Qraffiti sinfi mübarizə vasitəsi kimi. Banksy

Print Friendly, PDF & Email

Salvador

“Kommunist Partiyasının Manifesti”ndə deyildiyi kimi, “İndiyə qədər mövcud olan bütün cəmiyyətlərin tarixi siniflər mübarizəsi tarixi olmuşdur”. Və bu siniflər mübarizəsi tarixin müxtəlif çağlarında müxtəlif incəsənət növlərində öz izini qoymuşdur. Strit-art (Küçə incəsənəti) da istisna hal deyil. Strit-artın yaranması birbaşa olmasa da dolayısı yolla siyasətlə əlaqədardır. Onun yaranmasının ilk nümunəsi kimi Rus futuristlərinin “İncəsənətin demokratikləşdirilməsi haqqında (hasar ədəbiyyatı və meydan rəsmi)” 1918-ci ildə çap edilmiş №1 Dekreti göstərmək olar. Dekretdə deyilir:

“Yoldaşlar və vətəndaşlar, biz, Rusiya futurizminin – gəncliyin inqilabi incəsənətinin – başçıları elan edirik:

  1. Bundan sonra çar quruluşunun məhvi ilə incəsənətin insan dühasının anbarlarında, damlarında – saraylarda, qalereyalarda, salonlarda, kitabxanalarda, teatrlarda yaşaması ləğv edilir.
  2. Qoy hər kəsin mədəniyyət qarşısındakı bərabərliyinin böyük ayaq səsi naminə yaradıcı şəxsiyyətin Azad Sözü ev divarlarının tinlərində, hasarlarda, damlarda, şəhərlərimizin, kəndlərimizin küçələrində, avtomobillərin, ekipajların, tramvayların arxasına və bütün vətəndaşların paltarlarına yazılsın.
  3. Qoy əlvan zolaqlarla rəsmlər (rənglər) yoldan keçənin gözlərini (zövq) oxşayaraq, sevindirərək evdən evə küçələrdə və meydanlarda yayılsınlar.

Rəssamlar və yazıçılar ləngimədən bəzədilmə sənətkarlıqlarının boyalar və fırçalar olan qablarını götürməyə, şəhərlərin, vağzalların və daim hərəkət edən dəmiryol vaqonları dəstəsinin bütün künclərini, alınlarını, sinələrini rəngləməyə borcludurlar.

Qoy bundan sonra vətəndaş küçədən keçərkən hər dəqiqə böyük müasirlərin düşüncələrinin dərinliyindən həzz alsın, bu gün gözəl xoşbəxtliyin əlvan parlaqlığını seyr etsin, hər yerdə gözəl bəstəkarların musiqilərini — melodiyaları, gurultunu, küyü dinləsin.

Qoy küçələr hər kəs üçün incəsənət bayramı olsun”.

— Vladimir Mayakovski, David Burlyuk, A.Kamenski (“Futuristlərin qəzeti”. — M., 15 mart, 1918)

Strit-artın əsasını qraffiti təşkil edir, lakin hesab etmək lazım deyil ki, strit-art elə qraffitidir. Qraffiti hip-hop altmədəniyyətinin beş sütunlarından biridir. Hip-hopun sütünu qismində qraffiti həyat tərzi kimi başqadır, onun siyasi mahiyyəti başqa. Əgər hip-hop altmədəniyyəti (subkultura) prizmasından baxmasaq, qraffitinin məşhurlaşması 1942-ci ildə İkinci Dünya Müharibəsi zamanı Kilroy adlı fəhlənin Detroytda yerləşən fabrikdə istehsal olunan bombalar olan hər yeşiyə “Kilroy was here”1 cümləsini yazması ilə baş verib. Avropada bombardman zamanı sağ qalan əsgərlər bu cümləni divarlara yazmağa başlayırlar. Müharibə ərzində və sonrakı bir neçə onillikdə bu “Kilroy was here” ifadəsi rəsmlə əlavə edilmiş şəkildə bütün dünyada yayılmağa başlayır. İfadə amerikan ordusu tərəfindən istifadə edildiyindən amerikan kütləvi mədəniyyətinə tezliklə daxil olur. Çində qraffiti daha erkən dövrdə – 1920-ci illərdə – ölkədə kommunist inqilabının müdafiəsi və canlanması üçün ictimai yerlərdə inqilabi şüarların və rəsmlərin çəkilməsini istifadə edən Mao Zedunqun siyasi fəaliyyəti ilə birgə yaranıb. Çin cəmiyyətini tənqid etdiyi 4000 obrazdan ibarət ən uzun qraffiti rekordu Maoya aiddir.

fransada

(Fransada 1967-ci ilin payızında başlamış və 1969-cu ildə – De Qollun istefaya getməsi ilə başa çatmış “Qırmız May” hadisələri zamanı tələbələrin hazırladıqları plakatlar.)

Parisdə 1968-ci ilin mayında baş verən tələbə etirazları və ümummilli tətil ərəfəsində şəhəri “L’ennui est contre-révolutionnaire” (“Darıxma əks-inqilabçıdır”) kimi inqilabi, anarxist və situasionist şüarlar bürümüşdü. Bəzən divarlarda yazılan siyasi şüarları qraffiti ilə səhv salırlar (!).Yəni adi əl ilə yazılan hər bir yazı qraffiti sayılmır, hətta onlar aerozol boya ilə yazılsalar da. Parisdəki şüarlar qraffiti (ən primitiv), plakat və trafaret üslübunda edilmişdilər. “Çılğın altmışıncı illər” məlum olduğu kimi təkcə Fransada deyil dünyanın bir çox ölkəsində baş vermişdi. Bura həmçinin 60-larda siyasi şüarların məşhurlaşmağa başladığı ABŞ da daxil idi. Bunlardan biri “Qara Bəbirlər” hərəkatının lideri Hyui Nyutona həsr edilmiş “Hyuini azad edin” şüarı idi. 1970-lərin ən məşhur qraffitisi gənclərin ABŞ prezidenti Niksona qarşı ədavətini əks etdirən “Dick Nixon Before He Dicks You” oldu.

psris

(Fransa, 68-lərin plakatları. 1) “Sois jeune et tais toi” (“Cavan ol və səsini kəs”), 2) “La beaute est dans la rue” (“Gözəllik küçədədir”))

Qraffiti özünün rok-n-rollda da təsirini göstərirdi. Məsələn, ən məşhur qraffiti yazılarından biri London metropolitenindəki “Clapton is God” ifadəsi oldu. Bu yazı İslinqton stansiyasında 1967-ci ilin payızında aerozol boya ilə yazılmışdı. Sözü gedilən qraffiti bir itin divarı isladarkən çəkildiyi fotoda təsvir edilirdi. 1969–1974-cü illəri ümumiyyətlə qraffiti üçün inqilabi zaman kimi saymaq olar. Məhz bu illərdə qraffiti üslubunun yeni cərəyanları yaranırdı, artıq rayterlər divarlara “teq” adlanan imzalarını yazmağa, şriftlər  isə daha mürəkkəb forma almağa başlayırdı. Qraffiti incəsənəti həmçinin 1970-lərin əvvəlindəki etiraz cərəyan olan pank-rokla da əlaqədar oldu. Black Flag və Crass (həmçinin onların davamçıları) kimi qruplar hər yerdə öz adlarını trafaretlər ilə çəkirdilər. Daha sonra 1980-lərin sonunda Martini bokalının tərsinə çevrilmiş rəsmi – Missing Foundation pank-qrupunun rəmzi – aşağı Manxettendə hər yerdə ən çox rast gəlinən oldu və bütün Amerika və Qərbi Almaniyada hardkor-pank fanatları tərəfindən təqlid edildi.

Gündəlik məşhurluğu və nisbətən qanuniliyi əldə etdikdən sonra qraffiti “əllərini” çirkaba batıraraq yeni kommersiya pilləsinə qalxdı. 2001-ci ildə kompüter şirkəti İBM Çikaqoda və San-Fransiskoda aerozol boyaları ilə səkilərə sülh rəmzini, ürək və pinqvin (Pinqvin – əməliyyat sistemi Linux-un rəmzidir) çəkən insanlar göstərilən reklam kampaniyasına başladı. Sülh rəmzini, ürək və pinqvin “Sülh, sevgi və Linux” şüarını əks etdirirdi. Buna baxmayaraq qraffitinin qeyri-qanuniliyinə görə bəzi “küçə rəssamları” vandalizmə görə həbs, İBM şirkəti isə 120 000 dollar cərimə ödəməyə məcbur oldu. 2005-ci ildə eyni cür kampaniyanı Sony şirkəti başlatdı. Bu dəfə yeni əl oyunu sistemi PSP reklam olunurdu. TATS CRU rayter komandası bu kampaniya üçün qraffitini Nyu-Yorkda, Çikaqoda, Atlantada, Filadelfiyada, Los-Ancelesdə və Mayamidə həyata keçirdilər. İBM-in uğursuz təcrübəsini nəzərə alaraq, Sony şirkəti binanın sahiblərinə onların divarlarında çəkmək hüququ üçün əvvəlcədən pul ödədilər. Qraffiti özlüyündə əlində sanki oyun pristavkası deyil skeydbord və ya oyuncaq at olan, PSP oynayan sarsılmış uşaqları əks etdirirdi. Bundan başqa TATS CRU Cola, McDonalds, Toyota və MTV kimi şirkətlər üçün də reklam kampanaiyaları keçiriblər və bununla da məşhurluq qazanıblar. Kovent Qardendəki Boxfresh mağazası hesab edərək ki, qeyri-adi reklam brendin irəliləməsinə yardım edəcək, Zapatistlərin inqilabi plakatlarının rəsmləri əks olunan trafaretlərdən istifadə edirdi. Əksər rayterlər köhnə adət-ənənəyə sadiq qalaraq leqal reklamı və ümumiyyətlə reklamı “ödənilmiş və qanuniləşdirilmiş qraffiti” hesab edirlər və rəsmi reklamlara qarşı çıxırlar.

Siyasi münaqişələr dövründə divar rəsmləri özünüifadə vasitəsi və sosial, etnik və ya irqi bölünmüş cəmiyyətlərin üzvləri arasında ünsiyyət olmuşdur. Bu cür qraffitilər ədavət aparan və ya ayrılmış tərəflər arasında dialoqun qurulmasına imkan yaradırdı. Məsələn, Berlin divarı demək olar ki, tamamilə Sovet hakimiyyətinin ADR-ə olan təzyiqlərini əks etdirən rəsmlərlə örtülü idi. Şimali İrlandiya münaqişəsi də həmçinin böyük həcmdə qrafftinin yaranmasına səbəb oldu. Şüarlardan əlavə Şimali İralandiya qraffiti mədəniyyəti özündə böyük ölçüdə divar rəsmləri də daxil edirdi. Bu cür divar rəsmləri eyni zamanda səkilərin rənglənmiş daşları və bayraqlar kimi küçə qruplaşmalarının ərazilərini ayırırdı. Rəsmlər adətən evlərin fasadlarında həmçinin Sülhün sərhəddində – ədavət aparan tərəfləri ayıran hündür divarlarda – çəkilirdi. Divar rəsmlərinə olduqca üslub verilmişdi və müxtəlif siyasi partiyalar müxtəlif rəsm üsullarına üz tuturdular. Olter loyalistləri tarixi hadisələrə müraciət edirdilər – II Yakov ilə Vilqelm Oranski arasındakı müharibədən başlayaraq, XVII əsrdə qurtararaq, respublikaçıların qraffitiləri isə Şimali İralandiyadakı müasir münaqişənin məzmununu əks etdirirdi.

Qraffitini hər bir qruplaşmanın müəyyən teqlər və loqotiplər dəstinə malik olduğu ərazinin hüdudlanması üçün istifadə edirlər. Bu cür qraffiti özgəyə buranın kimin ərazisi olduğunu göstərir. Küçə qruplaşmaları ilə əlaqədar olan rəsmlər anlaşılmaz işarələr və olduqca üslublaşdırılmış hərflər-insiallar ehtiva edir. Onlar vasitəsilə qruplaşmaların tərkibi, rəqiblərin və  müttəfiqlərin adları elan olunur, lakin daha çox bu rəsmlər sadəcə sərhədləri nişanlayır – həm ərazi, həm də ideoloji. Sosialist dövrün ən məşhur qraffitilərindən biri Berlin divarında Dmitriy Vrubelin çəkdiyi “Brejnevin və Xonekkerin Öpüşü” adlı rəsm olub.

Qraffitinin daha bir yeni formasını Böyük Britaniyada 1970-lərdə Pulların Azad Edilməsi Frontunun üzvləri düşünmüşdülər. Bu, şair və dramaturq Xitkot Uilyamsın, həmçinin naşir və dramaturq Cey Ceff Consun daxil olduğu andeqraund jurnalistlərin və yazıçıların azad ittifaqı idi. Onlar kağız pulları əksmədəniyyət (kontrkultura) ideyalarının təbliğatı üçün istifadə etməyə başlayıblar: onların üzərində adətən Con Bulu, səciyyəvi ingilis karikatur obrazını təsvir edərək banknotlar çap edirdilər. Özünün qısa müddətli mövcudluğuna baxmayaraq, Ledbrouk Qrouv küçəsində yerləşən Pulların Azad Edilməsi Frontu Londonun alternativ ədəbiyyat birliyinin parlaq nümayəndəsi oldu. Sonradan bu küçədə davamlı olaraq antiistebleşment ideyalarını əks etdirən yumoristik qraffitilər yer alır.

1993-cü ildə Sinqapurda polis sinqapur-amerikan məktəbinin tələbəsi Maykl P. Feyi bir neçə bahalı avomobillərin üzərində qraffiti çəkdiyi qismində şübhəli bilərək həbs edir. Sorğudan sonra onu vandalizmdə günahkar bilirlər. Fey özünün avtomobilləri çəkməkdə, həmçinin yol işarələrini oğurlamaqda günahkar olduğunu etiraf edir. 1966-cı ildə Sinqapura kommunist qraffitlərinin daxil olmasını məhdudlaşdırmaq məqsədi ilə əvvəlcədən vandalizm barədə qəbul olunmuş qanuna əsasən, məhkəmə Feyi 4 ay həbs cəzasına, 3 500 sinqapur dolları (2,233 ABŞ dolları) cəriməyə və çubuq ilə zərbəyə məhkum edir. Nyu-York Tayms qəzetində bu cür mühakiməni ittiham edən və amerikan ictimaiyyətini Sinqapur məhkəməsinin qərarını etiraz etməyə səsləyən bir çox məqalə meydana çıxır. Mühakimənin yumşaldılması üçün çoxsaylı xahişlərə baxmayaraq, Sinqapur hakimiyyəti çubuq ilə cəzanı ləğv etmədi, lakin ölkənin prezidenti On Ten Çen cəzanı dəyişdi: Fey çubuq ilə 6 zərbə əvəzinə qamçı ilə 4 zərbə alır.

5pointz

(Azərbaycanlı rayter SOLO Nyu-Yorkda “5POİNTZ”də. Rayterlər: DANE2, SOLO, MERES-ONE, G-WIZ)

1995-ci ildə Nyu-Yorkun meri Rudolf Culiani Qraffitiyə qarşı xüsusi komissiyanın, qraffiti-vandallar ilə mübarizə aparmaq qabiliyyətində olan çoxixtisaslı təşkilatın əsasını qoydu. İctimai mülkiyyətə ziyan verməyə görə cəzalandırma tədbirləri ağırlaşdırıldı. Elə həmin ildə Nyu-Yorkun inzibati qanununun 10-117-ci maddəsi 18 yaşına kimi şəxslərə aerozol boyaların satışını qadağa etdi. Yeni qanun həmçinin bu cür boyaların satıcılarının balonları mağaza oğruları onları oğurlaya bilməsinlər deyə bağlı yeşiklərdə saxlamalarını tələb edirdi. Bu qanunları pozanlara hər bir konkret halda 350 ABŞ dolları cərimə nəzərdə tutulurdu. Bu qanunla azərbaycanlı rayter Solo da qarşılaşmışdı. Nyu-Yorkda yerləşən 5POİNTZə gedib çıxan və orada öz parçasını çəkmək istəyən Soloya 18 yaşı tamam olmadığına görə satıcı aerozol boya satmaqdan imtina etmişdi. Solonun çoxsaylı cəhdlərinə baxmayaraq satıcı 1995-ci ildə qoyulan qanunu aşa bilməmişdi. Solo əlbəttə ki, 5POİNTZ kimi yerdə çəkmək şansını buraxmazdı (bunu istənilən rayter istəməzdi). Həmin mağazadan çıxan və əlində aerozol balonu olan birisini görəndə Solo qərarə gəlir ki, həmin adama xahiş etsin ki, girib onun üçün boya alsın. Xahiş nəzərə alınmasa da, əlavə verilən 10 dollar Solonu istədiyi boyalara qovuşdurur. 5POİTZdəki rayterlərin icazəsilə öz parçasını divara çəkir. Satıcının Soloya boyaları satmadığını bilən 5POİNTZin rayterləri həmin mağazanın divarlarını  “bombardman” ediblər. Qraffiti əzəldən qeyri-qanuni olduğu üçün hər zaman qanun tərəfindən qadağa olunacaq, nə qədər kapitazlimin kommersiya əli ora daxil olsa da, onu əhliləşdirməyə çalışsa da, hər zaman və hər yerdə onun qanuniləşməsi qeyri-mümkündür. Məsələn, bu yaxınlarda 5POİNTZ dövlət işçiləri tərəfindən bir gecəyə ağardıldı. 5POİNTZ elə bir yerdir ki, daha doğrusu idi, orada hər bir divar hətta əlçatmayan belə yerlər qraffiti ilə bəzədilib. Boş yerinə oranı Qraffiti-Məkkə adlandırmırdılar. Rayterlər üçün simvolik olaraq ora müqəddəs yer sayılırdı. Əgər qeyri-qanunilikdən danışırıqsa, o zaman bütün dünyada anonim rayter kimi tanınan Banksy-dən söz açmamaq mümkün deyil.

Benksi “Graffiti is a crime” (“Qraffiti cinayətdir”) işarəsinin üstünə aerozol balonunu oğurlayan ingilis uşaqlarını çəkib

Benksi “Graffiti is a crime” (“Qraffiti cinayətdir”) işarəsinin üstünə aerozol balonunu oğurlayan ingilis uşaqlarını çəkib

İngiltərəli adı naməlum olan küçə rəssamı Banksy siyasi və sosial mövzularla bağlı işləri ilə məşhurdur. “Banging Your Head Against A Brick Wall” adlı ilk kitabında Banksy yazır ki, onu məktəbdə sanki öz dostunu pilləkənlərdən itələdiyinə görə cəzalandırmışdılar, əslində isə bunu etməmişdi. Bundan sonra o nəticə çıxarır ki, müasir cəmiyyətdə bir halda ki, etmədiyin əməl üstündə hər necə olsa cəzalandırıla bilərsən qanunlara əməl etmək mənasızdır və elə bu da onu qadağa olunmuş incəsənət ilə məşğul olmağa vadar edib. Təqribən 2000-ci ildən etibarən Banksy trafaret vasitəsilə qraffiti çəkməyə başladı (Stencil-art): mövcud texnika rəsmləri daha tez bir zamanda çəkməyə və eyni zamanda polislərdən yayınmağa imkan verir. Banksy gərgin siyasi və sosial mövzulara toxunan yumoristik və provakasiyalı qraffiti üzrə ixtisaslaşmağa başlayır, kapitalizmə və ictimai konformizmə qarşı etirazını bildirir. Banksynin üsulu “Trafaret qraffitisinin atası” sayılan Blek Le Ratın rəssamlıq tərzinin “davamı” kimi də qəbul etmək olar. Əsl adı Xavier Prou olan rəssam öz ləqəbini “Blek le Roc” komiksindən götürüb. Sadəcə “Roc” sözünü “art” sözünə anaqram olaraq “Rat” (siçovul) kəlməsi ilə əvəz edib (Komiks 1770-c illərdə Şimali Amerikada İngiltərə müstəmləkələrinin azadlıq mübarizəsi apararaq Amerika Birləşmiş Ştatlarının yaratması mövzusudur. Əsas qəhrəmanlar Polad Blek və onun dostları Rodi (Rody) və Professor Oktilus (Occultis) qırmızı urbalılara (ingilis əsgərlərinə) qarşı dirəniş nümayiş etdirirlər). Məşhur siçovul rəsmlərini “şəhərdə yeganə azad heyvan” kimi təsvir edərək ilk dəfə Blek Le Rat 1981-ci ildə Parisdə çəkib. Eynilə Banksynin də iri həcmdə əlində boya fırçası olan siçovul rəsmləri var. Banksy siçovulları çəkməyi barədə deyirdi ki, “Mən düz üç il siçovulları çəkirdim, sonra kimsə mənə dedi: “incəsənət” sözünə necə də yaradıcı anaqramdır (ingiliscə rat və art). Yalandan özümü elə göstərdim ki, guya ömrüm boyu bunu bilirdim”. Onun 2001-ci ilə qədər Londonda və Bristolda yerinə yetirdiyi və yaradıcılığının təcəssümü olan ilk işləri Cokondanın qumbaraatan ilə aviasiya bombasını qucaqlayan qızlar və əlindəki “Molotov kokteyli”ni gül dəstəsi ilə əvəz etdiyi etiraz edən adam rəsmləri olmuşdur. Həmçinin onun Tyananmen meydanında 1989-cu ildəki hadisələr zamanı emal edilmiş “naməlum qiyamçı” ilə olan səhnəni təsvir edən “Golf sale” adlı işi də məşhurluq qazandı. Tank dəstəsini saxlayan adamın əlinə reklam tablosu-işarəsi yerləşdirir və imzalayır: “Biz kapitalizm yıxılmayana kimi dünyamızı dəyişməkdən ötrü heç nə edə bilməyəcəyik”. Banksynin ən sevimli mövzusu videoizləmə sistemləri (CCTV) ilə mübarizə və əsasən qraffiti vasitəsilə özünüifadə azadlığı tələbidir. Böyük Britaniyada o, bəzi divarları “Mövcud divar qraffiti üçün nəzərdə tutulub. Böyük Britaniyanın şose agentliyi” trafareti ilə çəkdikdən sonra, divarlar dərhal çəkilməyə başlanılır. Bu və digər işləri Banksynin 2001-ci ildə özbaşına nəşr etdiyi ilk kitaba “Kərpic divara qarşı başınla vurmaq” (Banging Your Head Against A Brick Wall) daxil olublar. 2005-ci ildə İsrail və Fələstin əraziləri arasındakı sərhəddə BMT-nin tələbinə riayət etməyərək İsrail tərəfindən tikilən çoxmetrli beton səddə çoxlu sayda qraffiti çəkir. Quantanamadakı bazada məhbusların işgəncələri ictimaiyyətə açıqlanandan sonra Banksy çoxlu sayda qraffiti hazırlayır, 2007-ci ildə isə bu bazadan olan şişirdilmiş məhbus fiqurunu Kaliforniyadakı Disneylenddə quraşdırır.

“The mild, mild west” (“Yumşaq, yumşaq qərb”). Benksi “Wild” (“vəhşi”) kəlməsini “mild” (“yumşaq”) kəlməsi ilə əvəz edib.

“The mild, mild west” (“Yumşaq, yumşaq qərb”). Benksi “Wild” (“vəhşi”) kəlməsini “mild” (“yumşaq”) kəlməsi ilə əvəz edib.

Qraffitidən başqa Banksy öz bədii aksiyaları ilə də tanınır. 2003-cü ildə o, Londonda iki tonluq başının yerinə yol konusu olan heykəli – Oqyust Rodenin “Mütəfəkkir”nin nüsxəsini – yerləşdirir. Bir il sonra kraliça II Elizavetın portreti vəfat etmiş şəhzadə Diananın portreti ilə əvəz olunmuş saxta 10 funtluq banknotlar partiyası hazırlayır. Həmçinin Banksy muzeylərə öz işlərini gətirib xəlvəti divara yapışdırırdı. Bu işlər arasında, məsələn sonradan suda üzən supermarket zibil və səbətləri çəkilən Monenin “Su zanbaqları olan göl” rəsminin, həmçinin “petroqraflar” ilə daş elə həmin səbətlərin rəsmi ilə (sonuncu obyekti Britaniya muzeyinin (British Museum) işçiləri aşkar edəndə, o artıq ümumi nəzərdə səkkiz sutka asılmağa macal tapmışdı) nüsxəsi olub. Həmçinin Banksynin balta ilə “öldürülmüş” telefon budkası şəklində quraşdırması və canlı heyvanlar, həmçinin fillər üzərindəki qraffitiləri də məşhurluq qazanıblar. Müğənni Corc Maykl Banksyyə onun evinin divarlarından birini rəngləməsinə görə 2 milyon dollar söz vermişdir, bir şərtlə ki, rəssam üzünü göstərəcək. Banksy bu təklifi rədd edir. 2010-cu ildə Liverpulda Banksynin siçovul çəkdiyi pab 114 min funt sterlinqə, bazar qiymətindən çox baha qiymətə satılmışdır. Daha da çox dünya şöhrətli məşhurlar və kolleksionerlər öz kolleksiyaları üçün rəssam tərəfindən  yerinə yetirilən qraffitiləri almağa başlayırlar. Növbəti uğurlu sazişdən sonra şəxsi saytında Banksy onun “İnana bilmirəm ki, siz axmaqlar bu zibili alırsınız” imzalı rəsminin satıldığı hərracın şəklini qoyur. Nəticədə bu şəklin basmalarını hərraclarda bir neçə min funt sterlinqə satırlar. 2010-cu ildə “Sandens” kinofestivalında onun “Suvenir dükanından çıxış” (“Exit through the Gift Shop”) adlı filminin premyarası olub.

Benksinin “Suvenir dükanından çıxış” (“Exit through the Gift Shop”) filmindən bir fraqment

Benksinin “Suvenir dükanından çıxış” (“Exit through the Gift Shop”) filmindən bir fraqment

Londonun Vud-Qrin rayonunda 2012-ci ilin mayında “Paundlend” ucuz mallar mağazasının divarında peyda olan “Qul əməyi” qraffitisi Banksynin ən məşhur işlərindən biridir. İynəsinin altından Britaniya bayrağının bəzəkləri çıxan tikiş maşınının arxasında oturan yalınayaq oğlan (uşaq) təsvir olunub. 2013-cu ilin fevralında qraffiti mağazanın divarında suvaq ilə birlikdə yoxa çıxır. Tezliklə isə Mayamidə Fine Art Auctions Amerikan hərrac evin 680 milyon dollar ilkin qiymətlə satışa qoyulur. “Qul əməyinin” satışı barədə xəbər, rəssamın şəhərə hədiyyə etdiyinin üstündə pul qazanmağa heç kimin haqqı olmadığını bildirən London sakinlərində qəzəbə səbəb olur. Etiraz qüvvəyə minir: Son anda “Qul əməyi” satışdan çıxarılır, ancaq hərrac evi qraffitini hərraca qoyan adamın adını açıqlamır.

Həmin ilin mayında “Qul əməyi” London ictimaiyyətinə Londonda Kino muzeyində Sinkura Group tərəfindən təşkil olunan Banksynin işlərinin sərgisinin mərkəzi eksponatı qismində təqdim olunub. Sinkura Grop-un nümayəndələri elə oradaca sərgidən sonra qrafftinin özəl hərracda satılacağını elan etdilər. Sinkura Group da Banksynin işinə alıcını Böyük Britaniya sakinləri arasında tapmağı ümid etdiyini qeyd edərək “Qul əməyi”nin satıcısının adını gizli saxladılar. Qrafftinin təkrar satışa qoyulması londonluları hiddətləndirdi. Hərracdan bir gün əvvəl Vud-Qrin rayonunda vaxtilə “Qul əməyi”nin yerləşdiyi divarda bir dəfəyə onun polistirolda çəkilmiş 6 nüsxəsi peyda olur. Lakin bu dəfə sakinlərin etirazına əhəmiyyət verilmir: mülkiyyət haqları dəqiqləşəndən sonra (qraffitinin “Paundlend” mağazasının satıcısına aid olması qəbul edildi) “Qul əməyi” hərracdan satıldı. Satış iyunun 2-si axşamı baş verir. İlkin qiymət £900 min (təqribən 1,4 milyon dollar) əldə edilmədi: qraffiti £750 minə (1,1 milyon dollara) satıldı. “Qul əməyinin” yeni alıcısının adı açıqlanmır. Rəssamın əsərinə verilən rekord qiymət 2008-ci ilin fevralında onun “Ziyanvericilərlə mübarizə” işi hərracdan 1,9 milyon dollara satılmaqla müəyyənləşib.

"Kommunist

Kommunist əqidəli azərbaycanlı küçə rəssamı RbiTsec-in işi. Rəsm fransız ateist elzistensializminin nümayəndələrindən biri olan Jan-Pol Sartrın azərbaycan dilində nəşr olunmuş “varlıq və heçlik: Fenomenoloji Ontologiya Təcrübəsi” kitabının üzlüyündən götürülüb. © UAT

Banksynin teqi bir neçə dəfə “The Simpsons”un 22-ci sezonunun “Angry Dad: The Movie” adlı 14-cü seriyasında yer alır. 2010-cu ilin 10 oktyabrında ABŞ-da göstərilən “The Simpsons”nun 22-ci sezonunun 3-cü seriyasının başlığının müəllifi Banksy olub. Başlıq üçün Banksynin ideyaları o qədər mürəkkəb və qəliz olublar ki, animatorlar əvvəlcə əməkdaşlıqdan imtina etmək istəyirdilər. Çarxda “The Simpsons”nun başlıqlarının  bir çox ənənəvi süjetlərindən istifadə olunub. Bart lövhədə “Mənə divarda yazmaq olmaz” cümləsini yazır; elə həmin cümlə ilə sinif otağının divarları da yazılıb. Bundan başqa çarxda “The Simpsons”nun multiplikasiya mütəxəssislərinin, həmçinin cizgiserialın qəhrəmanlarının təsviri olan məhsulları hazırlayanların  qul əməyi təsvir olunub. Banksy xeyriyyə fondlarından birinin mağazasından 50 dollara dağ mənzərəsi olan rəsm alır. Küçə rəssamı rəsmə skamyada SS zabiti formasında oturan adam əlavə edərək, mağazaya geri qaytarır. Banksynin “Şərin banallığının banallığı” (“The banality of the banality of evil”) adlandırdığı rəsm1 QİÇS ilə mübarizə üçün vəsait yığan Housing Works xayirxahlıq təşkilatının hərracına qoyularaq  615 min dollara satılıb.

Banksynin tərəfdarları və davamçıları olduğu kimi də “düşmənləri” də var. Qraffitiyə qarşı “mübarizə aparan” Fred Radtkin hərəkətlərinə qarşı etiraz olaraq Banksy onlarla qraffiti çəkib. Yeni Orleanın divarlarında divar rəsmini boz rəngli boya ilə rəngləyən Radtkenin şəkli peyda oldu. Fred Radtkinin həmin bu obrazı “Boz kabus” ləqəbini alıb. Rəsmlərinin satılmasına görə elə düşünmək olar ki, Banksy pula pul demir. İş burasındadır ki, bu pullar Banksyyə heç bir dəxli olmayan insanlara çatır. Onlar sadəcə olaraq rəsmləri birbaşa divardan kəsib çıxararaq bütün dünyaya satırlar. Əlbəttə ki, Banksy buna qarşıdır. O, mətbuat vasitəsilə bildirib ki, onun rəsmləri divarlardan götürülüb hərraclarda satılmaqdan ötrü deyil, divarlarda qalmaları üçündür.

Qeyd: “Bununla da, nasist Eyxmanın məhkəməsi əsasında “Şərin banallığı” kitabını yazan Hanna Arendtin əsərinə hörmətini izhar edir”. Məmməd Süleymanov.

 Mənbələr:

[1] İngiliscədən hərfi tərcümədə “Kilroy burada olub” anlamını verir.