Spekulyasiya olunmayan şəhər

Print Friendly, PDF & Email
Migel Roble-Düran, Nyu-York dizayn məktəbi Parsonsun urbanistika professoru.

Migel Roble-Düran, Nyu-York dizayn məktəbi Parsonsun urbanistika professoru.

Spekulyasiya olunmayan şəhər[1]

(Migel Roble-Düranla müsahibə)

Şəhərdə həyat keyfiyyətinin pisləşməsi, spekulyativ inkişafın azğınlığı, mənzil qiymətlərinin sürətli artımı və onun əhalinin əsas hissəsi üçün əlçatanlıqdan uzaq olması… Biz bu cür problemləri şəhər icra hakimiyyətinin yaxud başqa qurumların fəaliyyəti ilə əlaqələndirməyə öyrəşmişik. Ancaq meksikalı urbanist Migel Roble-Düranın fikrinə görə son onilliklərdə bu cür proseslər planetin əksər hissəsində baş verir. Bunun səbəbi – kütləvi özəlləşdirmə və xarici kapital üçün yeni bazarların yaradılması ilə xarakterik olan neoliberal urbanizasiyadır. Üçüncü dünya və Şərqi Avropa ölkələrində neoliberal urbanizasiya xüsusi intensivliklə müşahidə olunurdu. Buna görə də bizim şəhərimiz istisna deyil, daha çox ən ağır bariz nümunədir.

            Migel Roble-Düran alman köklərə sahibdir, Meksikada böyüyüb, indi isə dünya üzrə məşhur bir çox yerlərdə işləyir və dərs verir. Xüsusən, o Nyu-York dizayn məktəbi Parsonsun urbanistika professorudur. “Birgə yaşayış strategiyası” müəssisəsinin həmtəsisçisi kimi o, urbanistika sahəsində tədqiqatlarla və şəhər konfliktlərinin həlli ilə bağlı praktik işlərlə məşğuldur. Moskvada baş tutmuş mühazirəsi zamanı o özünü marksist-urbanist adlandırmış, bununla da diqqəti cəlb edə bilmişdi.

Şəhərləri dağıdan neoliberalizm

— Sizin tədqiqatların əsas mövzusu – neoliberalizm epoxasının urbanizmidir. Harada və nə vaxt bu fenomen ilk dəfə müşahidə olunub?

Güclü konsolidasiya olunmuş proyekt kimi neoliberalizm ilk dəfə Çilidə reallaşdırılıb. Layihə amerikanlar tərəfindən stimullaşdırılıb və 1970-ci ildə general Pinoçetin hakimiyyəti illərində reallaşdırılıb. Çili konsepsiyası o fikrə əsaslanırdı ki, iqtisadiyyatın inkişafı kütləvi özəlləşdirmə və azad bazardan keçir. Çilidə mülklərin özəlləşdirilməsinə 1979-cu ildə başlanıldı. Bir neçə ilə dövlət icarə mənzilləri şəxsi mülklərə çevrildi. Məktəblər, xəstəxanalar və digər ictimai binalar satıldı. Parklar, nəqliyyat infrastrukturları və şəhər xidmətləri konsessiyalara verildi. Nəticədə şəhər avtoritar rejim, bu rejimi dəstəkləyən developerlər, mülkiyyət spekulyantları (möhtəkirlər) və xarici investorlar tərəfindən kontrol olunmağa başlandı.

Mənzil özəlləşdirilməsi – neoliberal siyasətin açar elementlərindən biridir. Maksimal olaraq əhalinin kredit münasibətlərinə daxil olmasına çalışılır. Beləcə ipoteka ilə əlaqəli olan yeni və olduqca həcmli maliyyə bazarı yaradılır. Mənzil siyasəti bank sektorunun xeyrinə uyğun formada aparılır. Mənzil münasibətlərinin digər formaları – icarəlik mənzillər yaxud kooperativ tikililər məqsədyönlü şəkildə sıxışdırılır. Nəticələrdən biri isə daşınmaz əmlak qiymətlərinin əhəmiyyətli dərəcədə artması olur. Çili Santyaqosunda və Latın Amerikasının digər çox sayda şəhərlərində, həmçinin, Şərqi Avropanın bir çox şəhərlərində oxşar proseslər baş vermişdir.

— Neoliberalizm məkan baxımından şəhərin özünə necə təsir edir?

— Şəhər məkanı iri kapital tərəfindən özəlləşdirilir. Şəhərin mərkəzində evləri dağıdan buldozerlər işləməyə başlayır. Kasıblar şəhər kənarına köçürülür yaxud köçməyə məcbur olur, harada ki, onlar üçün əlçatan olan mənzil kvartalları tikilir. Oradaca Latın Amerikasının xarakterik cizgisi olan – “favel”lərin – özfəaliyyət tikililərinin yayılması başlanır. Orta sinif qapalı mühafizə olunan ərazilərdə məskunlaşmağa çalışır. Bu cür siyasətin məqsədi – yeni tikintilər üçün şəhərin mərkəzində məkanın təmizlənməsidir. Xarici investisiyalar və turistlər üçün təhlükəsiz hesab olunan və mənim “yaşıl zonalar” adlandırdığım ərazilər formalaşmağa başlayır. Bu termini mən amerikan leksikonundan götürmüşəm. “Yaşıl zona” İraqda Bağdad ərazisində yerləşən və koalisiya qüvvələrinin nəzarətində olan ərazilərə deyirlər. Orada tikanlı məftilli daş hasarın arxasında “McDonalds” və digər sivilizasiya nemətləri var, hasarın digər tərəfində isə xaosdur. Latın Amerikası şəhərlərinin “yaşıl zonalarında” göydələnli biznes-kvartallar yerləşir. Bu cür kvartalların yaradılması polisentrik şəhər konsepsiyasını möhkəmləndirir. Kapital bir neçə məkanlarda cəmlənir. Şəhər investisiyalarının əhəmiyyətli hissəsi bu yeni kvartalların xidmətinə, yeni yolların çəkilməsinə, küçələrin genişlənməsinə, kommunikasiyanın qurulmasına gedir. Ümumilikdə şəhər spekulyativ kapital üçün arenaya çevrilir. Məhz onun maraqları əhalinin tələbatları üzərində üstünlüyə sahib olur. Sürətlə şəhər ziddiyyətləri artmağa başlayır. Ərazilərin sinfi və mülki əlamətlərə görə bölünməsi industrial epoxanın şəhərlərinə də xas olsa da, məhz neoliberalizm bu disbalansı dəfələrlə artırır. Adət olunmuş qarşılıqlı münasibətlərin pozulması sosial problemləri artırır. Faciəvi şəkildə şəhər həyat nümunələri məhv olur, adət olunmuş şəhər obrazı dağılır. Neoliberalizm şəhərlərə dağıdıcı təsir göstərir.

— Dünyanın öndə gedən şəhərləri mühitin keyfiyyətinin yaxşılaşdırılması proqramlarını bəyan etməyi çox sevirlər. Bu neoliberalizm siyasəti ilə necə əlaqələnir. Bu kontrtrenddirmi?

— Neoliberal paradiqma belə hesab edir ki, şəhərlər xarici investisiya və insanlar üçün öz aralarında rəqabət aparırlar, ona görə də cəlbedici və təhlükəsiz həyat şəraiti yaratmağa çalışırlar. Ancaq əksər dəyişikliklər müəyyən qrup dünya elitasına çox sadə reseptlə xidmət edir. Yüksək sinifli muzeylər, qeyri-adi hətta artıq dərəcədə lazımsız dizaynlı ictimai məkan, suşi-barlar və kafelər lazım olur. Bu şəhər “yaxşılaşdırmaları” adətən əsas əhalidən qiymət və ərazi baxımından təcrid olunmuş xüsusi zonalarda cəmlənir. Sizin şəhərinizdə də mütləq bu cür “oazislər” mövcuddur, ancaq 99 faiz əhalinin həyatına onların bir aidiyyatı yoxdur.

— Neoliberalizm bütün dünyaya hakimlik edir. Niyə məhz Latın Amerikası və Şərqi Avropada neoliberal urbanizasiya belə dağıdıcı forma alıb?

— Qərbi Avropada dövlət güclü olaraq qalır, şəhər inkişafının güclü requlyasiya (tənzimlənmə) sistemi qorunub saxlanılır. Spekulyativ kapitalın qarşısı alınır, proteksionist siyasət yeridilir. Mən iqtisadi-coğrafiyaçı Devid Harvinin fikirlərini bölüşürəm: neoliberalizm elə məhz qərb kapitalının rahat şəkildə yeni bazarlara daxil olması üçün düşünülüb. Latın Amerikası ölkələri Çikaqo iqtisadiyyat məktəbinin nəzəriyyələrini izlədi və maksimal dərəcədə qərb kapitalı ekspansiyası üçün açıldı, investorlar üçün şəraitlər yaradıldı. Şərqi Avropada 1980-ci illərdə neoliberalizm şok terapiyası formasında faktiki olaraq boynuna qoyuldu. Kredit müqabilində ölkələr özlərini satışa qoymağa məcbur oldular. Beləcə qərb kapitalı Şərqi Avropa ölkələrinin milli iqtisadiyyatlarının bütöv sektorlarını almaq imkanı qazandı.

— Əksər hallarda xarici investisiyaların daxil olması şərtsiz olaraq faydalı hal kimi qəbul olunur, həmçinin bizim elita tərəfindən.

— Adətən sosial nəticələr nəzərə alınmır. Bəli elə iqtisadi tərəfdən də heç də hər şey birmənalı deyil. Götürək Mexikonu. Xarici investisiyanın daxil olmasının ilk 10 ili “bal ayı” kimi qəbul olunurdu. İnvestorları cəlb etmək üçün çoxlu pullar infrastruktura qoyuldu. Yeni istehsalatlar quruldu. Şəhər yaxşılaşdı: yeni yollar və göydələnlər peyda oldu. Yeniliklərin şirnikliyi də var idi: Meksikada hələ də çox insanlar elə hesab edirlər ki, “Starbucks”ın peyda olması çox pozitiv məqamdır və şəhər bu cür dəbli kafelərin açılması ilə “düzəlir”. Ümumilikdə Mexiko üçün bu on il ümumi heyranlıq illəri idi.
Amma daha sonra nəticələr özünü göstərdi. İxracata əsaslanmış iqtisadiyyat çox dayanıqsız çıxdı. Xarici investorların bir konkret yerlə bağlılığı olmur, şəhər və onun gələcəyi onları maraqlandırmır. Kapitalizm üçün yeganə lazım olan şey ucuz əmək və daha çox gəlir əldə etmək imkanıdır. Bir ərazi artıq kifayət qədər gəlirli deyilsə, kapital başqa yerlərə köçürülür – Çinə, Banqladeşə və s.. Meksikada isə istehsalda eniş və işə düzəlmədə çətinliklər başlayır. Bunun ardınca isə yaşayış binalarının tikinti çarxı dayandı. Binalarda boş mənzillər, həmçinin daha investisiya olmayacağı üçün heç vaxt tikintisi tam başa çatmayacaq bölgələr peyda oldu. Beynəlxalq kapital öz arxasında xoşagəlməz görüntü qoyaraq getdi.

— Bəs sonra?

— Neoliberalizmin hazırki fazası – qlobal urbanistik böhrandır. Ola bilsin bu onun sonuncu mərhələsidir. Hətta Devid Harvi iddia edir ki, bu gün bizim gördüyümüz maliyyənin yox urbanizasiyanın böhranıdır. Onun məğzi nədir? Tarixən daşınmaz əmlak ən təhlükəsiz investisiya forması hesab olunurdu, indi isə bu belə deyil. Bəs yeni yüz milyardlarla dollarla nə etmək olar? Daşınmaz əmlak bazarı onları düzgün absorbsiya edə bilmir və ciddi kəsişmələr yaranır. “Luxury” sinif apartmentlərin ən iri tikicisi hal hazırda Torontoda yerləşir. Çox sayda, həmçinin, Çindən olan investorlar Torontoya tikintidə etibarlı investisiyalar şəhəri kimi baxırlar. Toronto özü də bu gün elə Çin kimi görünür – hər yerdə göydələnlər. Bütün bu investorlar sadəcə pul yatırırlar, onlar orada yaşamağa hazırlaşmırlar. Daşınmaz əmlak sadəcə maliyyə aktivinə çevrilib.
Heç kim bilmir Çində nə qədər boş şəhərlər və evlər var. Peyklərdən çəkilmiş şəkillər var ki, orada son 20 ildə tikilmiş operaları, teatrları, göydələnləri olan şəhərlər boşdur. İspaniyada hədsiz sayda daşınmaz əmlak tikildi – indi isə bu obyektləri heç 5 ilə də satmaq mümkün deyil. Çox sayda ekspertlər hesab edirlər ki, dünya daşınmaz əmlak bazarında tam miqyaslı böhranın olmamasının səbəbi dövlətin qiymətləri saxlamasıdır. Şəhərlərə çox iri kapitallar gəlir, amma onların məqsədi şəhər yaratmaq yox gəlir yaratmaqdır. Bu investisiyalarda urbanistik məntiq yox, maliyyə məntiqi var.

— Böhranın kəskinliyi neoliberalizmin qürubu barədə xəbər verirmi? Bu modelin potensialı nə dərəcədə tükənib?

— 2008-ci ildə çoxları neoliberalizmin sonu barədə fikirlər səsləndirirdilər. Amma mən düşünmürəm ki onun potensialı tükənib. Əksinə, bu siyasətin gücləndirilməsi baş verir, o konkret şəxslər üçün işləyir və böhran onları daha da varlı etdi. Neoliberalizm Devid Harvinin hesab etdiyi kimi, – hakim sinfin gücünü bərpa etməyə hesablanmış sinfi proyektdir. Layihə uğurla inkişaf edir: 1920-ci ildən bu yana dünyada bu gün varlı və kasıblar arasında mövcud olan qütbləşmə kimisi olmamışdı. Hələ ki mən bu sistemə qarşı çıxa biləcək güc görmürəm. Əsas ölkələrdən heç biri onu dəyişməyə belə cəhd etmir. Onlar sistemi yedirtməyə davam edirlər.

Marksist-urbanizm

— Moskvadakı mühazirə zamanı siz özünüzü marksist-urbanist adlandırmışdınız. Marksist-urbanizm nə deməkdir? Onun əsas ideyası nədir?

— Marks konkret olaraq urbanizasiya prosesinin necə keçməli olduğu barədə heç nə deməyib. Amma biz marksizmdən kapitalizmin öyrənilməsi üçün metod kimi istifadə edirik. Məni hansı problematika maraqlandırır? Şəhərlərin qeyri kapitalist inkişafı ilə bağlı istənilən imkanlar. Şəhərin inkişafının gəlir əldə etmə və özəlləşdirmə ilə yox, kollektivizm və kooperativ formaları ilə bağlı məsələlər. Sakinlərə öz şəhərlərinin yaradılmasında iştirak imkanı verən maraqlı formatlar. Mənim layihələrimin əsas mövzularından biri – sakinlərə öhdəliklər verilərək şəhər həyatına cəlb olunmasıdır. Biz kolleqalarımızla çalışırıq ki, şəhərin istənilən qeyri-spekulyativ inkişaf formalarını, ənənəvi kapitalist yanaşmaya istənilən alternativləri öyrənək. Biz təkcə onları öyrənmirik, həm də praktikada tətbiq edirik. Bu işi marksist-urbanizm adlandırmaq olarmı? Mən bilmirəm.

— Siz təxmini də olsa bu sferada olan layihələr barədə nəsə deyə bilərsiz, hansısa adlar çəkə bilərsiz?

— Planlaşdırma barədə çox maraqlı diskussiyalar keçən əsrin əvvəli İngiltərədə anarxistlər arasından olmuşdu. Patrik Qeddesin işlərini də demək olar. Daha əvvəl fransız sosialist-urbanistlər Sen-Simon, Furye var idi. Bütün bu adamlar məkan yaradılmasının digər yollarını tapmağa çalışırdılar. Bəzi səbəblərə görə onların layihələri hazırda utopiya, hardasa fantastik modellər hesab olunur. Şəxsən mənə yeni utopiyaların işlənib hazırlanması maraqlı deyil – daha vacib mövcud məkan və formanı dəyişməyə cəhd etməkdir.
Əhəmiyyətli sıçrayış kapitalizmin məkandan başa düşülməsi ilə 1960-cı illərin sonu Fransada baş verdi. Öz əsas kitabı “Məkanın istehsalı”nda Anri Lefevr şəhər məkanının yaradılması məntiqini əsaslandırırdı. Ona qədər marksistlər heç vaxt belə problemlərlə məşğul olmurdular. Digər alimlərdən Manuel Kastelsi qeyd etmək istəyirəm. Məsələn, mükəmməl kitabı “The City and the Grassroots”da əhalinin avtokratik rejimlər zamanı davranışını analiz edir və şəhərlilərin şəhəri dəyişdirmək məqsədilə urbanistik hərəkatlarının necə yaranmasını göstərir. Və əlbəttə ki, Devid Harvi. Düşünürəm ki, bu gün onun səviyyəsində başqa nəzəriyyəçi mövcud deyil. O hərfi mənada yeni instrumentar kəşf edib.

— Bəs qeyri-spekulyativ modellərin praktikada tətbiqi nə qədər geniş yayılıb?

— Kooperativ formalar Skandinaviyada, ABŞ-da yayılıb. Ancaq onu da deyim ki, neoliberalizmin nəticələrindən biri də şəhərin yalnız iki formada ev sahibliyinə aparılmasıdır. Ya sən öz mənzilində yaşayırsan, ya da bazar qiymətlərinə uyğun kirayə götürürsən. Amma hələ otuz il əvvəl Hollandiyada demək olar ki, 70 faiz evlər mənzil cəmiyyətlərinə məxsus idi. Bu gəlirsiz təşkilatlar özləri evlər tikir və icarəyə verirdilər.

— Bəs ABŞ-da hansı kooperativlər var?

— Community Land Trust icma forması geniş yayılıb. Bu proyektə ən yaxşı istinad şəhər planlaşdırıcısı Tom Anqotinin “Satış üçün Nyu-York” (New York for Sale) kitabıdır. O ABŞ-da mövcud olmuş və mövcud olan bütün kooperativ mülkiyyət formalarını analiz edir. İnsanlar çətin ki, Birləşmiş Ştatlar haqqında kooperativ formalı evlərin əhəmiyyətli müxtəlifliyi olan bir yer kimi düşünsünlər. Amma bunlar təkcə anarxistlərin kommunaları deyil. Community Land Trust – əlçatan evlər tikən gəlirsiz təşkilat kimi olduqca maraqlı modeldir. Bu modeldə daşınmaz əmlak üçün spekulyativ faktor itir, çünki burada mənzil qiymətləri artmır. Evlər ev olaraq qalır və investisiya obyekti olmur. Marksizm istiqaməti ilə gedən əsas böyük arzu spekulyasiya olunmayan yaşayış şəhərinin yaradılmasıdır. Əlbəttə bu arzudur. Amma bu məntiqlə işləyən modellər uğurlu sayıla bilər.

— Moskvadakı neoliberal urbanizasiyanın xarakterik xüsusiyyətləri hansılardır?

— Moskva ilə faciəvi hal baş verdi. Sosializmdən kapitalizmə keçid zamanı öncəki illərdə işlənmiş urbanistika qanunlarının hamısı unuduldu. Çoxsaylı səhvlərin nəticəsində Moskva hazırda dünyanın ən bahalı, bundan əlavə çirkli və xoşagəlməz şəhərlərindən birinə çevrilib. Bir neçə il əvvəl biz tikilən binaların miqdarına görə Moskvanı Çinlə müqayisə edə bilərdik, amma əlbəttə ki, bu tamam başqa urbanizasiya modelləridir. Daha çox oxşarlıq Latın Amerikasındakı vəziyyətlədir: siz heç təsəvvür belə etmirsiz, nə dərəcədə oxşarlıq var.
Rusiyanın spesifik cizgisi – keçmişə etinasızlıq, tarixi tikililərin məhv edilməsidir. İrs qiymətləndirilmir, köhnəni təzə ilə dəyişdirmək məntiqi işləyir. Tretyakovka əvəzinə investisiya çox güman ki, hansısa şəxsi vəsait hesabına tikiləcək “Qaraj”a qoyulacaq. Başqa mədəniyyətlərdə keçmişə bu qədər sayqısız yanaşma yoxdur, kollektiv yaddaş qorunmağa çalışılır. Daha bir xüsusiyyət: Rusiyada proseslər olduqca sərt formada keçir. Hər dəfə şəhər hissələrə parçalanır. Demək olar ki, o qan axıdır.

— Siz nə təklif edirsiz?

— Şəhər orqanik, elastik, dinamik ekoloji sistem kimi nəzərdən keçirilməlidir. Bu sistem sizin özünüzdən, nəqliyyat sistemindən, iqtisadi şərtlərdən, ətraf mühit şərtlərindən və s. ibarətdir. Bu çox mürəkkəb canlı orqanizmdir. Ümumi plan yaxud master-plan şəhərə çox fərqli mövqedən baxır: o diktə edir, məhdudlaşdırır, məcbur edir. Ümumi plan demək olar ki, həmişə torpaq spekulyasiyalarının alətinə çevrilir. Bir qrup adamlar inkişaf edən ərazilər haqqında bilir, bu torpaqlar satın alınır və s.
Şəhərin inkişaf məntiqi sadəcə iqtisadiyyata əsaslana bilməz, biz başqa məsələlər barədə də düşünməliyik – Devid Harvi bu barədə çox yazır. Bizim sahib olmaq istədiyimiz şəhərin obrazı necədir? O hansı şəhər həyatını yaratmalıdır? O insanlar arasında hansı münasibətlər formasını törətməlidir? Təbiət və əhatə olunan ərazilərlə münasibətlər necə olmalıdır? Adətən ümumi plan bu barədə düşünmür.
Şəhərin müasir izahı ondan ibarətdir ki, ona canlı orqanizm kimi orqanik inkişaf etməyə şərait yaratmaq lazımdır. Yoxsa Çindəki kimi mexaniki olaraq yeni rayonlar və şəhərlər salınmamalıdır. Anri Lefevrə görə, bu günün əsas çağırışlarından biri insanlara öz məkanlarını yaratmaq imkanı vermək, şəhəri özlərinə uyğun adaptasiya etdirmək və onun müxtəlifliyini göstərməkdir. Yeni şəhərlərin salınması ilə bağlı bütün eksperimentlər buna icazə vermir. Onlarda insanlara deyilir: “Budur sizin yaşayacağınız şəhər”. Heç bir birgə iştirak nəzərdə tutulmur. Şəhərin yaradılması ləng, təbii proses olmalıdır. Mənə görə şəhərlər barədə bu cür düşünmək lazımdır.

Şəhərin yeni dərki yolunda biz təhsil sistemimizi reformasiya etməliyik. Hazırki sistem köhnəlib, orada sadəcə dekoratorlar hazırlayırlar. Hazırda biz Nyu-York dizayn məktəbi Parsonsda urbanistik ekologiya üzrə elmi dərəcə almaq üçün elmi proqram hazırlayırıq. Bu ikiillik aspirantura proqramıdır. Layihə əlaqəli tərtib olunub: orada coğrafiyaçılar, antropoloqlar, sağlamlıq mütəxəssisləri, şəhər planlaşdırıcıları və başqaları iştirak edirlər. Yəqin ki, biz dünyada müasir urbanistikanı öyrənən bu cür proqram yaratmağa çalışan ilk insanlarıq. Biz şəhəri ekoloji nöqteyi nəzərdən analiz etməyə çalışırıq və tələbələrə də şəhər necə qurulub mövzusunda müxtəlif məntiqi konstruksiyalar yaratmağı öyrədirik. Biz “arxitektorlar şəhəri layihələndirən insanlardır” steriotipini qırmalıyıq. Şəhərləri biz hamımız yaradırıq.

Qeydlər:

[1] Spekulyasiya – latınca speculatio, iz ilə gedib tapma, izinə düşmə mənasını verir. İqtisadi mənada alış və satış qiymətləri arasındakı fərq sayəsində gəlir əldə etmək deməkdir. Səhm, istiqraz, xammal, valyuta, kolleksiya predmetləri, daşınmaz əmlak, həmçinin digər dəyərlərin onların qiymət fərqindən yaranan dəyişiklik sayəsində mənfəət qazanmaq məqsədi ilə alqı-satqısı. Mahiyyət etibarı ilə istənilən ticarət əməliyyatını spekulyasiya hesab etmək olar. Spekulyant – nəyisə şəxsi istifadə və istehlak məqsədi ilə deyil, təkrar satış və mənfəət əldə etmək məqsədi ilə alan şəxsə deyilir. Azərbaycan dilində spekulyasiya möhtəkirlik kimi də ifadə oluna bilər. Möhtəkirlik – əhaliyə lazım olan məhsulun ucuz qiymətə alınıb saxlandıqdan sonra baha qiymətə satılması, eləcə də ərzaq məhsullarını satmayıb bazarda qıtlıq yaratmaq, sonra isə baha qiymətə satmaq hallarına deyilir. (red.)

Tərcümə: Loğman Qasımov