Sinfi mübarizənin ontologiyası

Print Friendly, PDF & Email

Ziya Bayramov

“Tarix müxtəlif nəsillərin bir-birini əvəz etməsindən başqa bir şey deyildir”1 – Marks “Alman İdeologiyası”nda ümumişlək mənada tarixin tərifini belə verir. Yeknəsəq, sadəcə fenomenal dəyişikliklərlə qavranan bu xronologiya isə aydın məsələdir ki, elm ola bilməz; Marksın fəlsəfəyə, eləcə də sosial elmlərə ən böyük töhfəsi məhz bu fenomenal dəyişikliklərin arxasında duran qüvvənin xarakteristikasını və onun nə ilə nəticələnəcəyini kəşf etməsi olmuşdur. Bu heç də, çoxunun hesab etdiyi, kimi sinif yaxud siniflər mübarizəsinin kəşfi deyil. Marks bunu Jozef Veydemeyerə məktubunda [2] da qeyd edir. neftçi

Nə sinif, nə də sinfi mübarizə Marksın öz tarix anlayışını əsaslandırmaq üçün ortaya atdığı məfhumlar deyil – o, sadəcə olaraq bu məfhumların daxili dinamikasını sərrast şəkildə qavrayaraq izah etmişdir.

Marks “Feyerbax haqqında tezislər”in birincisində[3] reallığın qavranılması barədə özünəqədərki materializmin başlıca nöqsanının onun insanın fəaliyyəti kimi götürülmədiyi olduğunu bildirir. Feyerbax başda olmaqla, yaxın (Marksa qədərki– müəl.) dövrdəki bütün materialistlər reallığa seyr formasında, yəni passiv müşahidəçi kimi baxırdı. Xronoloji ardıcıllıqda baş verən iki (yaxud daha çox) akt arasındakı labüd əlaqə bu baxışla aydınlaşdırıla bilməzdi. İdealist məktəb – Hegel və davamçıları isə reallığın tarixi məzmuna sahib olduğuna və reallığın meyarının tarix olduğuna dair baxışlar ortaya atmışdılar[4]. Bu, metod kimi düzgün olsa da, Tarixə özündən kənardan bir məqsəd verilməyi etibarilə qüsurlu baxış idi. Tarixin özlüyündə hansısa xaricdən verilmiş bir məqsədi yoxdur[5];  Tarix insanın əməli fəaliyyətinin nəticəsində yaranır. Tarixin mühərriki, onu bir sonrakı mərhələyə keçirən qüvvə hansısa “Ruh”, “Ağıl”, “İdeya” yox – insanın əməli fəaliyyətidir. Tarix bəşər tarixdir. Marks bununla da, yeganə elm adlandırdığı Tarix elminin insanın əməli fəaliyyətinin təsvirindən başqa şey olmadığını vurğulayırdı. Hegelçi dialektikanın verilmiş labüd sonluq – mütləq azadlıq müddəasına qarşı isə Marks “inqilabi fəaliyyət”in nəticəsində qazanılan azadlığı qoyurdu; “Azadlıq  – [insanın əməli fəaliyyəti olmaq etibarilə] tarixi münasibətlər onunla nəticələnəcəkdir”[6]. Marks bu fikirlərini daha sonra təkmilləşdirərək, fəaliyyətin keyfiyyətinin “siniflər mübarizəsi”[7]ndən ibarət olduğunu bildirir. Elə isə bu nəticəyə gəlmək olar ki, tarixi fəaliyyət kimi sinfi mübarizənin məqsədi azadlıqdır[8].

Sinif anlayışı və ideologiya

Sinif ortaq xarakterə sahib varlıqların təsnifi üçün istifadə olunan praktik şüur kateqoriyasıdır. Təbiəti bilik predmetimizə çevirdikdə, müəyyən ortaq cəhətlərə sahib canlı yaxud cansız varlıqları siniflərə ayırırıq. Bu ortaq cəhətlər sinfin üzvlərinin varlıqları-ilə-birlikdə (Məs: pişik də, yarasa da məməlidir ) yaxud (sonradan verilmiş – isnad edilən (Məs: qələm də, stəkan da qırmızıdır) ola bilər. Birinci tip (“təbii”) siniflərdə cəhət üzvdən ayrılmazdır. Məməli olmayan pişik yaxud yarasanın varlığı mümkün deyil. Lakin ikinci tip (“qeyri-təbii”) siniflərdə cəhət predmetə sonradan verilir yaxud qazanılır. Bioloji varlıq kimi bütün insanlar eyni cəhətləri paylaşır, həyat forması kimi eyni təbii fəaliyyəti (eyni formada çoxalır, gəzir, görür, danışır) göstərirlər. Bu mənada insanların bioloji sinif fərdi olmaq etibarilə heç bir fərqi yoxdur. Lakin tarixə ötəri baxış atmaq kifayətdir ki, müxtəlif zamanlarda və məkanlarda insanların “qeyri-təbii” siniflərə ayrıldığını görək. greece1

Marksın yuxarıda sitat gətirdiyimiz məktubunda qeyd elədiyi, “siniflərin mövcud olması ancaq istehsalın inkişafındakı müəyyən tarixi mərhələlərlə əlaqədardır” fikrinə əsasən, ibtidai istehsal (və şüur) münasibətinin ibtidai sinifləri, daha inkişaf etmiş olanlarsa özünə adekvat sinifləri ortaya çıxardığını deyə bilərik. Nə cür adlandırılmağından fərqli olmayaraq, sinif anlayışı əmək bölgüsündən törəyir. Məsələn, təbiətlə qurulan məhdud münasibətin (və onun nəticəsində yaranmış yadlaşmış şüurun) nəticəsi[9] kimi Hindistanda insanlar 4 əsas sinfə (kasta/varna) ayrılırdı[10]. Varna sistemində insanların doğulmamışdan əvvəl onlara verilən müəyyən xüsusiyyətlərə sahib olduğuna, həmin xüsusiyyətlərə görə təsnifləndirmənin isə “ali iradənin dəyişməz təqdiri” olduğuna inanılırdı. Lakin kastaların nədən ibarət olduğuna baxsaq, bunun bəsit əmək bölgüsündən savayı bir şey olmadığını görə bilərik. Cəmiyyət iyerarxik şəkildə, payına xalis mənəvi əmək (brahmanlar), müəyyən miqdar (daha çox) mənəvi (kşatriyalar), müəyyən miqdar (daha çox) maddi  əmək (vaişya) və xalis maddi əmək (şudralar) düşmüş siniflərdən ərsəyə gəlirdi. Həyat vasitələrinin təmini baxımından məhsuldarlığın aşağıdan yuxarıya doğru azalmağına baxmayaraq, həmin vasitələrin mülkiyyəti və təbii ki, məhsulların mənimsənilməsi bununla tərs mütənasib idi. Əlbəttə ki, bu hansısa uzaq tarixdə baş vermiş bir hadisə deyil – bu hal indi də davam edir. Əmək sahibinin öz əməyinin məhsuluna sahib ola bilməməsinin bu dərəcədə kütləvi hal alması müəyyən şüur formasına xasdır. Bu elə bir şüur formasıdır ki, əmək sahibi öz əmək məhsulu ilə sahiblik münasibəti qura bilmir, ona yadlaşır[11].  Var olan sinfi ziddiyyət, “olmalı olan”[12] sinfi mübarizə formasına keçə bilmir. Bu şüur formasının ümumiləşmiş halı ideologiyadır. Yuxarıdakı misalda ideologiyanın yaradıcısı rolunda ən üst pillədəki brahmanlar (“bunlar həmin sinfin ümumiləşdirmə qabiliyyətləri olan fəal ideoloqlardır, onların başlıca ruzi mənbəyi bu sinfin özü haqqındakı xəyallarını hazırlamaqdır”[13]) çıxış edirdilər; yəni ən yalın formada “hakim ideologiya, hakim sinfin ideologiyası”[14] idi.  İdeologiya, primitiv formada, məhsuldarlığın artması və ailə münasibətlərindəki məzmun dəyişikliyi nəticəsində əmək məhsullarının əksəriyyətinin cəmiyyətdəki bir qrupun əlində toplanması və bu qrupun vəziyyəti qorumaq üçün qurduğu dəyərlər sistemindən başqa bir şey deyil[15] – bu baxımdan hər sinif öz mənafeyini güdən ideologiyanı, “hakim sinif, hakim ideologiyanı”[16] yaradır.  Təbiətlə qurulan münasibətin və bunun nəticəsində məhsuldarlığın artması daha ali şüuru yaradır. Bu isə, öz növbəsində, əvvəlki ideologiyanı yeni ideologiya ilə əvəz edir[17]. Aydın məsələdir ki, idelogiya, hakim sinfin ideologiyası olduğu müddətcə sinfi ziddiyyət həll oluna bilməz. Elə isə bu ziddiyyətin “zərərçəkən” qismindəki sinfi, əzilənlər sinfi öz ideologiyasını yaratmalıdır. Bunun müqəddəm şərti isə əlbəttə ki, əzilənlərin sinif formasında özlərini (sinfi mənsubiyyətlərini) dərk etmələridir[18].

İstehsalın inkişafındakı müəyyən mərhələlər  müəyyən sinifləri yaratdığı kimi, müəyyən sinifləri də aradan qaldırır. İbtidai şüur və din anlayışlarına xas olan çoxsinifli cəmiyyət şüur inkişaf etməsi, dinin rasionallaşması və daha sonra böyük ölçüdə əhəmiyyətini itirməsiylə birlikdə daha az sinifli cəmiyyətlərə transformasiya olunur. Bu isə əvvəl bir neçə sinif tərəfindən paylaşılan məhdud (yaxud azalaraq artan) resursların mülkiyyətini daha az sinfin əlində cəmləşdirir, qarşı tərəfdə isə daha çox “məhrum olunmuşlar”[19] ordusu yaradır. Bu ziddiyyət öz pik nöqtəsinə “düşmənlər”in üz-üzə dayandığı, bir sinfin əzən – o biri sinfin əzilən olduğu cəmiyyətdə çatır. Bu isə geriyə dönməyin mümkün olmadığı nöqtədir. Daha əvvəlki istehsal münasibətlərində müəyyən (ideologiya kimi) dini, əxlaqi və s. dəyərlərin hakim olduğu cəmiyyətlərdə, bu dəyərlər prinsip kimi qəbul olunduğu üçün, mülkiyyətin bölünməsi bu ziddiyyəti yumşaldırdısa, həmin dəyərlər yeri gəldikdə mülkiyyətin önünə keçirdisə də, məhsuldarlığın maksimuma çatdığı, tək imperativi “daha çox pul!” olan kapitalizm cəmiyyətində  bu mümkün deyil.  Sinfi ziddiyyət məhz dəyər kimi qəbul olunan bu imperativin ucbatından ən gərgin həddə çatır. Bu həm də öz dialektik inkarları ilə üz-üzə duran əzilənlərin öz sinfi mənsubiyyətlərini mütləq formada dərk etmələri deməkdir. Və yalnız bu həddə əzilənlər qurtuluşlarının, “allah”, “dövlət”, “konstitusiya” vəs. kimi içi boş məfhumları devirməkdən yox, həmin məfhumların qiyafəsində onları əzən, istismar edən sinfi devirməkdən keçdiyini dərk edəcək. Tarixin ancaq bu şəkildə düzgün qavranılacağını lazım bilən proletariatın inqilabçı praktikası –kommunizm da məhz bu şəraitdə ortaya çıxıb. “Məqsədi isə bütün əvvəlki sinifləri aradan qaldırmaq və sinifsiz cəmiyyət qurmaqdır”[20]. Bu da vurğulanmalıdır ki, bütün digər siniflər və onların ideologiyaları sinif və ideologiyanın sürəkliliyi üçün mübarizə apardığı halda, proletariatın sinfi mübarizəsinin və idelogiyasının (kommunizm) məqsədi sinifləri və təbii ki, ideologiyanı aradan qaldırmaqdır. Bu baxımdan kommunizm, ona qədərki tarixin mütləq inkarıdır.
class struggleSinif şüuru və mübarizə. Mübarizənin mümkünlüyü

Marks “Kommunist Partiyasının Manifesti”ndə tarixin siniflər mübarizəsi tarixi olduğunu[21] vurğulayır. Yəni, Tarixin hərəkətverici qüvvəsi sinfi (bundan sonra işçi sinfi mənasında – müəl.) mübarizədir. Tarix bir elm kimi nəzərdən keçiriləcəksə, metod kimi məhz bu inqilabi fəaliyyət və onu yaradan, ona hərəkət verən amillər götürülməlidir. Aydındır ki, əməyin istismarına hesablanan istehsal münasibətlərinin nəticəsi kimi sinfi ziddiyyətlər sinfi mübarizə üçün müqəddəm və zəruri şərtdir. Necə ki, bir uşağın dünyaya gəlməyi üçün ən az bir kişi ilə bir qadının var olmağı lazımdır. Lakin bir kişi ilə bir qadının sadəcə olaraq var olması kafi deyil, əlavə olaraq onlarda yeni nəsil yaratmaq üçün əvvəla istək olmalıdır və bu istək nəticəsinə uyğun olaraq əməli fəaliyyət gərəklidir. Yalnız bu üç tərkib (varlıq/zəmin, istək və fəaliyyət) yeni bir vəziyyət yarada bilər. Sinfi mübarizə yuxarıda da qeyd elədiyimiz kimi sinfi ziddiyyət zəminində ortaya çıxır və məqsədi/istəyi ictimai quruluşu dəyişərək ona hakim olmaqdır. Bəs istək nədir və necə formalaşır?

İstək özünüdərklə birlikdə qavranılır*. Əgər söhbət sinifdən gedirsə, sinfin istəyi sinfin özünü dərkinə gətirib çıxaracaq. Sinfin özünü dərki isə həmin sinfin ictimai quruluşun içindəki vəziyyətinin, mövqeyinin dərk olunmağı deməkdir. Və öz vəziyyətini ictimai quruluşla münasibətdə dərk edən sinif onu dəyişdirmək istəyi duyur. Sinfin ictimai quruluşa münasibəti həmişə (müxalif yaxud müvafiq) ideolojidir – ona görə də bu vəziyyətin təsviri və sonrası üçün ideologiya gərəklidir. Kommunist işçi sinfi üçün bu ideologiya marksizmdir (kommunizm). Marksist təlim işçi sinfinin, eləcə də onun sinfi düşməni burjuaziyanın və onun hegemonluğundakı ictimai quruluşun təsvirini, daxili dinamikalarını izah etməklə, öz ideologiyasının ardıcılları üçün həm də fəaliyyət proqramı[22] rolunu oynayır.

Əlbəttə ki, fərd kimi insan fəaliyyətini, xüsusilə canı bahasına atıldığı mübarizəni avtomatlaşdırılmış prosses kimi istək (obyekti) –özünüdərklə məhdudlaşdırmaq olmaz. İstənilən halda, insan müəyyən mənada azad iradəyə sahibdir. Mümkündür ki, fərd kimi nəyisə istəsin, öz vəziyyətini dərk etsin, lakin onu dəyişdirmək üçün fəaliyyətə keçməsin. Hətta bunu bütünlüklə olmasa da, əksər sinif mənsublarına da aid etmək olar.

Amma tarix bizə başqa şeyi deyir – 160 ildən artıqdır ki, işçi sinfinin ideologiyası kimi humanist-marksist dəyərlərin bərqərar olunması üçün yüz minlərlə insan canından keçmişdir. Və bu heç də həmin fərdlərin yaxud içində olduqları qrupların istək-özünüdərk münasibətində yetkinliyə çatdığı üçün olmamışdır. Saysız nümunə göstərmək olar ki,  bu altrüizmin səbəbinin ali-insani dəyərlərin hakim olması, özləri olmasa belə sinfi/ideoloji mənsubiyyəti etibarilə yaxınlıq duyduqları insanların həmin dünyada yaşaması olduğunu anlayaq. Bu həm də marksizmə yönələn “mexaniki”, “determinist”, “reduksionist” ittihamlarına cavabdır.

Qeydlər:

[1] Seçilmiş Əsərləri I cild,  s. 30, Marks və Engels Bakı, 1977,
[2] “[M]üasir cəmiyyətdəki sinif anlayışı yaxud bunlar arasındakı mübarizəni kəşf etmək şərəfi mənə aid deyil. Burjua tarixçiləri bu [sinfi] mübarizənin tarixi inkişaf cizgisini, burjua iqtisadçıları isə  siniflərin iqtisadi anatomiyasını məndən çox-çox əvvəl açıqlamışdılar. Mənsə bunları göstərdim:  1. Siniflərin mövcud olması ancaq istehsalın inkişafındakı müəyyən tarixi mərhələlərlə əlaqədarır. 2. Siniflər mübarizəsinin labüd sonluğu proletariat diktaturasıdır. 3. Bu diktaturanın məqsədi isə bütün əvvəlki sinifləri aradan qaldırmaq və sinifsiz cəmiyyət qurmaqdır”. S.Ə., s. 578-579
[3] S.Ə., s.1., http://www.marxists.org/archive/marx/works/1845/theses/theses.htm – 11.04.2014
[4] https://www.marxists.org/reference/archive/hegel/works/hi/history3.htm – 11.04.2014
[5] S.Ə., s. 31
[6] S.Ə.,  s. 16-17,
[7] S.Ə., s. 111
[8] XI Tezis, № 1, s. 38
[9] S.Ə.,  s. 29
[10] http://en.wikipedia.org/wiki/Caste#Caste_system_of_India – 07.04.2014
[11] S.Ə.,  s. 26
[12] teorivepolitika.net – 07.04.2014
[13] S.Ə., s. 41
[14] S.Ə., s. 42
[15] http://www.marxists.org/archive/marx/works/1884/origin-family/ch02.htm,   http://www.marxists.org/archive/marx/works/1884/origin-family/ch03.htm, http://www.marxists.org/archive/marx/works/1884/origin-family/ch05.htm  (08.04.2014)
[16] S.Ə., s. 42
[17] S.Ə. s. 45
[18] http://mlam.tkp.org.tr/kavramlar/sinif-bilinci-nedir – 24.03.2014
[19] “XI Tezis”, № 1, s.42
[20] S.Ə. s. 579
[21]  -S.Ə., s. 111
* “Həqiqətən də insan şüurlu şəkildə bir şeyi arzuladıqda, məcburi formada özünü dərk və təsdiq edir. İstək həmişə “mənim-istəyim” kimi meydana çıxır və istəyi bildirmək üçün özümü nəzərdə tutaraq mən əvəzliyindən istifadə edirəm. İnsan hansısa bir seyr obyektinə zillənib dursa, özünü onda itirsə də, ona istək duyduğu zaman “özünə çağırılır”. Bundan sonra seyr elədiyi obyektdən əlavə (və daha güclü formada), seyr aktının da varlığını, özünün də var olduğunu və özünün həmin şey olmadığını qavrayır. Və həmin şey ona bir nəsnə (Gegenstand), onda olmayan və “mən-olmayan” xarici reallıq kimi görünür” – (Bax: Kojeve, Alexandre, Tinin Fenomelojisi’nin İlk Altı Bölümünün Özeti, Hegel Felsefesine Giriş YKY 2000)
[22]  Bax: “Kommunist Partiyasının Manifesti”