas prinsipdir.

Lakin kapitalistlər istehsal prosesinə cəlb olunarkən, yeni istehsal vasitələri tapmalıdırlar. Bu, çox mürəkkəb prosesdir. Hər şeylə bərabər, bu deməkdir ki, resurs bazasını genişləndirmək, haradansa təbii resurslar tapmaq lazımdır. Nəticədə təbiətlə münasibətlər transformasiyaya uğrayır. Təbii resursları daima genişlənən əsasda istehsala cəlb etmək lazımdır. Yenə də, bunu necə etməli? Kapitalizmin ənənəvi strategiyası – texniki innovasiyalardır. Lakin xammalın qiymətini azaltmağa yönəlmiş dövlət siyasətini də unutmaq olmaz. Çox aydın görünür ki, xammal mənbələri istehsala münasibətdə fərqli coğrafi regionda yerləşirsə, onların zəbt edilməsi uğrunda daimi imperialist həmlələr baş verir.

Yaxın Şərqdə nə baş verdiyinə nəzər salın. 1945-ci ildən sonra, bu zamana qədər Yaxın Şərqdə olmamış Birləşmiş Ştatlar fəal şəkildə bu regiona müdaxilə etməyə başlayır. Yalta konfransından sonra Çerçil və Stalinlə görüşdə olmuş Ruzvelt (Franklin Roosevelt) Səudiyyə Ərəbistanında dayanır. Və Səudiyyə kralı ilə, ABŞ-ın onları qoruma altına aldığına və bunun əvəzində onların öz neftlərini təqdim etməli olduqlarına dair razılığa gəlir. Beləliklə, Birləşmiş Ştatların Yaxın Şərqdəki məsələlərə müdaxiləsi tarixi Ruzveltdən başlayır. Aydındır ki, Ruzveltin əldə etmək istədiyi şey – neftə çıxış idi.

Lakin neft yeganə strateji resurs deyil. Və bu resurslar uğrunda mübarizə kapitalizmin siyasi iqtisadında başqa bir ciddi ziddiyyət yaradır. Bunu kapitalizmin xammal siyasətində ekoloji ziddiyyət adlandıraq, çünki əgər siz haradasa xammal hasil edirsinizsə, emal olunmuş materialı harasa tullamaq və arzuolunandır ki – mümkün qədər ucuz şəkildə tullamaq lazımdır. Bu, karbon qazı, xammalın emalı zamanı yaranan istənilən kimyəvi zəhərli maddə ola bilər. Ekologiyaya dəyən ziyanı asanlıqla izah etmək olar: xammalın çıxarılması üzrə daha təbiət qoruyucu üsullar üçün çox pul ödəmək istəmirlər. Buna görə də planetimizin təbiəti kapitalizmin artım yolunda maneəyə çevrilir. Və biz bu səbəbdən hansı ciddi problemlərin yarandığını və ozon təbəqəsinin məhv edilməsi, qlobal istiləşmə, meşələrin qırılması və s. səbəblərdən hansı siyasi debatların aparıldığını görürük.

İndiki zamanda yeni problem – bütün dünya üçün fundamental problemə çevrilməkdə olan su təchizatı problemi yaranıb. Neoliberalizm təbiətə, derequlyasiyanın problemi həll etməli olduğu meydança kimi yanaşır. Lakin tamamilə aydındır ki, derequlyasiya ekoloji mühitin ciddi şəkildə məhvinə gətirib çıxarır. Müəyyən müddətdən sonra neoliberalizm ekoloji problematikanın derequlyasiyası zəruriliyini təkidlə irəli sürməyə başladı. Əgər haradasa neft varsa – irəli, gəlin sadəcə qazaq, hər hansı yolla neft hasil edək və onu dünya bazarına çıxaraq. Bu arada, əgər quyuların ətrafında insanlar yaşayırsa, heç cür yol vermək olmaz ki, onlar bu sərvətlərə olan hüquqlarını bərqərar etsinlər. Bu barədə aşkar şəkildə amerikan konqressində danışılır ki, Səudiyyə monarxiyası neftin mülkiyyətçisi deyil – o sadəcə olaraq, bizim neftin mühafizidir. Neft bizə məxsusdur, çünki biz onu çıxarırıq, onlarla isə o səbəbdən bölüşürük ki, bizim mənbələrimizi qoruyurlar.

Və, nəhayət, Marksa qayıdaq. O deyirdi ki, növbəti problem – ondan ibarətdir ki, siz əmtəəni istehsal etdikdə, o, bazarda satılmalıdır. Əmtəənizin satın alınması üçün insanların pulu olmalıdır. Son nəticədə, problem yaranır: insanların pulu haradandır, ümumiyyətlə kim pula sahibdir və kim istehsal etdiyiniz əmtəəni almağa qadirdir? Əgər siz əmtəə istehsal etmisinizsə və onu sata bilmirsinizsə, böyük probleminiz yaranır. Yəni, bazar genişlənməlidir. Bu vəziyyətdə nə etməli? Bir çox strategiyalar var, onlar arasında reklamın artımı fərqlənir. Təsəvvür edirsinizmi, reklam bu gün bütün həyat sferalarına nə dərəcədə nüfuz edir, çünki o, yeni növ tələbatlar yaratmaq məqsədini güdür? Buradan da postmodernizm, yeni bazarların, tamamilə yeni məhsulların stimullaşdırılması doğur. İnsanlar, onlara nəyinsə lazım olduğunu heç bilmirdilər, indi isə onlara yeridiblər, bu nəsnə olmadan yaşaya bilməzlər.

Lakin burada növbəti böyük problem gizlidir: bəs insanlar bu yeni arzularını ödəmək üçün pulu hardan tapacaqlar? Son illərin standart cavabı – kredit götürəcəklər. Kredit – odur ki, siz pul ixtira edirsiniz, onu borca verirsiniz, lakin o, ümumiyyətlə mövcud deyil. Bu pulları siz borc verirsiniz, kredit kartları, istehlak kreditləri vasitəsilə fərdlərə təqdim edirsiniz, bu pulları dövlətə də borc verirsiniz. Dövlət böyük borca düşür, çünki dövlətlər həmçinin böyük istehlakçılardır, onlar hərbi texnikadan başlayaraq istehlak əmtəələri və dəftərxana mallarına qədər hər şeyi istehlak edirlər.

Siz son zamanlar dövlətlərlə nə baş verdiyini görürsünüz – bir-birinin ardınca onlar artmaqda olan borca düşürlər. Kapitalizm, suyu bölən böyük bir gəmi kimidir, lakin öz qarşısında dalğa qaldırır. Və bu dalğalar – kreditdir. Kreditləşmə miqyası daima artır. Bu dalğalar kapitalist gəmisinin burnunu yuxarı qaldırır və son nəticədə qarşılıqlı əlaqə yaranır. Texniki jarqonda bu, istehlakçı gözləmələri adlanır. Əgər insanlar müsbət dəyişikliklər gözləyirlərsə, onlar kredit kartlarından istifadə edir və malları udmaqda olan satış yaradırlar. Əgər insanlar satın alırsa, deməli, kapitalizm inkişaf edir. Lakin əgər, hər hansı səbəbdən insanlar kreditə görə narahat olmağa başlayırlarsa, əgər onları həddən artıq borc yığıldığını düşünürlərsə, elə ola bilər ki, bu kreditin heç bir dəyəri olmayacaq.

Əgər istehlakçı gözləmələri narahat gözləmələrlə əvəz olunursa, insanlar kreditdən istifadə etməyi dayandırırlar və satış problemi, bazarların genişlənməsinin növbəti dəfə məhdudlaşması meydana gəlir. Uzun müddət əvvəl Roza Luksemburqun dediyi kimi, bu problemin dəf edilməsi üsullarından biri – imperializmdir. O xüsusilə vurğulayırdı ki, XX əsrin əvvəlində Britaniya, Fransa və Amerika Çindən necə istifadə edirdilər. Çindən, qərb məhsullarınin satışı üçün yeni bazarlar yaratmaq üçün istifadə edirdilər. Qərb çin ticarət divarlarını dağıtmaqla böyük uğurlar qazanırdı.

Lakin problem ondan ibarətdir ki, yeni mənimsəmə üçün bu cür torpaqlar getdikcə azalır. Və bildiyiniz kimi, sındırılmağa müvəffəq olunan son divar Sovet İttifaqı ətrafındakı divar idi. İndi, sabiq Sovet İttifaqı və kommunist Çini kapitalist dünya bazarına inteqrasiya edildikdə, daha hara genişlənməli? Budur – mənimsəmə üçün yeni ərazilər yoxdur. Buna görə də yalnız daxili, intensiv genişlənmə mənbələrinə güman etmək lazımdır.

Növbəti problem odur ki, pulu olan hər kəs kapitalist ola bilər. Budur, öz cibimdən pul götürürəm və bazara yollanıram ki, bu pulları daha çox qazanmaq üçün istifadə edim. Lakin problem ondadır ki, əgər həddən artıq çox insan istehsala pul qoyursa, deməli, onlar bir-birləri ilə rəqabət aparırlar. Həddən artıq çox insan yaxşı mənfəət əldə etmək məhdud imkanlar uğrunda rəqabət aparırlar. Məhz bu, Marksın məcburi rəqabət qanunu adlandırdığı vəziyyətdir. Mən sadəcə olaraq kimisə bazardan sıxışdırıb çıxarmalıyam. Böyük insanlar xırdaları bazardan sıxışdırıb çıxarmalıdırlar. Bunun nəticəsi təmərküzləşmədir.

İndiki zamanda Uoll-Stritdə nəhəng biznes reallaşdırılır. Bu, aktivlərin alınmasıdır, şirkətlər daima birləşir və ya satın alınır. Bəzən düşmənsayağı zəbtlər – reyderlik baş verir, bəzən birləşmə könüllü şəkildə gerçəkləşir, lakin nəticə dəyişməzdir – daha iri və güclü korporasiyalar meydana çıxır. Bununla da, bazara daxil olma hüdudu daha da yüksəlir. Bu hüdudlar haqqında danışarkən nəyi nəzərdə tuturam? Kapitalizm daima baryerlər və hüdudlarla qarşılaşır. Daima onları dəf etmə yolları tapmaq lazım gəlir. Doğrusu, kapitalist siyasətin əsas özəyi – baryerlərin axtarışı və dəf edilməsidir.

İndi bu cür nəzəri girişdən sonra sizə əsas maraqlar haqqında danışacağam: bütün bunlar urbanizasiya, bizim günlərdə şəhər tikintisinə necə təsir göstərir? Sizə təklif etdiyim tezis ondan ibarətdir ki, artıq kapitalın istifadəsinin mərkəzi problemləri dərk edilməsə, kapitalizm dövründəki bütün urbanizasiya tarixi dərk edilə bilməz.

Bununla ilk dəfə XIX əsrdə rastlaşmışam – aşkar etdiyim ilk nümunə idi. 1848-ci ildə bütün Avropa üzrə iqtisadi böhran baş verir. Avropada artıq kapital yaranır və ona, mənfəətli tətbiq yeri tapa bilmirlər – Avropada kifayət qədər sərmayə imkanları yox idi. Nəticədə işsizliyin yüksək səviyyəsi yaranır. Parisdə işsiz işçilər və müəyyən ideoloji səbəblərə görə kapitalizm əleyhdarları: utopik sosialistlər, kapitalistlərin müflis etdiyi xırda dükançılar – birdən-birə yalnız Parisdə deyil, həm Vyanada, həm də Berlində baş vermiş 1848-ci il inqilabındakı barrikada döyüşlərində uğur əldə edə bilmiş inqilabi blok yaratmağa müvəffəq olurlar. Böyük Britaniyada çartistlərin ciddi iğtişaşları baş verir.

Birdən, kapitalizmin iqtisadi böranına çox ciddi siyasi böhran əlavə olunur – Parisdə hakimiyyətin inqilabi zəbti baş verir. Parisin burjua elitasının düşərgəsində panika yaranır. Onlar müstəmləkə generalını Əlcəzairdən dəvət edirlər ki, o, çəkinmədən sivil Avropada müqaviməti sındırmaq üçün sırf müstəmləkə metodlarından istifadə edir. Bir çox işçiləri güllələdikdən sonra eyni problem yaranır: kapital artığı ilə bundan sonra nə etməli? Kütləvi işsizliyin qayıdışının qarşısı necə alınmalı? Burada Lui Bonapart, III Napoleon şəxsiyyəti meydana çıxır ki, o, siyasi çevriliş edir və dayısının – Napoleon Bonapartın nüfuzundan istifadə edərək, hakimiyyəti ələ alır. 1852-ci ildə o, ikinci imperiyanı yaradır.

Təbii ki, bu ikinci imperiya işçilərin müqavimətini dəf edir, belə ki, gizli polis yaranır, tətillər rəsmi olaraq qadağan olunur, ordu qanunsuz yığıncaqların dağıdılmasına yollanır. Lakin Napoleon çox gözəl başa düşürdü ki, süngü ilə hakimiyyətdə qala bilməz. Artıq kapitalın tətbiqi problemini həll etmək lazım idi. Buna görə də ikinci imperiyanı yaratdıqda dərhal elan edir ki, biz infrastruktura, yeni portların, dəmir yollarının yaradılmasına pul yatıracağıq. Lakin, hər şeydən əvvəl, biz Parisi yenidən qurmağa çalışırıq. 1853-cü ildə o, baron Osmanı Parisin prefekti təyin etdi. O, həqiqətən də 1830-40-cı illərin utopik sosialistləri və anarxistlərindən götürdüyü bir çox ideyalardan istifadə edərək Parisi yenidən qurdu.

Lakin o, geniş və işıqlı bulvarların tikintisindən əlavə, daha bir şey etdi. Parisin yenidənqurma miqyasını tamamilə dəyişdi. Necə də xoş təfərrüat: baron Osman Parisin prefekti təyin olunduqdan sonra qısa müddət ərzində onun yanına memar gəldi, çertyojları göstərdi ki, Osman ona belə cavab verdi: qulaq asın, sizin bulvarlarınız yalnız qırx metr enindədir, mənə isə minimum 120 metr enində bulvarlar lazımdır; siz həmçinin görəcəksiniz ki, bulvarlar şəhəri vahid, mərkəzi planla birləşdirir. Bu, Sen-Jermen, Yelisey çölləri, Paspay bulvarına malik, tamamilə planlaşdırılmış şəhərdir.

Bu, bazarların təmiri problemini həll etdi, belə ki, onlar Parisin yenidənqurması planı ilə əlaqələndirildilər. Bəs baron Osmanın islahatlarını gerçəkləşdirmək üçün zəruri olan pul haradan peyda oldu? Yeni kredit müəssisələri qrupları yuxarıdan yaradıldı və bu yeni maliyyə alətləri bulvarlar tikməyə, onları köhnə şəhərdən keçirməyə imkan verdi.

Bu, böyük uğur idi, lakin qısa müddət üçün. Sonra nə baş verdiyinə nəzər salın. Kapital uğurlu şəkildə şəhər quruculuğunda istifadə edilir, işçilər tikintidə məşğuldurlar. Bu, yeni törəmə bazarlar yaradır: yeni mehmanxanalar, yeni univermaqlar meydana çıxır. Univermaqlar yeni istehlak mərkəzlərinə çevrilirlər. Emil Zolyanın “Xanımların xoşbəxtliyi” adlı çox gözəl povesti var. Bu, həmin yeni, nəhəng mağazalardakı istehlak cənnətidir.

Qadın məsələsinə gəldikdə: Osman tamamilə şüurlu şəkildə deyirdi ki, əgər biz qadınları bazara cəlb edə bilsək, yeni dayaq, yeni istehlak mənbəyi yaradacağıq. Bulvarlar sadəcə piyada gəzintiləri yeri yox, həmçinin vitrinə çevrilirlər. Reklamın, istehlakın həvəsləndirilməsi ilə bağlı öz işini görən vitrin. Bütün bunlar kreditə götürülür və böyük həcmdə. Lakin 1868-ci ildə, hardasa 15-16 il sonra sual yaranır: bəs bu kredit nə qədər şişirdilib? Əhali nə dərəcədə kreditlərlə yüklənib? İnsanlar sistemə olan etibarlarını itirdikcə bu məsələlər daha zəruri olmağa başlayır ki, bundan sonra sistem çox sürətli şəkildə dağılır və növbəti böhran başlayır. Parisdə tikinti dayandırılır, bütün imperiya dəf edildiyi düşünülən problemlərlə qarşılaşır. Bəs bu anda Lui Bonapart hansı addımı atır? Diktatorların tez-tez qəbul etdiyi tədbirlərə əl atır – kiçik, zəfər gətirən müharibə təşkil edir. Beləliklə, o Almaniyaya qarşı müharibəyə başlayır və, məlum olduğu kimi, məğlub olur. Əsir götürülür və bundan sonra, bildiyiniz kimi, Paris mühasirəyə alınır. Bu da, bildiyiniz kimi, ikinci böyük sosialist qiyama – Paris Kommunasına gətirib çıxarır. Demək olar ki, iki ay Paris kommunanın hakimiyyəti altında qalır. Bu tarixdir, qeyri-sabit, prinsipial olaraq qeyri-sabit birlik yaradan avtoritarizm və bazar tarixidir ki, şəhər mühitinin kəskin genişlənməsi yolu ilə bazar yığımı prosesini stabilləşdirməyə müvəffəq olur.

İndi isə başqa bir misal – 1942-ci il, Birləşmiş Ştatlar. 1930-cü illərdə Birləşmiş Ştatlar böyük depressiya adlandırılan ciddi, çox ciddi bir böhran keçirdi. Çox insanlar bu depressiyanı istehlak problemi kimi, pulla əsaslandırılmış tələb çatışmazlığı problemi kimi başa düşürdülər. Əmtəə istehsal etmək imkanı mövcud idi, lakin bu əmtəələri satın almaq imkanı yox idi. 30-cu illərin əvvəlində Ruzvelt prezident seçiləndə dövlət hakimiyyətindən, iqtisadiyyatı dirçəltmək üçün istifadə etməyə çalışırdı. Bu işə yaramadı: depressiya davam edirdi, lakin müvvəqqəti olaraq o, ikinci dünya müharibəsi ilə dəf olunmuşdu. İkinci dünya müharibəsi dərhal bazar, hərbi istehsal yaratdı. Bu, artıq əmək problemini də dərhal həll edirdi, belə ki, çox sayda insanı sadəcə olaraq müharibəyə çağırdılar. Bu, işsizlik, istehsal problemlərini həll edirdi. Lakin müharibənin sonunda paradoksal vəziyyət yaranır. Müharibə yaxşı vaxt idi, lakin müharibədən sonra depressiyanın qayıtması təhlükəsi var idi. Bu problemi necə həll etməli? Növbəti dəfə kapitalist siniflər özlərini tələdə hiss edirlər. İqtisadi cəhətdən onlar bu hissi 30-cu illərdə yaşamışdılar. İndi dövlət hakimiyyəti onları dirçəltməyə müvəffəq oldu.

Bundan əlavə, başqa bir problem yarandı – Birləşmiş Ştatlar dövləti nəinki həddən artıq gücləndi, həm də dövlət kommunist Sovet İttifaqı ilə rəsmi və çox sıx ittifaqda idi. 30-cu illərdə Birləşmiş Ştatlarda kifayət qədər nüfuzlu kommunist hərəkat mövcud idi; ABŞ-dakı bir çox kommunistlər və sollar Ruzveltin yeni kursunu dəstəkləyirdilər. Kapitalistlər qorxusu isə ondan ibarət idi ki, ikinci dünya müharibəsinin sonunda ABŞ hökuməti daha da sola meyl edir və bunun bəzi təsdiqlənmiş faktları mövcud idi: ikinci dünya müharibəsi zamanı Birləşmiş Ştatlar dövləti faktiki olaraq ümummilli planlaşdırma sistemi yaratdı. Bu isə dünyada yaradılmış ən səmərəli plan sistemlərindən biri idi.

Bu çox ciddi misal idi və ABŞ kapitalist elitası arasında ciddi panika yaranır. Artıq 1942-ci ildə “xaç yürüşləri” təşkil olunur ki, bu, 1945-ci ildə xarici kursun dəyişməsinə, Sovet İttifaqı ilə münasibətlərin pozulmasına gətirib çıxaracaq, bu isə faktiki olaraq dövlət apparatının elə bir insanlardan təmizlənməsi idi ki, onları sola simpatiya bəsləməkdə şübhə altına almaq olardı, bu cür insanlar isə, əlbəttə, ən yüksək vəzifələrdə çox saylıdırlar. Lakin kapitalistlər tərəfindən təhlükə dəf edildikdən sonra, iqtisadiyyatın necə fəaliyyətə salınması problemi yarandı. Fikirləşmək lazım idi ki, planlaşdırma olmadan necə keçinmək olar, bütün istehsalı özünə çəkən müharibə olmadan necə mövcud olmaq olar, müharibə başa çatdıqdan sonra böyük depressiya səviyyəsinə qayıdacaq olan işsizliyin öhdəsindən necə gəlmək olar.

1942-ci ildə “Memarlıq forumu” adlı jurnalda kifayət qədər maraqlı məqalə dərc olunur. Bilirsinizmi məqalənin mövzusu nə idi? Məqalə, Osmanın Parisi necə yenidən qurması haqqında idi. Bu, Osmanın etdikləri və onların faydası haqqında təfərrüatlı izah idi. Bu sadəcə təfərrüatlı deyil – Osmanın əslində nəyə nail olduğunun çox ağıllı və yaxşı təhlili idi. Məqalə Robert Mozes adlı şəxs tərəfindən yazılmışdı. O, Böyük Nyu-York regionu rayonunun, Nyu-York şəhəri və onun ətraf ərazilərinin planlaşdırılmasının rəhbəri idi. Onun əsas ideyası birbaşa baron Osmandan götürülmüşdü: şəhər mühiti haqqında düşünmə miqyasını kəskin şəkildə dəyişmək lazımdır, şəhərin hüdudlarından kənara çıxmaq, şəhəri kənarlara doğru genişləndirmək lazımdır, aqlomerasiyalar, şosse yolları yaratmaq, onları bütün şəhər boyu salmaq lazımdır. Artıq piyada bulvarları deyil, şosselər, şəhərətrafı əraziləri, uzaq şəhərətrafı əraziləri şəhər mərkəzinə birləşdirmək və əhali və istehsalı şəhər mərkəzindən kənarlaşdıracaq düyün nöqtələri yaratmaq lazımdır.

Bu plan necə dəstəklənirdi? Müharibədə sonra federal hökumət baron Osmanın yaratdıqlarına bənzər maliyyə qurumları yaradır. Bu maliyyə qurumları müxtəlif manipulyasiyalar yolu ilə özəl developerlər və şəhər idarəetmə orqanlarına maliyyə təqdim edirlər ki, yeni şəhər mühiti yaradılsın. Robert Mozes müharibədən sonra çox ciddi qurumlar üzərində böyük nüfuz əldə edir. O və yalnız o, yeni su təchizatı sistemləri yarada, yeni parklar, yeni şosse yolları sala bilərdi. Əgər çoxsıralı şosse yolu çəkmək üçün Nyu-York mərkəzində bütöv bir kvartalı dağıtmaq lazım olurdusa, o, bu cür hakimiyyət gücünə malik idi. Nyu-Yorkdan sonra o, amerikan şəhərlərinin, bütün digər amerikan şəhərlərinin kəskin yenidənqurması prosesini və əhali və istehlakın şəhər kənarına kəskin şəkildə çıxarılması prosesini işə salır.

Suburbanizasiya və yeni şəhərətrafı ərazilərin yaradılması yeni nəhəng ölçülü bazar yaradır. Lakin fərdi yaşayış ərazisi bazarı, təkcə ev tikintisi bazarı deyil – avtomobillər üçün bazar, rezin, lak və boya istehsalını, neft və neft məhsulları istehsalını, hər növ kafe və ticarət infrastrukturunun, şəhər ətraflarında iri ticarət mərkəzlərinin, yeni kinoteatrların yaradılmasını həvəsləndirən bazarlar meydana çıxır. Və yenə də bunlar işə yaradı və yenə də, yalnız müəyyən bir müddət üçün. Hər şey o zamana qədər çox gözəl alındı ki, Mozes islahatlarına müxalif olan siyasi qüvvələr gücləndi. O, şəhərin köhnə tarixi mərkəzlərində həddən artıq çox şeyi dağıtmışdı və ifrat avtoritar plançı kimi qəbul olunurdu. 1968-ci ildə, baron Osman nüfuzunu əldən verdikdən düz yüz il sonra Mozes də nüfuzunu itirdi.

Lakin proses davam edirdi. 1970-ci illərin ortalarına qədər davam etdi, bu zaman daşınmaz əmlak bazarına ciddi zərbə vuran maliyyə böhranı başladı, faktiki olaraq müharibədən sonra Mozesin tətbiq etdiyi urbanizasiyaya son qoydu. Kifayət qədər maraqlıdır ki, insanlar adətən 1973-cü il böhranının, 1973-cü ildə neft qiymətlərinin artması ilə başlandığını düşünürlər. OPEK (OPEC), neft ixrac edən ölkələr təşkilatı kartel yaratdıqdan və bu kartel neftin qiymətini tənzimləməyə başladıqdan sonra. Lakin, əslində, iqtisadiyyat artıq oktyabrdan altı ay əvvəl böhran vəziyyətində idi. Və böhran ona görə başladı ki, daşınmaz əmlak qiymətləri düşməyə başladı. Başqa sözlə, 1945-ci ildən bəri bütün sistemi ayaqda saxlayan dirçəliş 1973-cü ilin əvvəlində dağıdıcı sonluqla bitdi və yeni böhran baş verdi. Bu, kapitalizmin yalnız iqtisadi problemlə deyil, həm də siyasi təhlükə ilə üzləşdiyi böhran idi, belə ki, 1970-ci illərdə yalnız kreditlə bağlı yox, həm də iş qüvvəsinin təşkili ilə bağlı problem yarandı.

70-ci illərdə həmkarlar ittifaqı həddən artıq güclü idilər, sosialistlər hakimiyyətdə idilər, kommunistlər isə Qərbi Avropanın bir çox ölkələrində hakimiyyəti ələ keçirməyə yaxın idilər. Ümumilikdə, xarakterinə görə sosialist inqilablar Portuqaliya kimi ölkələrdə baş verdi, hələ Afrika və ya Latın Amerikasınnı bir çox ölkələrini bir kənara qoyaq. Beləliklə, kapitalist elitası panikaya qapıldı.

Bu dalğa qarşısında nə etməli? Hər hansı yolla artıq qalan kapitalın tətbiqi imkanlarını yeniləmək lazım idi. Bununla eyni vaxtda, siyasi mövqeləri möhkəmləndirmək lazım idi, çünki onlara qarşı həmlələr olunurdu. Bir cavab variantını Çilidə general Pinoçet göstərdi: siyasi çevriliş etmək və III Lui Napoleonun atdığı addımları atmaq: yeni iqtisadi quruluş yaratmaq ki, bu zaman sərvət qorunur, yoxsulluğa yeri göstərilir. Bundan əlavə, iqtisadiyyatın dinamikasını dəyişmək lazımdır.

Çilidə nə baş verdi? Çili ixrac-yönümlü iqtisadiyyata keçdi, xarici sərmayə cəlb etməyə başladı, hər iki istiqamətdə qapıları açdı. Müvafiq olaraq, maliyyə axınları üçün qapılar açıldı. Bu çili iqtisadiyyatını dirçəltməyə kömək etdi. Çili iqtisadiyyatı hələ 70-ci illərin əvvəllərində inkişaf etməyə başlamışdı. Birləşmiş Ştatlarda hərbi çevriliş etmək çox daha çətin idi. Ona görə sual yarandı: öz ölkəndə bunu necə etməli?

70-ci illərdə Nyu-Yorkda nə baş verir? Növbəti dəfə, bu, dəyişikliklərdə əsas rolu oynadı: Nyu-York böyük həcmdə borc aldı, yerli idarəetməyə, əvvəlki onilliklərdə başladılmış layihələri hər hansı yolla davam etdirmək üçün böyük miqdarda pul lazım idi. Həmin vaxtda Nyu-York dünyada ən böyük yerli idarəetmə büdcəsinə malik idi. Bununla bərabər, çox güclü, mütəşəkkil işçi sinfinə malik idi. Buna əlavə olaraq, həmçinin irqi təşkilatlar da mövcud idi. Nyu-York kapitalist elitalara siyasi meydan oxuyurdu, lakin eyni zamanda böyük borc içində idi. Nəticə kifayət qədər gözlənilən idi: kapitalist elitası dedi – yetər, biz sizi kreditlə təmin etməyi dayandırırıq. Onlar Nyu-Yorku, müflisləşdiyini elan etməyə məcbur etdilər.

Bu tamamilə inanılmaz an idi. Nyu-York şəhər hakimiyyəti federal hökumətə müraciət etdi. Lakin federal hökumət o zamanlar çox mühafizəkar respublikaçılar tərəfindən idarə olunurdu, prezident isə Nyu-Yorku aşkar şəkildə xoşlamayan Cerard Ford idi. Onun hər iki məsləhətçisi dedi ki, Nyu-Yorka bütün bəndlər üzrə rədd cavabı vermək lazımdır. O dövrün qəzet başlıqları təxminən belə idi: Ford şəhərə deyir: “Öl!”.

Bu məsləhətçilər kim idi? Birincisi Donald Ramsfeld idi. İkincisi isə Dik Çeyni idi. Ramsfeld və Çeyninin şəhər dağıtmaq üzrə böyük təcrübələri var, Nyu-Yorkdan Bağdada qədər. Onlar nə etmək istəyirdilər? Onlar Nyu-York şəhərini diz üstə çökdürmək istəyirdilər, onu müflisləşmə yolu ilə nizama salmaq, ölkənin bütün aktivlərini xarici idarəetmə altına almaq, onlar üzərində sərmayə bankları Komitəsindən xarici idarəetmə təyin etmək istəyirdilər. Bu yeni agentlik şəhərin bütün vergi daxilolmalarını götürəcək. İlk növbədə, onlar vergi daxilolmalarını borcların ödənməsi üçün istifadə edəcək. Qalıqda qalanları isə şəhər büdcəsi üçün istifadə etmək olar.

Bunun nəticəsi dəhşətli vəziyyət oldu. Tibbi xidmət dağılır, zibillərin yığılması sistemi dağılır, faktiki olaraq bütün şəhər iqtisadiyyatı məhv olur. Nəqliyyat dayanır. Yerli idarəetmə xidmətindəki kütləvi qovulmalar nəticəsində yaranmış işsizlik böyük miqyas alır. Nyu-Yorkda, şəhər iqtisadiyyatında iş yerlərini itirmiş əhalinin kütləvi lümpenləşməsi gedir. Lakin investisiya bankirləri üçün burada çox maraqlı nümunə var. Yeni bir prinsip aşkar olunur: əgər maliyyəçilərin rifahı və əhalinin rifahı arasında toqquşma mövcuddursa, maliyyəçilərin rifahını üstün tutmaq lazımdır – ilk növbədə onlara ödəniş etmək lazımdır, yerdə qalanı xalqa vermək.

Bu prinsip ilk dəfə 1975-ci ildə Nyu-Yorkda tətbiq olunub. 1982-ci ilə qədər bu, Beynəlxalq Valyuta Fondunun (BVF) əsas prinsipinə çevrildi, onu bütün dünya üzrə tətbiq edir. 1982-ci ildə Meksika hökuməti müflisləşdiyini bəyan edir. BVF dedi: yaxşı, biz sizə kömək edərik, lakin ilk növbədə siz maliyyəçilərə öz borc öhdəliklərinizi ödəməlisiniz. Əhali isə – əziyyət çəkməli olacaq. Və siz 80-ci illərdə Meksikada nə baş verdiyini müşahidə edə bilərsiniz. Bütün növ yerli idarəetmə xidmətlərində kəskin geriləmə. Mexiko şəhərinin miqyasını təsəvvür edin. Bu şəhərdə nə baş verir? Birincisi, küçə cinayətkarlığının böyük miqyasda yayılması. Nyu-York da bir zamanlar kifayət qədər təhlükəsiz şəhər idi, ən azından 80-ci illərə qədər. Mexikoda cibinizdən pul qabınızı oğurlaya bilərlər, lakin ən azından heç kim sizi güllələməzdi. 80-ci illərdə Mexiko dünyanın ən təhlükəli şəhərlərindən birinə çevrilir. Orada adicə küçədə gəzmək təhlükəli iş olur. poor and rich part

Bütün bunlar neoliberalizmin gəlişi ilə baş verir. Bu hadisələrə cavab necə idi? Yeni tip repressiyalar. Neoliberallaşmanın fəsadlarından biri – Birləşmiş Ştatlarda həbsxana sisteminin geniş inkişafı idi. 80-ci illərdən başlayaraq, Birləşmiş Ştatlarda məhbusların mütləq sayı dünya üzrə ən yüksəkdir, hətta adambaşına belə. İşsiz əhalinin əhəmiyyətli hissəsi Nyu-Yorkda həbsxanaya düşür. Və oraya bir dəfə düşdükdən sonra, təkrar-təkrar oraya qayıdırlar.

Sərmayə banklarının Nyu-Yorkda bir çox evləri var idi və daşınmaz əmlak qiymətlərini hər hansı yolla bərpa etmək lazım idi. Bu səbəbdən də şəhər büdcəsini borcların ödənilməsinə yönəltdikdən sonra daşınmaz əmlak qiymətlərinin qaldırılmasına necə kömək etmək barədə fikirləşmək lazım idi. Xatırladıram, bu dövr OPEK-in təşkil etdiyi neft şoku dövrü idi; neft qiymətləri artmışdı. Bu deməkdir ki, Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər dövlətlərinin cibləri çox sayda nağd pulla dolmuşdu. Bu nağd pulla nə etməli? Yəqin xatırlayırsınız ki, 1973-cü ildə Birləşmiş Ştatlar ciddi şəkildə Səudiyyə Ərəbistanında desant qüvvələri yerləşdirmək və onun neft mədənlərini zəbt etməklə təhdid edirdi? Bu hazırlıqların nə qədər ciddi aparıldığını biz bilmirik – bu gizli planlardır, lakin biz bilirik ki, bu dövrdə Səudiyyə Ərəbistanı hökuməti amerikan səfiri ilə təcili danışıqlar aparırdı, bu danışıqlarda çox vacib bir razılıq əldə edilmişdi ki, Səudiyyə Ərəbistanının əldə etdiyi bütün dollarlar dünya dövriyyəsinə buraxılacaq, lakin müstəsna olaraq Nyu-York şəhərinin maliyyə qurumları vasitəsilə.

Neft dollarının ərəb ölkələrindən kolossal axını Uoll-Striti, Nyu-Yorku dirçəltdi, ona avropalılar üzərində böyük üstünlük təqdim etdi. Gördüyünüz kimi, bu, sırf imperialist hərbi təzyiqi ilə əldə olunmuşdu. Uoll-Strit və Nyu-Yorkun Maliyyə kvartalı dirçəldikdən sonra, biznes və şəhər hökuməti arasında ictimai-özəl əməkdaşlıq yaradıldı. Bu, elit yaşayış yeri, elit mühit yaratmaq, parkları bərpa etmək, butik və restoranlar tikmək, Nyu-Yorku yeni elita üçün cəlbedici etmək üçün təşkil olunmuşdu. Bu anda biz Nyu-Yorkun yenidən doğulmasını müşahidə edirik. Proletar şəhəri olan Nyu-York ifrat varlıların oyun meydançasına çevrilir. Bu, çox gözəl oynanılmış islahatdır.

Bu cür siyasətin iyirmi ilindən sonra şəhərdə nələr baş verdi? İstehsal buradan çıxarıldı, proletar rayonları uzaqlaşdırıldı; indi bu rayon elit yaşayış və elit istehlak rayonudur. Diqqət yetirin ki, neoliberalizm heç də dövlət müdaxiləsini ləğv etmədi. Dövlət müdaxiləsi sadəcə olaraq maliyyə qurumlarının maraqlarına köməyə yönəldildi. Lakin Nyu-Yorkda öz pullarını xərcləmək üçün sərmayəçiləri dəvət edən işgüzar-mühitin yaradılması üçün sadəcə bu mühüm deyildi. Diqqət yetirin, Nyu-Yorkun icra hakimi indi kimdir? Milyarder, əslində bu vəzifəni satın almış həqiqi milyarder. O, seçilmək üçün nəhəng pullar xərcləmişdi.

İnkar etməyəcəyik ki, bu şəhər çox xoş, maraqlı və gözəl yerdir. Nyu-York – möhtəşəm şəhərdir, lakin bu şəhər çox varlı insanlar üçündür. İcra hakimi Blumberq nə deyir? Aşkar şəkildə deyir ki, kasıb korporasiyaları maliyyələşdirmək fikrində deyil. Əgər kiminsə Nyu-Yorkda sərmayə yatırmaq və burada öz baş gərargahını yerləşdirmək üçün pulu yoxdursa, biz bu cür sərmayəçilərdə maraqlı deyilik, biz sadəcə o sərmayəçilərlə maraqlanırıq ki, ofis məkanı üçün ifrat yüksək icarə haqları ödəməyə qadirdirlər. Nyu-Yorkda orta sinfin yaşaması demək olar ki, mümkün deyil. Mənim kimi insanlar – mən professoram – öz şəhərində yaşaya bilmir, çünki sadəcə milyarder yox, multimilyarder olmaq lazımdır ki, Nyu-Yorkda mənzilə sahib olasan. Yəni, şəhər idarəetməsinin zəbt edilməsi baş verib və o, müstəsna olaraq yaxşı işgüzar mühitin yaradılması üçün istifadə olunur. Dövlət hakimiyyəti sadəcə kapital üçün yox, çox iri kapitala xidmət edən dövlət rifahının yaradılması üçün istifadə olunur. Bu, kobud, sadə reallıqda neoliberalizm adlanan quruluşun özüdür.

Bu, 1973-cü ildə başlanıb və indiki gündə bu sikl demək olar ki, başa çatıb. Nyu-Yorkda insanlar var ki, ildə 1 milyard 600 milyon dollar qazanır və özlərinə bu həcmdə əmək haqqı ödəyir. Bu nəhəng vəsaitlər haradan gəlir? Dünya maliyyə bazarlarında manipulyasiyalardan. Və bu insanlar şəhərdəki istehlak səviyyəsini müəyyən edirlər. Nə üçün onlar, daima qeyd etdikləri dünya maliyyə bazarlarının daha çox tənzimlənməməsini istəyirlər? Çünki neoliberal şəhər – yüksək rifah şəhəridir, lakin o, qaçılmaz olaraq, digər şəhərlər, lümpenlər şəhəri ilə yanaşı yerləşir.

Braziliya. San Paulo. Cənubi Amerikanın ən böyük şəhəri.

Braziliya. San Paulo. Cənubi Amerikanın ən böyük şəhəri.

Maykl Devis bu yaxınlarda bestsellərə çevrilmiş kitab dərc edib. Onun başlığı çox nümunəvidir, “Xarabalıqlar şəhəri”. Dünya böyük bir dünya şəhərinə və ya dünya kəndinə deyil, kəndlərlə yox, xarabalıqlarla əhatə olnmuş dünya şəhərinə çevrilir. Santyaqo, Çiliyə gedin və şəhərin Avropaya həddən artıq bənzəyən mərkəzini görəcəksiniz, mərkəz isə Latın Amerikasının ən pis nümunələri səviyyəsində olan xarabalıqlarla əhatə olunub. Bir tərəfdən, Santyaqoda elit mənzillərin böyük göydələnlərini, çox elit barlar görəcəksiniz – bu, rifah planetidir. Orada yeni burjuaziya yaşayır. İstənilən neoliberal şəhər – dəqiq şəkildə bölünmüş şəhərdir. Bu, rifah və yoxsulluq qütbləri olan şəhərdir. Bu arada, bu qütblər rəsmi olaraq da ayrılıb. Latın Amerikasının bir çox şəhərlərində xarabalıqlar ümumiyyətlə dövlət tərəfindən idarə olunmur. Dövlət əvəzinə orada dəstələr fəaliyyət göstərir. Narkotik alverçisi dəstələri, yerli mafiyalar, yerli öz qanunlarını bərqərar etmiş möhkəm oğlanların hansısa birliyi. Mənə elə gəlir ki, bu çox kədərli sondur. Şəhər daha yaxşı yer ola bilərdi.

Düşünürəm ki, indiki zamanda radikal alternativ ondan ibarət ola bilər ki, yaşanıla biləcək şəhərlər salınsın. Cəmiyyətin müxtəlif siniflərinin yaşaya biləcəyi şəhərlər, orta sinif üçün yeri olan, yalnız xüsusilə iri kapitalın tətbiqi meydançaları olaraq xidmət göstərməyəcək şəhərlər. Yalnız ən güclülər üçün deyil, hər kəs üçün azad mühit yaradan Şəhərlər. Mənə elə gəlir ki, neoliberalizm artıq öz sonuna yaxınlaşır.

Tərcümə: Ləman Orucova

mənbə