Sinfi strukturun müasir marksist konsepsiyaları və solun sosial bazası

Print Friendly, PDF & Email

Loğman Qasımov 

Yaşadığımız cəmiyyətin mövcud sinfi strukturunun və gözlənilən dəyişikliklərin, siniflər və sosial qruplar arasındakı mövcud ziddiyyətlərin elmi analizi və proqnozu təkcə nəzəri əhəmiyyət kəsb etmir, həmçinin böyük praktik əhəmiyyətə malikdir. Marksist sosiologiyanın əsasını cəmiyyətin sosial strukturuna məhz sinfi yanaşma tərzi təşkil edir. Amma onu da qeyd etmək lazımdır ki, öz mahiyyətinə görə marksizm sinfi struktur nəzəriyyəsi deyil. İlk öncə sinfi mübarizə və sosial dəyişikliklər nəzəriyyəsidir. Daha dəqiq desək, sinfi strukturun analizi marksizmin əsas məqsədi deyil, sadəcə çıxış nöqtəsidir və sinfi mübarizə baxımından əhəmiyyət kəsb edir. Məqsəd sosial dəyişiklərə kömək edən yaxud mane olan amilləri dərk etməkdir. social class piramide

Oradan başlamaq lazımdır ki, sinif anlayışını çoxları kasıb-varlı, bərabərsizlik kimi başa düşür. Əslində isə sinif daha dərin anlayışdır və bərabərsizlik, istehsal prosesində yaranan maddi sərvətlərin bərabər bölünməməsi məsələnin sadəcə bir tərəfidir. Kasıblarla varlılar arasındakı ziddiyyətlərdən daha əvvəllər də çox yazılıb, amma çıxış yolu üçün uğurlu təkliflər olmayıb, çünki yoxsulluq özlüyündə mövcud sosial münasibətlərin və iqtisadi sistemin sadəcə nəticəsi olaraq meydana çıxır. Marksist fikrin gətirdiyi yenilik ondan ibarət idi ki, o, köhnə radikal ideyaların bu tip yoxsulluq ətrafında qurduğu həvəsləndiriciliyi kənara qoydu və konkret olaraq sosial struktur və iqtisadiyyatın təşkil olunması haqqında danışmağı təklif etdi. Məlum oldu ki, yoxsulluq özü-özlüyündə müxtəlifdir. Marks proletariatın inqilabi potensialı barədə yazanda onların yoxsulluğunu ən son olaraq nəzərdə tuturdu. Məsələ yoxsulluqda deyil və bu indinin özündə də çoxları tərəfindən səhv başa düşülən məsələdir. Tamamilə qanunauyğun haldır ki, əksər uğurlu inqilabi cəhdlər heç də cəmiyyətin ən kasıb təbəqəsi tərəfindən edilmir.

Siniflər marksizmin əsas konsepsiyası olsa da, Marks özü bu anlayışın sistemləşdirilmiş geniş tərifini verməyib. Amma “Kapital”ın müxtəlif hissələrində bu mövzuya toxunulur və bir çox məsələlərlə bağlı izahlar verilir. Marks yazırdı ki, burjua tarixçiləri ona qədər nəinki siniflər ideyasını, həm də onların mübarizəsinin tarixi inkişafını izah etmişdilər.

Sinif anlayışına verilmiş tam və dolğun tərif V.İ.Leninə məxsusdur və hal-hazırda da öz əhəmiyyətini tamamilə saxlayır. Amma onun müasir cəmiyyətimizə necə uyğunlaşdığının və dəyişiklik kimi görünən məsələlərin, həmçinin müasir marksist və qeyri-marksist baxışların fərqli tərəflərini izah etmək lazımdır. Lenin siniflərin izahını verərkən deyir:

“Siniflər –  tarixi cəhətdən müəyyən ictimai istehsal sistemindəki yerlərinə görə, istehsal vasitələrinə münasibətinə (əsasən qanunlarla möhkəmləndirilmiş və qanuniləşdirilmiş) görə, əməyin təşkilindəki roluna görə və nəticə etibarilə də ictimai sərvətlərdən ona düşən payın miqdarı və bölünmə üsuluna görə fərqlənən böyük insan qruplarıdır. Siniflər elə insan qruplarıdır ki, onlardan biri müəyyən ictimai təsərrüfat sistemindəki yerinin fərqli olduğuna görə digərinin əməyini mənimsəyə bilər”.[1]

Digər məsələlərə keçmədən öncə bu tərifin müəyyən izahını vermək lazımdır. Belə ki, buradan göründüyü kimi, Lenin sinifləri böyük insan qrupları adlandırarkən 4 əsas faktoru qeyd edir. Ona görə yox ki, başqa faktorlara əsasən insanları qruplaşdırmaq mümkün deyil, əlbəttə ki, mümkündür və belə böyük qruplar (yaş, cins, etnik, ixtisas və s.) mövcuddur. Həmçinin ona görə yox ki, ancaq bu əlamətlərlə bu və ya digər sinfin xarakteristikası kifayətlənir. Bu faktorlardan başqa siniflərin siyasi və psixoloji keyfiyyətləri kimi vacib xarakteristikaları da mövcuddur. Leninin bu məsələlər üzərində durmasının səbəbi onların birincili olması və bazisi təşkil etməsidir. Marksistlər üçün siyasi, psixoloji və s. məqamlar ikincilidir və üstquruma aiddir. Digər tərəfdən, bu faktorların hamısı birlikdə nəzərdən keçirilməlidir, çünki bunlar ayrılıqda götürüldükdə bitkin xarakteristika vermir. Məsələn, siniflər haqqındakı bir çox nəzəriyyələr bu faktorların yalnız birinin üzərində qurulublar. Nümunə kimi insan qruplarını ictimai sərvətlərdən aldığı payın miqdarına əsasən siniflərə bölən və hal-hazırda da geniş yayılan nəzəriyyələri göstərmək olar. Bu bölüşdürmə üsullarının fərqli ola biləcəyinə baxmayaraq, həmin nəzəriyyələr bunu nəzərə almırlar. Bu məqam marksist yanaşmanı digərlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biridir və sinfi baxışı tam konsepsiya şəklinə salmağın əsas elementi sayıla bilər.

Leninin izahındakı 4 elementdən ən əsası “istehsal vasitələrinə münasibətdir”. Çünki bütün digər elementləri də o yaradır. Sinfin istehsal münasibətləri sistemindəki yeri (istismar edən yoxsa istismar olunan), əməyin təşkilindəki rolu (təşkilatçı yoxsa sıravi icra edən), gəlirin əldə olunma üsulu (zəhmət tələb edən yoxsa etməyən) və miqdarı (“yağlı tikə” yoxsa “qəpik-quruş”) həmin sinfin istehsal vasitələrinə münasibətindən asılıdır. Əlbəttə, bütün bunları Lenin Marksa əsaslanıb genişləndirə və daha sistemli şəklə sala bilmişdi.

Marksa görə, bütün sinifli cəmiyyətlərdə hakim və istismar olan sinif var və bu siniflər arasındakı münasibətlərin mahiyyəti ondan ibarətdir ki, hakim sinif digər sinfi istismar edir. Bu istismarın forması isə istehsal üsulundan asılıdır. Amma Marks həm də qeyd edirdi ki, bu əsas siniflərin daxilində də xüsusi bölünmə var. Burjuaziya daxilindəki mağaza sahibləri, tacirlər sosial iyerarxiyadakı yerlərinə görə digər vacib istehsal vasitələri sahiblərindən (fabrik, torpaq) fərqlənirlər. Həmçinin digər tərəfdən də, o, lümpen-proletariatın mövcudluğunu nəzərə alırdı.
Hazırkı qlobal kapitalizmə baxdıqda isə vəziyyət daha çox dəyişib. İstehsalın yeni sahələrinin inkişafı, sənayenin “3-cü dünya” ölkələrinə köçürülməsi xüsusən Qərbdə klassik mənada işçi sinfinin sayını əhəmiyyətli dərəcədə azaltdı. Həmçinin dünya miqyasında baxanda istismar olunanlar müxtəlif cinsli kütlədən təşkil olunublar və onları bir bayraq altında birləşdirmək o qədər də asan deyil. Vəziyyətdən çıxış üçün nəzəriyyəçilərin bir çox fərqli yanaşmaları var. Məsələn, məşhur trotskist E.Mandelin təklif etdiyi və bir çox marksistlərin də qəbul etdiyi proletariat anlayışının sərhədlərini genişləndirmək kimi. Mandelə görə, öz iqtisadi vəziyyətinə görə iş qabiliyyətini satmağa məcbur qalan hər kəs işçi sinfinə aid edilməlidir. Fərq etmir istehsal sahəsində çalışan olsun yaxud xidmət sahəsində. Bu istiqamətdə ən məşhur konsepsiya Maykl Hardt və Antonio Neqriyə aiddir.

“Proletariat – əməyi birbaşa yaxud dolayı yolla istismar olunan və kapitalist istehsal normalarına tabe edilən hər kəsi əhatə edən geniş kateqoriyadır.”

Həmçinin Hardt və Neqriyə görə, “proletariat” sözünü terminoloji anlaşılmazlıq yaratdığı üçün “çoxluq” ilə əvəz etmək lazımdır. Bu yanaşmanı qəbul etməyənlər olsa belə, hazırda kifayət qədər məşhurdur. Məsələn, rus sosioloqu Boris Kaqarlitski də hesab edir ki, sinfi maraqlar baxımından işçilərin əsas kütləsinin sənayedə, xidmət sahəsində yaxud elmi müəssisələrdə cəmləşməsi vacib deyil. Onların dərisi nə rəngdə olduğu və dini inanclarının necə olduğu da qətiyyən əhəmiyyət kəsb etmir. Bundan başqa, əmək haqqında olan fərq belə istismarın sinfi mahiyyətini dəyişmir.[2] Bu fikirlər sinfi mübarizə baxımından, bütün istismar olunanları bir bayraq altında birləşdirmək baxımından uğurlu sayıla bilər. Amma top-menecerlə sıravi fəhləni bir bayraq altında birləşdirmək mümkündürmü? Yaxud Mcdonalds işçisi ilə onun kimi xidmət sahəsində çalışan hüquqşünası? Və ən əsası, marksizmin sosial struktur və iqtisadi sistemə əsaslanaraq qurduğu konsepsiyaya nə dərəcədə uyğundur? Hardt və Neqri siniflərin müəyyənləşməsində siyasi konsept təklif edirlər, bu yanaşmada sinif birlikdə mübarizə aparan kollektivdir. Occupy

Amma sinfi strukturun marksist konsepsiyası daha dərin analiz tələb edir. Bu analiz zamanı isə kifayət qədər fikir ayrılıqları yaranır. Marksistlər arasında siniflərin müəyyənləşdirilməsində onları veberian və digər qeyri-marksist baxışlardan fərqləndirən ortaq məqamlar olsa da, hal-hazırda kapitalizmdə hansı siniflər mövcuddur sualına ortaq cavab verilmir. Xüsusən də fikir ayrılığı müxtəlif tip menecerlər, yüksək kvalifikasiyalı işçilərlə bağlıdır. Amerikan marksist sosioloq Erik Olin Rayt hesab edir ki, bu problemi bir neçə yolla həll etmək olar.

  • Birinci – bütün bu mövqeləri işçi sinfində birləşdirmək. Yuxarı təbəqəyə aid olan xırda qrup menecer və idarəçiləri çıxmaqla, qalan bütün muzdlu işçilər – işçi sinfinə aiddir. Bu halda kapitalist cəmiyyətlərdə 3 sinif mövcuddur: sayca ən çox olan işçi sinfi (əhalinin 80-90 %-i), az sayda xırda burjuaziya (müstəqil istehsalçılar, 8-10%) və çox az sayda kapitalist sinfi.
  • İkinci yol – bir çox muzdlu işçi kateqoriyalarını həm də “yeni xırda burjuaziya” adlandırılan xırda burjuaziya seqmentinə aid etməklə, ənənəvi xırda burjuaziyadan (sənətkar, mağaza sahibi, müstəqil istehsalçı) ayırmaq.
  • Üçüncü variant – həmin muzdlu işçiləri xırda burjuaziyanın bir hissəsinə yox, yeni “mütəxəssis və menecerlər sinfinə” (Professional and Managerial Class — PMC) aid etmək.
  • Nəhayət, dördüncü yol – belə qəbul etmək olar ki, istehsal prosesində heç də bütün mövqelər birmənalı olaraq bir sinifdə birləşmir. Bu nöqteyi-nəzərdən, bəzi mövqeləri “ziddiyyətli sinfi mövqelər” adı altında birləşdirmək olar. Bu mövqeləri də özlüyündə iki istiqamətə ayırmaq olar. İstehsal prosesində ziddiyyətli funksiyalarına görə və ziddiyyətli struktur münasibətlərinə görə (hökmranlıq və tabelik) fərqlənənlər.

Ziddiyyətli sinfi mövqelər nəzəriyyəsi barədə ilk fikirlər “New Left Review” jurnalında 1976-cı ildə dərc olunub. Erik Olin Rayt həmin mövqeləri bu cür sistemləşdirir.

  • Menecerlər və masterlər (supervisors) – işçi sinfi ilə kapitalistlər arasında ziddiyyətli mövqe tuturlar. İşçi sinfi kimi onlar kapitalın idarə olunmasında iştirak etmirlər, amma işçilərdən fərqli olaraq, istehsal prosesində işçilərin əməyi üzərində nəzarət funksiyasına malikdirlər. Bunlar arasından yuxarı vəzifədə olan menecerlərin mövqeyi daha çox kapitalist sinfinə, masterlər isə işçi sinfinə yaxındırlar.
  • Xırda sahibkar (small employers) – xırda burjuaziya ilə kapitalistlər arasında ziddiyyətli mövqedədirlər. Xırda burjuaziyadan fərqli olaraq, muzdlu işçi qüvvəsindən istifadə edirlər və ona görə də istismarçıdırlar. Digər tərəfdən isə özləri də istehsal prosesində öz işçilərilə eyni dərəcədə iştirak edirlər, həmçinin kifayət qədər kapital yığacaq qədər işçi qüvvəsindən istifadə edə bilmirlər.
  • Yarım avtonom işçilər – xırda burjuaziya ilə işçi sinfi arasında ziddiyyətli mövqedədirlər. İşçi sinfi kimi onlar da pul kapitalının və başqalarının işinin idarə olunmasında iştirak edə bilmirlər. Amma xırda burjuaziya kimi müəyyən dərəcədə öz fiziki istehsal vasitələrinə nəzarət edə bilirlər.

Qeyd edək ki, bu yanaşma yalnız bilavasitə istehsalda məşğul olanların mövqelərini özündə birləşdirir. Kapitalist istehsalından kənarda olan mövqelər (dövlət qulluqçuları, evdar xanımlar, pensionerlər, tələbələr və s. bu kriteriyalara əsasən analiz olunmur.

Həmçinin bu yanaşma cəmiyyətin sosial strukturunu dərindən analiz etmək üçündür və istənilən halda 2 sinif (kapitalist və işçi) arasında qütbləşmə reallığı bir faktdır. Bu baxımdan “orta sinif” adlandırılan təbəqə sadəcə mağaza sahibləri, fermerlər və s. ənənəvi xırda burjuadan təşkil olunmuşdur. Kapitalizm inkişaf etdikcə bu təbəqədə yer alan əhalinin sayı və xırda burjua istehsalının payı da dayanmadan azalır, sinfi struktur işçilər və kapitalistlər arasında daha da qütbləşmiş olur.
Bu qütbləşmə özünü hər məsələdə göstərir. Sosial bərabərsizliyin durmadan artdığı bir dövrdə sinfi mənsubiyyət həyat səviyyəsi, ailə həyatı, həyat müddəti, təhsil, istirahət vaxtını və s. müəyyən edir. Xəstəliklər haqqında məlumatın azlığı, tibbi yardım üçün müraciətdə yaranan problemlər daha çox hallarda əzilən sinfin xəstələnməsinə və iş qabiliyyətini itirməsinə səbəb olur. Sinfi fərqlər özünü asudə vaxtın istifadəsində də göstərir. Yuxarı sinfin nümayəndələri daha çox oxumaq, teatra, konsertə getmək imkanına malikdirlər. Həmçinin yuxarı sinfin nümayəndələri asudə vaxtlarında idmanla məşğul olduğu halda, işçi sinif daha çox müxtəlif idman yarışlarına tamaşaçı rolunda çıxış edirlər. Bundan başqa aydın məsələdir ki, hakim sinfin daha yaxşı təhsil almaq imkanı var, işçi sinfin isə əksinə. Sinfi mənsubiyyət insanların dostluqlarına belə təsir edir. Əksər hallarda dostlar eyni sinfə mənsub olurlar, çünki onların təhsil aldıqları müəssisələri, istirahət etdikləri yerləri və fəaliyyət növlərini sinfi mənsubiyyətləri müəyyən edir. Əlbəttə ki, siniflər arasındakı qütbləşməni göstərən sadəcə bu fərqlər deyil, bunlar ən xırda məqamlardır və qütbləşmənin nə qədər dərinə getdiyini göstərir.

 Azərbaycan cəmiyyətinin sosial strukturu və solun sosial bazası

Müasir Azərbaycan cəmiyyəti sürətlə dəyişən və hələ də qeyri-stabil sosial-sinfi struktura malikdir. Sinfi şüur yaxud sinfi mübarizə hissi 70 illik sovet dövründə tamamilə məhv olmuş kimi görünür. Kütləvi şəkildə bir sinifdən yaxud sosial qrupdan digərinə keçid, mülkiyyət münasibətlərinin sürətlə dəyişməsi və müxtəlif keçid sosial qrupların olması bizim cəmiyyət üçün xarakterikdir. Azərbaycan əsasən xammal iqtisadiyyatı modelindən istifadə edərək iqtisadiyyatın müəyyən hissəsini nəzarətdə saxlayan, həmçinin burjuaziyanın, oliqarxiyanın və bürokratiyanın maraqlarına uyğun iqtisadiyyata malik ölkədir. Burada hansısa unikal modeldən söhbət gedə bilməz, çünki bu, periferiya kapitalizminə çox xarakterik bir modeldir və bir çox postsovet ölkələrində də vəziyyət bu cürdür.

Azərbaycan cəmiyyətində hakim sinif burjuaziyadır. Burjuaziya özündə həm bürokratiyanı, həm monopolist kapitalistləri birləşdirir. Bürokratiyanın xüsusi sinif kimi mövcud olması yaxud ayrıca sosial qrup olaraq hakim sinfə xidmət etməsi bir çox marksistlər üçün mübahisəli mövzudur. Məsələn, Lenin, eləcə də Marks və Engels bürokratiyanı xüsusi sinif hesab etmirdi. İstənilən halda ayrıca sinif olmasa belə, bürokratiya hakim sinfin maraqlarına xidmət edir və onunla bir blokdadır. Həmçinin əksər hallarda iri bürokratlar özləri həm də kapitalistdirlər.

Guy Standing-in «Prekariat, yeni təhlükəli sinif» kitabının üz qabığı

İstismar olunan siniflər və sosial qrupları isə istehsal sahəsində işləyən klassik mənada işçi sinif, müxtəlif növ muzdlu əmək sahibləri, prekariat[3] (intelligensiya – koqnitariat[4] da daxil olmaqla), kəndlilər, xırda burjuaziya, pensionerlər, sinifsizləşmiş elementlər və s. təşkil edirlər. İstehsal sferasında çalışan işçi sinfin miqyası sənayesizləşmə (deindustrilizasiya) nəticəsində əhəmiyyətli dərəcədə azalmışdır. Onların bir hissəsi xırda ticarətlə məşğul olmağa başlamış, digər hissə başqa sferada muzdlu işçi olaraq öz əməyini satır yaxud ümumiyyətlə işsizdir. Həmçinin bu sahədə çalışanlar arasında gəlirlərə görə də təbəqələşmə mövcuddur. Bir tərəfdən “1-ci dünya” ölkələrindən gətirilən və yüksək əmək haqqı alan işçilər, digər tərəfdən isə “3-cü dünya” ölkələrindən gələn az əmək haqqı ilə çalışan miqrantlar. Əlbəttə ki, kapitalistlər məhz bu cür miqrant əməyindən daha çox istifadə etməyə meyllidirlər, çünki məlum səbəblərdən onlar etiraz etməkdən, öz haqlarını tələb etməkdən daha çox çəkinirlər. Bütün bu faktlar sənaye işçi sinfinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarmışdır. Digər tərəfdən, istər fiziki, istər intellektual əməyini satmağa məcbur qalan qeyri-istehsal sahəsində çalışanlar, o cümlədən, ticarət və xidmət sahəsində çalışanların sayı daha da artsa da, onların təşkilatlanmaq və öz haqlarını tələb etmək imkanları kifayət qədər aşağıdır. Dövlət müəssisələrində çalışanların da manipulyasiya olunmaq imkanları bu baxımdan yüksəkdir, çünki onları işlə təmin edən tərəf qismində məhz bürokratiya çıxış edir. Başqa bir sosial qrup olan kəndlilər də sinif kimi demək olar ki, məhv olunmuş vəziyyətdədir. Kolxoz və digər kollektiv təsərrüfatların məhv edilməsi bu prosesləri daha da sürətləndirmişdir.
Xırda burjuaziya adlanan sinif də hakim sinif tərəfindən haqları pozulan və sıxışdırılaraq məhv edilən təbəqəyə aiddir. Hökumət xırda sahibkarlığa dəstək üçün müxtəlif addımlar atırmış kimi görünsə də, bunlar əksər hallarda effektsizdir, çünki hakim sinfin maraqları bu məsələdə fərqlidir. Dövlət isə hakim sinfin maraqlarını təmsil edir. Xüsusən ticarət sahəsində fəaliyyət göstərənlərin iri inhisarçı ticarət şəbəkələri tərəfindən sıxışdırılmasını bu gün çox rahatlıqla müşahidə edə bilərik. Bunun nəticəsi olaraq, xırda burjuaziyanın əsas hissəsində hazırkı vəziyyətlə bağlı narazılıqlar hakimdir. Bu isə onların müəyyən məqamlarda digər istismar olunan siniflər və sosial qruplarla ittifaqına şərait yaradır.[5]
Müasir Azərbaycanda antaqonist siniflər – bir tərəfdən bürokratiya, iri və orta burjuaziya, digər tərəfdən isə klassik sənaye işçi sinfi, müxtəlif növ muzdlu işçilər (prekariat) və əksər kəndlilərdən təşkil olunub. Mövcud inhisarçı bürokratik periferiya kapitalizmi hakim sinifdən başqa, xalqın böyük əksəriyyətinin maraqlarına uyğun deyil. Ona görə də Solun əsas sosial bazası olaraq çıxış edə biləcək sosial qruplar sənaye işçiləri, xidmət, ticarət və digər sahələrdə çalışan muzdlu işçilər (prekariat daxilində daha çox yer alan tələbələr və gənclər, həmçinin intellektual əmək fəaliyyətində olanlar da daxil olmaqla), xırda burjuaziya (müəyyən istisnaları nəzərə almaqla), kəndlilər, bürokratiyanın aşağı təbəqəsi və dövlət orqanlarında çalışan əksər insanlar, təqaüdçülər və sairdir.

Qeydlər:

[1] Ленин В. И., Полное собрание сочинений, 5 изд., т. 39, с. 15
[2] Кагарлицкий Б.Ю. Политология революции. С.78.
[3] Prekariat – daimi gəliri, uzunmüddətli iş müqaviləsi və professional yüksəliş imkanı olmayan insanlar qrupudur. Geniş olaraq Guy Standing-in  “Prekariat: Yeni təhlükəli sinif” (The Precariat: The New Dangerous Class) əsərində izah olunur. Stendinq çatdırmaq istəyir ki, hazırda prekariat sinif kimi formalaşıb və qloballaşma şəraitində dayanmadan böyüməkdə davam edir. Stendinq prekariata miqrantları, part-time, freelancer (işəgötürənlə uzunmüddətli müqaviləsi olmayan ştatdan kənar işçi; məsələn, dizayner yaxud jurnalist) işçiləri və s. aid edir. Tələbələr və gənclər də bu qrupa aid edilir. Kitabın üz qabığında divar boyunca oturmuş simasız fiqurlar təsvir olunub, hansılar ki, hər an nümayişə çıxmağa və öz əməklərinin ədalətli haqqını tələb etməyə hazırdırlar.
[4] Koqnitariat – əqli əməklərini satan muzdlu işçi təbəqəsi
[5] Lenin qeyd edirdi ki, xırda burjuaziya mürtəce sinifdir və mövcud sistemin qorunub saxlanılmasında da maraqlı olduğunu unutmamaq lazımdır. Klassik marksistlərə görə onlar iki əsas antaqonist sinif burjuaziya və proletariat arasında aralıq mövqe tuturlar. Amma müasir marksistlərdən xüsusən A.Neqri və M.Hardtın “çoxluq” nəzəriyyələrinə əsasən xırda burjuaziya və eləcə də digər bu cür ziddiyyətli sosial qruplar hamısı ayrı-ayrılıqda öz sosial maraqları üçün mübarizə aparacaqlar.

İstifadə olunan mənbələr: 

  • Эрик Олин Райт – Марксистские концепции классовой структуры
  • Eric Olin Wright Class Structure and Income Determination
  • Michael Hardt and Antonio Negri, Empire, Harvard University Press, 2000.
  • Guy Standing – The Precariat: The New Dangerous Class
  • Кагарлицкий Б.Ю. Политология революции

Leave a comment